2018-03-09 12:27:56   |   599 dəfə oxunub

I Dünya Müharibəsi illərində Azərbaycan mətbuatı...

“Bütün dövrlərdə jurnalistlər aparıcı qüvvə olublar”

“Birinci Dünya müharibəsi illərini əhatə edən dövr mətbuat üçün çox əhəmiyyətlidir. Ancaq araşdırılmadığı üçün heç nə bilmirik”





Samir Xalidoğlu: "Mətbuat tarixi ilə bağlı dəqiq və ətraflı araşdırma aparmaq üçün ayrıca institut lazımdır”




"Şərq” qəzetinin müsahibi I Dünya Müharibəsi illərində Azərbaycan mətbuatı - (1914-may 1918)” adlı monoqrafiyanın müəllifi, Bakı Dövlət Universitetinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının doktorantı Samir Xalidoğludur. Dövrü araşdıran tədqiqatçı qəzetimizə müsahibəsində maraqlı məqamlara diqqət çəkib.

(Əvvəli ötən sayda)

- Senzura dövründə bağlanan, təzyiqlərə məruz qalan qəzetlər, jurnalistlər olubmu?

- Əlbəttə olub. Məsələn, "Dirilik” jurnalı riskə gedərək "Böyük Pyotrun vəsiyyətnaməsi” adlı məxfi sənədi yaymışdı. Halbuki onu yaymaq qadağan idi. Biz daha sonradan Pyotrun vəsiyyətnaməsini oxuyanda gördük ki, rus çarının nə qədər məkirli siyasəti olub. Çarizm həmişə müsəlmanların arasına nifaq salıb, Avropa dövlətlərini qızışdıraraq İstanbulun işğal olunmasında israr edib. Bu yazıya görə jurnalın yaradıcısı Əliabbas Müznibi 200 manat cərimə etmişdilər. 200 manatı verməyəcəyi təqdirdə 6 gün həbs yatmalı idi. "Açıq Söz” və "Yeni İqbal” qəzetləri ilk saylarında bununla bağlı məlumat veriblər. "Sədayi Qafqaz” qəzetində bir yunan kralın tənqid olunduğu yazı getmişdi. Qəzetin redaktoru İbrahim Qasımovu 500 manat cərimə etmişdilər. Pulu verə bilmirdisə, 10 gün həbs yatmalı idi. Özü də cərimənin məbləğini bilərəkdən yüksək qoyurdular. Bilirdilər ki, naşirlər həmin məbləği asanlıqla tapa bilməyəcəklər. Qarşılarında üç yol var idi: - Ya həbsə girməli, ya qəzeti bağlamalı, ya da tələb olunan pulu ödəməli idilər. Dövrün jurnalistləri, publisistləri öz mesajlarını xalqa çatdırmağa məcbur olduqları üçün böyük fədakarlıq göstərirdilər. Milli və müstəqil dövlətimiz olmadığı üçün xalqın yükünü öz çiyinlərində daşıyan təbəqə məhz jurnalistlər, ictimai-siyasi xadimlər idi. İctimai rəyi formalaşdıran yeganə vasitə isə mətbuat idi. Ancaq senzura da öz işini görürdü. Müxtəlif manevrlərlə Haşım bəy Vəzirovun qəzetini bağlayırdılar, o da ertəsi gün adını dəyişib başqa qəzet açırdı. Vəzirovun "Keyfim gələndə” adlı məşhur rubrikası var idi. Onu bağladıqları üçün adını dəyişib "Hərdən bir” rubrikası yaratmışdı.

- Yəni ikiqat senzuraya rəğmən dövrün ziyalıları öz düşüncələrini topluma çatdırırdılar...

