2018-03-14 16:36:55   |   3602 dəfə oxunub

Akademik:"Qarşımızdakı təkcə Ermənistan olsaydı, indi yer üzündə yox idi" - Müsahibə

Nizami Cəfərov:"Azərbaycan müharibəyə başlasa, ermənilər kənara çəkiləcək və biz onların havadarları ilə müharibə aparacağıq"

"Cümhuriyyət dövründə Azərbaycan dili dövlət dili elan olundu. Azərbaycan parlamentində müzakirələr ana dilində aparılırdı. Rusca danışmaq cəhdlərinin dərhal qarşısı alınırdı"




"31 Mart soyqırımının il dönümünü neçə illərdir qeyd edirik. Əsas məsələ isə hadisələrin kim tərəfindən və hansı səbəblərdən baş verdiyini dünyaya çatdırmaqdır"

"Düşünün, bu vəziyyətdən indiki situasiyaya gəlib çıxmışıq. Dünya Azərbaycanı tanımırdı, adı çəkiləndə zənn edirdilər ki, bu dövlət Afrikadadır"

"Bir avropalı üçün tarixin intellektual, faktiki tərəfi maraqlıdır. Soyqırımıların, faciələrin emosiyasından çox real hadisələr göstərilməlidir"

" Hiss olunur ki, AMEA-nın Dilçilik institutunun potensialı tükənib. Orfoqrafiya lüğətini hazırlaya biləcək mükəmməl kollektivi yoxdur"

"Odur ki, valideynlərin rus dilində məktəblərə meyl etməsinə qarşı mübarizə aparmaq yox, Azərbaycan dilində olan məktəblərin səviyyəsini yüksəltmək lazımdır"

"Təhsilimizdə heç zaman geriləmə olmayıb, müstəqillik dövründə həmişə proses irəli gedib"

"Xalq istəyir ki, bu şəxsiyyətlər Fəxri Xiyabanda dəfn olunsun. Amma həmin şəxslərin istəyinə uyğun, öz yurdunda dəfn edilməsi, onların şəxsiyyətinə hörmətsizlik deyil"






Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun "Sherg.az”a müsahibəsini təqdim edirik:

-Bu il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü il dönümüdür və bununla bağlı ölkə başçısı sərəncam imzaladı...

-Cümhuriyyətin 100 illiyinin keçirilməsi ilə bağlı ölkə başçısının sərəncamı ən böyük hadisələrdən biridir. Bu artıq o deməkdir ki, bugünkü Azərbaycan Respublikası sözdə deyil, işdə də Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. "Cümhuriyyət ili” çərçivəsində siyasi, sosial-ictimai və mədəni sahələrdə xeyli tədbirlər həyata keçirilir. Bütün il boyu ölkəmizdə və xaricdə təşkil olunan tədbirlər davam edəcək. Azərbaycan xalqı da, dünya dövlətləri də dərindən hiss edəcək ki, Azərbaycan zəngin dövlət ənənələri olan, XX əsrin əvvəllərində özünü respublika elan edən, dövlət qurumlarını təsis edən, demokratik parlament qurmuş dövlətdir.

-AXC dövründə Azərbaycan dilinin inkişafı məsələsinə necə diqqət yetirilirdi?

-Azərbaycan dili inkişaf etməsəydi, Cümhuriyyət də olmazdı. Xalqı inkişaf etdirən, hərəkətə gətirən onun dilidir. Müstəqil dili olmayan xalq heç vaxt müstəqillik uğrunda müharibə apara bilməz.

-Cümhuriyyət dövründə Azərbaycan dili dövlət dili elan olundu. Azərbaycan parlamentində müzakirələr ana dilində aparılırdı. Rusca danışmaq cəhdlərinin dərhal qarşısı alınırdı. Kəskin bildirilirdi ki, Azərbaycan parlamentində ünsiyyət dili qəti şəkildə Azərbaycan dili olacaq. Rəsmi sənədlər, orduda əmrlərin verilməsi, nazirliklərin yazışmaları kimi məsələlərdə qısa müddətdə Azərbaycan türkcəsindən istifadə edildi. Bütövlükdə, Cümhuriyyət təsdiq etdi ki, Azərbaycan dili bu xalqın, bu dövlətin dilidir.

Həmin dövrdə Azərbaycan dilinə qarşı məhəbbət, hörmət mövcud idi. Bu prosesi Azərbaycan müstəqillik əldə etdikdən sonra davam etdirdi. Ümummilli Lider Heydər Əliyev sözügedən məsələ ilə bağlı çox müsbət nümunələr göstərdi. Bütün dünyaya bəyan etdi ki, Azərbaycan dilinin inkişafı ideoloji,mənəvi məsuliyyətdir.


