2018-02-21 12:13:11   |   746 dəfə oxunub

Evdə, məktəbdə Xocalı soyqırımı uşaqlara anladılmalıdır

“Bir müğənniyə sponsorluq etməyə yüzlərlə adam tapa bilirik, amma soyqırım, faciələrimiz haqqında sənədli film, kino çəkməyə bir nəfər sponsor tapılmır”





5 gündən sonra əsrin faciəsi sayılan Xocalı soyqırımının 26-cı ildönümü qeyd olunacaq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində dinc əhaliyə qarşı dəhşətli soyqırım törədib. Xocalı şəhərinə hücum fevralın 25-də başlayıb. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində yola düşüblər. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla 613 sakin qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. 150 nəfərin taleyi bugünədək məlum deyil.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edirlər, konfranslar keçirirlər. Bütün bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırım həqiqətlərini əks etdirən kitablar sərgilənir. 26 il ərzində soyqırımın tanıdılması istiqamətində görülən işləri qənaətbəxş saymaq olarmı? Ötən müddətdə erməni vəhşiliyini ifşa edən Xocalı soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdıra bilmişikmi?

Xatırladaq ki, artıq dünyanın bir neçə ölkəsinin parlamenti, o cümlədən ABŞ-ın bir neçə ştatı Xocalı soyqırımını tanıyan qərar qəbul edib. Lakin həmin ölkələr və ştatlar Ermənistanı birbaşa işğalçı kimi qələmə verməkdən çəkiniblər. Əlbəttə, burada Qərb ölkələrinin ikili, qərəzli yanaşması da mühüm rol oynayır. Əgər elə olmasaydı, bu gün Ermənistanda Serj Sarkisyan başda olmaqla mühüm dövlət postlarını tutan erməni qaniçənlər beynəlxalq məhkəmələrdə cavab verərdilər. Ancaq Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən hələ də ittiham edilməyib. Mühüm məqamlardan biri də Xocalı soyqırımının ölkə daxilində təbliğ edilməsidir. Bəlkə də çoxlarımız düşünürük ki, dəhşətli 26 fevral hadisəsini Azərbaycanda bilməyən yoxdur. Lakin bugünlərdə paytaxtın "müasir” düşüncəli şagirdləri və yeniyetmələri arasında aparılan sorğudan aydın olub ki, dünyaya tanıtdırmaq istədiyimiz Xocalı soyqırımı haqqında hələ də məlumatsız olan "bizimkilər” var. Maraqlıdır, niyə uşaqlarımıza erməni vəhşiliklərini anlatmırıq? Valideynlər evdə övladlarının, müəllimlər məktəbdə şagirdlərinin yanında bir dəfə də olsun Xocalı soyqırımından danışmırmı?

Məsələ ilə bağlı "Şərq”ə danışan "Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı deyib ki, ermənilərlə fərqimiz ondadır ki, onlar təbliğata beşikdən başlayırlar. Üstəlik, haqsız iddiaları uşaqlarının beyninə "doğrular” kimi yeridirlər. Ona görə də müasir erməni gəncləri uydurma "soyqırımları” barədə o qədər inandırıcı danışırlar ki, qarşılarındakını inandıra bilirlər:

 "Amma biz uşaq tərbiyəsində yalanları yox, doğruları belə təlqin edə bilmirik. Nə valideyn olaraq, nə də məktəbdə pedaqoq olaraq. Doğrudur, biz də uşaqlarımıza 20 yanvar, 26 fevral, 31 mart kimi tarixlərin dəhşətlərini anladırıq, xalqımızın başına gətirilənləri öyrətməyə çalışırıq, amma bunu silsilə şəkildə edə bilmirik. Məsələn, mən evdə övladıma öyrətdiklərimi məktəbdə müəllimlər davam etdirmir. Yaxud mən evdə öyrətmirəm, pedaqoq məktəbdə öyrədəndə uşaq təəccüblənir, uydurma hesab edir. Televiziyalar ümumiyyətlə, bu məsələdə üz qarasıdır. Yalnız faciə günü 3-4 cümləlik bir süjetlə hadisəni xatırlatmaq və ya şəhərdə kiçik bir sorğu etməklə işlərini bitmiş hesab edirlər. Televiziya ən güclü təbliğat vasitəsidir, amma biz bunu dəyərləndirə bilmirik. İndi dünyaya səsimizi eşitdirmək əvvəlkindən daha rahatdır, çünki peyk yayımı asandır, bir neçə dildə yayım vermək rahatdır. Biz isə lazımsız seriallara, gərəksiz saxta komediyalara pul ayırmağı bu cür təbliğatlara pul ayırmaqdan vacib hesab edirik”.