- Çatdırmağa çalışırdılar və böyük ölçüdə buna nail olurdular. Dövrün özəlliyi də məhz o idi. Ümumiyyətlə, bütün dövrlərdə Azərbaycan jurnalistləri aparıcı qüvvə olublar. Cəmiyyəti bilgiləndirməyə səy göstəriblər. Birinci Dünya müharibəsi illərini əhatə edən dövr də mətbuat üçün çox əhəmiyyətlidir. Ancaq araşdırılmadığı üçün heç nə bilmirik. Cümhuriyyət dövrü mətbuatından da uzun müddət xəbərimiz olmayıb. Son dövrlərdə araşdırılmağa başlanılıb. Ənənəvi olaraq mətbuat tarixi "Molla Nəsrəddin” jurnalına qədər öyrənilib, ondan sonra birbaşa sovet dövrünə keçilib. Müstəqil olandan sonra boş buraxılan dövrləri tədqiq etməyə başlamışıq. Lakin "İrşad” və "Açıq söz” qəzetləri tam şəkildə işlənməyib. "Açıq söz” elə "İrşad”ın davamı idi. Bizdə bir neçə ümummilli qəzetlər olub. İlk ümummilli qəzet "Əkinçi”dir. Ondan sonra gələnlər isə "İrşad”, "Açıq söz” və "Azərbaycan” qəzetləridir. Bu üç qəzet sanki eyni strategiyanı, siyasəti izləyib. Birinci Dünya müharibəsi illəri mənim üçün çox maraqlı idi, çünki bütün basqılara rəğmən jurnalistlər öz sözlərini deyə biliblər. Həm də o vaxtı ümumdünya jurnalistikasında qəbul olunmuş prinsiplər, yəni azad iradə nəzəriyyəsi hökm sürürdü. Yazarlarımız təxminən o prinsipə əsasən hərəkət edirdilər. Bütün jurnalistlər üçün ümummilli qəzetlərin səhifələri açıq idi. Həmin dövrdə qəzetlərdə "Açıq sütunlar” da var idi. "Açıq sütunlar”da dərc olunmaq üçün hər kəs öz fikrini yazıb göndərə bilirdi. Təkcə, yazarlar, jurnalistlər, ziyalılar deyil, cəmiyyətin digər təbəqələri, sadə şəxslər də qəzetə yazırdılar. "Açıq sütunlar”da müzakirələr aparılırdı. Bu rubrika sayəsində həm də jurnalistikaya meyl edən gəncləri həvəsləndirir, yetişdirirdilər. Məsələn, Əbdülvahab Məhəmmədzadə (Yurdsevər - red), Mirzəbala Məmmədzadə, Böyükağa Talıblı kimi mətbuat adamları məhz "açıq sütunlar” vasitəsi ilə yetişiblər. "Açıq söz” qəzeti müharibə dövrünə baxmayaraq, jurnalistika üçün mühüm xidmətlər göstərib. İndiki "Azərbaycan” qəzeti "Açıq söz”ün sələfidir. "Açıq söz” xalqın, millətin qoruyucusu idisə, "Azərbaycan” qəzeti dövlətin və müstəqilliyin qoruyucusu sayılırdı. M.Ə. Rəsulzadə, Ö.F.Nemanzadə, Xəlil İbrahim, Sənətulla İbrahimov (Eynullayev), Üzeyir bəy Hacıbəyov, Hüseyn bəy Mirzəcamalov, Ceyhun bəy Hacıbəyov kimi görkəmli yazarlar məhz həmin dövrdə çalışıblar. Amma onların bir çoxunun həyat və yaradıcılığı tam araşdırılmayıb.

- Adını çəkdiyiniz şəxslər barədə niyə ciddi araşdırma aparılmır? Müstəqillik dövründə tədqiqata mane olan səbəblər nədir?

- Mətbuat tarixi ilə bağlı dəqiq və ətraflı araşdırma aparmaq üçün ayrıca institut lazımdır, əlavə maliyyə ayrılmalıdır. 4-5 nəfər könüllü tədqiqatçı ilə 150 illik mətbuat dövrünü tam açmaq mümkün deyil. Fətəli İsmixanov böyük bir dövrü əhatə edən erməni mətbuatının ən gözəl bilicisi olub. "Açıq söz” qəzetində silsilə şəkildə erməni hərəkatının tarixini yazıb. Lakin bu şəxs ümumiyyətlə tədqiq olunmayıb. Çoxları adını belə bilmir. Sənətulla İbrahimovun heç tərcümeyi-halı yoxdur. Xəlil İbrahim, Əhməd Həmdi, Fərhad Ağazadə də ciddi araşdırılmayıb. Mirzəbala Məmmədzadəni tədqiqatçı-yazar Əfqan Vəliyev işləyib. Ancaq o da mühacirət dövrünü yazıb, Azərbaycan dövrü haqqında heç bir məlumat verməyib.

- Hərbi və mülki senzuradan başqa müharibə dövrü mətbuatının hansı problemləri var idi?