-Bu il 31 Mart soyqırımının da 100-cü ildönümüdür. Anım tədbirlərinin keçirilməsi ilə əlaqədar təklifləriniz varmı ?

-Müstəqillik illərində xeyli təcrübəmiz formalaşıb. 31 Mart soyqırımı törədilən ərəfədə AXC elan olunmasa da, faktiki mövcud idi. Ona görə, AXC-nin elan olunduqdan sonra bilavasitə məşğul olduğu məsələlərdən biri də bu idi. Xüsusi komissiya yaradıldı ki, bu hadisələri təhlil etsin. Cümhuriyyət hələ "doğulmamış” bu hadisələr onun canında mövcud idi. Əsas odur ki, soyqırımı unudulmadı. Amma müstəqillik illərində Azərbaycan Respublikası AXC-nin varisi olduğundan, 31 Mart soyqırımına da diqqət yetirildi. Araşdırmalar göstərdi ki, başqa dövrlərdə də Azərbaycan xalqına qarşı soyqırımı cəhdləri olub. Elmi, tarixi təfəkkürümüzdə artıq bu hadisələrin xronologiyası mövcuddur.

31 Mart soyqırımının il dönümünü neçə illərdir qeyd edirik. Əsas məsələ isə hadisələrin kim tərəfindən və hansı səbəblərdən baş verdiyini dünyaya çatdırmaqdır. Yeni nə isə düşünməyə ehtiyac yoxdur. Hər il yeni məlumatlarla, təhlillərlə daha mükəmməl ümumiləşdirmələr aparılmalıdır. Effektli yollarla bu hadisələri dünyaya tanıtmaq lazımdır.

-Fikirlər səsləndirilir ki, Dağlıq Qarabağ münaqişəsinin təbliği ilə bağlı da müəyyən boşluqlar var. Bu düşüncə ilə razılaşırsınızmı?

-Təxminən 13 il - ən mürəkkəb dövrdə Amerikada səfir olan ziyalımız Hafiz Paşayevin "Bir səfirin manifesti” kitabını bir neçə dəfə oxumuşam. Kitabda Dağlıq Qarabağın tanınması prosesinin tarixi çox gözəl əks olunur. O deyir ki, Amerikada olanda nəinki Dağlıq Qarabağ məsələsi, ümumiyyətlə Azərbaycan və digər Qafqaz ölkələri barədə təsəvvürlər ümumi idi. 90-cı illərin əvvəllərində hətta qərblilər düşünürdü ki, Qarabağ Ermənistan torpağıdır, azərbaycanlılar zəbt edib. Çünki erməni diasporu çoxdan orada mövcud idi. Erməni diasporunun da müasir əhval-ruhiyyədən xəbəri olmadığına görə, hətta özləri də öz yalanlarına inanırdılar. Düşünün, bu vəziyyətdən indiki situasiyaya gəlib çıxmışıq. Dünya Azərbaycanı tanımırdı, adı çəkiləndə zənn edirdilər ki, bu dövlət Afrikadadır.

AXC, Azərbaycan xalqının başına gətirilən müsibətlər və Dağlıq Qarabağ münaqişəsi bir-birilə əlaqədardır. Dünyada da belə tanınıb. Son zamanlar Xocalı faciəsi haqqında dünyaya geniş mesajlar verildi. Bəzi dövlətlər Xocalını soyqırımı kimi tanıyırlar. Xocalı elə Dağlıq Qarabağ deməkdir. Ən böyük faciə Xocalıda törədilibsə, bir şəhər yer üzündən silinib, insanlar amansızlıqla qətlə yetirilibsə, bu artıq ermənilər barədə təsəvvürdür. Sözügedən məsələ 31 mart soyqırımına da işıq salır.

Bütün bu məsələlərlə bağlı təbliğat işləri görülür. Amma tədbirləri daha da artırmaq lazımdır. Düşünürəm ki, Azərbaycanın müasir tarixinə aid kitablar xarici dillərdə çap edilməlidir ki, hadisələr bütöv görünsün. Bir avropalı üçün tarixin intellektual, faktiki tərəfi maraqlıdır. Məsələnin emosiyasından çox real hadisələr göstərilməlidir.

Son illər müsbət addım filmlərin daha çox çəkilməsidir. Tarixi hadisələri əks etdirən filmlərin daha çox yayılmasına ehtiyac var.


