2018-03-07 20:27:46   |   2430 dəfə oxunub

Deputat:"Bu məsələdə Mədəniyyət və Turizm Nazirliyinin qüsurları var" - Müsahibə

Çingiz Qənizadə:" Tahir Əkbər kimi, xalqın sevimlisi olmuş insanların belə laqeydcəsinə dəfn edilməsi yolverilməzdir"

"Nazirlik addımlar atmalı, ailəsinə maddi, mənəvi dəstək olmalı idi. Tahir Əkbərin heç olmasa ölümünə qədər göstərdiyi fəaliyyətinə qiymət verilməli idi"




"Hansısa xalq şairinin, yazıçısının, bəstəkarının qamışlıqda dəfn olunması biz rəsmilərin hamısına utanc gətirir. Ziyalı insanlarımıza, dəyərli mədəniyyət nümayəndələrinə bu cür yanaşmanı anlaya bilmirəm"


"Bakı Dövlət Universiteti Rəsulzadənin adı ilə əbədiləşdirilsin"

"Qarabağ probleminin həlli bizim vətənpərvərlik hissimizlə həll olunan məsələ deyil"

"Dünyanın hər yerində Xocalı ilə bağlı stendlər, plakatlar, sərgilər və s. yerləşdirilib. Amma bunu görmək istəməyən qüvvələr çoxdur. Ona görə, addım-addım, saniyə-saniyə bu işi həyata keçirməklə dünyanı həqiqətləri görməyə məcbur edə bilərik"


"Ermənistan nə edə bilər ki? Uzağı cəbhə xəttində atəşkəsi pozacaq, müəyyən təxribatlar törətmək istəyəcək"

"Sosial şəbəkələrdə ölkəmizlə, onun siyasi rəhbərliyi ilə bağlı əxlaqa sığmayan ifadələr olur"


"Təəssüf edirəm ki, gənclər klassiklərimizin kitablarını yandırmaq çağırışlarına qədər əl atırlar"

"Prezident seçkilərinə qədər təhsil naziri təyin edilməyəcək"

"Azərbaycan banklarının böyük əksəriyyəti soyğunçuluqla məşğuldur"






Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadənin "Sherg.az”a müsahibəsini təqdim edirik.

-Bu il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyidir və bu münasibətlə 2018- ci il "AXC ili" elan olundu. Ziyalılarımızın əksəriyyəti "Cümhuriyyət ili” ilə bağlı təkliflərini bizimlə bölüşüb. Sizin də buna dair təklifləriniz varmı ?

-Cümhuriyyətin 100 illiyi ilə bağlı ölkə başçısının müvafiq sərəncamı var və tədbirlər planı hazırlanıb. Qarşıya qoyulan plan bütövlükdə həyata keçiriləcək. "Cümhuriyyət ili” çərçivəsində qəlbimdən keçən budur ki, Bakı Dövlət Universiteti Rəsulzadənin adı ilə əbədiləşdirilsin.

-Dağlıq Qarabağ problemi Azərbaycanın qanayan yarası olaraq qalır. Diqqət çəkən məqam odur ki, artıq cəmiyyət, sadə vətəndaşlar belə danışıqlar prosesinə ümid bəsləmir. Bir sözlə, müharibə ehtimalı güclənib. Müharibənin yenidən alovlanacağı realdırmı?

-Yerindən duran qəhrəman olmaq istəyir. Elə hesab edirlər ki, müharibə ilə bu məsələləri həll etmək mümkündür. Mixail Saakaşvilinin prezident olduğu dövrdə sərgilədiyi qəhrəmanlığının nəticəsi göz qabağındadır. Əlində silah Abxaziya və Osetiyada – cəbhə xəttində idi. Amma rus qoşunları həmin əraziləri işğal etdi. Qarabağ probleminin həlli bizim vətənpərvərlik hissimizlə həll olunan məsələ deyil. Belə olsa idi, Prezident İlham Əliyev müharibə addımını çoxdan atardı. Azərbaycan ordusu qüdrətli gücə malikdir, səfərbərlik elan olunsa, hər kəs müharibəyə getməyə hazırdır. Amma dünyada böyük qüvvələr var ki, prosesin bu cür qalmasında maraqlıdırlar. Ona görə, 2016-cı ildə aprel döyüşlərində də böyük dövlətlər müharibənin dayandırılması ilə bağlı tələblər, xahişlər ortaya qoydular. Biz isə bu əməliyyatları dayandırmalı olduq. Ona görə, belə məsələlərin həlli tək Azərbaycan dövlətinin və xalqının istəyi ilə baş tutmur. Bu, dünyadakı hegemon dövlətlərin istəyi ilə də həll oluna bilər. Danışıqlar davam etdirilməlidir. Müharibə son variantdır, amma bu, razılaşdırılmamış baş verərsə, böyük fəsadlara gətirib çıxara bilər.

