2018-02-21 12:22:47   |   262 dəfə oxunub

Mətbuat Şurası sağlam bir müstəvidə qurulub

Qurum 15 il ərzində kifayət qədər uğurlu inkişaf yolu keçib



Mart ayının 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurası haqqında nizamnamənin tələbinə uyğun olaraq sədr və idarə heyətinin yeni üzvləri seçiləcək. Qurultaya hazırlıq prosesi barədə məlumat verən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli nizamnamədən irəli gələn bütün proseduralara əməl olunduğunu, hazırlıq işlərinin vaxtında başa çatacağını deyib:

"Mətbuat Şurasına üzv təşkilatlara anketlər göndərilir, onlar istədikləri namizədlərin adını təqdim edirlər. Eyni zamanda qurultayda iştirak edəcək nümayəndələrini seçirlər. Anketlərin toplanmasından sonra növbəti müzakirələr keçiriləcək və qurultayla bağlı digər təşkilati işlər görüləcək”. M.Ələsgərlinin sözlərinə görə, qurultaya hazırlıq işlərini intensivləşdirmək üçün namizədlərin və nümayəndələrin adlarının təqdim edilməsi fevralın 25-də yekunlaşacaq.

15 illik fəaliyyət...

15 ildir fəaliyyət göstərən Mətbuat Şurasının ilk qurultayı 2003-cü ilin 15 mart ayında keçirilib. Şura 180 aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsindən ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyə qədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.

Şuranın başlıca missiyası şikayətləri araşdırmaqdır

Medianın özünütənzimləməsini həyata keçirən Mətbuat Şurasına hazırda Əflatun Amaşov rəhbərlik edir. Şura sədrinin 2 müavini var. Onlardan biri jurnalistləri, digəri ictimaiyyət nümayəndələrini təmsil edir. Qurumun qərarları İdarə Heyətinin iclaslarında kollegial şəkildə qəbul olunur. İdarə Heyəti 17 əsas və 5 ehtiyat üzvdən ibarətdir. Mətbuat Şurasının işlərinin icrası Katiblik tərəfindən həyata keçirilir. Katiblik Şuraya daxil olan şikayətlərin araşdırılmasını həyata keçirir və monitorinq qrupunun fəaliyyətinə nəzarət edir. Monitorinq qrupu ayda bir dəfə KİV-lərdə apardığı araşdırmalara əsasən nəzərəçarpan tendensiyaları, peşə prinsiplərinin pozulmasındakı bariz təzahür formalarını müəyyənləşdirir, bununla bağlı yekun hesabat hazırlayaraq icraçı katibə təqdim edir. Şuranın başlıca missiyası şikayətlərin araşdırılmasıdır. Şikayətlər üzrə Komissiya konkret məsələ ilə əlaqədar yalnız zəruri hallar meydana çıxdığı təqdirdə "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasından araşdırma tələb edir. Bu isə o deməkdir ki, qurum hər hansı KİV-in "reket” elan olunmasına və "qara siyahı”ya salınmasına dair MŞ İdarə Heyətinə birbaşa rəy vermək səlahiyyətinə malikdir.

Qurumun reallaşdırdığı layihələr...

Şuranın qərarlarında nəzərdə tutulan ən ciddi cəza tədbiri "qara siyahı”ya daxil etmədir. Bu ictimai qınaq növü peşə prinsiplərinə tam laqeyd yanaşan, yazılarında tənqid obyektinin şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna bilərəkdən ziyan vuran KİV-lər haqqında seçilir. "Qara siyahı” mütəmadi olaraq yenilənir və ölkənin aparıcı kütləvi informasiya vasitələrində yayımlanır. Mətbuat Şurasının tərkibində ümumilikdə yeddi komissiya fəaliyyət göstərir. 

Qurum həmçinin, regionlarda mətbuatın inkişafına yönələn layihələrin müəyyənləşdirilməsini həyata keçirir, ölkənin müxtəlif şəhər və rayonlarında tematik tədbirlərin təşkili məsələlərini həll edir. Şura indiyədək jurnalistlərin təhsil, səhiyyə, vergi, məhkəmə orqanları ilə qarşılıqlı əlaqələrinə dair çoxsaylı layihələr reallaşdırıb. Şuranın layihələri həmçinin media sahəsindəki mühüm problemlərin həllinə dəstəyi də nəzərdə tutur. Bu baxımdan jurnalistlərin ilk mənbədən informasiya almaları, estremal vəziyyətlərin işıqlandırılması, mediada siyasiləşmə, iqtisadi asılılıq və digər məsələlər qeyd edilə bilər.

MŞ-nin beynəlxalq əlaqələri...

Mətbuat Şurası 2005-ci ildən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Mətbuat Şuraları Alyansının üzvüdür. Şura sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının İdarə Heyətində təmsil olunur. Şura üzvləri bu qurumların hər il dünyanın müxtəlif bölgələrində baş tutan illik toplantılarına qatılır, məruzə ilə çıxış edirlər. Mətbuat Şurası postsovet məkanının və Türkiyənin nüfuzlu media qurumları ilə sıx əlaqədədir. Bundan başqa qurum Avstriyanın, Böyük Britaniyanın və Hindistanın mətbuat şuraları ilə əməkdaşlıq edir. 

Şura ilə Türkiyə Qəzetəcilər Cəmiyyəti və Türkiyə Mətbuat Şurası arasında anlaşma memorandumu mövcuddur. Qurumun başlıca maliyyə mənbəyi MŞ-yə üzv təşkilatların ödədikləri illik üzvlük haqlarıdır. Bu məbləğ gündəlik qəzetlər, informasiya agentlikləri və jurnalist təşkilatları üçün 148 manat 50 qəpik, həftəlik qəzetlər və jurnallar üçün 99 manat məbləğindədir. Bununla yanaşı, MŞ müxtəlif xarici fondların, səfirliklərin, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin, həmçinin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə layihələr həyata keçirir.