-Son vaxtlar cəmiyyətdə müharibə ehtimalı artıb. Əksər politoloq, hətta bəzi deputat həmkarınız bunu istisna etmir...

-Azərbaycan Ermənistanla müharibəni dayandırmayıb, prosesi lazımi səviyyədə davam etdirir. Geniş cəbhədə Ermənistanla mübarizə aparırıq. İqtisadi inkişafda, dünyada siyasi nüfuz məsələsində və s. Azərbaycan öndədir.

Müharibənin qanlı formada baş verəcəyinə inanmıram. Dünya, beynəlxalq güc bunu qəbul etmir. Güclü dövlətlər sakit dayana, Azərbaycan Ermənistanı məğlub edə - bu, mümkün deyil. Qarşımızda təkcə Ermənistan olsaydı, təbii ki, indi yer üzündə yox idi. Çünki hərbi, iqtisadi, insan potensialı, maddi və mənəvi hazırlıq müqayisə edilə bilməz.

Ermənistanın arxasında müəyyən qüvvələrin olması heç kəsə sirr deyil. Azərbaycan müharibəyə başlasa, ermənilər kənara çəkiləcək və biz onların havadarları ilə müharibə aparacağıq. Tarixdə görünməyib ki, ermənilər haradasa müharibə aparsın. Bu gün də yoxdur. Erməni quldurları, erməni yolkəsənləri, terrorçuları var. Amma ordu yoxdur. Ona görə, kiminlə müharibə edəcəyik?

Bəlkə də o müharibəyə heç ehtiyac yoxdur.


- Bir az da dilimizin hazırkı durumundan söz açaq. AMEA-nın Dilçilik İnstitutu və Orfoqrafiya Komissiyası dilimizdəki bəzi sözlərin yazılışın dəyişdirilməsinə dair təkliflər paketi ilə çıxış edib. Bunu necə qiymətləndirirsiniz?

-Azərbaycan dili inkişaf səviyyəsinə görə, dünyanın 100 dili içərisində yer alıb. Elə bu göstəricilər artıq təsəvvür yaradır. Orfoqrafiya qaydalarına bir müddət əvvəl edilən dəyişikliklərlə bağlı müzakirələrin ortaya çıxmasının səbəbi müstəqillik illərində bu lüğətin normal tərtib edilməməsidir. Bu sahədə xeyli ənənəmiz olsa belə, son illərdə bu qaydalar özünü doğrultmadı. Çünki məsələyə məsuliyyətsiz yanaşıldı. Azərbaycan Tərcümə Mərkəzi də "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü" adlı ayrıca lüğət tərtib etdi. Burada da yüksək bilikli ekspertlər çalışmışdılar. Həqiqətən mükəmməl sözlük hazırladılar.

AMEA-nın Dilçilik institutu on illər boyu orfoqrafiya lüğətinin hazırlanması üçün məsuliyyət daşıyıb, böyük işlər də görülüb. Amma hiss olunur ki, artıq potensial tükənib. Orfoqrafiya lüğətini hazırlaya biləcək mükəmməl kollektivi yoxdur. Bu baxımdan ciddi qüsurlar meydana çıxır. Son layihə AMEA tərəfindən yaxşı təşəbbüs idi. Orfoqrafiya qaydalarını nizama salmaq lazımdır. Çünki bu baş tutmasa lüğət hazırlamaq çətindir.

Bir neçə sözün təkmilləşdirilməsi fikirləri var. Amma hələlik buna ehtiyac yoxdur. Orfoqrafiya qaydalarının özü də yerindədir. Sadəcə orfoqrafiya lüğətinin önündə verilən, tərtib edilən maddələr yerində deyil. Dilçilərimizin bəziləri məsələnin mahiyyəti ilə məşğul olmaq əvəzinə Tərcümə Mərkəzinin lüğətini "plagiat” adlandırıblar. Tamamilə səhv ediblər. Halbuki yeni atılmış bu cür mükəmməl addıma mənfi münasibət göstərmək əvəzinə, ondan öyrənmək lazımdır.

Orfoqrafiya lüğətini indiyə qədər hazırlayanlarda söz anlayışını dərk etmək keyfiyyəti yoxdur. Hansısa söz lüğətdə verilirsə, onun qrammatik törəmələri var. Məsələn, yazmaq sözünün qrammatik törəmələri yazdırmaq, yazışmaq və s.-dir. Qrammatik törəmələr bəzən söz hesab olunur. Lüğət isə birdən-birə söz barəsindəki təsəvvürə uyğun gəlmir. Ya həddindən artıq arxaik sözlər daxil olur ki, işlənmir, ya da qondarma sözlər yaradılır. Bu tipli qüsurları Tərcümə Mərkəzi aradan qaldırıb.