-Bir müddət əvvəl mətbuatda müzakirələr aparıldı ki, xarici ölkə kitabxalarında Qarabağla bağlı kitablar çox azdır. Dolayısı ilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, Xocalı faciəsinin, xalqımızın başına gətirilən müsibətlərin təbliği sahəsində boşluqlardan biri də budur. Bu iddiaların həqiqət payı nə qədərdir ?

-Bu sahədə çatışmazlıqların olduğunu düşünmürəm. Xocalı soyqırımının ildönümü ərəfəsində Mosdern.az saytının baş redaktoru Elşad Eyvazlının "Böyüməyən uşaqlar” kitabını Bosniya və Hersoqavinada payladıq. Bu kitab başqa dillərdə də çap olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət” kampaniyası bütün dünyada faciə həqiqətlərinin təbliğinə dəstək göstərir. Dünyanın hər yerində Xocalı ilə bağlı stendlər, plakatlar, sərgilər və s. yerləşdirilib. Amma bunu görmək istəməyən qüvvələr çoxdur. Ona görə, addım-addım, saniyə-saniyə bu işi həyata keçirməklə dünyanı həqiqətləri görməyə məcbur edə bilərik. Hesab edirəm ki, son illərdə aparılan təbliğat çox uğurludur.

-Müharibə şəraitində yaşadığımıza görə, belə fikirlər dolaşır ki, prezident seçkiləri ərəfəsində də düşmən hansısa təxribatlara əla atacaq, beynəlxalq səviyyədə qarayaxma kampaniyaları başladacaqlar...

-Ermənistan nə edə bilər ki? Uzağı cəbhə xəttində atəşkəsi pozacaq, müəyyən təxribatlar törətmək istəyəcək. Amma erməni ordusu və Ermənistan rəhbərliyi Azərbaycanın qarşısında acizdir. Ölkədə ictimai-siyasi prosesləri qızışdırmağa meylli qüvvələr, cəbhə xəttində prosesləri qəlizləşdirən amillər ola bilər. Bunlar ciddi qayğı yaradacaq məsələlər deyil. Seçkini Azərbaycan xalqı özü həll edir. Ölkə daxilində də ictimai-siyasi sabitlik hökmrandır. Prezident seçkilərinin demokratik keçirilməsi üçün ölkə rəhbərliyinin siyasi iradəsi var. Seçkinin taleyini də Azərbaycan xalqı həll edir. Ona görə, 2018-ci il prezident seçkiləri uğurla keçəcək, xalq öz namizədinə səs verəcək.

-Prezident seçkiləri ilə əlaqədar sosial şəbəkələrdə təxribat xarakterli məlumatlar yer ala bilərmi?

-Azərbaycanda azad mətbuat formalaşıb. Sosial şəbəkələrə giriş-çıxış da sərbəstdir. Elə ölkələr var ki, bu sahəyə böyük məhdudiyyətlər qoyulub. Belə şəraitdə ölkəmizdə məlum sahədə azadlıq olması demokratik imicə müsbət təsir göstərən amillərdən biridir. Sosial şəbəkələrdə ölkəmizlə, onun siyasi rəhbərliyi ilə bağlı əxlaqa sığmayan ifadələr olur. Bütün bunlar ölkə ictimaiyyətinin diqqətini yayındırmaq, cəmiyyəti mənfi yönə sürükləmək niyyəti ilə atılan addımlardan biridir. Amma Azərbaycan xalqı müdrik xalqdır və hər kəsi yaxşı görür, tanıyır. Ona görə, sosial şəbəkələrdə belə təxribat xarakterli məsələlər olsa, bu da bir külək kimi əsib keçəcək. Çünki xalq artıq hər şeyi özü müəyyən etmək iqtidarındadır.

-Ölkənin sosial həyatına da toxunmaq istərdim. Sosial şəbəkələrdə yalnız siyasi məsələlərdə deyil, ictimai sahədə də təxribatlar formalaşıb. Məsələn, bəzi gənc yazarlar tarixi, ədəbi şəxsiyyətlərimizi alçaltmağa çalışır. Bu tendensiyanı necə qiymətləndirirsiniz?

