2018-03-13 00:31:56   |   3527 dəfə oxunub

“İstənilən an hərbi gücümüzü işə sala bilərik”

Elxan Şahinoğlu: “Ermənistan üçün ən qorxulu yol savaşdır”




Martın 12-dən müdafiə naziri Zakir Həsənovun rəhbərliyi altında müxtəlif qoşun növləri və hərbi birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. 5 gün davam edəcək təlimlərə 25 min nəfərlik şəxsi heyət, 250 tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq. Təlimlərdə qoşunlar şərti düşmən hücumunun qarşısının alınması və genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarını yerinə yetirəcək.

Mürəkkəb dağlıq relyef və radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə silahlanmaya yeni qəbul edilmiş müasir silah sistemləri və vasitələrinin sınağı da həyata keçiriləcək. Hər zaman olduğu kimi düşmən tərəfdə təlimlərlə bağlı ciddi narahatlıq yaranıb. Əslində, Ermənistanın təlaşı əsassız deyil. 2016-cı ildəki 4 günlük "aprel müharibəsi”nin ikinci ildönümünə sayılı günlər qalır. "Aprel savaşı” Ermənistan üçün qara bir təqvimə çevrilib. Həmin vaxt hərbi uğura imza atan Azərbaycan ordusu atəşkəs dövründə işğalçı ölkəyə ciddi qulaqburması verərək, onu canlı və maddi itkiyə məruz qoyub. Məhz dörd gün ərzində Azərbaycan Ordusu öz hərbi üstünlüyünü və erməni quldur dəstələrinin qorxaqlığını əyani şəkildə nümayiş etdirib. Görünür, indiki genişmiqyaslı təlimlər sırf bu səbəbdən düşmən ölkəni ürküdüb. Təlimləri və bu fonda cərəyan edən prosesləri dəyərləndirmək üçün Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu ilə əlaqə saxladıq. Suallarımızı cavablandıran tanınmış analitik savaş ehtimalının hər zaman gündəmdə olduğunu bildirdi...

- Elxan bəy, erməni mətbuatı Azərbaycan Ordusunun hərbi təlimlərini "genişmiqyaslı əks-hücum əməliyyatlar” kimi şərh ediblər. Sizcə, ermənilər qorxuya düşməkdə haqlıdırmı?

- Düşmən təlaşa düşməkdə haqlıdır. Təlimlərin məqsədi odur ki, ermənilər Azərbaycanın hərbi qüdrətinin böyüklüyünü, imkanlarımızın genişliyini görsün. Bu cür təlimlərlə düşmən tərəfə demək istəyirik ki, əgər Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində israrlı mövqeyini davam etdirsə, istənilən an hərbi gücümüzü işə sala bilərik. Düşmən tərəf özü də dərk edir ki, bu şəkildə aparılan danışıqlar heç bir nəticə vermir. Ona görə də Azərbaycanın alternativ yollar axtardığını görürlər. Onlar üçün ən qorxulu yol isə savaşdır.

- 2016-cı "aprel döyüşləri”ndən öncə hərbi təlimlər keçirildiyini xatırladan erməni nəşrlər indiki təlimlərdən sonra da əks-hücumun başlayacağını iddia ediblər. Növbəti anti-terror əməliyyatlarına vaxt biçilməsini necə dəyərləndirirsiz?

- Hücumun konkret hansısa tarixlə bağlı olacağını zənn etmirəm. Əks-hücum aprel ayında da ola bilər, may-iyun aylarında da. Əsas odur ki, Azərbaycan ordusu kifayət qədər modernləşib və tam hazır vəziyyətə gətirilib. Milli ordumuz hərbi təlimlərin sayını artıraraq işğalçı Ermənistana güclü mesajlar verir. Xatırladım ki, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi olduğu kimi həm də Azərbaycan Ordusunun yaranmasının yüzilliyidir. Düşünürəm ki, ordumuzun yüzilliyində Bakının mərkəzində möhtəşəm hərbi parad keçirmək lazımdır. Hərbi paradlar zamanı ən müasir silahlar nümayiş olunur ki, bu da düşməni qorxuya salmağa kifayət edir. Həm də dünyaya bəyan etmiş oluruq ki, əgər beynəlxalq güclər, vasitəçilər münaqişənin həlli istiqamətində ciddi səy göstərməsələr, Azərbaycan öz güclü ordusu ilə problemi həll etməyə qadirdir.

- 2018-ci il girər-girməz əcnəbi və yerli ekspertlər genişmiqyaslı hərbi toqquşmanın olacağı ilə bağlı xəbərdarlıqlar ediblər. Hətta ABŞ kəşfiyyatı iki hesabatında savaş ehtimalını gündəmə gətirib. Proqnozları real hesab edirsizmi?

