2018-02-27 18:39:05   |   5858 dəfə oxunub

"Cümhuriyyət qurucularının məzarları yerində qalmalıdır" - İlham Tumasla söhbət

İlham Tumas: "Bir türk dostumuz etiraf elədi ki, bizə Nuru Paşanı siz sevdirdiz"

"Özünü söydürən gənclərin bəziləri məşhurlaşmaq istəyir"


"Mən feysbukdan ziyan görməmişəm. Burda hər kəs tərbiyəsinə, dünyagörüşünə, əqidəsinə, savadına uyğun davranır"

"Bizdə problem kitab dükanı deyil, problem kitab oxumamaqdır"

"Son vaxtlar intiharların artmasının səbəbi insanların biri-birinə qarşı çox amansız olmasıdır"





Tanınmış jurnalist, ssenarist, Qarabağ müharibəsi veteranı İlham Tumasın "Sherg.az"a müsahibəsini təqdim edirik.

- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə ölkə başçısı bu ilin "AXC ili" elan olunmasına dair sərəncam imzaladı. Prezidentin təşəbbüsünü necə qiymətləndirirsiz?

- Hələ rəhmətlik Heydər Əliyevin vaxtında Cümhuriyyətlə bağlı xeyli tədqiqatlar aparıldı. Ancaq indiki sərəncam ona görə xüsusi əhəmiyyət kəsb edir ki, bu il həm Cümhuriyyətin 100 illiyidir, həm də bu sərəncam cümhuriyyətlə bağlı geniş araşdımaların aparılmasına xeyli impuls verəcək. Cümhuriyyət dövrü ilə bağlı məsələlər hələ də tam araşdırılmayıb. Bəzən, kökündən yanlış məlumatlar yayılır, dezinformasiyalara yol verilir. Feysbukda "Belə-belə işlər" səhifəsi yaradılıb, deyim ki, çox uğurlu layihədir. Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid məlumatlar, böyük şəxsiyyətlərin həyatı, fəaliyyəti təqdim olunur. Ancaq Səməd bəy Mehmandarovla bağlı hazırlanan süjetdə kobud səhvə yol verilib. Əslində bu onların səhvi də deyil. O səhvə həmin dövrü araşdıran tədqiqatçılar yol veriblər. Guya, 1920-ci ildə Mehmandarovu əlində süpürgə küçə süpürərkən görüblər. Bunu müxtəlif zamanlarda ayrı-ayrı tədqiqatçılar yazıblar, hamısı da "deyirlər", "görüblər" kimi sözlərlə kifayətləniblər, amma belə fakt yoxdur. Onu bu vəziyyətdə kim görüb, nə vaxt görüb, televizorun olmadığı zamanda kim tanıyıb? Bu, bir Azərbaycan generalı haqda şərəfsiz bir dezinformasiyadır. Hələ bundan irəli gedib daha böyük qələtlərə yol verənlər də var: "General Səməd bəy Mehmandarovu saqqalıyla ayaqyolunu təmizləməyə məcbur edirmişlər, o da təmizləyirmiş...".

Bu kimi fikirləri yazanlar, Allah qoymasa, bolşeviklərin necə amansız olduqlarını göstərdiklərini zənn edirlər. Ancaq burada bir məqamı unudurlar: bolşevik əsgərləri nə qədər amansız və tərbiyəsiz olurlar-olsunlar, nə tələb edirlər-etsinlər, öz işləridir, general Səməd bəy Sadıq bəy oğlu Mehmandarov bunu eləyərdimi? Ömrü qanlı döyüşlərdə keçmiş, dəfələrlə ölümün gözünə dik baxmış, Rus-Yapon müharibəsində əsir düşərkən yaponların "bir daha müharibədə iştirak etməyəcəyəm, iltizamı ver, azadsan" tələbinə rəğmən bu iltizamı yazmayan bir kişi hansısa qor-qoduğun hədəsindən saqqalıyla ayaqyolu təmizləyərdimi?

Bu mənada Cümhuriyyət qurucuları ilə bağlı xeyli işlər görülməlidir. Nəsib bəy Yusifbəyli ilə bağlı bizə hələ də çox şeylər məlum deyil. Onun öldürülməsi ilə bağlı müxtəlif versiyalar var. Fətəli xan Xoyskinin də fəaliyyəti yaxşı araşdırılmayıb. Hesab edirəm ki, məlum sərəncamla görüləcək işlər xeyli qaranlıq mətləbləri aşkara çıxaracaq. Təklifə gəlincə, istərdim ki, Cümhuriyyət qurucularının xatirəsinin əbədiləşməsi üçün "Cümhuriyyət parkı" salınsın. Bax, bu məsələ o sərəncamda yer alsa, daha yaxşı olar. Belə bir park salınmalıdır.

