2018-02-23 20:28:54   |   368 dəfə oxunub

"Türk əsgəri Azərbaycanın milli problemlərinin həllində yaxından iştirak edə biləcək"

Zahid Oruc:"Türkiyə və Azərbaycan arasında birgə hərbi birləşmə yaratmaq, bura Gürcüstanı da qataraq yaxşı əlaqələr formalaşdırmaq üçün əlverişli şəraitdir"





"2009-cu ildən başlayaraq, Türkiyə və Azərbaycan arasında hərbi əlaqələr ən yüksək mərhələsinə çatıb”.

Bu barədə "Sherg.az”a millət vəkili Zahid Oruc danışıb. 

Deputat diqqətə çatdırıb ki, bu əməkdaşlıq prezidentlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təhlükələrə sinə gərmək, geopolitikasını dəyişdirmək üçün uğurlu strategiyalar həyata keçirməsi hesabına mümkün olub:

"NATO üzvü olan ölkə kimi Türkiyənin qabaqcıl imkanlarından bəhrələnmək postsovet ölkələrinin hər biri üçün önəmlidir. Keçmiş sovet ölkələri buna görə Türkiyə ilə yaxşı əlaqələr qurmağa çalışırlar.

Müstəqilliyimizin ilk illərində, bundan sonrakı dövrdə qardaş Türkiyənin ölkəmizə hərbi yardımlar etməsi, yüksək çinli nümayəndələrin ölkəmizdə təlimlərə qatılmasını xatırlatmalıyıq. 2010-cu ildə Strateji Tərəfdaşlıq Şurası yaradıldı. Əslində həmin razılaşmalar hərbi müttəfiqlik sazişləri sayıla bilərdi. Bunu 2 səbəbə görə qeyri mümkün sayırdılar; birincisi Rusiyanın bölgədə hegemoniyasına qarşı Türkiyə bölgədə tərəddüdlü, ehtiyatlı siyasət yürüdəcəkdir. İkincisi isə NATO-dan qoyulan qadağalar, Amerikanın biçdiyi yol, siyasi çərçivələr Türkiyəni dayandırmalı idi. Dediyimiz təhlükələri yarmaq, dəf etmək mümkün oldu. Artıq biz, Qaraheybətdən Naxçıvana qədər, Qarabağ səmasının yaxınlığında türk şahinləri ilə Azərbnaycan hərbçilərinin birgə təlimlərini müşahidə edirik. Hava hücumundan müdafiə sistemləri, birbaşa artilleriya və s. növlərdə onlar arasında sıx əlaqələr mövcuddur. Bu, çox əhəmiyyətlidir”.

Milli Məclisin bugünkü iclasında təsdiq edilən "Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişi xatırladan deputat vurğulayıb ki, bu kimi sənədlər imkanlarımızı daha da genişləndirir:

"Türkiyə və Azərbaycan hərbi cəhətdən birliyini bərqərar edir. Əsgərlər və zabitlər arasında yaxşı əlaqələr formalaşır. Türkiyə və Azərbaycan arasında birgə hərbi birləşmə yaratmaq, bura Gürcüstanı da qataraq yaxşı əlaqələr formalaşdırmaq üçün əlverişli şəraitdir. Şübhəsiz ki, bu ötən dövrdə görülən siyasətin nəticəsidir. Türkiyə qeyd etdiyimiz risklərdən ehtiyatlanmır. Bu, imkan verəcək ki, türk əsgəri Azərbaycanın milli problemlərinin həllində yaxından iştirak etsin”.

Qeyd edək ki, sazişin məqsədi tərəflər arasında müdafiə təyinatlı mal və xidmətlərin təkmilləşdirilməsi, istehsalı, tədarükü, ardıcıllığı və müvafiq texniki, eləcə də maddi-texniki təminat sahələrində daha səmərəli əməkdaşlıq vasitəsilə tərəflərin müdafiə sənayesi sahəsində bacarıqlarını inkişaf etdirirək müdafiə sənayesi sahəsində əməkdaşlığı təmin etməkdir.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-12-10
2018-12-09