2018-03-07 00:12:53   |   2900 dəfə oxunub

Eldar Namazov: “Ankara haqlıdır, onu kimsə durdura bilməz”

"Türkiyənin üzləşdiyi təhlükə ABŞ və Rusiyanı təhdid edən təhlükədən qat-qat böyükdür”

“Çünki terror bəlası Türkiyənin içində, sərhədlərindədir. Ona görə də heç kimə nəyisə sübut etməyə ehtiyac yoxdur”


Türkiyənin Suriyada apardığı "Zeytun budağı” hərəkatından 45 gün ötür. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, əməliyyat çərçivəsində bugünüdək 2668 terrorçu zərərsizləşdirilib. Son irəliləmələrlə Cinderesin Afrinlə mərkəzi quru yolu kəsilib. 

Beləliklə, Cinderes birləşmiş qüvvələr tərəfindən mühasirəyə alınıb. Hərəkat çərçivəsində Hədid, Raco və Şəran bölgələrinin bəzi hissələrini terrorçulardan təmizləyib. Kilis-Hatay xəttinin kəsişməsində olan Raco dağında məskunlaşan terrorçulara aid hədəflər havadan qırıcılar, qurudan isə "Fırtına” tankları ilə bombardman edilib. Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı” əməliyyatı bəzi Qərb dairələri tərəfindən birmənalı qarşılanmasa da, əməliyyata haqq qazandıranlar daha çoxdur. Çünki əksəriyyət hesab edir ki, terrorçuluğa qarşı mübarizə qaçılmaz zərurətdir. Qardaş ölkə öz sərhədlərinin toxunulmazlığına, ərazi bütövlüyünün təhdid edilməsinə, terrorçuların separatçı bir dövlət yaratmasına nə dözə, nə də göz yuma bilər. Bu baxımdan Afrin əməliyyatı türk ictimaiyyəti, eləcə də bölgədə sülh və sabitlik tərəfdarı olan xarici qüvvələr tərəfindən ciddi şəkildə dəstəklənməkdədir. Xüsusən, qardaş ölkənin əhalisi arasında, əməliyyatlara qatılan hərbi kontingent içində böyük ruh yüksəkliyi var. Şübhəsiz ki, bunun başlıca səbəbi Türkiyə xalqının təxminən yarım əsrə yaxın bir zaman kəsiyində terrordan böyük əziyyət çəkməsidir. Ümumiyyətlə, Türkiyə terror səbəbindən ən çox insan itkisinə məruz qalan və maddi zərər çəkən ölkədir. Məhz bu səbəbdən türk əsgərlərinin şəhid olmasına baxmayaraq, analar "Vətən sağ olsun” deyərək digər övladlarını da Afrinə göndərməyə hazır olduqlarını bəyan edirlər. Ekspertlərin fikrincə, dövlət və millət birliyinin nümayiş etdirdiyi vəhdət Türkiyə ordusunun Suriyada uğurla irəliləməsinin başlıca şərtidir. 45 gündür davam edən və bundan sonra da davam edəcəyi açıqlanan "Zeytun budağı” əməliyyatı ilə bağlı "Şərq”ə müsahibə verən "Azərbaycan Naminə” İctimai Forumun prezidenti, tanınmış politoloq Eldar Namazov əməliyyatın aparılmasını zəruri edən amillərə diqqət çəkib...

- Eldar müəllim, Türkiyənin Afrin əməliyyatını necə dəyərləndirirsiniz? Hərəkatı qaçılmaz edən səbəblər nələrdir?

