2018-03-19 11:55:52   |   1053 dəfə oxunub

"...rublun dəyərsizləşməsi manata təzyiqləri artıra bilər” - AÇIQLAMA



Rusiyanın Böyük Britaniya ilə başlayan "ikinci dalğa gərgin münasibətləri” şimal qonşumuzun köhnə qitənin aparıcı ölkələri ilə də münasibətlərinin kəskinləşməsinə səbəb olub.

Bu sözləri "Sherg.az"a iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, digər tərəfdən ABŞ Rusiyaya yeni iqtisadi sanksiyalar siyahısını genişləndirir:

"Bu fonda rublun məzənnəsində cüzi də olsa azalmalar müşahidə edilir. Fevralın sonunda 1 dollar almaq üçün 55.5 rubl ödəmək lazım idisə, indi hər ABŞ valyutası üçün 57.5 rus rublu gərəkdir.

Doğrudur, məzənnə fərqi kəskin deyil, amma aydındır ki, Moskva inzibati yollar ilə rubla olan təzyiqləri neytrallaşdırır.

Moskvanın inzibati metodlarla rublu uzun müddət bu intervalda saxlaya bilməsi inandırıcı görünmür və bu, yaxın gələcəkdə Rusiya üçün ciddi xərcə çevriləcək. Londonda başlanan gərginlik Moskva ilə Avropanın digər paytaxt şəhərləri ilə münasibətlərini daha pisləşdirəcəyi və köhnə qitədən yeni sanksiyalar tətbiq ediləcəyi halda rublu xilas etmək çətin olacaq”.

Ekspert hesab edir ki, Qərblə münasibətlərin gərginləşməsi fonunda şimal qonşumuzda yenidən dollarlaşma prosesi sürətlənir:

"Rublun məzənnəsinin necə dəyişməsi iqtisadi baxımdan bizim üçün də əhəmiyyətlidir. Ötən il 1 milyard 538 milyon dollarlıq qeyri-neft sektoru üzrə ixracatımızın 553 milyon dolları Rusiya bazarına yönəlib. Bu o deməkdir ki, Azərbaycanın ümumi qeyri-neft ixracatının 36 faizə yaxını məhz şimal qonşumuzun payına düşür.

Deməli, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır. Bu baxımdan rublun dəyərsizləşməsi manata təzyiqləri artıra bilər”.

Ayyət Əhməd






SON XƏBƏRLƏR

2018-04-21
2018-04-20