2018-03-13 11:44:09   |   2717 dəfə oxunub

Azərbaycan mediasının onurğa sütunu...

Seymur Verdizadə: “Müasir mətbuatımızı qadın jurnalistlər olmadan təsəvvür etmək mümkün deyil”

Səbinə Əvəzqızı: “Jurnalistin xanımı və ya kişisi olmamalıdır”






Naibə Qurbanova: "Təəssüfedici məqam odur ki, qadınlar daha çox reportyor, araşdırmaçı jurnalistlər kimi deyil, vizual mediada görünüş olaraq önə çəkilirlər”

Məmməd Gülməmmədov: "Jurnalistika bəlkə yeganə sahələrdən biridir ki, qadınlar öz bacarıqları və istedadları hesabına yüksələ bilirlər”


(Əvvəli ötən sayımızda)

8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar Azərbaycan jurnalistikasında qadınların rolu mövzusuna diqqət çəkmək istədik. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında rol oynayan bir varlıqdır. Eyni zamanda sosial sferada daha cəsarətli və aktivdir. Bununla yanaşı, ölkənin həyatında yüksək fəallıq göstərən Azərbaycan qadını ictimai-siyasi proseslərdə də yaxından iştirak edir. Bu aktivlik özünü media sahəsində də göstərir. Ancaq təxminən 200 il bundan əvvəl qadına münasibət indiki dövrdən çox fərqli olub.

O dövrdə qadına verilən dəyəri bu günlə müqayisə etsək, qadının cəmiyyətin hərəkətverici qüvvəsi olduğunu görərik. Elə həmin dövrdə "Qadına azadlıq vermək olmaz”, "Qadın ancaq evdə olmalıdır, ailə ocağının himayədarıdır”, "Qadın cəmiyyətin sosial-siyasi işlərinə qarışa bilməz” və s. kimi bu fikirlər demək olar ki, bu gün yox dərəcəsindədir. Ancaq o da var ki, bəzən qadınların kişilərlə bərabər eyni vəzifələrdə çalışmalarına, xüsusən də qadınların media sahəsində perspektivlərini artırmağa, yaxud da kişilərin çətinliklə əldə etdiklərinə xanımların asanlıqla nail olmağına yanaşma heç də birmənalı deyil. Milli mentalitet, kişinin fiziki cəhətdən qadına nisbətən güclü olması kimi mülahizələr təəssüf ki, günümüzdə də mövcuddur.

Hələ də "jurnalistlik qadın sənəti deyil” düşüncəsində olan insanlar var. Halbuki xalqın və cəmiyyətin həyatında qadın yazarların qələminin "boyuna biçilmiş” bir çox mövzular var. Elə söz var ki, həssas qadın qəlbindən keçib gəldiyi üçün daha təsirli olur. Söhbət milli-mənəvi dəyərlərimizdən, balalarımızın tərbiyəsindən, Vətən sevgisindən, torpaq təəssübkeşliyindən gedəndə ana səsi də ucalmalı - qadın-jurnalist də öz sözünü deməlidir. Kişi sözü kəsərlidirsə, qadının, ananın sözü də düşündürən, sirayət edəndir. Hər nə qədər qadınların media sahəsində çalışmasına cəmiyyətin mövqeyi birmənalı olmasa da, ölkəmizdə zərif cinsin elə nümayəndələri var ki, bu gün onlar media sahəsində böyük nailiyyətlər qazanıblar.
Qeyd edək ki, Azərbaycanda "insanlar üçün həyati və zəruri bir məsələni” əhatə edən qadın mətbuatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Elə bir zamana ki, qadın problemi, ona münasibət, insan hüquqlarının qorunması kimi qəliz məsələlər əsrin ilk onilliyində çıxan demokratik ruhlu qəzet və jurnalların əhatə dairəsinə sığmadı, ictimaiyyətin diqqətində olan qadınların maarifləndirilməsi, qadın azadlığı məsələləri qadın mətbuatının yaranması zərurətini doğurdu.
Onu da deyək ki, Azərbaycan jurnalistikasında qadınların yeri və rolunu qiymətləndirmək üçün media nümayəndələrinə müraciət etdik. Medianın qadın fədailərini bir də onların gözü ilə görək.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadənin dediyinə görə, qadın jurnalistlər Azərbaycan mətbuatının onurğa sütunudur. Müasir mətbuatımızı qadın jurnalistlər olmadan təsəvvür etmək mümkün deyil: 

