2018-02-24 15:06:32   |   2896 dəfə oxunub

Azərbaycan və Türkiyə milli valyutaları ilə ticarət edə biləcək

Bu da dollar və avro asılılığını azalacaq



Yaxın zamanda Azərbaycan və Türkiyə öz milli valyutaları ilə ticarət həyata keçirə biləcək. Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin milli valyutaları ilə ticarət etməsi çox vacibdir:



"Bununla bağlı hər iki ölkənin Mərkəzi Banklarına həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Azərbaycan rəhbəri İlham Əliyev müvafiq təlimatlar veriblər. Hazırda texniki işlər yekunlaşmaq üzrədir”. Nazir Naxçıvan Muxtar Respublikası ilə əlaqələrdən də danışaraq vurğulayıb ki, Türkiyə Naxçıvana xüsusi imtiyazlar verib: "Naxçıvanda istehsal olunan bütün məhsullar sərhəddən rahat şəkildə keçə bilər. Türk lirəsi Naxçıvan və Türkiyə arasında ticarətdə istifadə oluna bilər. İmtiyazlardan sonra Naxçıvanda istehsal edilən məhsullar daha dəyərli olacaq”. Qonşu ölkələrlə milli valyutalar üzərində ticarət əlaqələrinin reallaşdırılması dəfələrlə gündəmə gətirilsə də, hələlik bunu reallaşdırmaq mümkün olmayıb. Hətta bəzi iqtisadçılar indiki dövrdə milli valyutalarla ticarət dövriyyəsinin mümkünsüz olduğunu iddia ediblər. Ancaq bunun tam əksini düşünən ekspertlər də var.

Mövzu ilə bağlı "Şərq”ə açıqlama verən "Altay” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı bunun son dərəcə təqdirəlayiq olduğunu deyib. 
Onun sözlərinə görə, milli valyuta ilə ticarəti çoxdan etmək lazım idi: "Hansısa qlobal mafiyanın dünya birjalarındakı maxinasiyaları ilə ölkələr trilyonlarla zərərə düşür. Ona görə də dollar və avro asılılığını tam ləğv etmək lazımdır. Son vaxtlar Rusiya, Çin, İran, Braziliya, Türkiyə və s. ölkələr buna çalışır. Biz də mümkün qədər çox ölkə ilə qarşılıqlı valyuta hesablaşmasına keçməliyik. Xüsusən də qonşu ölkələrlə - Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Türkmənistanla milli valyuta ilə ticarətə başlamaq lazımdır. Mən hələ də başa düşmürəm ki, niyə iki dövlət hansısa üçüncü ölkənin valyutası ilə ticarət etməlidir? Üçüncü ölkə istədiyi zaman öz valyutasının kursunu aşağı, ya da yuxarı etməklə digər ölkələrə trilyonlarla zərər vurur. Bunun müqabilində isə sadəcə özü qazanır. Müstəqil ölkə heç bir xarici valyutadan asılı olmamalıdır. Strateji ehtiyatlar və onların valyuta səbəti tam diversifikasiya edilməlidir. İxrac və idxalda hesablaşma qaydaları dəyişməlidir. Bu, məhsul mübadiləsi, qızıl və ya milli valyutalarla aparıla bilər”.

İsmayıl








SON XƏBƏRLƏR

2018-11-15