- Türkiyə uzun illərdir PKK terrorundan əziyyət çəkir. Məlumdur ki, onillər ərzində xarici güclər tərəfindən dəstəklənən terrorçu qüvvələr Türkiyənin müxtəlif ərazilərində terror aktları törədiblər. Kənar qüvvələr gizli şəkildə PKK-nı maliyyələşdirib, onlara silah-sursat yardımı ediblər. PKK rəhbəri Abdullah Öcalanın həbs edilməsi ilə bağlı keçirilən əməliyyatı xatırlayanlar terrorçu liderinə verilən dəstəyi yada sala bilərlər. O zaman Öcalan bir ölkədən digərinə qaçırıldı, gizlədildi. Nəhayət, Afrikada tutuldu və Türkiyəyə gətirildi. Öcalanın yaxalanmasından sonra aydın oldu ki, Türkiyəyə qonşu olan ətraf ölkələrdə yaşayan kürdlərin terrorçulara münasibəti eyni deyil. Elə Türkiyənin özündə də kürdlərin yalnız bir qismi PKK-çıların tərəfindədir. Əksər kürdlər Türkiyənin vətəndaşı kimi ölkə qanunlarına riayət edirlər. Məsələn, İraqdakı Kürd Muxtariyyətinin liderləri PKK-ya heç vaxt ciddi dəstək verməyiblər. Məsud Bərzani hər zaman çalışıb ki, Ankara ilə normal münasibət qurulsun. Ancaq Suriyadakı təşkilatlanmış kürd dəstələri açıq-aşkar terrorçu başı Öcalanı özlərinə lider sayıblar. PKK-nı dəstəklədiklərini gizlətməyiblər. Daim ofislərdə, başlarının üzərində Öcalanın portretini asıblar. Rusiyada Suriya kürdlərinin təşkilatları açılan zaman rus kanallarının hazırladığı reportajlarda Öcalanın böyük fotoları göz çıxarırdı. Narahatlıq doğuran məqam odur ki, Suriya kürdləri sadəcə terrorçuluqla məşğul olmurlar, eyni zamanda Türkiyənin ərazi bütövlüyünü, suverenliyini tanımadıqlarını bəyan edirlər və hər fürsətdə silahlı təhlükə yaradırlar. Onlar dəfələrlə Suriya-Türkiyə sərhəddini pozaraq türk ordusuna qarşı silahlı mübarizəyə cəhd ediblər. Bu baxımdan Türkiyə ordusu Suriyadakı terrorçu qruplaşmaya qarşı açıq mübarizəyə başlamağa məcbur oldu. Qardaş ölkə ərazi bütövlüyünü və dövlətçiliyini qorumaq naminə Afrin əməliyyatına mütləq start verməli idi. Türkiyənin terrorçularla mübarzəsi gizli formada deyil, dünyanın gözü önündə açıq şəkildə aparılır.

- Suriyadakı terrorçuları açıq və gizli şəkildə dəstəkləyən güclü dövlətlər var. Hansı səbəblərdən dolayı həmin ölkələr türk ordusunun əməliyyatına etiraz edə bilmirlər?

- Suriyadakı terrorçu qrupların ABŞ-la əlaqələri sirr deyil. Bəşər Əsədlə mübarizə adı altında, İŞİD-ə qarşı savaş bəhanəsi ilə Qərb ölkələri kürd silahlılarına ciddi yardım göstərirlər, hərbi texnika göndərirlər. Türkiyə rəhbərliyi fərqindədir ki, bu gün Əsədə və İŞİD-ə qarşı çevrilmiş silah, sabah Qərbin diktəsi ilə birbaşa türklərə qarşı çevriləcək. Türkiyə bu fikrə elə-belə, təsadüfən gəlməyib. Əvvəllər İŞİD-ə qarşı vuruşan kürd terrorçuların növbəti hədəfi Türkiyədir. Onlar öz əməlləri ilə bunu sübut ediblər. Türk ordusunun "Zeytun budağı” əməliyyatı terrorçulara zərbə vurmaqla yanaşı, həm də onlara dəstək verən Qərb ölkələrinə mesajdır. Artıq bir sıra Avropa ölkələri, o cümlədən ABŞ Türkiyənin haqlı olduğunu etiraf ediblər. Terrorçu güclərin Türkiyə üçün təhlükə olduğunu qəbul etmək məcburiyyətində qalıblar. Məhz bu səbəbdən Afrin əməliyyatına açıq etiraz bildirə bilmirlər. Türkiyə öz vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir. Əgər bunu etməsə, sabah Suriyadakı kürd silahlıları PKK ilə birlikdə Türkiyə ərazisində terrorlar həyata keçirəcəklər. Terrora dəstək verməyən kürd vətəndaşlar isə daim dövlətin qoruması və himayəsi altında olacaq.

- Türkiyə tərəfi qətiyyətli şəkildə əməliyyatların davam edəcəyini söyləyir. Sizcə, hələ susqunluq nümayiş etdirən Qərb dövlətləri sona qədər səbr göstərə biləcəklərmi?

