2018-03-16 18:31:02   |   4750 dəfə oxunub

"Vaxtilə bu cür təhqir və tənqid səsləndirənləri güllələyiblər" - Xalq şairi

Fikrət Qoca: "...amma biz kəskin yanaşa bilmərik. Qayğı və təmkin göstərməliyik, o gəncləri səbrlə başa salmalıyıq. Onsuz da, zaman onları başa salacaq. Bu da bir dərsdir, məktəbdir”



"Tarixi, ədəbi şəxsiyyətlərimizi təhqir edən gənc yazarları cəzalandırmaq yaxşı təklif deyil”.

Bunu "Sherg.az”a xalq şairi Fikrət Qoca deyib. 

Onun sözlərinə görə, aidiyyəti qurumlar cəza tədbirləri həyata keçirsə, elə həmin yazarların addımına bərabər vəziyyət alınar:

"Cəzalandırma aparsaq, həmin gənclərdən nə fərqimiz qalar. Bizim o gənc yazarlardan fərqli olaraq dünya görüşümüz daha genişdir, səbrimiz çoxdur. Gəncin üzərinə düşüb, onları cəzalandıracaq düşüncədə deyilik.

Milli Məclisdə bunu istəyirlərsə, məşğul ola bilərlər. Azərbaycan Yazıçılar Birliyi (AYB)  nə etməlidir ki?

Gənc yazarlar da bizim övladımızdır, yazırlar, yaradırlar, ədəbiyyatla məşğul olurlar. Aman-zaman şəxsiyyətlərimizə "dil uzatmaqları” təcrübəsizlikdən, özünü gündəmə gətirmək istəyindən irəli gəlir. Cavanlıqdan irəli gələn bu səhvləri zaman düzəldəcək. Biz onları başa salmağa çalışırıq. Vaxtilə bu cür təhqir və tənqid səsləndirənləri güllələyiblər. Ölkəmizə, ədəbiyyatımıza bunun nə xeyri oldu? İnsanla elə rəftar etmək olmaz. Bizim ən böyük var- dövlətimiz elə o cavanlardır. Düzdür, onların klassiklərimizə belə yanaşması yaxşı iş deyil, amma biz kəskin yanaşa bilmərik. Qayğı və təmkin göstərməliyik, səbrlə o gəncləri başa salmalıyıq. Onsuz da, zaman onları başa salacaq. Bu da bir dərsdir, məktəbdir”.

Qeyd edək ki, millət vəkili Tahir Kərimli klassiklərimizin, ədəbi şəxsiyyətlərimizin təhqir edilməsi hallarının Milli Məclis və aidiyyəti orqanlar tərəfindən müzakirə olunmasını təklif edib. Deputatın fikrincə, qınağa ehtiyac varsa, Azərbaycan Yazıçılar Birliyi, görkəmli ədəbiyyatşünaslar qərar layihəsi hazırlayıb, Milli Məclisə təqdim edə bilər:
"Təklif edirəm ki, bu layihədə ədəbiyyatımızı, mənəviyyatımızı kökündən baltalamaq faktları qəti pislənilsin. Nəticə olaraq, əhəmiyyətli addımlar atılsın”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-24