2018-03-01 17:15:13   |   3685 dəfə oxunub

Sabiq baş nazir:"Cümhuriyyətin 100 illiyinə ən böyük hədiyyə bu olardı" - Müsahibə

Pənah Hüseyn: "Cümhuriyyət qurucularının xatirəsini əbədiləşdirməliyik. Paralel olaraq Nuru Paşaya da abidənin qoyulması zəruridir"

"Dünyanın çox hissəsi Qarabağ həqiqətlərini bilir, sadəcə göz yumurlar"




"Belə hallarda inzibati, administrativ xarakterli cavablar verilməsi şəxsiyyətlərimizi təhqir edən yazarların işinə yarayır"

" Sosial şəbəkə "virusu” müvəqqəti davam edəcək, ötüb keçəsi "xəstəlikdir”

"Sadə vətəndaşların kredit borcları bağışlanmalıdır. Çünki dünyanın az yerində banklarda belə böyük faiz dərəcəsi var"

" Azərbaycanın elə problemləri var ki, hər kəsi mütləq qayğılandırır"







Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseynin "Sherg.az”a müsahibəsini təqdim edirik.

- Bu il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyidir və bu münasibətlə 2018- ci il "AXC ili" elan olundu. Sizcə, 100 illiyə ən böyük töhfə nə ola bilər ?

-100 illiyə ən böyük hədiyyə torpaqlarımızın işğaldan, düşmən tapdağından azad edilməsi olardı. Çünki Cümhuriyyətin bizə qoyub getdiyi ölkəni onun sərhədləri daxilində saxlamaq ən böyük vəzifəmizdir.

Konkret 100 illiklə bağlı ictimaiyyəti maraqlandıran bəzi məsələlər var. Cümhuriyyət tarixinin öyrənilməsi istiqamətində addımlar atılıb. Tarixi materialların indiki nəslə ötürülməsi vacibdir. Cümhuriyyət qurucularının xatirəsini əbədiləşdirməliyik. Paralel olaraq Cümhuriyyətin qurulmasında xidmətləri olan qüvvələrə də diqqət ayırmağımız vacibdir. Məsələn, Türk-İslam ordusunun 1918-ci ildə Cümhuriyyətin qorunmasında böyük xidmətləri olub. Ona görə, Nuru Paşaya da abidə qoyulması və həmin dövrü əks etdirən tədbirlərin görülməsi zəruridir.

Qurulan andan etibarən Cümhuriyyətin başlıca vəzifələri, öncül prinsipləri var idi. Bunların bir çoxu nəinki şərqdə, bütün müsəlman aləmində dünyada yenilik kimi qiymətləndirilirdi. Həmin dəyərlərin yaşadılması üçün real addımlar atmaq mümkündür. Təəsüf edirəm ki, Cümhuriyyətlə bağlı görülməli vacib işlərin çoxu arzu olaraq qalır. Xüsusi olaraq, siyasi qüvvələr Qarabağ mövzusu ətrafında birləşsə, daha gözəl olardı.

- Dağlıq Qarabağ problemi Azərbaycanın qanayan yarası olaraq qalır. Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün hansı işlər görülməlidir ?

-Bu sahədə istər rəsmi qurumlar, istərsə də qeyri-hökumət təşkilatları tərəfindən müəyyən işlər aparılır. Dünyanın çox hissəsi Qarabağ həqiqətlərini bilir, sadəcə göz yumurlar. Təbliğat işlərini genişləndirməklə daha əhatəli tədbirlər görmək olar. Amma əsas məsələ, milləti səfərbər edib, torpaqlarımızı azad etməkdir. Bu həm Xocalı faciəsinin qurbanlarının, həm də şəhidlərimizin ruhunu şad etmək üçün ən ciddi iş olardı. Etiraf etməliyik ki, ermənilər Qarabağ məsələsində, informasiya müharibəsində daha fəallıq nümayiş etdirir. Görünür, yalnız təbliğatla düşmənin öhdəsindən gəlmək çətin olacaq.

-Təbliğat məsələsində əsas məsuliyyət gənclərin üzərinə düşür. Amma bəzi gənc yazarlar tarixi, ədəbi şəxsiyyətlərimizi alçaltmağa çalışır. Bu tendensiyanı necə qiymətləndirirsiniz?

-Bu, tendensiya deyil. Cəmiyyətin mütləq əksəriyyəti şəxsiyyətlərin təhqirindən uzaqdır. Fikrimcə, bu məsələnin üzərində diqqəti cəmləmək lazım deyil. Çünki müəyyən kənar qüvvələr həmişə var. Belə istisnaları xüsusi ictimai bəla hesab etmirəm.

Hər kəsin borcudur ki, milli dəyərlərimizin, böyük şəxsiyyətlərimizin hörmətini saxlasın, bunlara qarşı yönəlmiş addımlara səsini ucaltsın. Amma belə hallarda inzibati, administrativ xarakterli cavablar verilməsi şəxsiyyətlərimizi təhqir edən yazarların işinə yarayır. Hətta bəzən bu cavab onların məqsədini təşkil edir.