-Rus dilində "da" və "net"dən başqa söz bilməyən valideynlər var ki, övladlarının rus bölməsində təhsil almasını istəyir. Son illər rus dilinə çox böyük maraq yaranıb. Vəziyyət o həddə çatıb ki, paytaxtdakı rusdilli orta məktəblərdə yer tapılmır...

-Bu məsələyə kəskin fikir bildirmək istəmirəm. Çünki həmin valideynlər övladlarını Azərbaycandakı rus məktəblərinə qoyurlar. Görünür, bu məktəblərin hər hansı üstünlükləri var. Ola bilər, valideyn düşünür ki, uşaq ana dilini yaxşı bilir, rus dilini də öyrənsin dünya miqyasına çıxsın. Odur ki, valideynlərin rus dilində məktəblərə meyl etməsinə qarşı mübarizə aparmaq yox, Azərbaycan dilində olan məktəblərin səviyyəsini yüksəltmək lazımdır. Azərbaycan dilli məktəblərdə uşaq həm ana dilini yaxşı mənimsəyəcək, həm də digər dilləri öyrənəcək. Valideyn bunları bilərsə, övladlarını Azərbaycan dilli məktəblərə verəcək.

Rus dilli məktəblərə qoyulan uşaqlar çox zaman oxuya bilmirlər. İbtidai siniflərdə bir qədər vəziyyət normal olsa da, sonradan oxumaq o qədər çətinləşir ki, hətta rus bölməsindən Azərbaycan bölməsinə keçidlər olur.

Təhsil Nazirliyi bu prosesləri analitik təhlil etməli, nəticələrini ortaya qoymalıdır. Kənardan ümumiləşdirmələr aparmaq özünü doğrultmur.

-Bəs, ümumi olaraq, təhsilimizin problemləri nələrdir?

-Düşünmürəm ki, Azərbaycan təhsilinin böyük problemləri var. Artıq dünya standartlarına uyğunlaşıb. Təhsilimizdə heç zaman geriləmə olmayıb, müstəqillik dövründə həmişə proses irəli gedib. Müəyyən mürəkkəbliklər, çətinliklər ola bilər. Bunun bir hissəsi iqtisadi çətinliklərlə, texniki məsələlərlə bağlıdır. Bunlar ortaya çıxdıqca, tədricən aradan qaldırılır.

Biz xalq olaraq intellektli xalqıq. Oxumağın çətin olduğu şəraitdə övladlarımız yaxşı oxuyub. Azərbaycanlılar dünyanın böyük universitetlərinə düşəndə dən orada tanınmış şəxslərə çevriliblər.


-Bir müddət əvvəl dünyasını dəyişən görkəmli bəstəkar Tahir Əkbərin dəfn məsələsi, məzarının yerinin dəyişdirilməsi ciddi müzakirə predimetinə çevrildi. Bu hadisəni dəyərli bir şəxsiyyətə hörmətsizlik kimi qəbul edənlər də oldu. Hətta bundan faciə düzəldənlərə də rast gəlindi. Sizcə, buna əsas var idimi?

-Bu, ictimai məsələdir. Cəmiyyətin böyük şəxsiyyətlərin, Azərbaycan mədəniyyətinə töhfə verən şəxslərin taleyi ilə maraqlanması, hörmət etməsi çox yaxşı haldır. Amma burada ailə məsələsi, dünyasını dəyişən şəxsin vəsiyyəti, istəyi də nəzərə alınmalıdır. Hər kəs düşünürdü ki, Azərbaycanın Xalq Şairi Osman Sarıvəlli Fəxri Xiyabanda dəf olunacaq. Amma o, vəsiyyət etmişdi ki, məni öz yurdumda, qohumlarımın arasında dəfn edin. Xalq şairi Hüseyn Arif də vəsiyyətində Ağstafada dəfn olunmasını yazıb. Aşıq Ədalət də Qazaxda dəfn olunmaq istəyib. Bu şəxsiyyətlərin istəyinə hörmət etmək lazımdır. Müxtəlif vəziyyətlər nəzərə alınmalıdır.

Xalq istəyir ki, bu şəxsiyyətlər Fəxri Xiyabanda dəfn olunsun. Amma həmin şəxslərin istəyinə uyğun, öz yurdunda dəfn edilməsi, onların şəxsiyyətinə hörmətsizlik deyil.

Söhbətləşdi: Aysel ASALN







SON XƏBƏRLƏR

2018-12-14