Sosioloq bəyan edib ki, erməni öz yalanını "doğru” kimi qəbul etdirə bilir, çünki onların saysız-hesabsız təbliğat maşını var: 

"Mən diasporların mətbu orqanlarını nəzərdə tutmuram, onlar saysız-hesabsızdır. Sadə erməninin gördüyü işləri nəzərdə tuturam. Bəli, xarici ölkələrə səpələnən ermənilər, küçə süpürən Haykanuşdan bazarda meyvə satan Aşota qədər hamısı sayt açır, qəzet buraxır. Onlar qazandıqlarını sayta, qəzetə, televiziyaya, radioya yatırıb, vaxtlarını və pullarını yalançı soyqırımlarını dünyaya tanıtmağa sərf edirlər. Biz isə yaxamızı hərəmiz bir tərəfə çəkirik. Bir müğənniyə sponsorluq etməyə yüzlərlə adam tapa bilirik, amma soyqırım, faciələrimiz haqqında sənədli film, kino çəkməyə bir nəfər sponsor tapılmır. Əgər təbliğ etməsək, yeni nəsil nə görüb, nə anlayacaq? Dövlətin gücü də bir yerə qədər çatır, siyasi arenalarda, mümkün vəziyyətlərdə sözünü deyə bilir. Amma əhali arasında, küçədə, bazarda, çay evində sadə insanların təbliğatına ehtiyac var. Məktəblərin üzərinə böyük iş düşür, amma məktəb də işini həmin gün tətil etməklə bitmiş hesab edir. Şagirdləri akt zalına yığıb faciənin şahidləri, tarixçilərin iştirakı ilə bir görüş təşkil etmək olmazmı?”.

"Şərq”ə fikirlərini bildirən millət vəkili Asim Mollazadə da bəyan edib ki, indiyə qədər "Xocalıya Ədalət” kampaniyası adı altında müəyyən mənada beynəlxalq ictimaiyyəti məlumatlandıra bilmişik. Səməd Seyidovun AŞ PA-da Serj Sarkisyana cavabını xatırladan deputat bildirib ki, Sarkisyan və onun kimi əli qana bulaşmış uşaq qatillərinin beynəlxalq tribunalara və ictimaiyyət qarşısına çıxmaq haqları yoxdur: 

"Hesab edirəm ki, Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəblərindən biri uşaq qatillərinin Ermənistanın rəhbərliyində olmasıdır. Əsas məqsədimiz bu reallığı dünyanın diqqətinə çatdırmaq olmalıdır. Ermənistanda hakimiyyətdə olan hərbi cinayətkarlar beynəlxalq məhkəmələrdə cavab verməlidirlər”. A.Mollazadə bildirib ki, burada söhbət Qərbin qərəzli yanaşmasından daha çox, hadisədən məlumatsız olmalarından gedir: "Əgər Qərb ictimaiyyəti Xocalı hadisəsi ilə bağlı kifayət qədər məlumatlı olsalar, heç bir halda cinayətkarları müdafiə etməzlər. Çünki Xocalıda insanlığa qarşı cinayət törədilib. Məsələ ondadır ki, bir çox xarici ölkədə ciddi erməni təşkilatlanması var. Onlar informasiya müharibəsi sayəsində Azərbaycan həqiqətlərinin olduğu kimi dünya ictimaiyyətinə çatdırılmasına mane olmağa çalışırlar. Biz hələ tam balansı bərpa etməmişik”.
Deputat ölkə çərçivəsində, xüsusən müasir düşüncəli yeniyetmələr arasında aparılan sorğunun nəticəsinə bu cür münasibət bildirib: "Azərbaycan daxilində Xocalı soyqırımını bilməyənlər, bilmək istəməyənlər çox güman ki, ya ruhi xəstələrdir, ya da ağlı çatışmayan şəxslərdir. Yalnız belə hallarda insan informasiyalara qapalı ola bilər”.

Faciənin dünya ictimaiyyətinə çatdırılması üçün nə lazımdırsa edilir

"Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində nə lazımdırsa, edilir”. Bunu isə "Sherg.az”a Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı danışarkən Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib. O vurğulayıb ki, dünyanın hər yerində faciə ilə bağlı tədbirlər keçirilir:

"Əsasən Türkiyədə Xocalı faciəsi baş verəndən indiyə qədər faciənin hər il dönümündə silsilə tədbirlər keçirilir. Yalnız fevral ayının 26-sında deyil, Qarabağla bağlı keçirilən konfransların hər birində Xocalı faciəsindən danışılır. Harada qondarma erməni soyqırımı məsələsi gündəmə gəlirsə, Xocalı faciəsi vurğulanır. Zamanla xeyli ölkə Xocalı soyqırımını tanımağa başlayıb. Avropa insan hüquqları məsələsində, soyqırımlara qarşı mübarizədə səmimi olsa, uydurma erməni soyqırımına göstərdikləri həssasiyyəti Xocalıya göstərsələr, ədalətli nəticəyə çatmaq olar. Xocalıda baş verənlər bəşəriyyətin üz qarasıdır. Dünya dövlətləri şahidlərlə, faktlarla, foto və filmlərlə ortada olan soyqırımı tanısa, insanlığın bir daha belə faciə yaşamamasına dəstək vermiş olarlar. Uzun müddətdir, dövlətimiz və vətəndaş cəmiyyətləri mübarizə aparır, Xocalı faciəsinin tanınması ilə bağlı əllərindən gələni edirlər. Nəticənin necə olacağını zaman göstərəcək. Azərbaycan Diaspor Komitəsi bu məsələ ilə bağlı ciddi işlər görür. Bu il də Avropa ölkələrində proqramlar qoyulub”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-06-25