2018-03-13 00:43:21   |   337 dəfə oxunub

Membiçə yürüş də hədəfdədir

Türk ordusu Afrin bölgəsindən geri çəkilməyəcək

Ekspertlər səviyyəsində aparılan Vaşinqton Ankara müzakirələrinin nəticəsi böyük maraqla izlənilir





Türkiyə Silahlı Qüvvələrinin Suriyada PKK terror təşkilatına qarşı başlatdığı "Zeytun budağı” əməliyyatı davam edir. Hərəkatın 52-ci günündə məhv edilən terrorçuların sayı 3400-ə çatıb. Jandarma və Polis Xüsusi Hərəkat birlikləri də zirehli maşınlarla Suriya ərazisinə keçiblər. Bu qüvvələrin Afrin şəhərinin mühasirəsində vəzifə alacağı öyrənilib. Artıq şəhərin mərkəzinə bir neçə yüz metr məsafə qalıb. Afrin əməliyyatının sona qədər davam edəcəyini bəyan edən Türkiyə rəsmiləri Afrindən sonrakı hədəfin Membiç olduğunu deyiblər. Ancaq ABŞ və digər Qərb dövlətləri Türkiyə ordusunun Afrindən sonra irəliləməsini xoş qarşılamayacaqlarını ifadə ediblər.


Məsələ ilə bağlı "Şərq”ə danışan siyasi şərhçi Zaur İbrahimli deyib ki, Türkiyə ordusu bütün bədbin proqnozlara rəğmən, Afrin bölgəsinin terrorçulardan təmizlənməsi əməliyyatını uğurla və çox böyük peşəkarlıqla həyata keçirir. Ekspertin sözlərinə görə, Türkiyə ordusu hərbi əməliyyatlar zamanı dinc əhalinin qorunmasına, infrastrukturun dağıdılmamasına çalışır:

"Afrin mərkəzinə doğru irəliləyişin bu qədər uzanması məhz bu amillərlə izah olunmalıdır. Hərbi planda Türkiyə ordusunun Afrini qısa zamanda fəth etməsi o qədər də çətin tapşırıq deyil. Türkiyə üçün əhəmiyyətlisi hərbi əməliyyatların, obrazlı ifadə etsək, "legitimliyinin” tanınmasıdır. Ankara bütün mümkün vasitələrlə bunu təmin etməyə, hərbi əməliyyatların diplomatik vasitələrlə dəstəklənməsinə çalışır. Bu müstəvidə ən böyük maneə ABŞ-ın mövqeyi və yürütdüyü siyasətdir. Vaşinqton açıq şəkildə "Zeytun budağı” əməliyyatına qarşı çıxır. Sadəcə, Türkiyənin inadı və "Zeytun budağı” əməliyyatı ilə bağlı ölkədə müşahidə olunan həmrəylik və əzm Vaşinqtonu Ankara ilə müzakirələrə vadar edir. Hazırda ikitərəfli müzakirələr ekspertlər səviyyəsində aparılır. Türkiyə ordusu həm də, bu müzakirələrin nəticəsini gözləyir. Ankara üçün ABŞ-ın müsbət cavabını almaq çox mühümdür. Eyni zamanda Türkiyənin maraqlarının tanınması və qəbul edilməsi Ankaranın əsas vəzifəsidir”.

Politoloq bildirib ki, Türkiyə üçün Afrin və Membiçə yürüş bir vasitədir, məqsəd deyil: 

"Məqsəd Suriyada Türkiyənin milli maraqlarının tanınması və ABŞ-ın kürdlərlə bağlı siyasətinə korrektələr etməsinə nail olmaqdır. Bu baxımdan ikitərəfli müzakirələrin nəticəsi çox mühümdür. Türkiyənin Membiçə doğru istiqamət alıb-almayacağı bu müzakirərlərin nəticəsindən asılı olacaq. Güman etmək olar ki, tərəflər müəyyən razılaşmalar əldə etsələr, Ankara hərbiçilərə "dur” deyəcək. Amma Vaşinqtonun indiki siyasəti davam edəcəksə, Ankara çətin ki, geri çəkilsin. Əlverişli məqam düşən kimi ABŞ-ın narazılığına rəğmən Türkiyə Suriyada hərbi iştirakını genişləndirməyə çalışacaq. 

Şübhəsiz ki, ortaq nöqtələr tapılmasa, Ankara-Vaşinqton münasibətlərində yeni böhranın şahidi olacağıq. Türkiyə rəsmilərinin açıqlamaları göstərir ki, Ankara hər bir varianta hazırdır və böyük ehtimalla ciddi şəkildə geri çəkilməyəcək”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25