2018-03-13 00:26:58   |   643 dəfə oxunub

“Kremlin rəyi əsasdır”

Qabil Hüseynli: “Əgər Moskva icazə verməzsə, Ermənistandakı hakim postları tutan şəxslər özbaşına heç nə edə bilməzlər”



Avropadakı erməni lobbisi ilə Ermənistan hakimiyyəti arasında gərginlik artmağa başlayıb. Lobbi Serj Sarkisyanın Ermənistanı tam olaraq nəzarət altına almasından narahatlığını ifadə edib. Ölkəyə təsirini əldən vermək istəməyən lobbi artıq Sarkisyana qarşı sərt ittihamlar səsləndirib. Ermənistanın "1in.am”saytına açıqlama verən Avropa Erməni Təşkilatları Forumunun sədri Aşot Qriqoryan Avropadakı ermənilərin ən çox Təhlükəsizlik Şurasının səlahiyyətlərinin artırılmasından narahat olduğunu deyib.

Qriqoryan iddia edib ki, Sarkisyan baş nazirliyi dövründə Qarabağ torpaqlarının qaytarılması üçün təklif digər instansiyalarda deyil, birbaşa Təhlükəsizlik Şurasında keçiriləcək. Xatırladaq ki, Ermənistanın Qarabağı işğaldan azad etmək planları ilə bağlı çıxışlar bundan öncə də dəfələrlə gündəmə gəlib. Erməni ekspertlər İrəvanı buna Moskvanın məcbur etdiyini bəyan etsələr də, hökumət nümayəndələri bu iddiaları təsdiqləməyib. Bəzi mənbələr isə Sarkisyanın öz hakimiyyətini uzatmaq üçün Moskva ilə Qarabağ sövdələşməsi etdiyini söyləyiblər. Məlumat üçün deyək ki, Ermənistan aprel ayından sonra parlamentli idarəetmə sisteminə keçəcək. Bu keçiddən sonra prezidentin səlahiyyətləri azaldılacaq və onların çox hissəsi baş nazirə veriləcək. Üstəlik, ordu, kəşfiyyat xidmətləri və polis baş nazirin tabeliyində olacaq.

Düşmən ölkədəki gərgin prosesləri "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli bildirib ki, Serj Sarkisyan "parlamentli respublika” oyunu ilə yeni prezident Armen Sarkisyanı "portfelsiz nazirə” çevirib. Onun sözlərinə görə, prezidentin Təhlükəsizlik Şurasının üzvü olmaması çox biabırçı hadisədir: 

"Armen Sarkisyan ölkə rəhbəri olmasına baxmayaraq, sadəcə otaq qarovulçusu funksiyasını yerinə yetirəcək. Gərginlik yaradan digər səbəb isə baş nazir postuna yiyələnmək arzusunda olan Serj Sarkisyanın özünə xeyli səlahiyyət verməsidir. 

Təxminən ötən ilin ortalarında Sarkisyan konstitusiya dəyişikliklərini həyata keçirərkən lovğa-lovğa bildirmişdi ki, onun baş nazirlikdə gözü yoxdur. Amma indi məlum olur ki, sözündə doğru olmayan Sarkisyan uzun zamandır ictimaiyyəti aldadıb. Məsələ ondadır ki, bundan sonra da münaqişənin həlli ilə bağlı danışıqlar prosesində baş nazir, yəni Serj Sarkisyan birbaşa özü iştirak edəcək. Bunun özü bir nonsens olmaqla bərabər həm də erməni lobbisi və yerli əhalini narahat edən məqamdır. 

Çünki xalq indiki bərbad durumun gələcəkdə də davam edəcəyinin fərqindədir. Sarkisyanın danışıqlarda hansısa kompromisə gedəcəyi də inandırıcı deyil. Əli dirsəyinə qədər qana batmış sahə komandirinin güzəştə gedəcəyi mümkünsüzdür. Bütün proseslərdə Kremlin rəyi əsasdır. Əgər Moskva icazə verməzsə, Ermənistandakı hakim postları tutan şəxslər özbaşına heç nə edə bilməzlər”. 

Analitik deyib ki, düşmən ölkədə uzun zamandır ki, xalqın iradəsi nəzərə alınmır:

 "Təbii, bu cür yanaşma əhali içində təcavüzkar və diktator rejimə qarşı nifrət yaradır. Zənnimcə, artıq əhali oyanmağa başlayır. Müxalif siyasi partiyalar da onlara dəstək verirlər. Hesab edirəm ki, Ermənistanda bundan sonra proseslər daha da gərginləşəcək. Hər halda son sözü Moskva deyəcək”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-06-22