- Təbii ki, ən ciddi məsələ maliyyə idi. Kağız problemi var idi. Qəzet çıxarmaq üçün kağız ən mühüm elementdir. O zaman kağızı Finlandiyadan alırdılar. Kağızın qiyməti üç mərhələdə bahalaşmışdı. Müharibənin əvvəlində bir pudu 3 manat idisə, müharibə illərində 11 manata yüksəlmişdi. Görün, neçə dəfə qiymət qalxıb. Amma bunun qarşılığında qəzetin qiyməti çox cüzi artırdı. Jurnalistlər, redaktorlar və naşirlər çıxış yolunu reklama ayırdıqları sahəni azaltmaqda görürdülər. Həmçinin, qəzetdə dərc olunan yazıları sıx verirdilər. Sətirlərarası məsafəni daraldırdılar. Məqsəd o idi ki, təki xəbər və informasiya oxucuya çatdırılsın. Qazanc olmasa da olar. Halbuki reklam müasir dövrdə olduğu kimi keçmişdə də çox önəmli rol oynayıb. Adətən qəzetin birinci və dördüncü səhifələri reklam və elanlara həsr olunurdu. Həm də dövr elə idi ki, əvvəllər olduğu kimi messenatlar, mətbuat xeyriyyəçiləri yox idi. Qəzetə maliyyə ayıranlar tapılmırdı. "Açıq söz” qəzetində yazılmışdı ki, "əgər müsəlman mətbuatı ayaq üstə dayana bilibsə, bu sırf oxucuların himməti, qeyrəti, bir də yazarların aza qənaət etməsi ilə mümkün olub”. Yəni mühərrirlər az qazancla razılaşıblar, əlavə gəlirdən, reklamdan, elandan imtina ediblər. Çünki onların xalis niyyəti sözlərini topluma çatdırmaq idi. Əhalinin informasiyasız və fikirsiz qalmasını istəmirdilər. Qəzetlər xalqın milli şüurunun oyanmasında çox mühüm rol oynayırdılar. Həmin dövrün mətbuatı sadəcə 4 il ərzində Azərbaycan cəmiyyətini müstəqilliyə hazırlaya bildi. 1917-ci ildə baş vermiş fevral burjua inqilabından sonra demək olar ki, senzura bir qədər yumşaldı, çarizm devrildi, siyasi partiyalara açıq fəaliyyət üçün icazə verildi.

- Qəzetlər başqa hansı çətinliklərlə üzləşirdi?

- Problemlərdən biri də müsəlman mürəttiblərin, yəni qəzet tərtibatçılarının çatışmazlığı idi. "Açıq söz” özünü mürəttiblə təmin etmişdi, amma digərləri tərtibatçı tapmırdı. Çünki Azərbaycanda təribatçı yetişdirən məktəblər yox idi. Bu işlə kimlərsə könüllü məşğul olurdu. "Əkinçi” qəzeti də o vaxt bir erməninin ümidinə qalmışdı. Qəzetin mürəttibi erməni Minasov idi. Onun işdən getməsindən sonra qəzetin çapı dayandı. Minasov öz xatirələrində deyirdi ki, paxıllıq ucbatından tərtibatçılığı heç bir türkə öyrətməyib. Demək olar, bütün qəzetlərdə elanlar gedirdi ki, "mürəttib axtarılır”. Uzun zaman bu problem həllini tapmayıb. Eyni zamanda müvəkkil problemi də qalmaqda idi. Hər qəzetin bölgələrdə vəkili olurdu. Vəkil həm qəzetin satışı ilə məşğul olur, həm abunə, reklam və elan yığır, həm də ara-sıra müxbirlik edirdi. Qəzetdə bir neçə funksiyanı görən adamlara müvəkkil deyirdilər. Ancaq bu işi də görənlərin sayı çox az idi. Bir də mətbəələrdə tez-tez tətillər olurdu. Məsələn, "Kaspi” mətbəəsindəki tətil o qədər uzandı ki, "Qurtuluş” jurnalı öz nəşrini dayandırmağa məcbur oldu. Orucov qardaşlarının tətili gündəlik "Yeni İqbal” qəzetinin bir nömrəsi ilə o biri sayı arasında 2 həftəlik fasilə yaranmasına gətirib çıxardı. Gündəlik qəzet üçün bu qədər fasilə böyük ciddi nöqsan sayılırdı.

- Tətillər siyasi məsələlərlə bağlı idi?

