2018-03-14 12:06:13   |   3230 dəfə oxunub

Milli mətbuatımızda 31 mart soyqırımı - Akif Aşırlı yazır




Erməni-bolşevik birləşmələrinin Azərbaycan xalqına qarşı 1918-ci ilin martın 31-dən aprelin 2-dək törətdiyi soyqırımdan 100 il ötür. Siyasi rejim və sistemlərin dəyişməsinə baxmayaraq bu son əsrdə xalqımıza qarşı törədilən vəhşiliklər davam etdirilib və bu gün də Azərbaycan sərhədlərində, Qarabağ bölgəsində eyni hal yaşanır. Cənubi Qafqazda sülhün, siyasi sabitliyin, birgəyaşayış qaydalarının təhlükə mənbəyinə çevrilən, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan Respublikası tarixən bu coğrafiyada törətdikləri qanlı olayları yenidən dirçəldir, günahsız insanlara, qocalara, uşaqlara qarşı soyqırım siyasətindən əl çəkmək istəmir.

Ermənilər soyqırım siyasətini tarixən tək insanları məhv etmək üzərində həyata keçirmir, Azərbaycan xalqının milli təsisatlarını, milli mətbuat orqanlarını sıradan çıxarıb, yararsız hala salmaq, bununla da törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq istəyirdilər.

1918-ci ilin mart ayının 31-dən aprelin 2-dək Bakıda, bir müddətdən sonra Şamaxıda, İrəvanda, Qubada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələrlə yanaşı, jurnalistlər və xalqı arxasınca aparmağa qadir ziyalılar da hədəfə alındı. "Açıq söz”, "Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən müasir çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. 

"Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı. Milli məfkurə məbədi olan "İsmailiyyə” binası yandırıldı, Təzə pir məscidinin minarəsi top atəşi ilə dağıdıldı. Həmin hadisələri gözləri ilə görən, "Kaspi” qəzetində mürəttib kimi çalışmış, əslən Maştağadan olan Seyidağa Axundzadə yazır ki, "İsmailiyyə” binasına od vuran "Daşnaksütyun” firqəsi silahlıları sonra qəzet redaksiyalarına hücum etdilər:

 "Qoşun dərhal şəhər bağı cənubundan hücum edib mitralyozdan səri atəşlər açırlar. Bu halı görən Daşnak firqəsi dərhal məzkur küçədən geri çəkilməyi təhti qərara alıb Cəmiyyəti Xeyriyyə binasına ("İsmailiyyəyə”) və "Açıq söz”, "Kaspi” mətbəə və idarələrinə od vururlar”. S.Axundzadənin yazdığı kimi bir çox redaksiyalar "İsmailiyyə” binasında yerləşdiyindən yanıb-kül oldu. "Azərbaycan” qəzetində 1919-cu ildə çap edilən 31 mart soyqırımı ilə bağlı fotoşəkillərdən biri "Kaspi” qəzeti redaksiyasının yandırılmasından sonrakı tarixi vəziyyət təsvir olunur. Daşnaksütyun Partiyası tərəfindən hələ 1917-ci ildə planlaşdırılan, bolşeviklərlə birgə həyata keçirilən 31 mart qırğını Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi yaddaşına, ziyalılarına qarşı mənəvi soyqırım idi. Azərbaycan xalqının mədəniyyətinə vurulan bu ağır yaraları o dövrün qələm sahibləri "mədəni zərbə” adlandırırdılar: "Qardaş qayğısı” qəzetində Ə.Seyfullazadə Bakı və Şamaxı qırğınlarında Azərbaycan türklərinin aldıqları zərbələri ən ağır və müdhiş "mədəni zərbə”lər adlandırırdı: "18 martda (yeni təqvimlə 31 mart - A.A.) daşnakların evbəev gəzib azəri türklərin ən gənc ziyalılarını, gələcək Turanın işıqlarını axtarmalarını, xainanə bir surətdə gülləbaran etmələrini heç bir vicdan sahibi soyuqqanlılıqla ötürəməz. "Kaspi”, "Açıq söz” mətbəələrimiz yandırılmaqla milli mətbuatımıza nə qədər ağır unudulmaz yara vurulmağını həmişə xatırlayacağız”.

