2018-03-13 00:47:56   |   495 dəfə oxunub

Avropanın diqqətini girovlarımızın taleyinə yönəldə bilərik

Bunun üçün ilk növbədə, xüsusən erməni lobbisinin aktiv olduğu ölkə və şəhərlərdə ciddi fəaliyyət göstərməliyik





Dağlıq Qarabağda girov saxlanılan iki vətəndaşımıza - Şahbaz Quliyev və Dilqəm Əhmədova qarşı mənəvi və fiziki təzyiq edildiyi haqqında məlumatlar yayılıb. Beynəlxalq İnsan Haqları Komitəsinin Azərbaycan Nümayəndəliyi Parisdə yerləşən mərkəzi ofisin diqqətinə bu məsələni çatdırdıqdan sonra həngamə qopub. Fransadakı erməni lobbisinin nümayəndələri Beynəlxalq İnsan Haqları Komitəsinin ofisinə hücum edərək təşkilatın saytından Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqındakı informasiyaların çıxarılmasını tələb ediblər.

Yəni Avropanın göbəyində, həmsədr Fransada anti-demokratik addım atılıb və heç kim buna ciddi reaksiya verməyib. Halbuki təşkilat, adından da göründüyü kimi, haqları pozulan bütün şəxslərin taleyi ilə maraqlanmalıdır. Ancaq erməni lobbisinin təmsilçiləri təşkilata təzyiq etməklə bu vəzifənin yerinə yetirilməsinə mane olmaq istəyirlər. Göründüyü kimi, erməni dairələri hər ölkədə və hər fürsətdə öz qərəzlərini işə salırlar. Ekspertlərə görə, Parisdə baş verən olaya rəsmi reaksiya verilməlidir. Hətta bu olaydan çıxış edərək Avropanın diqqətini girovlarımızın taleyinə yönəldə bilərik.

Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib ki, beynəlxalq təşkilatın girovlarımızla bağlı məlumatından sonra erməni lobbisi xüsusi aktivlik nümayiş etdirməyə başlayıb. Hüquq müdafiəçisinin sözlərinə görə, ermənilər hər yerdə Şahbaz və Dilqəmi "diversant”, hətta "terrorçu” kimi qələmə verməyə çalışıblar: 

"Əslində erməni lobbisi Avropada uzun illərdir məhz bu cür fəaliyyət göstərir. Onlar hər zaman beynəlxalq qurumlara təzyiq göstərir, şantaj edirlər. 

Bundan başqa rüşvət kimi vasitələrlə öz adamlarını təşkilatlara yerləşdirir, müəyyən şəxsləri təsirləri altına alırlar. Azərbaycan tərəfi buna cavab olaraq müxtəlif cəbhələrdə, istiqamətlərdə erməni siyasətinə qarşı mübarizə aparmalıdır. Müvafiq dövlət qurumları bu istiqamətdə intensiv çalışmalıdır. Hüquq müdafiəçisi olaraq bildirməliyəm ki, bu işdə bizim üzərimizə də böyük məsuliyyət düşür. Hamımız bu məsuliyyəti bölüşməliyik. 

İlk növbədə Avropada, xüsusən erməni lobbisinin aktiv olduğu ölkə və şəhərlərdə ciddi fəaliyyət göstərməliyik. ATƏT, Avropa Parlamenti və digər beynəlxalq platformalarda davamlı şəkildə Azərbaycan həqiqətlərini danışmalı və çıxışlarımızda girovlarımızın artıq 4-cü ildir ki, qanunsuz həbsdə saxlanmasını, davamlı işgəncələrə, təhqirlərə məruz qalmasını qabartmalıyıq. Ermənipərəst təşkilatların fəaliyyətini zəiflətmək, parçalamaq lazımdır”.

Hüquq müdafiəçisi bəyan edib ki, Avropa institutlarında ayrı-ayrı dövlətlərin fəaliyyəti hər zaman birmənalı qarşılanmır: "İstənilən dövlətin qaldırdığı məsələyə tərəf olaraq baxılır. O səbəbdən vətəndaş cəmiyyətlərinin fikirləri və mövqeləri dünya ictimaiyyəti üçün daha önəmli hesab olunur. Mən Azərbaycanda fəal olan bütün vətəndaş cəmiyyətləri üzvlərinə, insan haqlarını müdafiə edən şəxslərə müraciət edirəm ki, öz işlərində daha fəal olsunlar. Təkcə Azərbaycan daxilində deyil, Avropa ölkələrində də təbliğat aparsınlar.

 Təşkilat olaraq Novruz bayramından sonra Avropada ongünlük səfərdə olacağıq. Qitənin bir neçə ölkəsində görüşlərim və çıxışlarım olacaq. Orada bir daha girovlarımızla bağlı məsələni gündəmə gətirəcəm. Onların qeyri-qanuni həbs edilməsini və saxta məhkəmənin qurbanı olması faktını təkrar edəcəm”.

"Ermənilərin girovlarımız haqqında məlumat yayılmasını qadağan etməsi onların zəifliyini göstərir”. Bunu isə "Sherg.az”a millət vəkili Aydın Mirzəzadə söyləyib. O diqqətə çatdırıb ki, Avropa demokratik qitədir və bu ölkələrdə həqiqəti əks etdirməyən istənilən informasiya yayılır: 

"Dilqəm və Şahbaz məsələsi isə Ermənistana qarşı ciddi arqumentdir. Bu günlərdə Azərbaycan ərazisində həbs edilmiş erməninin video süjeti yayıldı. Vaxtaşırı Dilqəm və Şahbazın da şəklini, videolarını görürük. Baxın, həmyerlilərimiz erməni girovluğunda necə saxlanır, Azərbaycan həbsxanasında mahnı oxuyan erməninin vəziyyəti necədir?! Həqiqəti heç bir zaman gizlətmək mümkün deyil. Ermənilər Fransada girovlarla bağlı məlumatları qadağan edəcək, biz başqa tribunadan sözümüzü çatdıracağıq. Tək girovlarla bağlı deyil, ümumilikdə Dağlıq Qarabağ məsələsi həmişə Ermənistanın və erməni millətçi dairələrin üzərində "Demokl qılıncı” kimi asılacaq”.
İsmayıl







SON XƏBƏRLƏR

2018-12-10
2018-12-09