- Xaricdə dəfn olunan cümhuriyyətçilərin məzarlarının Azərbaycana gətirilməsi müzakirə predmetidir. Sizcə, onların nəşi və ya qəbirlərini ölkəmizə gətirməyə ehtiyac varmı?

- Rejissor dostumuz Tahir Əliyev deyir bir dəfə Mixaylonun qəbrinin Azərbaycana köçürülməsinin mümkünlüyü ilə bağlı yerli kənd sakinləri ilə söhbətimiz oldu, dedilər ki, elə şey yoxdu, Mixaylo həm də bizim qəhrəmanımızdır, qoymarıq aparasınız. Bunu ona görə deyirəm ki, Cümhuriyyət qurucularının məzarları orada qalmalıdır, amma onlara mütləq qulluq olunmalıdır, üzərlərində abidə ucaldılmalıdır. Dövlət vəsait ayırmalıdır, məzarların üstü təmizlənməlidir. Avropada qəbirlərin qalması üçün pul ödəməlisən. Məsələn, bir neçə il öncə Düdənginskinin məzarının vaxtı bitmişdi. Artıq məzar dağıdılmalı idi. Onun qalması üçün o vaxt dostlar yığışdılar, pul toplandı və məsələ yoluna qoyuldu. Dövlət belə məsələləri diqqətdə saxlamalıdır. Bundan başqa, Fətəli xan Xoyskinin, Mirzə Şəfinin, Həsən bəy Ağayevin, Hacınskinin məzarları ordadır. Əslində, düşünürəm, o məzarların Gürcüstanda qalması yaxşı haldır. Görəndə maraqlanırlar ki, onlar kimlərdir, onların fəaliyyətini öyrənməyə başlayırlar. Düşünürəm ki, Cümhuriyyət qurucularının da xaricdəki məzarları orada qalsa yaxşıdır. Amma mütləq diqqətdə saxlanılmalı, itib-batmış qəbirlər də tapılmalıdır.

- Bu il qardaş Türkiyədə və Azərbaycanda Qafqaz İslam Ordusunun 100 illiyi qeyd olunacaq. Azərbaycan və Türkiyə bu tarixi hadisələri, həqiqətləri daha geniş arenalara çıxarmaq üçün nə kimi birgə addımlar ata bilərlər?

- Qafqaz İslam Ordusu və ya Nuru Paşanın fəaliyyəti, Azərbaycanda şəhid olan türk əsgərləri xalqın yaddaşında həmişə yaşayır. Azərbaycanın müxtəlif yerlərində türk əsgərlərinin məzarları var. Onlar həmişə də qorunublar. Sovet dövrünün ən kəskin illərində də onların qəbirləri qorunub. Bakının kəndləri, Şamaxı və başqa rayonlarda türk əsgərlərinin məzarları pir deyilib sevilib. Təbii ki, tədbir və konfranslar pis şeylər deyil, amma hesab edirəm ki, Nuru Paşanın Bakıda mütləq abidəsi olmalıdır. Bu təklifi millət vəkillərimiz də səsləndirib. Məsələn, "Qurd Qapısı" yaxınlığında Nuru Paşanın abidəsi ucaldıla bilər. Qafqaz İslam Ordusunun Bakıya gəlişi də Azərbaycan tarixinin bir səhifəsidir. Xüsusi olaraq bütün tariximizi dünyaya çıxarmalıyıq və Qafqaz İslam Ordusunun fəaliyyəti, döyüşləri də onun daxilində olmalıdır. Türkiyədən olan bir iş adamı dostumuz özü etiraf elədi ki, bizə Nuru Paşanı, Ənvər Paşanı siz sevdirdiz. Bilirsiz, 2018-ci il çox mühüm ildi. Baxın, Cümhuriyyətin 100 illiyi tamam olanda, görün, onun tərkibində yaradılmış nə qədər qurumların 100 illiyi qeyd olunacaq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu il 100 illiyi qeyd olundu. Ordumuzun, parlamentimizin 100 illiyi qeyd olunacaq. Gələn il Bakı Dövlət Universitetinin də 100 illiyi qeyd olunacaq. Görün, Cümhuriyyətlə bağlı nə qədər yüzilliklər keçiriləcək. Ona görə də bu məsələlər kompleks şəkildə həll olunmalıdır.

- Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu və Orfoqrafiya Komissiyasının bəzi sözlərin yazılışına dəyişiklik edilməsinə dair təklifləri də son ayların ən aktual mövzularındandır. Sizcə, indiki halda bu dəyişikliklərə ehtiyac vardımı?