1918-ci ilin mart soyqırımınadək Azərbaycanda 20-dən artıq anadilli mətbu orqan fəaliyyət göstərməyinə baxmayaraq, qətliamdan sonra yalnız bolşevik platformasını qəbul edib, təbliğat aparan "Hümmət” və "Bakı Şurasının əxbarı” qəzetlərindən başqa digər milli mətbuat nümunələrinin nəşri qadağan olundu. Təsadüfi deyil ki, "Açıq söz”, "Bəsirət”, "Kaspi” qəzetlərin son sayları soyqırımdan bir gün əvvələ, martın 17 və 18-də nəşr edilib. Bakı Sovetinin sədri Şaumyanın əmri və Mətbuat bürosunun qərarı ilə "mart hadisələrinə düzgün qiymət vermədiklərinə və vahid sosialist cəbhəsində dayanmadıqlarına” görə, hətta rusdilli qəzetlər belə bağlanıldı. "Kaspi”, "Bakı”, "Bakinets”, "Vesti Baku”, menşeviklərin "Naş qolos” qəzetlərinin nəşri dayandırıldı, bəyanatların, əhaliyə müraciətlərin çapı qadağan olundu.

Tiflisdə nəşr olunan anadilli mətbuat orqanlarını çıxmaq şərtilə Azərbaycan milli demokratik mətbuatı 1918-ci ilin martından sentyabrın 15-i, Bakının işğaldan azad olunduğu günə qədər özünün iflic dövrünü yaşadı.

V.İ.Lenin tərəfindən Qafqaza fövqəladə komissar kimi göndərilən Şaumyanın rəhbərliyi ilə hələ 1918-ci ilin yanvar ayından başlayaraq Azərbaycan xalqına qarşı terror və qətliamlar planlaşdırıldığını anlayan milli mətbuat orqanları bu barədə xalqı məlumatlandırır, onlara özünü müdafiə hissi aşlayırdılar. Anadilli mətbuat orqanlarında "Birlik tələb olunur”, "Birləşəlim”, "İttifaq edəlim”, "İttihad gərək” çağırışları qəzetin əsas sütunlarında dərc olunurdu. 

Sənətulla İbrahim bolşeviklərin və Daşnaksütyun Partiyasının, Erməni Milli Şurasının silahlı hərbi birləşmələrinin xalqımıza qarşı planlaşdırdığı faciəvi hadisələri "Milli fəlakət” kimi dəyərləndirərək "Açıq söz” qəzetinin 15 mart 1918-ci il sayında xalqı xəbərdar edirdi: "Müsəlman partiyaları da xalqı milli fəlakətdən xilas etmək xatirinə birləşməyə borcludurlar... Dəhşətli saət gəliyor, birləşəlim!” S.İbrahim bu xəbərdarlığı qətliamdan 3 gün əvvəl etmişdi.

Dövrün istedadlı, peşəkar publisisti Xəlil İbrahim isə soyqırımın başladığını "Açıq söz”ün son saylarında xəbər verir, Bakıda "Qırmızı Qvardiya”nın müsəlman alayı əsgərlərinin silah-sursatını zorən ələ keçirdiyini bildirirdi: "Martın 18-i gecəsi müsəlman alay əsgərlərindən 46 nəfər ilə Qırmızı Qvardiya arasında vüqu bulunmuş olan hadisədən dolayı şəhərdə böyük həyəcan və ğalyən var. Hərənin ağzından bir söz çıxıyor, hərə bir şey tələb ediyor. Doğrudur, rəzil həyatdan şərəfli ölüm yaxşıdır. Fəqət, ölməgin də bir hüsnü-nəticəsi olmalıdır... Əgər hürriyyətimiz, istiqlalımız uğrunda ölmək lazım gəlsə, şübhəsiz ölməyə hazır olmalıyız”.

I Dünya Müharibəsindən Qafqaz cəbhəsindən geri çəkilən və Bakıda qərarlaşan 6 minə yaxın silahlı əsgər və zabit bolşeviklərin sərəncamında idi. Daşnaksütyun Partiyasının 4 minə yaxın hərbi qüvvəsi də Şaumyanın əvvəlcədən hazırladığı plan əsasında milli qırğında istifadə üçün hazırlanmışdı. "Bakinskiy raboçiy”, "İzvestiya raboçix Sovetov deputatov” qəzetlərində Şaumyan bu qədər hərbi qüvvəyə sahib olduqlarını açıq söyləyirdi.

