2018-03-13 00:37:12   |   802 dəfə oxunub

100 ildir erməni vandalizmi durmur

Ekspertlər təklif edir ki, mart soyqırımı ilə bağlı abidə və muzey yaradılmalıdır



1918-ci il martın 31-i Azərbaycan tarixində unudulmaz bir gündür. Mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın olaraq yaddaşa yazılıb. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirib. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırım və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Soydaşlarımıza qarşı törədilən dəhşətli qırğından 100 il ötür. Çox güman ki, hər il olduğu kimi bu il də dövlət səviyyəsində mühüm tədbirlər keçiriləcək. Şübhəsiz ki, bu məsələ ilə bağlı dövlət başçısının da xüsusi göstərişləri var. Xalqımıza qarşı törədilən amansızlığın bütün dünyaya tanıdılması üçün hansı işlər nəzərdə tutulur?

...artıq ermənilərin deməyə sözü qalmır

Millət vəkili Elman Məmmədovun sözlərinə görə, məsələ ilə bağlı ölkə başçısının göstərişi, müvafiq sərəncamı var: 

"Mart soyqırımı ilə bağlı müxtəlif səviyyələrdə tədbirlər də keçiriləcək. Bu ilə qədər soyqırımla bağlı tarixçilər, siyasətçilər və dövlət rəhbərliyi tərəfindən işlər görülüb. Təbii ki, bu il soyqırımın 100 illiyi ilə bağlı daha geniş miqyaslı işlər görüləcək. Soyqırımın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə əsas məqsədimiz ermənilərin son 100 il, hətta ondan əvvəl də mütəmadi olaraq Azərbaycan xalqına və Azərbaycan türklərinə qarşı törətdikləri kütləvi qırğınları dünyaya tanıtmaqdır. Bunlarla bağlı tarixçi alimlərimiz az iş görməyiblər. Dünyanın ən böyük, zəngin arxivlərindən külli miqdarda bununla bağlı materiallar gətirilib. Ən dəyərlisi odur ki, bu materiallar artıq əcnəbi tarixçilər, alimlər tərəfindən yazılıb. Ermənilərin artıq deməyə sözü qalmır. Biz daha bu məsələni yazmırıq. Ermənilərə yaxın və dost olan ölkələrin tarixçiləri, alimləri bu qırğınlarla bağlı yazırlar. Əsas məqsədimiz ermənilərin həqiqətdə kim olduqlarını dünyaya tanıtmaq, onları ifşa etməkdir”.
Təəssüflər olsun ki, 1905-1906-ci illərdə törədilən soyqırımlara görə, daha sonra 1915-ci il Anadolu, 1918-ci ildə isə Azərbaycan ərazisində, Bakıda və digər bölgələrimizdə törədilən qırğınların günahkarları o vaxtdan cəzasız qalıb. 

Hətta onlar Moskva tərəfindən mükafatlandırılıb, həvəsləndirilib, vəzifələrə qoyulub, qorunub, müdafiə olunub. 1948-1953-cü illərdəki hadisələr də soyqırımın bir növüdür. Soyqırım yalnız insan ölümü ilə bağlı deyil. Dininə, dilinə, irqinə, milli mənşəyinə görə hər hansı bir etnik qrup, doğma yurdundan zorla köçürülürsə, etnik təmizləmə aparılırsa, bu artıq soyqırımdır. 1948-1953-cü illər ərzində Ermənistandan 200 mindən çox azərbaycanlı zorla köçürülüb. Amma o vaxtlar bunun adını könüllü köç olaraq qoymuşdular. Guya vətəndaşlarımız öz xoşları ilə köçüblər. Daha sonra isə soydaşlarımızın yerinə xarici ölkələrdən ermənilər gətirildi. Nəhayət, 1992-ci ildə ermənilər tərəfindən Xocalıda, Qaradağlıda, Meşəlidə və başqa yerlərdə soyqırımlar oldu”.

Millət vəkili bildirib ki, əsas məqsəd daha çox iş görmək, ermənilərin törətdiyi soyqırımla bağlı həqiqətləri dünya ictimaiyyətinə, bütün parlamentlərə və qurumlara çatdırmaqdır: 

"Demək olmaz ki, xarici ölkələr və qurumlar bu məsələdən xəbərsizdir. Amma bunu bizim tələbimiz, təbliğatımız, beynəlxalq təşkilatların qarşısına qoyduğumuz sənədlər əsasında bilirlər. 26 il bundan öncə olmuş Xocalı soyqırımını törədən hərbi canilər indi sağdır və vəzifələrdədir. Sarkisyan və onun ətrafındakı kimilər nə üçün cəza almır? Biz bunlarla bağlı işlər görməliyik. Bu ayın 30-da Parlamentdə soyqırımla bağlı dinləmələr olacaq. Milli Məclisin bir iclası bütövlükdə soyqırıma həsr olunacaq. Düşünürəm ki, builki tədbirlər çoxsaylı və rəngarəng olacaq. Təkcə Azərbaycanda yox, Azərbaycandan kənarda hansı ölkələrdə ki, diaspor təşkilatlarımız, səfirliklərimiz, konsulluqlarımız var, onlar da öz növbələrində işlər görür və görəcəklər də”.

Sabiq millət vəkili Sabir Rüstəmxanlı isə bildirib ki, soydaşlarımıza qarşı törədilən qırğınlarla bağlı dünya səsimizə səs vermir: 

"Həmçinin özümüz də lazım olan sənədləri göstərmirik. Ancaq 20 Yanvar şəhidlərini deyirik, mart qırğınları ilə bağlı ciddi sənədlər ortaya qoyulmur. O dövrdə millətimizə qarşı baş verən faciələrin hər biri ayrı-ayrılıqda tarix kimi qeyd edilməlidir. Bundan əlavə soyqırımla bağlı abidə və muzey olmalıdır. Amma nədənsə, belə bir abidə qoyulmur, buna maneçilik yaranır. Nədənsə, 1918-ci ildə Bakını ermənilərin qırğınından xilas edən Nuru Paşa və Türküstan ordusu ilə bağlı təkliflər masa üzərində qalıb. Bu məsələ məni çox narahat edir”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25