2018-03-03 01:35:26   |   486 dəfə oxunub

Danışıqlar alınmır...

Hərbi yol yenidən gündəmə gəlir



Rusiyalı iki tanınmış hərbi və siyasi ekspertin - Qriqori Trofimçuk və Aleksandr Xramçix Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həllinin mümkünsüz olduğunu özündə ehtiva edən açıqlamalar verib. Onların münaqişənin həllinə yanaşmaları maraq doğurduğu qədər də düşündürücüdür. Konflikt ətrafında son durumu şərh edən Moskvadakı Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini Aleksandr Xramçix Azərbaycanın hərb əməliyyatlara istənilən istiqamətdən başlaya biləcəyinə işarə edib.

Politoloq hesab edir ki, əgər Azərbaycan Ermənistan Respublikasının ərazisinə hücum eləsə, bu, Ermənistana təcavüz sayılacaq və dövlət bir sıra ciddi siyasi problemlər yaradacaq. Yox, öz ərazi bütövlüyünü bərpa eləmək adı ilə Qarabağa girsə - bu, artıq ayrı anlam daşıyacaq. Bunlar prinsipial fərqli şeylərdi. Politoloq Qriqori Trofimçuka görə, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara başlasa, Rusiya 2016-cı ilin aprelində özünü necə aparmışdısa, yenə elə aparacaq: "Yəni Moskva neytral mövqe tutaraq, tərəfləri hərbi əməliyyatları dayandırmağa və siyasi-diplomatik danışıqlara başlamağa çağıracaq. Əgər Rusiya Ermənistanın tərəfində konfliktə qoşulsa, o zaman Azərbaycan tərəfdən də çox ciddi hakimiyyət mərkəzləri, ilk növbədə də Türkiyə, ABŞ və başqaları müharibəyə qoşula bilər”. Erməni jurnalistin "Bəs Azərbaycanın Ermənistana hücum edəcəyi təqdirdə tək Rusiya ilə, yoxsa bütövlükdə beynəlxalq birliklə problemləri olacaq?” kimi təxribatçı sualına cavab verən Aleksandr Xramçix deyib ki, beynəlxalq birlik frazadan savayı bir şey deyil. Onu deyə bilərəm ki, hücum olacağı təqdirdə Bakının Rusiya və müəyyən "maraqlı tərəflərlə” problemi olacaq. Xramçix isə deyib ki, Azərbaycanın hərbi əməliyyatlara başlayıb öz ərazi bütövlüyünü bərpa eləməkdən başqa seçimi qalmayıb. Onun sözlərinə görə, problem dinc yolla həllini tapmayacaq: "Azərbaycanın başqa yolu yoxdur. O, heç olmasa, özünün ərazi bütövlüyünü bərpa eləməlidir. Bu, onun üçün, necə deyərlər, milli ideologiyadır. Hamı həmişə sülhdən danışır. Əslində isə heç nə sülh yolu ilə həll olunmur. Bütün problemlər məhz hərbi vasitələrlə çözülür. Dağlıq Qarabağın timsalında isə mən, sadəcə olaraq, anlamıram, əgər münaqişə tərəflərinin mövqeyi biri-birinə diametral ziddirsə, problemi dinc yolla necə nizamlamaq olar? Dinc həll yoxdursa, hərb variantı qalır. Əgər tərəflər hansısa məsələ ilə bağlı anlaşa bilmirsə, mən münaqişənin sülh yolu ilə həlli imkanını görmürəm. Deməli, hərb yolu qalır. Bütün konfliktlər praktik olaraq belə qurulub. Məsələn, Çeçenistan problemi haqda deyirdilər ki, onun hərbi həll yolu yoxdur, amma hərbi vasitələrlə həll edildi”. Qeyd edək ki, ABŞ milli kəşfiyyatının rəhbəri konfliktin bu ilin may-iyun aylarına bərpa olunacağını güman edir.

Rusiyalı siyasilərin proqnozlarını dəyərləndirən politoloq Qabil Hüseynli isə "Şərq”ə açıqlamasında yaz aylarında hərbi əməliyyatların genişlənməsinin real olmadığını deyib. 

Onun sözlərinə görə, hər iki ölkədə seçkilər keçiriləcək və siyasi səhnəyə yeni fiqurlar gələcək. "Beynəlxalq vasitəçilər çalışacaq ki, danışıqlar prosesi yenidən davam etdirilsin. Ancaq prosesin çətin olacağını indidən ehtimal etmək mümkündür. Ermənistanda hakimiyyətin kimin əlində olmasından asılı olmayaraq rejim Dağlıq Qarabağı əldən vermək niyyətində deyil, onlar inadla Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxırlar. Amma Azərbaycan Ermənistanın bu oyunları qarşısında çox da səbrli olmayacaq. Danışıqlar müddətində Ermənistan özünün işğalçı mövqeyindən geri çəkilməsə, rəsmi Bakı son çarə olaraq hərbi əməliyyatlara başlamalı olacaq. Artıq Ermənistan bizi buna vadar edir”.
Dağlıq Qarabağda hərbi əməliyyatlar aktivləşən zaman Rusiyanın mövqeyinə gəldikdə isə politoloq deyib ki, Azərbaycan Ermənistan ərazilərinə daxil olacağı təqdirdə Rusiya müttəfiqi olan ermənilərə hərbi yardım göndərə bilər. "Bizim isə Ermənistana hücum etmək niyyətimiz yoxdur. Məqsədimiz işğal altında qalan Azərbaycan torpaqlarını azad etmək və ölkənin ərazi bütövlüyünü qorumaqdır”.
Dünyada geosiyasi durumun tez-tez dəyişdiyini qeyd edən Q.Hüseynli bu dəyişikliklərin daha çox Azərbaycanın xeyrinə olduğunu deyib. Ona görə də Azərbaycan hər zaman ehtiyatlı və ölçülü-biçili siyasət yeridir. Dünyada gedən geosiyasi dəyişikliklərdən öz ərazi bütövlüyünü təmin etmək üçün faydalanmağa çalışır.
Politoloq Dağlıq Qarabağ münaqişəsi ilə Çeçenistan probleminin müqayisə ediləməsini bir o qədər də düzgün hesab etmir: "Çeçenistanda baş verən hadisələr ötüb keçmiş problemdi. Rusiyanın zəif dövrünə düşmüşdü. Həmdəki indi dünya dəyişib, dəyişən dünya isə yeni ölçülər tələb edir”.

Şəymən








SON XƏBƏRLƏR

2018-12-14
2018-12-13