"Ölkədə media ilə bağlı elə bir proses yoxdur ki, Mətbuat Şurası orada görünməsin”

Qurumun 15 illik fəaliyyətini "Şərq”ə dəyərləndirən Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib ki, Mətbuat Şurası Azərbaycanda medianın özünütənzimləmə qurumu olaraq ilk dəfə tətbiq edilib. Onun sözlərinə görə, bundan öncə ölkəmizdə belə praktika olmayıb:

 "Mətbuat Şurası bu baxımdan ölkədə medianın özünütənzimləmə ənənələrini yaradıb və bu missiyanı çox uğurla yerinə yetirib. Jurnalistlərin peşə davranış qaydaları hazırlanıb və qəbul edilib. Bu gün Şura həm jurnalistlərin, həm də mediaya bağlı problemləri olan vətəndaşların üz tutduqları əsas mərkəzə çevrilib. 

MŞ-nin fəaliyyət göstərdiyi dövrdə mediaya, jurnalistlərə yönəlik məhkəmə proseslərinin sayı kəskin şəkildə aşağı düşüb. Çünki həmin mübahisəli məsələlər Şura müstəvisində, qarşılıqlı anlaşma yolu ilə həll edilib, problemlərin böyüyüb məhkəməyə qədər çatmasına lüzum qalmayıb. 2013-cü ildən etibarən, MŞ həm də onlayn medianın tənzimlənməsini yerinə yetirir. Bu sahədə də ciddi nailiyyətlər qazanılıb. Onlayn medianın peşə standartlarına uyğun, milli maraqlar müstəvisində fəaliyyət göstərmək həddinə çatmasında MŞ-nin mühüm rolu var. Bununla yanaşı, ölkədə media ilə bağlı elə bir proses, elə bir hadisə yoxdur ki, Mətbuat Şurası orada görünməsin. Bu hadisələrin bir çoxuna qarışmaq, əslində Şuranın missiyasına daxil deyil. Sadəcə Şura sədri Əflatun Amaşov və qurumun İdarə Heyətinin üzvləri Azərbaycan mediasının inkişafı naminə bu proseslərə öz təşəbbüsləri ilə qatılır, fədakarlıq göstərərək problemlərin aradan qaldırılmasına öz töhfələrini verirlər. Bu baxımdan deyə bilərik ki, Mətbuat Şurası sağlam bir müstəvidə qurulub. Azərbaycan mediası və Azərbaycan milli maraqları müstəvisində uğurlu fəaliyyət qurmağı bacarıb”.

"Mətbuat Şurasına jurnalistlərin və cəmiyyətin inamı böyükdür”

Mövzu ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qurumun 15 illiyi münasibəti ilə idarə heyətini və mətbuat işçilərini təbrik edib. Baş redaktorun sözlərinə görə, Mətbuat Şurası 15 il əzrində kifayət qədər uğurlu inkişaf yolu keçib: "Əslində 15 il qısa müddət olsa da, Şura medianın saflaşmasında, sağlamlaşmasında, jurnalistikanın peşəkarlaşmasında çox mühüm töhfələr verib. Bu baxımdan Mətbuat Şurasının yaranmasını və fəaliyyətini yüksək qiymətləndirirəm. Jurnalistlərin qeyri-hökumət təşkilatı kimi, özü-özünü tənzimləyən bir quruma sahib olmaları mühüm şərtdir. Mətbuat Şurası bütün əks qütbləri özündə birləşdirən, peşə və davranış qaydalarına hər zaman əməl etməyin zəruriliyini ortaya qoyan və ümumiyyətlə jurnalistikamızı formalaşdıran mühüm strukturdur. Bilirsiz ki, qısa müddət sonra Mətbuat Şurasının VII qurultayı keçiriləcək. 

Hesab edirəm ki, qurultayın özü əvvəlki illərə və görülən işlərə dair bir hesabatdır. Həm də qurultayda qarşıda duran vəzifələr müəyyənləşdirilir. Şura ahıl jurnalistlərə xüsusi diqqət göstərir, onlar üçün tədbirlər keçirir. Bununla bağlı ümumi jurnalistika üçün mühüm layihələr reallaşdırır. Eyni zamanda peşəkarlığın artırılması istiqamətində kifayət qədər uğurlu işlər görür. Həmçinin, Şuranın beynəlxalq əlaqələri, xarici təşkilatlarla əməkdaşlığı da yüksəkdir. 

Bir çox qurumlarla qarşılıqlı layihələr reallaşdırılır. Hörmətli sədr və millət vəkili Əflatun Amaşovun rəhbərliyi ilə Mətbuat Şurası həqiqətən də 15 il ərzində bir çox uğurlara imza atıb. Mətbuat Şurasının təsis edilməsi və yüksək fəaliyyət göstərməsinin özü Azərbaycanın mətbuat tarixində xüsusi önəm kəsb edən bir səhifədir. Mətbuat Şurasına jurnalistlərin inamı böyükdür, amma təkcə media nümayəndələrinin deyil, ümumilikdə cəmiyyətin Şuraya etimadı yüksəkdir. Çünki Şura cəmiyyətlə media arasındakı münasibətlərdə mühüm rol ifa edir. Şübhəsiz ki, biz jurnalistlərin də hər zaman inanaraq üz tutduğumuz ünvanlardan biri məhz Mətbuat Şurasıdır”.
(Davamı var)

İsmayıl Qocayev

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-12-10
2018-12-09