2018-03-05 15:33:26   |   3931 dəfə oxunub

"Rəsulzadənin adının çəkilməsi qadağan olunanda Səməd Vurğun onu unutdurmağa qoymadı" - Müsahibə

" "Nobel” almaq hədəfimdir"

"Tanrıyla heç vaxt yol getmirəm, bu da Tanrıya sevginin başqa formasıdır"


"Müasir Azərbaycan ədəbiyyatı çox zəifdir. Hətta deyərdim ki, ermənilərə belə uduzuruq. 3-4 dildə yazan gənc ermənilər var, dünya ədəbiyyatında da tanınırlar. Bizim şairlər, məsələn, Aqşin Yenisey onların yanında "dayandoldurumdu” "


"Bizim şair və yazarlar 5 manat artıq pul tapan kimi içki məclislərinə yollanırlar. Çoxları da məhz o qonaqlıqlar hesabına şair adını alıb"


"Qarabağ müharibəsini qəhrəmanlıq dastanı edə bilmədik. Hətta Mübariz İbrahimov haqqında ən yaxşı filmi də türklər çəkib. Çünki təqdimetmə var"

"Burada qədim, dialekt və şivələrimizdə olan türk sözlərinin dilimizə transformasiyasından danışılır. Vaxtilə bu işi Səməd Vurğun, Cəfər Cabbarlı və başqaları həyata keçirib"

"Qaranlığın aydınlıq adı”nın türkdilli ölkələrə çıxması Cümhuriyyət ili üçün də töhfə oldu və heç bir maddi qazanc əldə etmədim"

"Dünya hansı yöndən kitab təqdimatını aparırsa, biz ondan çox geriyik. Daha çox yeniliklərə can atmalıyıq, bütün sosial naqillərdən, şəbəkələrdən səmərəli istifadə etməliyik"

"Söz bəşəriyyətin, insanların ən böyük kəşfidir. Sözdə ağlamaq da var, gülmək də. Jarqon münasibəti də, müqəddəs düşüncələri də sözlə ifadə edə bilirik"






Gənc və tanınmış şair Tural Turanın "Sherg.az"a müsahibəsini təqdim edirik.


-Şair, şeir necə doğulur?

-Mənim üçün şeir qarışıq mexanizmli saat kimidir. Bir şeirimi elektron resurslarda, kitablarda fərqli-fərqli formalarda görə bilərsiniz. Bir şeirin əmələ gəlməsi 1-2 ay, bəlkə də çox vaxt aparırır. Şeirlərim müşahidələrim və onların cümlə-cümlə və məntiqi qanunauyğunluqla birləşməsidir. Bir şeir 10 misradırsa, hər misrası, yaxud hər bitmiş fikri orijinal ifadə olmalıdır. Belə alınmırsa, istədiyim deyilsə, artıq bu, mənim üçün şeir deyil. Məsələn, "anam çay içirdi, atam siqaret çəkən kimi...” misramdakı epizod ailəmlə bağlı deyil, atam siqaret belə çəkmir. Sadəcə bir filmə baxırdım, həmin epizod canlandırılmışdı- kişi oturub siqaret tüstülədir, qadın isə bardağı elə sıxıb, çayını içir ki, sanki siqaret çəkir. Bu misranın yer aldığı şeirimi tamamlaya bilmirdim. Təxminən 5-6 ay sonra həmin ifadələrlə şeirimi tamamladım.

-Şeiri yazıb, sonluğunu tamamlamadan beş-altı ay saxlamısan?

-Bəli, eləcə də dərc etdirə bilərdim əslində. Amma oxucu fərqinə varmasa belə, həmin şeirim mənim üçün yarımçıq idi. Şeir mənim bitirdiyim yerdə bitir.
Nəhayət, şeir mənim üçün o zaman şeir olur ki, hər bir bitmiş fikri, hər bir misrası yeni, orijinal poetik ifadə olsun, buna yaxın fikirlər, ifadələr hətta dünya ədəbiyyatında belə olmasın. Hər hissin ifadəsi şeir yox, sadəcə duyğudur.

-Niyə müasir ədəbiyyat nümayəndələri, şairlər, demək olar, ancaq sərbəst şeirlər yazır?