- Deyirlər, almanlar yol çəkəndə bilirsən, neynirlər? Əvvəlcə insanların daha çox istifadə etdiyi yollar öyrənilir, cığırlara baxırlar. Çünki bilirlər ki, insanlar mənzil başına çatmaq üçün yaxın və asan yoldan istifadə edəcəklər. Ona görə də gediş-gəliş çox olan yolu əsas yol kimi qururlar. Bizimkilər neynir? Bizimkilər təxminən deyirlər ki, sən yaxın yolu qoy, uzaq yolla get. Hökm qoyur ki, bu sözü mütləq götür. Məncə, qəzet, sayt və telekanallara diqqət yönəltmək lazımdır. Çünki dilin işləndiyi ən çevik məkan bunlardır. Xalqın danışığını dinləmək lazımdır. Hər hansı bir sözü xalq qəbul edəndən sonra onu lüğətə salmaq olar. Yoxsa durub özündən söz uydurmağın mənası olmayacaq. Qoy insanlar hansı sözü daha çox işlədirlərsə, o sözlər lüğətə salınsın. İnanın, bizim şivələrdə, dialektlərdə elə sözlərimiz var ki, tərcüməsinə çətinlik çəkdiyimiz sözlərin mənasını tam verir. Bunları araşdırmaq lazımdır, oturub bir-iki adamın beyninin məhsulu olan sözlər quraşdırmaqla heç nə alınmayacaq. Söz xalqın dilində, necə deyərlər, oturum izni alandan, insanlara doğmalaşandan sonra onu lüğətə salmaq lazımdı. Baxın, artıq "multfilm" deyən yoxdur, hamı "cizgi filmi" deyir. Yəni, söz öncə xalqın dilində işlənməlidir. Əks halda, bu hal çaşqınlıq və ya çətinlik törədəcək. Məsələn, görürsüz, "işıqfor" sözü girmədi dilimizə, hamı "svetofor" deyir, deməli, elə də qalmalıdı.

- O gün maraqlı bir məqalə oxudum. Yazıda 2000-2018-ci illər arasında, yəni 18 il ərzində paytaxt və regionlarda olan kitabxanaların statistikası açıqlanmışdı. Bu sahənin azalan xətt üzrə inkişafı aydın şəkildə nəzərə çarpır...

- Mikayıl Müşfiqin büstünün arxasında kitabxana vardı. Onun da yerində restoran tikdilər... 1990-cı illərin əvvəllərində, tələbə vaxtlarımda "Tarqovıy"da addımbaşı bukinistlərə rast gəlmək olardı. O vaxt Bakıda yaşayan və İsrailə köçüb gedən yəhudilər yaxşı kitablar satırdılar. O kitabların çoxunu almışdım. Hamısı da antikvar kitablar idi. Baxın, həmin bukinistlər bağlandı. Niyə? Çünki bazar iqtisadiyyatıdır, kimisə məcbur edə bilməzsən ki, gəl, kitab dükanı işlət, yaxud kitab al. Təbii ki, kitab dövlətin nəzarətində olmalıdır. Söz var ha, gəlin, min dəfə imamı ağlayanda, bir dəfə də yezidi ağlayaq. Bakıda kitab dükanları var. Hesab eləmirəm ki, hər addımbaşı kitab mağazası olsa, oxu vərdişinin səviyyəsi yüksələcək. Qardaş, kitab axtaran onu tapır. XXI əsrdə yaşayırıq, kitabı ala da bilərsən, internetdən yükləyib oxuya da bilərsən. Bizdə problem kitab dükanı deyil, problem kitab oxumamaqdır. Məsələ budur. Kitab dükanları kafeyə, restorana çevrilibsə, deməli, gəlir gətirməyib. Ən böyük problem odur ki, bizdə kitab dərci, satışı, yazarla nəşriyyatlar arasında münasibətlər inkişaf eləməlidi.

- Bəzən gənc şair və yazarların klassiklərimizlə bağlı qeyri-sağlam, həqiqəti əks etdirməyən, qərəzli tənqidlərinin şahidi oluruq. Bəzən isə bu yanaşmalar tənqid müstəvisindən çıxaraq təhqirə çevrilir. Həmin gənclər real və virtual cəmiyyətdə daş-qalaq olunurlar. Bəlkə, elə bu gənclər doğru danışırlar, sadəcə biz toplum olaraq klassiklərimizi bütləşdiririk?