İstənilən vəziyyətdə bu proseslər ötüb, keçəcək. Çünki zaman-zaman bəzi cəmiyyətlərdə, şəxsiyyətlərə qarşı mənfi münasibət görülüb. Halbuki böyük dəyərlər, böyük şəxsiyyətlər gec-tez qorunub saxlanır.

-Cəmiyyətdə baş verənlər sosial şəbəkələrdə əks olunur. İntihar hadisələrindən tutmuş, siyasi proseslərə qədər burada müzakirə olunur. Ümumi olaraq, sosial şəbəkələrin insanların həyatındakı mövqeyini necə qiymətləndirirsiniz ?

- İnternet, sosial şəbəkələr, müasir kommunikasiya texnologiyaları reallıqdır. Bunlarsız cəmiyyətinin inkişafı, sonrakı yaşamı mümkün olmayacaq. Amma hər şeyin fəsadı olduğu kimi internetin də fəsadları var. Bütün dünyada bu müzakirə olunur, tədbirlər görülür. Sosial şəbəkələrin insanların ifadə azadlığının əksinə çevrilməsinə imkan verməmək lazımdır. Sosial şəbəkə "virusu” müvəqqəti davam edəcək, ötüb keçəsi "xəstəlikdir”. Bu internet resurslarında özünü ifadə azadlığını məhdudlaşdırmaq, hüquqi və inzibati tədbirlər həyata keçirmək minimal səviyyədə olmalıdır. Müasir texnologiyalar o səviyyəyə çatıb ki, nəyisə qadağan etməklə onun mənfi təsirlərinin qarşısını almaq olmur. Cəmiyyətin ümumi mədəniyyət səviyyəsi yüksəldikcə bəzi məsələlər aradan qalxacaq, mənfiliklər düzələcək. Bu baxımdan assimmetrik addımlar atılmalıdır. Cəmiyyətimiz daha geniş qadağalarla məhdudlaşmaqdan qurtulmalıdır.

-Günümüzdə yayılan intihar meyllərinin səbəbi nədir?

-İntiharların artmasında həm sosial çətinliklərin, həm də insanların psixoloji durumunun rolu var. Cəmiyyətinin depressiya halının yüksəlməsi intihar meylinin güclənməsinə gətirib, çıxarıb. Bu məsələsə sosial şərtlər öz mövqeyini həmişə tutub. Bütün dünyada intihar böyük günah sayılır. Sosial çətinlikləri zamanla aradan qaldırmaq mümkündür. Eyni zamanda mənəvi böhrana qarşı mübarizə aparılmalı, vaxtaşırı yüksələn bu tendensiyanın qarşısını almalıyıq. Cəmiyyətimizdə, hətta bütün dünyada psixoloji immunitet yaratmaq lazımdır.

-Bugünkü sosial çətinliklərin əsasını problemli kreditlər təşkil edir. Bu məsələnin həllini nədə görürsünüz?

-Son dövrdə çox yüksək faizlərlə kreditlər götürülüb, vətəndaşların istehlak ehtiyaclarından istifadə olunmaqla insanların istismarı həyata keçirilib. Bankla əlaqəsi olan şəxslər, şirkətlər qeyri-qanuni yollarla, tamah məqsədilə kredit alır. Bu tamam fərqli vəziyyətdir. Bir də özünün zəruri ehtiyacları üçün kredit almış, bir neçə dəfə onu ödəmiş, faiz bataqlığında ilişib qalan sadə insanlar var. Həmin sadə vətəndaşların kredit borcları bağışlanmalıdır. Çünki dünyanın az yerində banklarda belə böyük faiz dərəcəsi var. Problemə bu şəkildə yanaşaraq ayrı-ayrı vətəndaşların, məsuliyyətli şəxslərin borclarını həll etmək lazımdır.

Bizdə "istehlak mədəniyyət” anlayışı yoxdur. Bunu formalaşdırmaq, təbliğ etmək, maarifləndirmə aparmaq vacibdir. Kredit borclarından yığılan faizlər isə bir neçə şəxsin, qrupun əlində cəmləşir. Həmin qruplar məhz siyasi hakimiyyətlə bağlıdır və kifayət qədər qazanc əldə ediblər. Dövlətin hesabına kredit almış, həmin krediti dövlətin hesabına silən şəxslər, qurumlar, şirkətlər var. Övladının təhsil xərcini ödəmək, evinə televizor almaq üçün kredit götürənlər isə kredit bataqlığında qalıb.

-Son olaraq, dünyanın ümumi siyasi mənzərəsini dəyərləndirməyinizi istəyərdim.

Dünyanın ümumi mənzərəsi xaosdur. Allah bu şəraitdə millətimizi, dövlətimizi qorusun. Siyasi hakimiyyətlərin borcudur ki, dövlətlərini və xalqlarını xaosdan düzgün çıxarsınlar. Azərbaycanın elə problemləri var ki, hər kəsi mütləq qayğılandırır. İstənilən halda mübarizə aparmaq lazımdır. Bu qarışıq zamandan çıxmaq üçün hər kəs imkan daxilində səy göstərir. Mən yaxşı nəticə olacağına inanıram.

Söhbətləşdi: Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20