-Heca və sərbəst şeiri fərqləndirsək, hecada şeir qəlibləşir. Heca vəznində poetik ifadələrin dolğunluğunu, orijinallığını vermək çox çətindir. Çünki müəyyən çərçivələr, sərhədlər var. Üç, beş, yeddi bəndlik bir heca şeirində cəmi üç ya dörd tapıntı misra yaza bilərsən. Çünki o qəlib, avaz sərhədlənməsi sənə daha geniş imkan vermir. Ona görə, sərbəst şeir daha rahatdır. Elə olur ki, tapıntı misranı düşünürəm, amma şeirimə əlavə edə bilmirəm. O zaman, kənara yazıb, başqa şeirlərimdə istifadə edirəm.
Bir şeiri on nəfərin içərisində oxusam, hər kəs fərqli bir misrasını götürə bilər, yadında saxlayar. Bu isə talelər və yaşantılarla bağlıdır. Şeirdə kimə hansı misra toxunursa, o fikrində qalır. Şeir orijinal ifadələrlə zəngindirsə, fikir bitibsə, deməli, yaxşı şeir sayılır. Əslində isə yaxşı ya pis şeir anlayışı yoxdur, sadəcə şeir var.

-Yaxşı, bəs "Söz" sənin üçün nədir?

-Söz, nitqin ifadə forması deyil. Fikrin də ifadə forması deyil. Söz bəşəriyyətin, insanların ən böyük kəşfidir. Sözdə ağlamaq da var, gülmək də. Jarqon münasibəti də, müqəddəs düşüncələri də sözlə ifadə edə bilirik. Söz müqəddəs deyil, ondan da yüksəkdədir.Sadəcə insan üçün nəfəsdir. Və insanlığı müəyyən edən, ona çəki -düzən verən məfhumdur. Ən əsası, söz canlı orqanizmdir.

-Tural Turan necə şair olub?

-Qazax elə bir bölgədir ki, orada (üzr istəyirəm) uşaq əkirsən, şair doğulur. Şair olmaq üçün doğulduğun yer, böyüdüyün mühit mütləq əhəmiyyətlidir. Hüseyn Arif babamdan dastanlar yazıb. "Koroğlu”nun Tiflis nüsxəsində babamın dilindən 2-3 dastan olmalıdır. Hərf tanımayan, amma xalq ruhunu, ədəbiyyatını özündə saxlayan, iti yaddaşlı insan olub.

Atam da saz-söz adamıdır. Ömrü boyu şeir yazdığını görməmişəm, amma həmişə bədahətən şeir deyib. Kənddə də şair deyirlər. Ana babam da ədəbiyyat müəllimi olub. Sözə bağlılıq demək olar ki, ruhdan, qandan gəlir. Şəmkirdə doğulsam da, evimizdə Qazax ədəbi mühitinin havası hər zaman əsib, coşub. Özümü ruhən Qazağa – kökümün gəldiyi yerə bağlı hiss etmişəm. Qazax hər zaman mənə Şəmkirdən doğma olub. O ki qaldı mənim şair olmağıma (gülür), bu bir az qəribə təzahürlərlə dolu olan hekayədir.
Yadımdadır, ilk şeirimi birinci sinifdə, riyaziyyat dərsində yazmışam. Qarabağ haqqında, cəmi bir bənd şeir idi. Necə oldusa, misal həll etdiyim dəftərin ortasına həmin şeiri yazdım. Anam hər gün dəftərlərimi yoxlayırdı. Dərsdən evə gələndə dəftəri açdı. Şeiri riyaziyyat dəftərinə yazdığımı ilk mən gördüm. Halım dəyişdi. Dilimi dişlədim ki, artıq işim bitib. Anam o şeirimi oxuyanda məni döydü. Daha doğrusu, milçək öldürənlə boynuma ilişdirdi (gülür). Atama bunu xəbər verəndə anamı danladı ki, Turalın çantasına qaralama dəftər qoy, ona yazsın. O vaxtdan şeir yazmağa başladım.
Bütün şeirlərim sevgi şeirləridir. Şəhidə də, ölümə də, Tanrıya da şeirlərimdə sevgi var. Tanrıyla heç vaxt yol getmirəm, bu da Tanrıya sevginin başqa formasıdır.

