2018-02-16 00:55:25   |   3593 dəfə oxunub

Mövlud Süleymanlı: “Mən yazdıqlarımın yanında yatan adamam”

“Özümə qapananda heç övladlarım da yaxına düşə bilmirlər”

“Gəncləri oxuyuram, amma cığırtıları, bağırtıları çoxdu. Gərək birinci ayaqlarının, əllərinin səsi ilə gələ, sonra üzləri görünə, səsləri eşidilə”


"3 mərtəbəli villam var. İnan ki, o villanı əllərimin qabarı ilə özüm tikmişəm, dırnağım daşlarda qalıb. Məni tanıyan yazıçılardan, şairlərdən, dostlarımdan soruşa bilərsən”


"Ziya işığı” rubrikamız üçün bu dəfə Xalq yazıçısı Mövlud Süleymanlı ilə söhbət etmək qərarına gəldim. Müsahibə verməkdən, danışmaqdan uzaq qaçdığını bilirəm. Ona görə də, söhbətimizin alınacağına tam əmin olmasam da, zəng edim, cəhd edim, alınar lap yaxşı, alınmaz da "qismət” deyib keçərəm. Telefonun o başından boğuq səslə "alo” kəlməsini deyir. Əvvəl özümü təqdim etmədən soruşuram - Mövlud müəllim, kefiniz necədi, səsiniz niyə boğuq gəldi, xəstələnmisiz deyəsən...


"Yox, yaxşıyam. Yazı yazırdım, bir qədərdi çay içmirəm, səsim yəqin ona görə boğuq çıxdı. Kimsən, a bala?”.
Özümü təqdim edərək, suallarım olduğunu söyləyirəm...
Deyir - "bu gün deyəsən, mənim müsahibə vermək günümdür. Mən müsahibə verməkdən xoşlanmıram. Nə danışım ki?! Deməyə sözüm olanda yazıram da. Müsahibədən xoşum ona görə gəlmir ki, mən yaxşı yazsam da, səliqəli yazsam da, səliqəli danışa bilmirəm. Yoxsa özümü yuxarıdan aparan deyiləm. Fikirləri dağınıq deyirəm, jurnalist də bəzən onu toparlaya bilmir, aləm qarışır... Bayaq bir saytın da yazılı suallarını cavablandırırdım. Elə də çox sual vermişdi, düz 34 sual... Onu bitirdim, elə yenicə öz yazıma başlayırdım ki, sən zəng elədin. Bala, sənin adın nədir?”. Anar deyəndə, "həəə, dostumla adaşsan ki... Nə sualların var, bacardığım qədər danışacam. Amma təhrif və tərif eləmə” - söyləyir...

Elə ilk sualı da Mövlud müəllimin dostu, Xalq yazıçısı Anarın kitablarının bir qrup gənc tərəfindən yandırılması kampaniyası ilə bağlı verirəm. Yazıçı bir qədər duruxur, "niyə yandırırlar ki” sualı edərək danışır...

- Kitab yandırmaq çox olub. Mən heç vaxt kitab yandırmamışam, amma görmüşəm. Bu çox dəhşətli bir əməldir. İndi siz dediz, mən gözlərim önündə canlandırdım. O kitab yandırılması cəhdini "qanlı” gördüm. Sanki kitablar yanır, vərəqləri arasından qan damır. İndi deyirsiz o gənclərə ağsaqqal məsləhəti verim. Mən onlara nə deyim?! O adamlara nə söz desəm də, kar eləməz. Bir insan ki kitab yandırır, mən ona nə məsləhət görüm axı? Amma sözümü deyə bilərəm. Bu adamların boşluqdan, bekarçılıqdan ağıllarına belə fikir gəlib. İndi Anar bunlara neyləyib? Papaqlarını qarşılarına qoyub düşünsünlər, Anar axı bizə neyləyib, desinlər. Bu adamlar Anarın qiymətini, dəyərini güman ki, anlamayıblar, Anarı oxumayıblar. Anar səmimiliyində, dürüstlüyündə, yaradıcılığında böyük şəxsiyyətdir. Hər zaman xalqın problemlərini çiyinlərində daşımış şəxsiyyətdir. Eləcə də yazarların, şairlərin problemlərinin həllinə təşəbbüs göstərib. Bunlar az işlər deyil. Səbəb kimi nə göstərirlər o gənclər?

- Hökuməti dəstəklədiyinə görə qınayırlar...

- Yaxşı, hökumət neyləyib axı o gənclərə? Hazırkı hökumət ölkəmizi inkişaf etdirir, beynəlxalq aləmdə bayrağımız dalğalandırılır, dövlətlər arasında imzamız var. Bu gənclər ölkəmizin inkişafını istəmirlərmi? Anar guya bilmir ki, harda nə danışmaq lazımdır, kimin yanında dayanmaq lazımdır? Anar ölkəmizin, xalqımızın problemini sovetin bıçağının dalı da, qabağı da kəsən vaxt deyən şəxsdir. İndi Anar yaxşı adamların, yaxşı hökumətin yanındadır da. Bundan niyə qıcıq olurlar ki? Mən o gəncləri doğrudan da anlaya bilmirəm.

