2018-02-22 01:12:20   |   4960 dəfə oxunub

“O yaşda kişi hönkür-hönkür ağladı” - Firudin Cəlilov

“Rəsulzadənin məzarından bir balaca torpaq götürdüm, qayıdanda Abbas müəllimə verdim ki, Novxanıda atasının qəbrinin üstünə səpsin”

“Yüz il əvvəl Azərbaycan xalqının demokratik dövlət qurmasının özü bir fenomendir”


"Təklifim odur ki, ilk növbədə möhtəşəm bir binada Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı muzey yaradılsın. Məhz bu muzeyin qabağında Cümhuriyyət Parkı salınsın”



Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyi ilə bağlı imzaladığı Sərəncamdan və 2018-ci ilin "Cümhuriyyət İli” elan edilməsindən sonra bu istiqamətdə müəyyən işlər görülüb. İlin sonuna qədər tədbirlər planına əsasən bir sıra tədbirlərin, elmi-konfransların keçirilməsi gözlənilir. Xüsusən, may ayından etibarən genişmiqyaslı işlərin görüləcəyinə ümid edilir.
Artıq "Cümhuriyyət İli”nin ikinci ayı başa çatmaq üzrədir. Bugünə qədər AMEA-nın müvafiq elmi institutları tərəfindən bəzi tədbirlər həyata keçirilsə də, ümumən görülən işlər ictimaiyyət nümayəndələri tərəfindən qənaətbəxş hesab edilmir. Əksəriyyət hesab edir ki, azalan vaxtı nəzərə alaraq daha aktiv və sürətli çalışmaq lazımdır. Mövcud durumu dəyərləndirmək və AXC-nin yüzilliyi ilə bağlı atılan addımlara münasibət öyrənmək üçün istiqlalçı-deputat, türkoloq-alim, professor Firudin Cəlilovla əlaqə saxladıq. "Şərq”in suallarını cavablandıran görkəmli alim dövlət başçısı tərəfindən verilən sərəncamları yüksək dəyərləndirsə də, müvafiq qurumlar tərəfindən görülən işlərin yetərli olmadığını düşünür. Bu istiqamətdə daha ciddi çalışmağın zəruri olduğunu vurğulayan professor yubileylə bağlı öz təklifini də səsləndirib...


- Ötən il Prezident tərəfindən Cümhuriyyətin yüzillik yubileyi ilə bağlı Sərəncam verildi və daha sonra 2018-ci il "Cümhuriyyət ili” elan olundu. Bu müddət ərzində AXC ilə bağlı görülən işləri qənaətbəxş hesab edirsizmi?

- Əvvəla onu deyim ki, dövlət başçısı tərəfindən Cümhuriyyətin yüzilliyi ilə bağlı Sərəncam verilməsi və 2018-ci ilin "Cümhuriyyət İli” elan olunması təqdirəlayiq olmaqla yanaşı, həm də gözlənilən idi. Çünki AXC dövrü Azərbaycan xalqının tarixində çox mühüm hadisədir. Min il keçsə də, Cümhuriyyət dövrünü tarixdən silmək mümkün deyil. 100 il əvvəl xalqımız əsarətdən xilas olaraq müstəqil və demokratik dövlət qurub. 2018-ci ilin "Cümhuriyyət İli” elan olunması həm də ona görə vacibdir ki, biz çox mürəkkəb bir geostrateji məkanda yaşayırıq. Bütün dünyaya çatdırmalıyıq ki, Şərqdə ilk demokratik Cümhuriyyəti quran məhz Azərbaycan xalqı olub. Bizim dövlətçilik ənənəmiz qədimdir. Çalışmalıyıq ki, Cümhuriyyət qurucularının demokratik şüurlu şəxslər olduğunu hamının diqqətinə çatdıraq. Vurğulayaq ki, Cümhuriyyət dövrünün seçilmiş şəxslərinin, ziyalıların hamısını məhz Azərbaycan xalqı yetişdirib. Onlar bizim xalqın içindən çıxıblar. Yüz il əvvəl Azərbaycan xalqının demokratik dövlət qurmasının özü bir fenomendir. Çünki həmin dövrdə hətta ən inkişaf etmiş Avropa dövlətlərindən belə qadınların səs vermək, seçilmək hüququ yox idi. Amma bizim babalarımızın qurduğu dövlətdə qadınlara səsvermə hüququ verilmişdi. Sadəcə iki ilə yaxın yaşamış bir Cümhuriyyətin qısa müddət ərzində gördüyü işlərlə tanış olanda adam dəhşətə gəlir. Düşünürsən ki, 23 ay ərzində bu qədər işi reallaşdırmaq necə mümkün olub? Ən əsası isə odur ki, onların gördükləri işlərin hamısı xalqın və dövlətin xeyrinə olub. İlk dəfə Azərbaycanda ali təhsil ocağı açılıb, yüzlərlə tələbə xaricdə təhsil almaq üçün Avropa ölkələrinə göndərilib. Dövlət atributlarımız hazırlanıb, bayrağımız, himnimiz qəbul olunub. Latın qrafikalı əlifbaya keçilib. Görülən işləri sadalamaqla qurtarmaq olmur. Bu mənada AXC-nin yüzillik yubileyinin keçirilməsi çox vacibdir. Təəssüflər olsun ki, hələlik görülən işlər çox azdır.