-Sosial şəbəkələrdə sənin bu fikirlərini qəribə qarşılayırlar...

-Qazaxlıya qəribə baxmazlar. Çünki orada hakimi-mütləq Tanrı qağadır.
"Qağa” xaqan sözündən gəlir, alp, uca mənasını verir. Bir kitabım çap olundu, ondan sonra mənə qağa deməyə başladılar. Ağamalı Sadiq Əfəndidən, Akif Səməddən bu yana ədəbiyyatımızın qağası yox idi. "Tanrı qağaya ismarış” kitabım ilə ədəbiyyatdakı bu boşluq istər-istəməz doldu. Ədəbiyyata Tural Turanın öz çəkisini gətirən, sufi şeirlərin axarını yoluna qoyan bu kitab oldu. Cəmiyyət elədi- qabağa itələdi ki, "qağa sənsən”. Ədəbi nəsil içərisində ədəbiyyatın qağası olmaq mənim üçün gözlənilməz idi. Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Səməd Vurğun kimi xalq şairlərindən bu yana ədəbiyyatın qağası ancaq qazaxlılar olub.

-Ədəbiyyatda qağalaşmaq üçün nə lazımdır?

-Bu xalqın ruhunu təmsil edə bilməkdi. Məsələn, Səməd Vurğun nə qədər bəşəri olsa da, xalqın ruhunu ifadə edə bilirdi. Atalar sözlərini bu cür şeirə çevirmək olarmı: Muğan Muğan olsa, biri üç eylər, Muğan tufan olsa, üçü heç eylər? Səməd Vurğunun belə misraları istəmədən də olsa, xalq ruhundan süzülüb, gəlib. Ondan başqa bunu kim bacara bilərdi?!
Bu gün Azərbaycan ədəbi dilini tənzimləyən, ruhumuzu qoruyan, milli-mənəvi dəyərlərə, ümumtürk məsələsinə sahib çıxan bölgə Qazax-Borçalı, Qərb zonasıdır.

-Səməd Vurğundan söz düşmüşkən, deyim ki, son illər xalq şairinə qarşı arzuolunmaz fikirlər səsləndirilir, hər yerindən duran Səməd Vurğundan böyük şair olduğunu iddia edir və ya onu xalq düşməni elan etməyə çalışır. Səbəb nədir ?

- Səməd Vurğunu bəyənməyənlərə bir söz demək lazımdır: şəxsiyyət başqadır, yaradıcılıq tamam başqa. Yaradıcılığa baxın, Səməd Vurğuna qədər Azərbaycan ədəbiyyatının vahid, qəlibləşmiş şeir dili yox idi. Bilirsiniz,"ədəbi şeir dili yox idi” nə deməkdir? Cavidi, Hadini oxuyanlar məncə nə demək istədiyimi başa düşəcəklər. Hətta poetik nağıl dili belə yox idi. Azərbaycan ədəbi dilinə folklor nümunələrinin ən gözəl tərzlərini də Səməd Vurğun gətirib. Nağıl dilini poetik şeirə çevirib. O, Azərbaycan ədəbiyyatında bəşəriliyin ilk elementlərini ehtiva etdi. Bu xidmətlərinə görə, Səməd Vurğunun bütün mənfi qəbul edilən addımlarının üzərindən xətt çəkirəm.
Məhəmməd Əmin Rəsulzadənin adının çəkilməsi qadağan olunanda Səməd Vurğun mənfi formada ifadə etsə belə, onun adını unutdurmağa qoymadı.

"İndi xəbər verim oxucuma mən,
O millət rəhbəri Rəsulzadədən”

Bu misralarda "millət rəhbəri” ifadəsi dırnaqsız, istehzasız işlənib. Onun bu özü də poetik manevr idi. Ona görə, Rəsulzadə Səməd Vurğun haqqında yaxşı fikirdə olub. Deyib ki, o istedadlı adamdır, işiniz yoxdur, dilimizi ölməyə qoymur. Rəsulzadə həm də onu deyib ki, Vurğun məni tənqid etməklə "ölməyə”, yox olmağa qoymur.

