2018-02-22 18:34:54   |   622 dəfə oxunub

"...bu məktəbin direktoru və müəllimi işdən azad edilməlidir" - İdarəçilik itib




"Orta ümumtəhsil məktəblərində təhsilin gedişinə mane olan resurslardan - telefon, planşet kimi vasitələrdən istifadə edilməməlidir”.

Bu barədə "Sherg.az”a 82 nömrəli məktəbdə baş verən hadisədən danışarkən təhsil eksperti Kamran Əsədov bildirib. O vurğulayıb ki, məktəbi idarə edən şəxslər təhlükəsizlik kameraları ilə müşahidə aparmalı, məktəbdə təhsil alan, təhsil verən şəxslərin mobil telefondan hansı məqsədlərlə istifadə etdiyini bilməlidirlər:

"Təbii ki, məktəbdə qadağa qoymaq olmaz. Müəllimlərimiz orta ümumtəhsil məktəblərinə bəzən fərqli niyyətlə yanaşır, fərqli məqsədlər üçün istifadə etməyə çalışırlar. Şagirdlərin təhqir edilməsinə yol verən müəllimləri, məktəb direktorlarını azad etmək lazımdır. Mediada orta məktəblərdə baş verən mənfi hadisələrin gündəmə gəlməsi orta məktəblərin nüfuzunu daha da aşağı salacaq. Gələcəkdə bu sahədə daha ciddi fəsadların şahidi olacağıq.

Müəllim və şagird arasında konflikt olmamalıdır. Hansısa səbəbdən konflikt baş veribsə, heç bir halda bu mətbuata qədər irəliləməməlidir. Şagird-müəllim, müəllim-valideyn, müəllim-direktor münasibətlərinin, üçtərəfli müəllim-şagird-məktəb tandeminin tamamlanmasına ciddi nəzarət olmalıdır. Amma təəssüf ki, orta məktəblərimizdə təhsil prosesinə zidd hallar baş verir. Mətbuatda yayılan iddialar əsasını taparsa, adıçəkilən məktəbin direktoru, həmin müəllim məktəbdən azad edilməlidir ki, belə hadisələr bir də təkrarlanmasın”.

K.Əsədov xatırladıb ki, Bakı şəhərində bir neçə məktəblə bağlı mütəmadi neqativ məlumatlar alır:

"Amma 82 saylı məktəbin müəllimlərinin çoxu istedadlı, gənc müəllimlərdir. Bir neçə il əvvəl şagirdlərlə bağlı problem yaşanmışdı, tarix müəlliminə qarşı şagirdlərin hörmətsizliyi yayılmışdı. Amma həmin məktəbin rəhbərliyi təcrübəli şəxsdir, belə hadisə baş veribsə, böyüməsinə icazə verməz. Problem məktəb daxilində həll edilmədən, kənara çıxıbsa, bu o deməkdir ki, həmin müəssisənin rəhbərliyi idarəni itirib".

Qeyd edək ki, sözügedən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib. C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı qadın müəlliminin əli olduğunu qeyd edib.  Polis faktla bağlı araşdırmalara başlayıb.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-25