"Hümmət” partiyasının sədri, doktor Nəriman Nərimanov Azərbaycan xalqını bolşevik-daşnak birləşmələrinin qırğınından qorumaq üçün martın 18-də saat 12 radələrində öz evində toplantı keçirdi. Bakıda ictimai-siyasi, sosial-psixoloji durumun partlayış həddinə çatdığını görüb, S.Şaumyanı qırğın planından çəkindirmək üçün onu Bakı ağsaqqalları, "Hümmət” partiyasının üzvləri, Müsəlman Milli Şurası nümayəndələri ilə görüşdürdü. Doktor üzünü S.Şaumyana tutub dedi: "Yoldaş!Siz də, mən də müsəlmanların halını bilirik. Hərgah bir iğtişaş başlansa, ayaq altında qalan fəqir-füqəra olacaqdır... Ona görə Sizdən təvəqqe edirəm, sizə yalvarıram, bu işi sülh yolu ilə qutarınız”.

"Yevlena” gəmisində öz əsgər yoldaşları Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin dəfnindən sonra Lənkərana qayıdan "Dikaya diviziya”nın 48 nəfər heyətinin alınan silahlarını geri qaytaracağı vədini verən Şaumyan əvvəlcədən planlaşdırdığı qırğını həyata keçirmək üçün sözünün üstündə durmadı. "Hümmət” qəzeti 1 aprel 1918-ci il tarixli sayında bu barədə yazır: "Atəşin necə və kimin tərəfindən başlanıldığını müsəlman vəkilləri bilir”.

"Dikaya diviziya” əsgərlərinin silahlarının qaytarılması əvəzində müsəlmanlara qarşı hərbi əməliyyatlara hazırlaşanlar martın 18-də (təzə təqvimlə martın 31-də) axşam qanlı olayların icrasına başladılar: "Saat 5- də müsavatçılar İcraiyyə komitəsində silahların qaytarılmasını gözləyirdilər. Bu halda xəbər yetişir ki, Şamaxı caddəsində müsəlmanlara hücum edib onları öldürürlər”.

Qırğınları icra edən isə Stopka Lalayevin erməni dəstəsi idi. Həmin gün axşam saat 7-də bir neçə azərbaycanlı öldürüldü və sonra qətliamlar şəhərin müsəlmanlar yaşayan hissəsinə keçirildi, əhali Mars teatrının damında yerləşdirilən pulemyotlardan atəşə tutuldu. Artıq saat 10- da məlum oldu ki, mərkəzi küçələr işğal edilib, şəhərin aşağı hissəsi ilə əlaqə kəsilib.

3 gün ərzində Bakı qan gölünə çevrildi. Uşaq, qoca, qadın bilmədən qarşılarına keçənləri qətlə yetirən bolşevik-daşnak birləşmələri bəzən insanları diri-diri alovlanan evlərin içinə atırdılar. Küçələr, evlər parçalanmış qadın, qoca, uşaq cəsədləri ilə dolu idi. Qaçıb canını qurtarmaq istəyənlərin evləri, varidatları talan edilirdi. Bakı əhalisinin 3 gün aramsız qətlini gözləri ilə görüb yazıya alan Seyidağa Axundzadə qeyd edir ki, şəhəri bürüyən tüstüdən qırğının miqyasını təyin etmək olardı: "Daşnak firqəsi əllərinə düşən müsəlman övrət və uşaqlarından heç bir zülmü əsirgəməyib insanlara yaraşmayan böylə qəbahətlərin icrasına qədər varmışlar”... Hamilə övrətlərin bətnində olan məsum səbilləri (uşaqları) belə çıxarıb tüfəng cüdalarına taxmışlar. Pojarnı komanda tərəfindən vaqe bir məscidin divarlarında neçə uşağın mıxlandıqlarını sonra görmüşlər və o tərəfdə yaşayan müsəlmanların həyatına birdəfəlik qələm çəkmişlər”.

(Davamı gələn sayımızda)

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17