"Elə bir redaksiya tanımıram ki, orda zərif cinsin nümayəndələri çalışmasın. Ölkə jurnalistlərinin yarısından çoxunu qadın jurnalistlər təşkil edirlər. Onlar çətinlikdən qorxmur, zərif çiyinlərini mətbuatın ağır yükünün altına verməkdən çəkinmirlər. Öz intellektlərinə, peşəkarlıqlarına görə qadın jurnalistlər kişi jurnalistlərdən geri qalmırlar. Qadın jurnalistlər arasında mütəmadi olaraq izlədiyim, yazılarını həvəslə oxuduğum xeyli imza var. Qadın jurnalistlərə qarşı ayrıseçkiliyin olması fikri ilə razı deyiləm. Hazırda ölkənin aparıcı media-holdinqlərinin ikisinə qadın jurnalist rəhbərlik edir. O cümlədən, bir neçə qəzetin və saytın baş redaktoru da qadındır. Qadın redaktorlar kişi redaktorlardan daha ədalətli olurlar. Buna görə də qadın jurnalistlərin rəhbər postlarda daha çox təmsil olunmasını arzu edirəm”.

"Lent.az” saytının redaktoru Səbinə Əvəzqızı isə böyük təəssüf hissi ilə ölkədə bir çox məsələlərdə olduğu kimi, mediada da peşəkarlıq məsələsinə bu kimi fərqli yanaşmaların olduğunu deyib

Onun sözlərinə görə, jurnalistin xanımı və ya kişisi olmamalıdır. Peşəkar və ya istedadsız media nümayəndəsi ola bilər. Lakin belə bir məsələ doğrudan da mövcuddur. Bu problemin olması isə xanım jurnalistlərimizin işinin həcmini heç də kiçiltmir, əksinə...:

"Kişi həmkarlarımız inciməsin, hazırda Azərbaycan mediasında qadınların daha ciddi rolda olduğunu görməmək üçün kor olmaq gərəkdir. Bunu kimsə dana bilməz. Həm çap mediasında, həm də elektron KİV-də kifayət qədər tanınmış xanımlarımız var. 

Elə bircə onu misal gətirək ki, hazırda ölkədə ən böyük media holdinqin - APA Holdinqin rəhbəri bir xanımdır - Vüsalə Mahirqızı. Azərbaycan mediasında texniki işçidən başlayaraq, kifayət qədər məşhur müxbir, jurnalist, köşə yazarları, teleaparıcı, rəhbər şəxsin adını sadalaya bilərik. Çox sevindirici haldır ki, sevimli "Şərq” qəzetimizdə də bu mövzunu məhz xanım müxbir araşdırır”.

S.Əvəzqızının sözlərinə görə, əsas məsələlərdən biri də media sahəsində özünəməxsus yeri olan xanımların hazırda olduqları yerə hansı maneələri keçib gəlmələridir:

"Əsas odur ki, xanım jurnalisti ailədə dəstəkləsinlər. Sonra isə bütün məsələlərə professional yanaşanda elə bir ciddi əngəl qalmır. Əgər jurnalist iş zamanı prosesə seksist yanaşacaqsa, "mən bir kişiyəm” və ya "mən bir qadınam” düşüncəsi ilə vəzifəsini yerinə yetirəcəksə, onun maneələrdən qurtarması çox çətin olacaq. Şəxsən mən uzun illər məhkəmə jurnalisti olmuşam. Saysız-hesabsız kriminal olayları araşdırmışam. Bəzən bu proseslərdə hədələnmişəm də. Hətta hamilə olduğum halda üstümə bıçaq çəkən də olub. Bəzən də kriminal olayla bağlı hadisə yerinə gedərkən çox ağır kişi söyüşlərinin də şahidi olmuşam. Əgər həmin zamanlar "bir qadının yanında bunu etmək olmaz” düşüncəsində olsaydım, inanın ki, vəziyyət həddən ağır olardı. Mən evimdə, hər hansı ailə tədbirlərində, rəfiqələrimlə gəzintidə bir xanım ola bilərəm, işdə isə əsla”.

Hazırda "jurnalist qadın sənəti deyil” kimi stereotiplərin aradan qalxdığını hesab edən Səbinə xanım 20 il bundan əvvəl yanaşmanın çox çətin olduğunu deyib: 

"Burada bir çox səbəblər var. Bəzən özünü jurnalist adlandıran dələduz qadınlar bu stereotiplərin inkişafına köməklik edirdilər. Təsəvvür edin ki, 20 il öncə istirahət üçün rayonlarımıza gedəndə çalışırdım ki, jurnalist olduğumu bilməsinlər. Çünki bilən kimi, bəzilərinin rəyi dəyişirdi. Bəzi üzdəniraq qadınlar cəsarət edib özlərini jurnalist adlandırır və bu peşənin üstünə kölgə salaraq naxoş hərəkətlər edirdilər ki, bunun əzabını biz çəkirdik. İndi isə vəziyyət ciddi şəkildə yaxşılığa doğru dəyişib. Bəs problem kökündən həll edilibmi? Nə yazıq ki, bu suala hələ tam əminliklə cavab verə bilmirəm.