-Şeirlərinin mövzusunu necə seçirsən?

Mövzuda yazan adam deyiləm. Mənim üçün müşahidə var. Məsələn, elə indi oturduğumuz otaqda üzbəüzümdə asılmış Məhəmməd Əmin Rəsulzadənin portretinə baxıram. Bu müşahidəm haqqında poetik qığılcımlar olur. Bir müddət keçəndən sonra beynimdə "qovluqlanmış” bu mövzular şeirə çevrilə bilər.

-Elə şeirin olubmu yazmısan, kitabında çap etdirmisən,ancaqbuna peşman olmusan?

-Çox olub. Hətta ilk – "Mənə bir az o dünyadan danış” adlı kitabımdan imtina etmişəm. Amma mənim imtina etdiyim o şeirlərdən ikisinə musiqi bəstələnib.
Murat Menteşi, Ah Musin Ünlünü, Artur Kravanı oxuyandan sonra şeirə baxışım tamamilə dəyişdi. Onların hər misrası bir orijinal ifadədir. Murat Menteşdən misal çəkim:

"Açılmaz, açamazsın şeyxim
Sıfırın ortasından bir dəlik daha”.

Belə orijinal ifadələrlə dolu şeirdə həm xalq ruhu, həm də bəşəri hisslər olmalıdır.

-Müasir Azərbaycan ədəbiyyatından kimlərin şeirlərini oxuyursan?

-Müasir Azərbaycan ədəbiyyatı çox zəifdir. Hətta deyərdim ki, ermənilərə belə uduzuruq. 3-4 dildə yazan gənc ermənilər var, dünya ədəbiyyatında da tanınırlar. Bizim şairlər, məsələn, Aqşin Yenisey onların yanında "dayandoldurumdu”.

Oxuduğum, gələcəyinə inandığı gənc şairlər var, onlar isə özlərini inkişaf etdirməlidirlər. Fuad Cəfərli, Emil Rasimoğlu kimi yaxşı şairlər var, amma öz üzərində işləməlidirlər. Nəsr janrına gəlincə, Çinarə Ömrayın yazılarını oxuyuram. İstedadı var, amma öz üzərində işləmir.

-Belə fikir var ki, "Facebook”da səsləndirdikləri fikirlər gənc ədəbiyyat nümayəndələrinin bəzilərini gözdən salır. Daha çox diqqət çəkən isə onların klassiklərimizi tənqid, hətta bəzən təhqir etməsidir...

-Şairlər televiziyalara çıxa bilmirlər, kənarda qalırlar. Ona görə, məcburdurlar ki, tənqidlərini, fikirlərini sosial şəbəkələrdə ifadə etsinlər. Diqqətləri özünə cəlb etsinlər. Hər bir yazarın "İnstagram” səhifəsi var, orada paylaşdıqları şəkillər daha şən, deyib, gülən təsiri bağışlayır. "Facebook” həyatında isə acı, hirs, tənqid yer alır. Bu həm də cəmiyyətdən acıq, hirs çıxmaq istəyidir. Bu da şüuraltıdır. Çünki həmin şəxsiyyətləri tənqid və təhqir edən gənclərin böyük əksəriyyəti amansız Qarabağ müharibəsinin travmalarını hələ uşaqlıqda "dadmış” insanlardır. Onların əksəriyyətində natamam şəxsiyyətləşmə elementlərini sezməmək mümkün deyil. Biz həm də Qarabağda əlil və şəhid olan məğlub atalarımızın balalarıyıq. Bizdən sonrakı nəsillər bu məsələdə daha mühafizəkar olacaq. Mən buna inanıram.
Məsələyə başqa prizmadan baxaq; Türkiyədə gənc yazarlar, şairlər aktivdirlər. Bir neçəsi birləşir qəzet və ya internet radio açır, orada fikirlərini ifadə edirlər. Bizimkilər isə 5 manat artıq pul tapan kimi içki məclislərinə yollanırlar. Çoxları da məhz o qonaqlıqlar hesabına şair adını alıb.

-Eşitdiyim və bildiyimə görə, "Nobel” almağı qarşına məqsəd qoymusan...