- İndiyə kimi hazırlanan hesabatların demək olar ki, hamısında Qarabağda müharibə ehtimalı xüsusi ilə vurğulanıb. Əslində hamı deyir ki, vəziyyət gərginləşərsə, müharibə başlaya bilər. Nəzərə alaq ki, Azərbaycanda, o cümlədən Rusiya və Ermənistanda mart-aprel ayları seçkilər keçiriləcək. Seçkilərdən sonra siyasi hakimiyyətlərdə özünə arxayınlıq yaranacaq. Ona görə də yaz-yay aylarında cəbhə bölgəsində vəziyyətin gərginləşəcəyi, lokal hərbi toqquşmaların olacağı iddia edilir. Şübhəsiz, iddialar özünü doğrulda bilər. Azərbaycan tərəfi milyardlarla dollar vəsait sərf edərək aldığı silah-sursatı, hərbi texnikanı anbarlarda pas tutmaq üçün saxlamır. Bütün yeni silahlardan torpaqlarımızın azad edilməsi istiqamətində düşmənə qarşı istifadə ediləcək. Hazırda Ermənistan sosial və iqtisadi xaos içindədir. Hərtərəfli zəif düşmüş Ermənistan güclü Azərbaycanla ayaqlaşa bilmir. Biz düşmən ölkəyə təzyiqləri durmadan artırmalıyıq ki, daxildəki vəziyyət daha da pisləşsin və Ermənistan kompromisə getməkdən başqa çıxış yolunun olmadığını anlasın. Hesab edirəm ki, seçkilərdən sonra müharibə olmasa da, cəbhə bölgəsində gərginlik arta, lokal toqquşmalar yaşana bilər.

- Sizcə, həmsədr ABŞ-ın münaqişənin həlli ilə bağlı konkret planları varmı? Bunu iddia edən rusiyalı politoloqlar fikirlər səsləndirirlər...

- Amerikanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hansısa planının olduğunu düşünmürəm. Ümumiyyətlə, Barak Obamanın 8 illik prezidentliyi dövründə Vaşinqton hökuməti Cənubi Qafqaz bölgəsi, xüsusən Qarabağ məsələsi ilə ciddi maraqlanmadı. Tramp administrasiyası da bizim bölgə ilə çox maraqlanmır. Fikrimcə, ABŞ problemin həllində sadəcə Rusiya ilə məsləhətləşmək istəyir. Əslində, ABŞ-Rusiya arasında bir çox məsələlərlə bağlı ciddi fikir ayrılığı olsa da, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ortaq yanaşma mövcuddur. Çox təəssüf ki, həmsədr tərəflər arasındakı razılıq Azərbaycanın maraqlarına uyğun deyil. Hələlik, böyük dövlətlər münaqişənin ölü nöqtədən tərpənməsi üçün heç bir addım atmırlar.

- KTMT generalı Anatoli Sidorovun "Azərbaycan sərhədlərində müharibə olarsa, Rusiya ona qarışmayacaq” mesajını necə şərh edərdiz? Düşmən tərəf bu bəyanatdan çox sarsıldı...

- General birbaşa işğalçı Ermənistana mesaj verib və burada gizli heç nə olmadığını bildirib. Məlumdur ki, Ermənistanın Rusiya ilə müəyyən anlaşmaları var. Rusiya öz müttəfiqi Ermənistanın təhlükəsizliyinə cavabdehdir. Ancaq Dağlıq Qarabağ Azərbaycanın qanuni ərazisidir. Sidorov bilinən reallığı səsləndirməklə Ermənistanı boş xəyala düşməməyə çağırıb. Biz müharibə ehtimalından danışarkən Ermənistana hücum etməkdən bəhs etmirik. İşğala məruz qalmış Azərbaycan torpaqlarının azadlığından söz açırıq. Ermənistan anlamalıdır ki, Qarabağ müharibəsində Rusiya onlara canlı qüvvə ilə kömək göstərməyəcək. Amma bu heç də o anlama gəlmir ki, əgər general "Rusiyanın müharibəyə qarışmayacağını” deyirsə, deməli, Moskva Ermənistanın uduzmağını istəyir. Əgər elə olsaydı, aprel müharibəsində 4 gün yox, 10 gün savaşıb daha çox ərazini düşməndən azad edərdik. Təəssüflər ki, Rusiyada hakim dairələr Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarətini bərpa etməsini istəmirlər. Əsas problem budur.

- Türkiyəli analitik Engin Özer deyib ki, Kreml Ermənistanla Azərbaycan və Türkiyə arasında seçim eləməlidir. Moskva özünü bu cür seçim qarşısında hiss edirmi?

- Yox, etmir. Ümumiyyətlə, Rusiya qarşısında belə bir seçim yoxdur. Bakı da, rəsmi Ankara da dəfələrlə Moskvaya mesaj göndərib ki, "biz Kreml üçün daha faydalı tərəfdaşıq”. Rusiya Azərbaycan və Türkiyə ilə daha sıx və səmimi əməkdaşlıqdan boyun qaçırsa da, hər halda əlaqələri korlamamağa çalışıb. Ancaq bununla belə təcavüzkar Ermənistanı da əlindən vermək istəməyib. Çünki Ermənistan Rusiyanın Cənubi Qafqazdakı sonuncu forpostudur.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18