2018-03-02 12:30:51   |   2240 dəfə oxunub

Xocalı qanayan yaramızdır

Ərdoğandan Kılıçdaroğluya kimi, hamı dəhşətli qətliamı lənətlədi

Elman Məmmədov: “TBMM-də başqa bir ölkənin bayrağının dalğalanması son 50 ildə bir ilk idi və buna biz nail olduq”




Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Türkiyədə səfərdə olan millət vəkili Elman Məmmədov qardaş ölkənin paytaxtı Ankarada təşkil olunan silsilə tədbirlərdə iştirak edib. Anım tədbirlərinin Türkiyənin bir çox iri şəhərlərində keçirildiyini vurğulayan millət vəkili builki tədbirlərin ötənilkilərə nisbətən daha əhatəli olduğu qənaətindədir. Xüsusən də, Ankarada keçirilən tədbirlər ona daha müsbət təsir bağışlayıb:

"İlk dəfə olaraq Türkiyə Böyük Millət Məclisində AK Partiyanın qrup toplantısında Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında Xocalı ilə bağlı düşüncələrini açıqladı. Ərdoğan dedi ki, dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri 26 il əvvəl Xocalıda yaşanıb. Görünür, Ərdoğan Xocalıda baş verənləri soyqırım adlandırmağa ehtiyat edərək qətliam sözündən istifadə etdi. Amma istənilən halda onun bu ifadəsi ermənilərə və himayədarları üçün çox önəmli bir mesaj idi. TBMM-də başqa bir ölkənin bayrağının dalğalanması son 50 ildə bir ilk idi və buna biz nail olduq.

- Ərdoğandan əlavə hansısa Türkiyə rəsmisi ilə görüşləriniz oldumu?

- Əlbəttə, elə fevralın 27-də TBMM-də Xocalı sərgisi keçirildi. Həmin sərgidə Türkiyənin baş naziri Binəli Yıldırım, TBMM sədri İsmayıl Kahraman çıxış elədi. Eyni zamanda Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Səməd Seyidov çıxış elədi. Sərgidə olarkən Binəli Yıldırım və Məclis başqanı ilə aramızda kiçik bir dialoq yarandı və mən özümü ona təqdim edərkən Xocalını təmsil etdiyimi, orada baş verən hadisələrin bilavasitə şahidi olduğunu qeyd etdim. Baş nazir mənimlə söhbət zamanı qeyri-rəsmi formada olsa da, soyqırım ifadəsini işlətdi. Milliyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı ilə görüşdük. MHP başqanı da partiyasının qrup toplantısında Xocalı soyqırımını törədənləri və bu faciəyə biganə qalan beynəlxalq təşkilatları kəskin ittiham etdi.
TBMM-də olarkən CHP lideri Kamal Kılıçdaroğlu ilə də görüşdük və ondan da öz çıxışında Xocalı haqqında danışmasını rica etdim. O da verdiyi sözə sadiq qalaraq Xocalı soyqırımına toxundu və Azərbaycanın kədərini Türkiyənin kədəri kimi dəyərləndirdi. Türkiyənin hər zaman haqq işində dost və qardaş Azərbaycanın yanında olacağını ifadə edən MHP sədri Dövlət Baxçalı bəyan etdi ki, Xocalıda dünyanın gözü qarşısında soyqırım həyata keçirilib: "Xocalı qanayan yaramız, ağlayan gözümüzdür, Xocalı türk torpağıdır, əbədiyyətə qədər türk torpağı olaraq qalacaq. Niderland soyqırım günahkarı axtarırsa, Xocalıya baxsın”.

- Xocalı ilə bağlı tədbir ancaq TBMM-də baş tutdu, yoxsa digər məkanlarda da oldunuz?

- Bir neçə universitet və dərnəklərdə yüksəksəviyyəli tədbirlər keçirib, Azərbaycan xalqının soyqırıma məruz qaldığını və Xocalı soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu dilə gətirdik. Fikirlərimizi daha geniş formada qardaş ölkə təmsilçilərinə çatdırdıq. Eyni zamanda, Türkiyə mediası və televiziya kanallarının əksəriyyəti soyqırımla bağlı proqramlar hazırladı və geniş müzakirələrimiz oldu. Bizim tədbir proqramımızı Prezident Administrasiyasının məsul əməkdaşı Bəhruz Həsənov kordinasiya edirdi. Proqramımız çox dolğun və məqsədyönlü idi. İki gün əvvəl İldırım Bəyazid Universitetində də tədbirimiz oldu. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov da öz heyəti ilə ordaydı və çıxış elədi. Tədbirdə qeydə alındı ki, Xocalıda şəhid olan hər bir azərbaycanlının adına hava limanından Ankaraya gedən yol kənarlarında bir ağac əkilsin.

Türkiyə rəsmiləri tərəfindən Xocalıya göstərilən münasibət Azərbaycan-Türkiyə arasındakı dostluq və qardaşlığın günü-gündən daha böyük məcrada inkişafının göstəricisidir. Təbii ki, bu sevgi qarşılıqlıdır. "Fərat Qalxanı”, "Zeytun Budağı” əməliyyatları ilə bağlı biz rəsmi şəkildə Türkiyənin yanında olduğumuzu bəyan etdik. Döyüşlərdə iştirak etmək üçün ordu göndərməyə, savaşmağa hazır olduğumuzu bəyan etdik.

- TBMM-dəki çıxışdan sonra Ərdoğanın Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Türkiyədə səfərdə olan millət vəkilləri ilə görüşü oldu?

- Əlbəttə, toplantıdan sonra biz onu qarşıladıq və bizə başsağlığı verdi. Bir neçə dəqiqəlik dialoqdan sonra şəkil çəkdirdik və minnətdarlığımızı bildirdik.

- Sizcə, Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Türkiyədə keçirilən silsilə tədbirlərin müsbət nəticəsi olacaq?

- Şübhəsiz ki, olacaq. Ötən 26 il ərzində ulu öndər Heydər Əliyevin və cənab prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasəti nəticəsində Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Amerika Birləşmiş Ştatlarının 21 ştatı Xocalı faciəsinə siyasi qiymət verərək, bu qətliamı soyqırım kimi tanıdığını elan edib. Avropa dövlətlərindən bir neçəsi parlament səviyyəsində bu soyqırımı tanıyıblar. Beynəlxalq qurumlar da öz siyasi mövqelərini açıqlayıblar. Bütün bunlar bizim uğurumuzdur, ancaq biz bununla kifayətlənməməliyik. Bu istiqamətdə atılan addımları davam etdirməliyik. Bizim məqsədimiz soyqırımı törədənlərin məsuliyyətə cəlb olunaraq öz cəzalarını alması, ədalət məhkəməsi qarşısında cavab vermələridir. Uşaq qatili olan sarkisyanlar, zori balayanlar, petresyonlar cəzalandırılmalıdır ki, haqq-ədalət yerini tapsın, Xocalıda şəhid olan bacı-qardaşlarımız, balalarımız rahat uyusunlar!

Şəymən







SON XƏBƏRLƏR

2018-09-22
2018-09-21