- Xeyr, mətbəələrdəki tətillər əsasən əmək haqlarının aşağı olması, uzun müddət verilməməsi ilə bağlı idi. İşçilər, fəhlələr maaşın az olmasından dolayı işi ləngidirdilər. Mətbəə sahibi məcbur olurdu ki, əməkhaqqını qaldırsın. İşçilərə daha çox əməkhaqqı ödəmək üçün isə mətbəə xərclərini artırırdı. Təbii ki, bu da ilk növbədə qəzetlərə zərbə vururdu. Ancaq bütün maddi çətinliklərə baxmayaraq, qəzetləri sadəcə 5-10 qəpik bahalaşdırırdılar. Maksimum çalışırdılar ki, oxucular qaçmasın. Yəni ziyana işləməyə razı olurdular, amma oxucu itirməyə razı olmurdular. Onların bu cür fədakarlığını qiymətləndirməmək, görməzdən gəlmək mümkün deyil. O vaxt Həsən bəy Zərdabiyə fransalı bir müxbir deyib ki, "sizin kimi fədakar jurnalistlər dünyanın heç bir yerində yoxdur”. Dövrün yazarları öz vəsaitləri hesabına qəzet çıxarır, səhifələrində yazı yazır, redaktəsini də özləri edirdilər. Avropalılar onları "fanatik jurnalistlər” adlandırırdı. Avropada qəzetçilik biznes üzərində qurulmuşdu. Onlar fikirlərini pul qarşılığında satırdılar. Amma müharibə illərinin Azərbaycan mətbuatında həmin prinsiplər işləmirdi. Dövrün mətbuat adamlarının əsas missiyası insanları maarifləndirmək idi. O qədər çətinliklərə rəğmən qəzetləri qoruyub saxlamaq böyük uğurdur.

- Kitabda qəzetləri hansı xronoloji əsaslarla sıralamısız?

- Əvvəlcə istədim ki, dövrün qəzetlərini əlifba sırası ilə yazım. Amma Şirməmməd müəllim (professor Şirməmməd Hüseynov - red) məsləhət gördü ki, tarixlərə uyğun verim. Ona görə də "Məhzər” qəzeti ilə başladım. Bu qəzet 1908-ci ildən nəşr olunmağa başlayıb və müharibə illərində çıxmağa davam edib. Düzdür, bu qəzet ildə bir dəfə çıxırdı, amma dövrün qəzeti olduğu üçün yer verməmək olmazdı. Ondan sonra "Yeni iqdam” qəzetini işləmişəm. Bilirsiz, "Bəsirət” jurnalı, "Sədayi Haqq” və "Sədayi Qafqaz” qəzetləri haqqında çox az məlumat var idi. "Yeni İqbal”ı o vaxtı buraxılış işi kimi yazmışdım, amma o da ayrıca tədqiq olunmayıb. Sosialistlərin qəzeti "Al bayraq” və "Hümmət”, Qarabəyovun "İttihad” və "Müsəlmanlıq” qəzetinə, "Qurtuluş” jurnalına demək olar ki, müraciət edilməyib. Kitabda hardasa 34-35 qəzetə yer ayırmışam. 6-7 il ərzində iynə ilə gor qaza-qaza bu əsəri sistemli şəkildə tərtib etmişəm və əlavə mənbələrlə zənginləşdirmişəm.

- Dövrün qəzetləri üçün hansı rubrikalar səciyyəvi idi?

- Əksər qəzetlərin rubrikaları biri-birinə oxşar idi. Müharibə dövrü olduğu üçün savaş xəbərləri bir prioritet sayılırdı. Hamısında aşağı-yuxarı eyni başlıqlar verilirdi - ya "Avropa Müharibəsi”, ya da "Millətlər Müharibəsi”. Qəzet materiallarının 40 faizi müharibə xəbərlərinə həsr olunurdu. Ancaq bütün hərb xəbərləri ancaq rəsmi rus qəzetlərindən götürülürdü. Senzura olduğuna görə, əlavə məlumat verə bilməzdilər. "Daxili Xəbərlər” adı altında informasiyalar verilirdi. Sonra "Bakı Xəbərləri” rubrikası var idi. Bu rubrikada bütün Azərbaycan bölgələrini əhatə edən məlumatlar dərc olunurdu. Ölkədən kənar ərazilər haqqında informasiyalar isə "Qafqaz Xəbərləri” ilə verilirdi. Bir də "Milli Məişət” rubrikalarına yer verilirdi.

İsmayıl Qocayev

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25