- Ayyət, onlardan heç birinin adını yazma. Çünki onların adlarını yazdıqca, elə bilirlər böyük işlər görürlər. Elə düşünürlər ki, cəmiyyətdə söz və ixtiyar sahibidirlər. Həmin gənclər arasında xəstəlik yaranıb. Təbii ki, hamının əsərini tənqid etmək olar. Məsələn, Səməd Vurğun deyirdi ki, mən Hüseyn Cavidin dilini başa düşə bilmirəm, Cavid də cavab verirdi ki, mən belə yazıram, sən də get, xalq dilində yaz. Tənqid etmək olar, amma təhqir olmaz. Belə davranışa ad tapıb qoymaqda çətinlik çəkirəm. Görünür, söyülməkdən həzz alırlar. Sən bilirsən ki, bir statusu, ya məqaləni yazıb xalqın dəyər deyib bağrına basdığı məqamlara toxunsan, səni söyəcəklər, niyə yazırsan? Həmin gənclərdən bəziləri məşhurlaşmaq istəyir. Düşünür ki, qoy, bunu yazım, hamı məndən danışsın, mənim də adım feysbukda hallansın, jurnalistlər məndən münasibət öyrənsin. Onda özlərini böyük adam hesab edirlər. Məsələ bundan ibarətdir. İddialar dolaşır ki, onları hansısa qrup maliyyələşdirir. Buna inanmıram. Sadəcə, onların təfəkkürü belədir və onlara baş qoşmaq lazım deyil. Əslində, onları söyənlərin tərəfindəyəm. Qoy, söysünlər. Mən yazıram ki, ay dost, belə eləmək olmaz, amma onlar bununla düzəlmirlər. Söyülməlidirlər, başqa yolu yoxdur. Biri yarımçılıq kompleksini tamamlamaq istəyir, biri başqasının küyünə, təsirinə düşür.

- Qeyd edim ki, klassiklərə böhtan atanlar bunu daha çox sosial şəbəkələr üzərində həyata keçirirlər. Ümumiyyətlə, biz sosial şəbəkələrdən təyinatı üzrə istifadə edə bilirikmi? Bu, bizə nə verir?

- Mən yalnız feysbukdan istifadə edirəm. 5-6 ildir daxil olmuşam, amma bu vaxta qədər, necə deyərlər, nə feysbuk məni, nə də mən onu incitmişəm. Xətrimə də dəyən olmayıb. Açığını deyim ki, medianı feysbukdan izləyirəm. Dostlarımızın paylaşımlarına baxıram. Feysbukdan ziyan görməmişəm. Kim ziyan görübsə, o ona əsas verib, deməli, ziyana adekvat davranıb. Mən niyə ziyan görməliyəm ki? Hər kəs tərbiyəsinə, dünyagörüşünə, əqidəsinə, savadına uyğun davranır və ona uyğun da reaksiya görür: ya söyüş, ya tərif, ya qarğış, ya alqış qazanır. Sən niyə sosial şəbəkədə kiminsə haqqında həqiqəti əks etdirməyən, böhtan xarakterli status yazırsan ki, sonda da söyülürsən?

- Ötənlərdə gənclər arasında sosial sorğu keçirirdim. Sualım bu idi: gənclər niyə elm, təhsil və kitabdan uzaq düşüblər? Tələbələrdən biri ağrılı bir cavab verdi. Söylədi ki, əgər intellektual bir professor 3 ildir bir kostyumdan çıxa bilmirsə, pencək və köynəyinin boynu, biləkləri yuyulmaqdan didilibsə, biz niyə kitabın qulpundan yapışmalıyıq?! Əksər gənclər bu düşüncədə idi. Sizcə, elm, təhsil və maarifçiliklə bağlı nələr edilməlidir ki, gənclər bu sayaq düşünməsin və öz parlaq gələcəklərini məhz elm, təhsil və ədəbiyyat sahəsində görsünlər?

- Kitab oxumaq, mütaliə etmək, elm arxasınca getmək hobbi deyil, bu bir həyat yoludur. Gənc elə düşünürsə ki, (burada elm adamlarına verilən qiymətdən, daha doğrusu, qiymətsizlikdən söhbət gedir) professor didilmiş kostyumda qalıbsa, bu artıq nə professorun, nə də elmin günahıdır. Bu, elm adamlarına göstərilən qayğısızlığın nəticəsidir. Azərbaycanı elm, texniki tərəqqi, iqtisadi inkişaf xilas edəcək. Cavid necə yazmışdı?

Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Mədəniyyət yalnız çalıb-oxumaq deyil ki... Mədəniyyət həm də bir elmdi, texniki tərəqqidi, güclü ordudu, millət kimi digərlərinin yanında alnıaçıq dayanmaq, rüşvətsiz cəmiyyət qurmaq, qalib olmaqdı!