-Təəssüf edirəm ki, gənclər klassiklərimizin kitablarını yandırmaq çağırışlarına qədər əl atırlar. Bu birmənalı şəkildə pislənməlidir. Başda Anar müəllim, Çingiz Abdullayev, Fikrət Qoca və digər ziyalılarımız olmaq şərti ilə hamısına hörmətlə yanaşmalıyıq. Amma gənc nəslin düşüncəsi, bugünkü dünyaya baxışı ola bilər, ötən əsrlərin ədiblərindən fərqlidir. Bu o demək deyil ki, keçmişi inkar etməklə yeniliyi gənc nəslə zorla sırımalıyıq. Gənc nəslin Azərbaycan ictimaiyyətində, ədəbiyyatında öz sözü varsa, bunu ortaya qoymalıdır. Yazarlarımız vaxtilə əsərlərini dərc etdirmək, kitab halına salmaq üçün əziyyət çəkirdilər. Amma indi bir əsəri yazmaq, çap etdirmək, oxucuya çatdırmaq çox rahatdır. Qoy, gənclər də ortaya qoysun ki, xalq, oxucu özü qiymət versin. Kitab yandırmaq, təhqiramiz fikirlər səsləndirmək, ziyalıdan yaşına görə vəzifədən getməyi tələb etmək yanlışdır. Bəzi gənclərin bu cür mövqeyi ümumilikdə Azərbaycan gəncliyinə mənfi təsir edir. Nəyi özümüz yazırıqsa, lazımi qiymətin verilməsini cəmiyyətin öhdəsinə buraxmalıyıq.

-Ziyalılarımızdan danışmışkən xatırladım ki, bir neçə gün əvvəl dünyasını dəyişən bəstəkar Tahir Əkbərin məzar yerinin dəyişdirilməsi ictimaiyyətdə müzakirə predmetinə çevrildi. Ötən il ustad aşıq Ədalət Nəsibovun Fəxri Xiyabanda deyil, Qazaxda dəfn olunması ilə bağlı da tənqidlər səsləndirildi. Azərbaycan mədəniyyət və incəsənətində izi, irsi olan aydınlarımıza qarşı biganəliyin kökündə nə dayanır?

-Tahir Əkbərə, Aşıq Ədalətə və digər ziyalılarımıza Allahdan rəhmət diləyirəm. Tahir Əkbərin xanımının addımını müsbət dəyərləndirirəm. Çünki xalqın sevimlisi olmuş insanların belə laqeydcəsinə dəfn edilməsi yolverilməzdir. Ona görə, Mədəniyyət və Turizm Nazirliyinin bu məsələdə qüsurları var. Nazirlik addımlar atmalı, ailəsinə maddi, mənəvi dəstək olmalı idi. Tahir Əkbərin heç olmasa ölümünə qədər göstərdiyi fəaliyyətinə qiymət verilməli idi. Hansısa xalq şairinin, yazıçısının, bəstəkarının qamışlıqda dəfn olunması biz rəsmilərin hamısına utanc gətirir. Ziyalı insanlarımıza, dəyərli mədəniyyət nümayəndələrinə bu cür yanaşmanı anlaya bilmirəm.

- Bir az da ölkənin təhsil həyatından söz açaq. Bir müddətdir, təhsil naziri postu da boşdur və nazirin kim olacağı hələ də müzakirə predimetidir…

-Təhsil naziri postu boş olsa da, bu vəzifəni icra edən şəxs var. Keçmiş nazirin müavini Ceyhun Bayramov ilə yaxşı əməkdaşlıq edirik, müraciətlər göndərir, operativ cavablar alırıq. Hesab edirəm ki, prezident seçkilərinə qədər təhsil naziri təyin edilməyəcək. Aprel ayının 11-i yeni prezident seçildikdən sonra qanunauyğun olaraq, hökumət tam tərkibdə istefaya gedir, yeni hökumət formalaşır. Bu zaman layiqli namizədin təhsil naziri postunu tutacağına inanıram.

-Son olaraq həll düyünə düşən problemli kreditlərdən danışaq. Bu məsələnin həlli üçün çıxış yolu varmı və bu yol haradan keçir ?

-Azərbaycan banklarının böyük əksəriyyəti soyğunçuluqla məşğuldur. Yüksək faiz dərəcələri kredit verən banklar əvvəldən bilir ki, qarşısındakı insanlar bunun təsiri altında əziyyət çəkəcək. Dəfələrlə Milli Məclisdə müzakirə qaldırdıq ki, 5-10 minə qədər olan problemli kreditlərin silinməsi təmin edilsin. Təəssüf ki, bank rəhbərləri bunu mənfi qarşıladı. Düşünürəm ki, məsələnin tənzimlənməsi üçün addım mütləq atılmalıdır.

Söhbətləşdi: Aysel ASLAN







SON XƏBƏRLƏR

2018-09-22
2018-09-21