-Bəli, bu mənim hədəfimdir. Harada qırılacaq, qarşısına nə çıxacaq bilmirəm. Bu eqo deyil, sadəcə hədəfdir. Nəyəsə nail olmaq üçün arzuların uzaqmənzilli olmalıdır. Razılaşmaya bilərsiniz, mən belə düşünürəm.

-Nobel mükafatı almaq üçün nə etmək lazımdır?

-Özün olmalısan. İstedadını çəkinmədən ortaya qoymalısan, özünü senzura etməməlisən. Kiçik xalqların dərdini yazan və o xalqın nümayəndəsi olanlar Nobel mükafatı ala bilməz. Bu yazılmamış qaydadır. Amma böyük istedada malik insan olsan, xalqın ruhunu orijinallığı ilə dünyaya çıxara bilsən, insan taleyinə önəm versən, ona – insana və probleminə bəşəri yanaşsan mütləq Nobel alacaqsan. Dünya ədəbiyyatı nümayəndələrinin, klassiklərin də milliyyətindən asılı olmayaraq, insan həyatından bəhs edən əsərləri hər yerdə tanındı.

-Azərbaycan ədəbiyyatında da belə əsərlər varmı?

-Var. Məsələn, Mövlud Süleymanlı nə qədər milli olur olsun, əsərlərində bunu qabartmır. Hadisələrə bəşəri xallar vurur, problemi bəşəriləşdirir. Xalq ritualları, türklük var onun əsərlərində. Bunlar yaşam tərzi kimi verilir, orjinal çalarlarla bədizlənir, ilmələnir.

-Ən ağrılı, insana toxunan, hətta yaxşı əsərlər müharibə dövründə yaranır. Müharibədə insanların başlarına gətirilən faciələrdən bəhs edən kitablar da məşhur olur. Biz isə müharibə şəraitində yaşadığımız halda, insanlarımızın başına gətirilmiş müsibətləri ifadə edən, bədii ədəbiyyat nümunələrini çox az yaratmışıq. Niyə belədir?

-Çünki xalq olaraq, hələ də Qarabağ müharibəsinin təyinatını bilmirik. Xocalı faciəsinə Milli Məclis hələ də hüquqi qiymət verməyib. Qarabağ müharibəsi bizim üçün rusların erməni adı ilə ərazilərimizi işğal etdiyi, özünümüdafiə batalyonlarının buna müqavimət göstərdiyi lokal bir müharibədir. Türklər üçün bir ərazidə aparılan Çanaqqala savaşı qəhrəmanlıq dastanıdır. Qarabağ müharibəsini qəhrəmanlıq dastanı edə bilmədik. Hətta Mübariz İbrahimov haqqında ən yaxşı filmi də türklər çəkib. Çünki təqdimetmə var. Mənim bu müharibə haqqında yazdığım əsəri bir hissədə döyüşmüş şəxs qəbul edəcəksə, başqa dəstənin nümayəndəsi inkar edəcək. Çünki hər kəs öz prizmasından baxır. Burada dövlət heç nə etmir, ideoloqlar, aydınlar ortaya çıxmalıdır. Bu gün cəmiyyətimizdə axarı təyin edən qüvvə şou əhlidir. Onlar isə Qarabağ müharibəsinin təyinatını verə bilməz.

-Şeirlərində, yazılarında qədim türk sözlərindən istifadə edirsən. Bu maraq haradan doğub ?

-2009-cu ildən bir araşdırma üzərində işləyirəm, kitab şəklində çap ediləcək. Burada qədim, dialekt və şivələrimizdə olan türk sözlərinin dilimizə transformasiyasından danışılır. Vaxtilə bu işi Səməd Vurğun, Cəfər Cabbarlı və başqaları həyata keçirib. Bu proses iki yolla baş tutur: birincisi, yazıçıların, şairlərin əsərlərinin və medianın dili ilə. Vaxtilə dilimizdə işlənən, islamlaşmanın, ərəblərin gəlişinin təsiri ilə dilimizdə sıxışdırılan türk sözlərini dilə qaytarmaq lazımdır. Vaxtilə dilimizdə "mağaza” sözünün əvəzinə işlənən "satalca” sözü var. Qərb bölgələrimizdə müəyyən kəndlərdə işlənir, amma unudulmaq üzrədir.