Hazırda jurnalistikada çox yaxşı gənc xanımlarımız var. Onlarla bağlı xeyli ümidliyik. Hesab edirəm ki, bu xanımlar bizlər kimi daha əziyyətli yollardan keçməyəcəklər, yetər ki, peşələrini sevsinlər. Bütün xanım jurnalistlər inanın ki, bir qəhrəmandırlar. Onlar ağır işin öhdəsindən gəlib, gec saatlarda evə gedirlər. Evdə isə onları kifayət qədər ciddi qayğılar gözləyir, ev işləri, övlad tərbiyəsi, həyat yoldaşının qayğısını çəkmək və s. Hansı kişi jurnalist bizim kimi əziyyət çəkir? Təbii ki, bu, zarafatyana bir deyimdir, amma bütün hallarda qadın jurnalistlərsiz mediamızı təsəvvür edə bilmirəm”.

"Həftə içi” qəzetinin əməkdaşı, jurnalist Naibə Qurbanova isə 20-25 il bundan əvvəl jurnalistika sahəsində qadınların sayının barmaqla sayılacaq qədər az olduğunu deyib və əlavə edib ki, indi bunu demək düzgün olmaz. N.Qurbanova hesab edir ki, bu gün mediada nəinki sıravi işçilər qismində, hətta rəhbər qadınların sayı artmaqdadır: 

"Ölkədə iki media holdinqin və bir neçə kütləvi informasiya vasitələrinin rəhbərinin qadın olması bu sahədə zərif cinsin daha çox uğur qazandığını ortaya qoyub: "Sadəcə qadına bu sahədə özünü təsdiqləmək üçün enerji, səbr və yüksək menecerlik qabiliyyəti lazımdır. Sonuncu kişilərə aid olsa da, etiraf edək ki, qadın olaraq bu sahədə baş çıxarmaq çox çətindir. İdarəçilikdə qadın olaraq uğur qazanmaq asan deyil. Çünki hələ də qadınların kişilərlə bərabər eyni vəzifələrdə çalışmasına münasibət birmənalı deyil. Qadının media kimi azad və sərbəst bir sahədə çalışmasına baxışlar çox fərqlidir. Qeyri-stabil iş saatı, milli mentalitet dediyimiz və əksərən qadınların ziyanına işləyən bir "kural”a boyun əyərək çalışmaq perspektivlik baxımından əlverişli olmur. Bütün bunlara rəğmən media sahəsində böyük nailiyyətlər qazanan qadınlarımız var. Təəssüfedici məqam odur ki, qadınlar daha çox reportyor, araşdırmaçı jurnalistlər kimi deyil, vizual mediada görünüş olaraq önə çəkilirlər. Yəni intellektual potensial çox vaxt arxa plana keçir. Dünya praktikasında aparıcı kütləvi informasiya vasitələri reportyor kimi məhz qadın müxbirlərin əməyinə üstünlük verir. Bu isə onların hadisələrə baxışının kişilərə nisbətən daha həssas olması ilə bağlıdır. Bizdə isə qaynar nöqtələrə kişi reportyorlar cəlb olunur. Bu isə yuxarıda qeyd etdiyim kimi, mentalitetdən və daxili qaydalardan irəli gəlir. Ancaq çox istərdim ki, zamanla bu ayrı-seçkilik də aradan qaldırılsın”.

Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov da Azərbaycan jurnalistikasında qadınların 2-ci planda qaldığını düşünmür: 

"Məsələn, bizim redaksiyada qadınların sayı kişilərin sayından çoxdur. Hətta bundan əvvəlki redaktorumuz da qadın idi. Məncə, kişilərdən fərqli olaraq qadınlar daha məsuliyyətli olurlar. Media orqanlarına rəhbərlik edən qadınların sayı da az deyil. Bu da Azərbaycan jurnalistikasında qadın-kişi ayrıseçkiliyi olmadığını göstərir. Jurnalistika bəlkə yeganə sahələrdən biridir ki, qadınlar öz bacarıqları və istedadları hesabına yüksələ bilirlər. Bunu biz əyani sübutlarla da ifadə edə bilərik”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-06-25