- Bəzi tarixçilər hesab edirlər ki, Cümhuriyyətin yüzilliyi ilə ancaq tarixçi-alimlər məşğul ola bilər. Onlara görə, siyasi təşkilatlar, ictimai qurumlar və ayrı-ayrı fərdlər prosesə müdaxilə etməsə daha yaxşı olar. Bu cür yanaşmaya münasibətiniz necədir?

- O cür fikir səsləndirənlər səhv düşünürlər. Necə yəni təkcə tarixçilər məşğul olsun?! AXC-nin yüzillik yubileyinə sadəcə tarixçilər hazırlaşmamalıdır. Cümhuriyyət dövrü bütün Azərbaycan xalqının və dövlətinin məsələsidir. Adından da göründüyü kimi ümummilli məsələdir. Cəmiyyətin bütün təbəqələri, imkanı olan hər qurum və şəxs yubileylə bağlı öz töhfəsini verməlidir. Mədəniyyət Nazirliyi, İdman Nazirliyi, o cümlədən Təhsil Nazirliyi və AMEA ilə bərabər siyasi partiyalar, QHT-lər, media qurumları da bu istiqamətdə birgə çalışmalıdır. İşlər dar çərçivədə deyil, geniş miqyasda görülməlidir.

- Yüzillik yubileyin təntənəli keçməsi və yaddaşlarda qalması üçün abidə, park, film kimi təkliflər gündəmə gətirilir. Sizin Cümhuriyyətlə bağlı təklifiniz varmı?

- Filmlər çəkilməlidir, amma film qalıcı deyil axı. Qalıcı və faydalı işlər görmək lazımdır. Təklifim odur ki, ilk növbədə möhtəşəm bir binada Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı muzey yaradılsın. Məhz bu muzeyin qabağında Cümhuriyyət Parkı salınsın. Həmin parkda isə başda Məhəmməd Əmin Rəsulzadə olmaqla digər Cümhuriyyət qurucularının heykəlləri ucaldılsın. Bundan başqa yaradılmış muzeyin nəzdində AXC ilə bağlı elmi-tədqiqat şöbəsi təsis edilsin. Təkcə Azərbaycan daxilində deyil, region ölkələrində, Avropa dövlətlərində geniş təbliğat aparılsın. Səfirlərimiz, diplomatlarımız aktiv olsunlar. Əgər 2018-ci il ərzində bu işləri görmək mümkün olarsa, o zaman rahat nəfəs alarıq. Deyərik ki, Cümhuriyyətin varisi kimi onun ənənələrini davam etdirə bilirik.

- Xarici ölkələrdə əbədi uyuyan Cümhuriyyət qurucularının məzarlarının ölkəmizə gətirilməsi də müzakirə edilir. Ancaq bununla bağlı da birmənalı fikir yoxdur. Dəstək verənlərlə yanaşı, başqa təkliflər irəli sürənlər də var. Siz bu barədə nə düşünürsüz?