-Həmin qədim türk sözlərini necə axtarıb, tapmısan?

-Uşaqlıqdan bu işlə məşğulam. Təxmini 400-500 söz toplamışam. Hər tapdığım sözü yazılarımda istifadə edirəm ki, ümumişlək sözlərə çevrilsin.
Biz tərəkəmə olmuşuq. Uşaqlıqdan atamla, əmimlə, kənd ağsaqqalları ilə qoyun-quzu otarmağa gedərdik. Onların söhbətlərindən, dilindən eşitdiyim qədim sözləri mənaları ilə birlikdə həmişə üstümdə gəzdirdiyim "yaşıl dəftərçə”mə yazırdım. İllər əvvəl həmin dəftərçəmi tapdım və yazdığım sözlərin siyahısını genişləndirməyə, daha yeni araşdırmağa başladım. Bu türk kökənli sözlərlə dil nə qədər zənginləşərsə, o qədər poetik ifadələr güclənər, sinonimlər çoxalar, dilə canlılıq bəxş olunar.

-Bir müddət əvvəl "Qaranlığın aydınlıq adı” kitabın özbək dilində çap edildi. Haradan yarandı bu ideya və necə reallaşdırdın?

-Gənc yazar Sərvər Kamranlının həyat yoldaşı Şahista xanım Artikovanın ədəbi tərcümələri var idi. Mən Sərvər bəyə kitabımı tərcümə etdirmək fikrimi dedim və o həyat yoldaşı ilə də məsləhətləşdi. Maliyyə məsələsində də razılaşdıqdan sonra tamamilə şəxsi imkanlarım hesabına kitab tərcümə edildi, nəşr olundu. "Qaranlığın aydınlıq adı”nın türkdilli ölkələrə çıxması Cümhuriyyət ili üçün də töhfə oldu və heç bir maddi qazanc əldə etmədim.

Kitabımla bağlı Özbəkistandan xoş mesajlar aldıq. Mənim üçün bundan dəyərli heç nə ola bilməzdi. Ona görə, gələcəkdə qırğız, qazax, hətta rus dillərində də bu tip layihələrimi davam etdirmək fikrim var.

-Günümüzdə gənc yazarların, ədəbiyyat nümunələrinin piarı üçün hansı imkanlar çatmır?

-Təbliğ məsələsində yeni baxış yoxdur. Məsələn, gənc yazarlardan biri kitab yazır, təqdimatını keçirir, 300-400 nəfər çevrəsindəki insan gəlib, kitabını alır. Yığılan vəsait isə qeyd etdiyim kimi, dost qonaqlıqlarına xərclənir.
"Tanrı qağaya ismarış” kitabının təbliğatı üçün fotosessiya etdirdik, hazırda montaj prosesi aparılan "book trailer” də çəkilib. Bunlar, demək olar, Azərbaycan ədəbiyyatında ilkdir. Dünya hansı yöndən kitab təqdimatını aparırsa, biz ondan çox geriyik. Daha çox yeniliklərə can atmalıyıq, bütün sosial naqillərdən, şəbəkələrdən səmərəli istifadə etməliyik.

-Nə vaxtsa, ilk kitabın kimi "Tanrı qağaya ismarış”dan da imtina edə bilərsən?

-Bu kitabımdakı şeirlərim müəyyən qədər bəşəri təfəkkürlə yazılıb. Heç vaxt imtina etmərəm.

-"Xalqın şairi” yarışmasında iştirakının sənə nə töhfəsi oldu?

-Sadəcə, xalqın qarşısına çıxdım. Tanıdılar ki, belə gənc şair var imiş. Bu yarışmanın başqa heç bir töhfəsi olmadı.

Yarışmada hamı şeirimi bəyəndi və uzaqlaşdırdı. Sonradan məlum oldu ki, "Şəhriyar del Gerani qalib olmalı imiş. Yarımfinalda kənarlaşdırılmaq daha yaxşı oldu.

Söhbətləşdi: Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-21