- Gənc şair və yazıçılarımız arasında intihar edənlərin sayı artır. Sizcə, bu, nə ilə bağlıdır?

- Baxın, psixoloq Dəyanət Rzayev də intihar etdi. Fransız yazıçı Alber Kamyu yazırdı ki, fəlsəfənin ən ümdə işi "insan niyə intihar edir" sualına cavab tapmaq olmalıdır. İntihara fərdi yanaşmaq lazımdır. Adam var ki, qız onu sevmədiyinə görə, adam var pulsuzluqdan, adam var kimlərəsə borcu olduğu üçün intihar edir. Adam var, müxtəlif uyuşdurucu maddələr qəbul edib, adam da var doğmasının itkisinə dözməyib intihar edir. Yazıçı, şair də insandı. Ernest Heminquey də, Qorki də intihar edib. Yeseninin də, Mayakovskinin də intihar etdiyi bildirilir. Düşünürəm, son vaxtlar intiharların artmasının səbəbi insanların biri-birinə qarşı çox amansız olmasıdır. Canlı ünsiyyət itib. Elə bil insanlar cəngəllik qanunları ilə yaşayır, heç kim özünün haqq, ya nahaq bildiyi payından bir qətrə belə vaz keçmək istəmir, adamlar paylaşmaq hissini, sevgini, mərhəməti unudurlar.

- İnsanların biri-birinə qarşı laqeydliyi, ilk fürsətdə aldadıb əlində olanı qoparma niyyəti nədən irəli gəlir?

- Bunun da müxtəlif səbəbləri var. Birincisi, etiraf etməliyik ki, toplum olaraq xarakterimizdə naqisliklər var. Ola bilsin, müstəqillikdən sonra azad bazar və kapitalizm dünyasına sürətlə keçid etdik. Bəlkə insanlar oradan baxıb yeni-yeni xoşa gəlməyən xüsusiyyətlər əxz edirlər. Amma xüsusiyyətlərimizdəki bəzi qüsurlarımızı düzəltməliyik. Və hesab edirəm ki, burda mütləq inzibati qərarlar rol oynayacaq. İnsanları tərbiyə eləməyin ən gözəl yolu qanunların sərtliyi və ayrıseçkiliyə yol vermədən tətbiqidir. Düşüncəmə görə, xalq materialdı, onu yonub yaxşı bir heykəl - sənət əsəri də düzəltmək olar, yonmayıb köntöy bir material kimi qoymaq da.

- Bir az da öz sahəmizin - medianın problemlərindən söz açaq. Son aylar hərbi jurnalistikanın inkişaf etdirilməsi ilə bağlı çağırışlar edilir. Çünki Müdafiə Nazirliyi (MN) onlara istinad olmadan hər hansı bir cəbhə xəbərinin yayılmasının ziyanlı olduğunu iddia edir. Media isə MN-ni xəbərləri gizlətməkdə, bəzən ləngitməkdə ittiham edir... Hətta elə hallar olub ki, ordumuz şəhid verib, feysbukda şəhidin dəfni ilə bağlı videogörüntülər yayılır, amma yenə də MN xəbəri verməyib...

- Düşünürəm, hər hansı hadisə ilə bağlı xəbəri birinci elə Müdafiə Nazirliyi yaymalıdır. İndiki dövrdə heç nəyi gizlətmək olmur. Bu mənada ilk xəbər MN-dən gəlsə, dezinformasiyaların qarşısı alınar. MN bu xəbəri yaysa, ona istinad olunar və bilinər ki, bu, səhih xəbərdir. Rəsmi xəbər olmayan yerdə təbii ki, dedi-qodu və şayiələr yayılacaq. MN bunun qarşısını almalıdır.

- Əksəriyyət - həkim, fəhlə, müğənni, fermer, sahibkar, müəllim, deputat, nazir və s. mediadan narazılıq ifadə edir. Sizcə, səbəb nədir?

- Əksər hallarda onlar tamam başqa jurnalistlərdən danışır. Onlar bizim çalışdığımız media orqanlarından bəhs etmirlər. Çünki o jurnalistlərin çoxunun ancaq adları jurnalistdi. Bu, onların müharibəsidir. Bunun Azərbaycanda ciddi jurnalistika ilə məşğul olanlara heç bir aidiyyəti yoxdur. Hansısa müğənninin kiminləsə şəkil çəkdirməsi, kiminləsə sevgili olması haqda xəbər sənin, mənim nəyimə lazımdır? Onların öz saytları, mətbəxləri və mətbuatları var.

Söhbətləşdi: Ayyət ƏHMƏD






SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25