- Sizə bir şey deyim, dünyadakı bir çox movzaleylərdə heç cəsəd də olmur. Yəni bir çox tanınmış şəxslər simvolik dəfn olunurlar. Mən ümumiyyətlə, Cümhuriyyət qurucularının xaricdəki qəbirlərinin yerinin dəyişdirilməsinin əleyhinəyəm. Onların ruhunu incitmək olmaz. Xarici ölkədə dəfn olunanların məzarlarının simvolik oxşarını Azərbaycanda yaratmaq mümkündür. Ancaq elə qəbirlər var ki, onların ölkəmizə köçürülməsinə həqiqətən ehtiyac yarana bilər. Məsələn, məzarın xaricdə itmək, yox olmaq təhlükəsi varsa, onu ölkəyə gətirmək zərurət halını alır. Hüseyn Cavidin məzarının ölkəmizə gətirilməsi də məhz o məqsədlə edildi. Son dövrlər eşidirik ki, dahi şairimiz Məhəmməd Fizulinin İraqdakı qəbri dağılmaq təhlükəsi ilə üz-üzə qalıb, məzar ətrafında tikinti gedir, buldozeri salıb oranı dağıdırlar. Bu cür əlahiddə durumlarda məzarın köçürülməsinə ehtiyac yaranır, amma səbəb olmadan qəbirlərin daşınması mənasızdır. Simvolik məzarlar kifayət edir. Burada məqsəd müəyyən ziyarətgahların olması və insanların gedib ora gül-çiçək qoymasıdır.
Sizə bir xatırlatma edim, Abbas Zamanov adlı müəllimim var idi. Çox milli adam idi. Türkiyə ilə Azərbaycan arasında ilk körpü yaradan şəxslərdən olub. Mən Türkiyəyə ilk dəfə gedəndə Abbas müəllim mənə bir ovuc torpaq verdi və dedi ki, bu torpağı M.Ə.Rəsulzadənin atasının (Axund Hacı Molla Ələkbər Rəsulzadə Novxanı kənd qəbiristanlığında dəfn olunub - red) məzarından götürüb. Xahiş etdi ki, məzardan götürdüyü həmin torpağı Ankarada Rəsulzadənin qəbrinə səpim. Mən onun xahişini yerinə yetirdim. Həm də M.Ə.Rəsulzadənin məzarından bir balaca torpaq götürdüm və ölkəyə qayıdanda Abbas müəllimə verdim. Dedim ki, siz də aparın bu torpağı öz əlinizlə Rəsulzadənin məzarına səpələyin. İnanın, o yaşda kişi hönkür-hönkür ağladı. Demək istəyirəm ki, müxtəlif yerlərdən torpaq gətirməklə də simvolik məzarlar yaratmaq mümkündür və elə ən məsləhətlisi də budur.

- Təkliflərdən biri də odur ki, Bakının işğaldan azad edildiyi 15 sentyabr tarixi bütün orta məktəblərdə Cümhuriyyət dərsi keçilsin, Qafqaz İslam Ordusu anılsın...

- Vallah, bu o qədər böyük və ayrıca bir mövzudur ki, 5-10 cümlə ilə təhlil etmək doğru olmaz. İnşallah, xüsusi bir intervyuda bu məsələni geniş müzakirə edərik. Sadəcə onu deyim ki, Bakının erməni işğalından azad olunması tariximizdə çox mühüm bir hadisədir. Ona görə də toplum olaraq bu haqda ciddi düşünməyimizə ehtiyac var.

- Türkiyə ilə Azərbaycanın ortaq iş görməsi də planlaşdırılır. Qardaş ölkə ilə bu istiqamətdə ciddi layihələr hazırlamaq mümkündürmü?

- Əlbəttə, mümkündür. İki ölkənin birgə işləməsinə böyük ehtiyac var. Bayaq adını çəkdiyim nazirliklər Türkiyənin müvafiq qurumları ilə ortaq işlər reallaşdıra bilər. Məsələn, idman nazirlikləri Cümhuriyyətin ildönümünə həsr olunmuş ortaq yarışlar keçirər. Təhsil nazirlikləri birgə tədris proqramı hazırlayarlar. Məncə, səfirlər bu istiqamətdə aktiv işləməlidir. Səfir təmsil etdiyi dövlətin elçisi sayılır. Bütün gün iş otağında qısılıb oturmaqla hansısa tədbir görmək mümkün deyil. Götürək, "Türksoy” təşkilatını. Bu qurum nə ilə məşğuldursa, bir Allah bilir. Halbuki bu istiqamətdə ən çox onlar çalışmalıdır. Təsəvvür edin, türk dövlətlərinin ortaq əlifbaya keçməsi məsələsi müzakirə olunur, amma "Türksoy” xorulduya-xorulduya yatır. Baş verənlərə heç bir münasibət bildirmir, elmi-konfranslar təşkil etmir. Onlara ayrılan pullar hara xərclənir axı? Dövlət onları yaradıb və büdcədən vəsait ayırıb ki, faydalı işlər görsünlər. Ancaq heç bir iş görmürlər”.

İsmayıl Qocayev








SON XƏBƏRLƏR

2018-11-20