- Bilirsiz, vaxtı ilə PKK-ya ən böyük dəstəyi Sovetlər Birliyi verirdi. SSRİ rəhbərliyi Türkiyəni parçalamaq üçün PKK-çılara xüsusi təlimlər keçir, onları silahlandırırdı. PKK-nın qolu olan PYD və YPG-ni isə bu gün ABŞ dəstəkləyir. Açıq şəkildə terrorçulara dəstək verə bilməyən Vaşinqton müxtəlif bəhanələr altında yardımlar edir. Türkiyə heç nəyə məhəl qoymadan qəti mövqeyini və iradəsini ortaya qoyaraq Afrin əməliyyatına başladı. Ölkə rəhbərliyi fərqindədir ki, indiki durumda açıq formada heç bir dövlət terrorçulara yardım göstərə bilməz. 11 sentyabr hadisəsini yaşamış ABŞ, o cümlədən terrorçularla uzun illər mübarizə aparan Rusiya yaxşı başa düşürdü ki, ölkəni təhdid edən terrorçular hər hansı formada məhv edilməlidir. Nəzərə almaq lazımdır ki, Türkiyənin üzləşdiyi təhlükə ABŞ və Rusiyanı təhdid edən təhlükədən qat-qat böyükdür. Çünki terror bəlası Türkiyənin içində, sərhədlərindədir. Ona görə də heç kimə nəyisə sübut etməyə ehtiyac yoxdur. Etiraz etmək arzusu ilə alışıb-yananlar bunu dilə gətirə bilmirlər. Çox güman ki, əməliyyatın sonuna qədər də narazılıq bildirməyə cəsarət etməyəcəklər. Türkiyə Afrin hərəkatını uğurla sona çatdıracaq və Qərb dövlətləri də susacaq.

- "Əməliyyatlar sona qədər davam edəcək” deyəndə terrorçuların tamamilə məhv edilməsini nəzərdə tutursuz, yoxsa təhlükə törətməyəcək qədər zəifləməsini?

- İndiki mərhələdə Türkiyə konkret ərazilər müəyyənləşdirib. Yəni ilkin olaraq hansı ərazilər terrorçulardan təmizlənməlidirsə, əvvəlcədən təyin edilib. Söhbət o ərazilərdən gedir ki, həmin bölgələrdən Türkiyəyə qarşı asanlıqla terror törədə bilərlər. Təkcə Türkiyə deyil, Rusiya və ABŞ da Suriya ərazisində öz sektorlarını müəyyən edib və həmin bölgələri nəzarət altında saxlayırlar. Necə olur ki, ABŞ və Rusiya istədikləri vaxt nəzarət etdikləri bölgədə təmizləmə əməliyyatı apara bilir, amma Türkiyə bunu edə bilmir. Halbuki sərhədləri təhdid altında olan Türkiyənin hərbi əməliyyatlar aparmağa daha çox haqqı çatır. Əlbəttə, heç kim iddia etmir ki, Suriya təmizləndikdən sonra Türkiyədə terror hadisəsi baş verməyəcək. Amma terrorçuların gücü əsaslı şəkildə qırılacaq, bazaları, silah anbarları darmadağın ediləcək. Bunun özü çox mühüm məsələdir.

- Maraqlı məqamlardan biri də odur ki, Afrin əməliyyatları fonunda Türkiyədə ciddi dövlət-xalq birliyi formalaşıb. Əməliyyatların uğurlu alınmasına bunu mühüm amil hesab etmək olarmı?

- Əlbəttə, çox mühüm amildir. İctimaiyyətin əməliyyatlara dəstək verməsi fikirlərimi tamamlayan faktdır. Türkiyə xalqını vahid cəbhədə toplayan məhz terrorçulara qarşı mübarizə amalıdır. Türk milləti uzun zamandır onlara baş ağrısı olan PKK təhdidinin yox olmasını istəyir. Türkiyədə iqtidar da, müxalifət də başa düşür ki, terror konkret hansısa partiyanın siyasi məsələsi deyil, ümumxalq məsələsidir. Bu baxımdan cəmiyyətin bütün təbəqələri tərəfindən əməliyyatlara hərtərəfli dəstək verilir.

İsmayıl Qocayev







SON XƏBƏRLƏR

2018-09-24
2018-09-23