- Anar müəllimi ən çox Yazıçılar Birliyinin sədri olmaqda qınayırlar zaman-zaman. Deyirlər ki, 30 ildir AYB-nin sədridir, kreslosunu buraxmır, məmurlaşıb...

- Bu ittihamlar gülməlidir. Onların tənqidləri, iradları da ələ gələsi deyil ki, nəsə deyəsən. Nə etdiklərini, nə eşitdiklərini bilmirlər. Mən gəncliyi çox istəyirəm, ədəbiyyatda olmalarından da məmnunam. Kimisə tənqid etməkdənsə vaxtlarını yaradıcılıqlarına həsr etsinlər məncə. Mənim nəvəm yaşda gənclər var ki, dostuq. Elektron məktub yazırıq biri-birimizə, zaman olanda görüşürük. Onlara da deyirəm ki, intriqalardan uzaq dayanın, yaradıcılıqla məşğul olun, o zaman uğur qazanacaqsız.

- Sosial şəbəkələrdə varsınızmı? Dediz məktublaşırıq...

- Sosial şəbəkələrdə yoxam. Amma e-mailim var, onunla məktublaşırıq bəzi yoldaşlarla.
- Sizin nəsil ədiblər adətən əllə yazdıqlarını deyirlər. Belə anladım ki, siz artıq kompüterdən istifadə edirsiz...

- (Gülür) Əlbəttə bilirəm. Həm də çoxdan. Yaxşı da professional şəkildə, sürətli yazıram kompüterdə. Yeniliyi xoşlayıram, təzə nə çıxırsa, "dadına” baxmaq lazımdır.

- Hazırda nə yazırsız?

- "Tanrı oturacaqları” adlı romanım var. "Ədəbiyyat” qəzetinin bir-iki sayında da çap olundu. Guya ki bitirmişəm romanı. Amma ayrıla bilmirəm. Bilirsiz, mənim yaradıcılığım nəyə bənzəyir?! Bir adam ki, xoşuna gələn yerdən getmək istəmir, amma getməlidir, məcbur kimi ayağını çəkə-çəkə aralanır. Bax, indi mən də o vəziyyətdəyəm. Romanı bitirmişəm, amma sürünə-sürünə aralanıram hələ ki. Bir dəfə Anar (AYB sədri Anar - red) soruşdu nə yazırsan? Çoxdandır görüşmürdük. Dedim görüşmədiyimiz zaman ərzində bir povest yazmışam. Bitirsəm də, haşa bizdən, "it kimi yanında yatıram”. Tərəkəmələrdə belədir. Bir tərəkəmə papağını və ya başqa nəyisə çölün düzündə yadından çıxarıb qoyursa, tərəkəmə iti həmin əşyanın yanında yatır. İndi mən də yazdıqlarımın yanında yatan adamam. Bitirdiyim "Tanrı oturacaqları”nın yanındayam. Sürünüb aralanmaq istəyirəm.

- Son 15 ildə yeni yazar nəsli yetişib. Ədəbiyyata kifayət qədər gənclər gəlib. Oxuyursuzmu, izləyirsizmi?

- Əlbəttə oxuyuram, izləyirəm. Onları oxumamaq olmaz. Amma təəssüf edirəm ki, çığırtıları, bağırtıları çoxdur. Gənclik gərək birinci ayaqlarının, əllərinin səsi ilə gələ, sonra üzləri görünə, səsləri eşidilə. Deməyim odur ki, birinci külüng səs salmalıdır, özün deyil. Təvazökarlıqdan uzaq olsa da, özüm haqqımda dediyim bir söz var: - "O vaxt ki mən nə yazdığımı bilmirəm, sonradan görürəm ki, həmin mətni yaxşı yazmışam”. İndi gənc ədəbiyyatçılar var, bağırırlar ki, mən ədəbiyyata gəlmişəm. Amma ortada işləri yoxdur, varsa da görünmür, sadəcə özləri görünürlər, səs-küyləri eşidilir. İstedadlı gənclər var, qeybətə, intriqalara baş qoşmaqla özlərini də, istedadlarını da yazıq edirlər. Bu məni ağrıdır.

- Amma gənclərin yaratdığı ədəbi nümunələr də olmamış deyil...

- Var, demirəm ki, yoxdur. Mənim tanıdığım, mütəmadi əlaqə saxladığım gənclər var. İndi Alik Əlioğlu adında bir gəncimiz var. Hələ mən radioda sədr müavini işlədiyim vaxtlar, onunla dostlaşmışıq. Alik çox da üzdə olmayan gənc yazardı. Amma istedadlıdır. Bu yaxınlarda kitabı da çıxacaq. İndi hamısının adlarını da çəkməyim.

- Mövlud müəllim, səhhətiniz necədir?

- (Bu sualımdan bir az duruxur... Sonra isə cavab verməyə çalışır) Hə, bax indi yadıma düşdü səhhətim. Bilirəm ki heç necədir? (gülür)

- Musa Yaqubla söhbətimizdə səhhətini soruşuram, deyir ağrıyıram. Amma bu, qocalıq ağrısıdır. İndi sizdə qocalıq ağrısı varmı?

- Səhhətimlə bağlı nə deyim ki... Yaşlanmışıq. Sizə deyim ki, gizlində kef edən adamam. Amma mətbuata ütülü danışıram. Səhhətimlə bağlı ümumiyyətlə danışmaqdan xoşum gəlmir. Çox qapalıyam bu baxımdan. Mən özümə qapananda heç övladlarım da yaxın düşə bilmirlər. İndi necə oldu, sənə müsahibə verirəm, onu da anlaya bilmirəm. Bəlkə də yazıdan yorulmuşdum, sən bu vaxt zəng elədin, səmimi salamlaşma istirahət kimi gəldi. Musa qardaşım demiş, qocalıqdı da. Səhər yerimdən duranda, bir az əziyyət çəkirəm. Demirəm haramsa ağrıyır, xəstəliyim var. Amma nasazlayırıq təbii olaraq. Gənclikdəki kimi ola bilmərəm ki...
Mən ədəbiyyatda da, həyatda da zəhmətkeş adam olmuşam, bu gün də zəhmətdəyəm. Torpaqda, daşda işləmişəm. İnanırsan, bəlkə də ən gözəl fəhləyəm. İndi yaşım keçib, bu işlərlə məşğul ola bilmirəm, istəsəm də. Amma mən hörgü də hörmüşəm, daş da daşımışam. Bağ becərirəm. Məsələn, bağım var, 20 sotluq, 3 mərtəbəli villam var. İnan ki, o villanı əllərimin qabarı ilə özüm tikmişəm, dırnağım daşlarda qalıb. Məni tanıyan yazıçılardan, şairlərdən, dostlarımdan soruşa bilərsən. Dostum yazıçı Tahir Talıblı evimi tikən vaxt, 3-cü mərtəbəyə kəndirlə daş qaldırırdı, kömək edirdi. Bu dostlarla bir tikmişik evi. Deməyim odur ki, bu qədər sağlam olmuşuq. İndi yaş öz sözünü deyirsə, bu da təbiidir.

- Yəni yazıçılıqla yanaşı, hər işi bacarmısız...

- Zəhmətkeş adam hər işi görər. Məsələn, mən qoyun da otara bilərəm. Kənddə, yaylaqda böyümüşəm, tərəkəmə həyatı yaşamışam. Elə ədəbi fəlsəfəm də tərəkəmədir. Demək istədiyim odur ki, ömrüm boyu boş dayanmamışam.
(Bu yerdə deyir, Anar, deyəsən çox danışdıq, çox uzun oldu. Gülür...)

- Son bir sual da verim, sizi də çox yormayım. Mövlud müəllim, bizim ədəbiyyat niyə Nobel mükafatı almadı, yaxud ala bilmir?..

- (Bu suala xeyli qəhqəhə çəkir) Belə yekəxanalıq kimi çıxmasın, mən şəxsən öz yazdıqlarıma, əsərlərimə inanıram. Amma tərcümə problemimiz var. Şəxsən mənim imkanım yoxdur ki, yüksək səviyyədə əsərimi xarici dillərə tərcümə etdirim. "Şeytanın üzü”, "Quru kəllə” romanlarım var ki, beynəlxalq mükafat ala bilərlər. İndi "Quru kəllə” ingiliscəyə tərcümə olunub, amma mən nə bilim ki, necə tərcümə olunub?! Əsər elə tərcümə edilməlidir ki, elə insan tərcümə etməlidir ki, orada yazarın ruhu duyulsun. Nobel mükafatı səviyyəsinə layiqli əsərlər Azərbaycan ədəbiyyatında var. Amma dediyim kimi, ilk növbədə tərcümə peşəkar olmalıdır. İkincisi, orda müəyyən tematik məsələlər də var, qeyd edilməlidir. Məsələn, Orxan Pamuk ermənilərin ağlaşma qurduğu məsələni əsərində qeyd etdiyi üçün mükafatı aldı. Tam olmasa da, bu məsələnin də rolu oldu. Həm də güclü bir təşkilat tərəfindən, təsir gücü olan bir qurum tərəfindən əsər mükafata namizəd kimi göstərilməlidir. Bunlar qəliz məsələlərdir. Açığını deyim ki, mən bu mükafata iddia da etmirəm. Çünki mənim şəxsi gücüm çatacaq məsələ deyil.

Sonda Mövlud müəllim məni daha geniş söhbət üçün, Bakıdakı bağ evinə dəvət etdi - "İndi yox, yayda maraqlı olur. Bağı göstərərəm, gör nə cür bağ salmışam. Uzun söhbət edərik. Bax, yayda bağda gözləyəcəm haaa” deyib dəstəyi asır.

Anar Bayramoğlu








SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20