2018-03-27 19:01:26   |   4790 dəfə oxunub

Təhqir kampaniyası ziyalılarımızı da dilə gətirdi

Fikrət Qoca: "Söyüşlə danışan hər kim olursa olsun, birinci növbədə özünü ifşa edir"

Seyran Səxavət: "Söyüşə arxalanan həqiqət də qəbul olunmaz. Çünki söyüş acizlik əlaməti sayılır"




Məsəl var, deyirlər, bir dəli quyuya daş atır, yüz ağıllı çıxara bilmir. Bu, təxminən, hansısa «ağıllı»nın nə vaxtsa dediyi «siyasət məqsədə çatmaq üçün vasitədir, hətta kirli olsa da» sözünə oxşayır. Bu şəxs hər kimdisə, lap filosof olsa da, kirli adammış. Məqsədə çatmaq üçün hər vasitəyə – təhqirə, söyüşə, böhtana… baş vurmaq, qısaca, əxlaqsızlıqdı.

Təəssüf ki, zamanında el-obanın içində olan, sonra isə xarici ölkələrə sığınmış bir para insanımız indi öz dövlətimizə, ölkəmizə qənim kəsilib. Düşünmək olardı ki, qürbətdə yaşayanlar Vətən həsrəti çəkən, Vətənin ayağına daş dəyməsin deyə, başını daşın önünə verməyə hazır olanlardı. Hər halda bizim təsəvvürümüzdə belədir. Görünən budur ki, təsəvvürlər də yerinə görə dəyişkəndi. Kimdənsə, nədənsə inciyib gedənlər, Vətənə, dövlətə qənim kəsilməməlidir. 

Çünki Vətən hamımızın ümumi evi, dövlətimiz hamımızın qürur yeri olmalıdır. Əfsus ki, Avropa ölkələrini özünə sığınacaq seçənlərin bəzisi azərbaycanlı əxlaqını da unudur. Unudurlar ki, bizim əxlaqımızda söyüş, təhqir qəbulolunmazdı.

Son zamanlar sosial şəbəkələrdə «vüsət almış» söyüş, təhqir kampaniyası ən çox da ziyalılarımızı narahat edir. «Bizə nə gəldi belə, hanı azərbaycanlı əxlaqı, azərbaycanlı mənliyi?!» deyə sual edirlər. Fikrini öyrəndiyimiz ziyalılar da məsələyə məhz bu rakursdan yanaşdılar.

Xalq şairi Fikrət Qoca sosial şəbəkələr vasitəsilə dövlətimizə qarşı aparılan çirkin kampaniyanın ikrah hissi doğurduğunu dedi:

- Belə siyasət olmaz. Kim deyir ki, məqsədə çatmaq üçün hər vasitəyə əl atmaq olar?! Siyasət məgər əxlaqsızlıqdı?! Söyüş, təhqir yazanlar sabah ölkəni də bu istiqamətə aparacaq. Söyüşlə danışan hər kim olursa olsun, birinci növbədə özünü ifşa edir. Özünü tanıdır. Vaxtilə güclü diplomatlar olub. Deyirdilər ki, dil, insanların fikirlərini söyləmək üçün vasitədir. Başqa bir diplomat isə deyib ki, danışmağa heç nə tapmayanda, sözün düzünü de. Əsl, diplomatiya budur. İndi xarici ölkələrdə yaşayan həmvətənlərimizin söyüşə, təhqirə yer verdiyini görmək, şəxsən məni çox incidir. 

Mən dünyanı gəzmişəm, çox ölkələrdə olmuşam. Həmişə də qürbət eldə, öz torpağım gecələr yuxuma girib. Əsl vətənpərvər insan harada olursa olsun, Vətəninin, dövlətinin təəssübünü çəkməlidir. Vətəni, dövləti haqqında mənfi söz söyləyənin qarşısında dayanmalıdır. Dahi Nizami təqribən 870 il bundan əvvəl «Sirlər xəzinəsi»ndəki bir hekayətdə «Heç inci də bu itin dişləri qədər parlaq ola bilməz» yazırdı. Bu, insanlara öyüd-nəsihətdir ki, gözəllik vurğunu olun, hər çirkinlikdə gözəl bir xüsusiyyət tapmaq bacarığına sahib olun. Müdrik insan gözəlliyi görə bilənlərdir. 

Söyüşü, təhqiri özünə peşə edən bu insanlar hansısa ölkədə yaşayır, işləyir, kimsə onlara bir parça çörək verir. O çörəyi elə burda da qazanıb, dolanmaq olar. Xarici ölkədə yaşayırsansa, gərək elə Vətənin haqqında təhqir, böhtan yazasan?! İnsan gərək birinci güzgüyə baxıb öz eybini görsün.

Yazıçı-dramaturq Seyran Səxavət də «Şərq»ə açıqlamasında söyüş və təhqirin gücsüzlük əlaməti olduğunu dedi:

- Söyüş janrını özünə peşə edənləri, doğrusu, izləmirəm, buna imkanım da yoxdu. Amma bircə bunu bilirəm ki, söyüş döyüş deyil. Mən kəndli balasıyam. Uşaq vaxtımdan yadımda qalanı deyim. Kənddə uşaqların sözü biri-biri ilə düz gəlmirdi, dalaşırdılar. Yenik düşən uşaq 50 metr aralanandan sonra arxaya dönüb, yumruq göstərirdi ki, «eybi yoxdu, düşərsən əlimə». Halbuki, 5 dəqiqə əvvəl elə o uşağın yanındaydı. 100 metr aralanandan sonra da başlayırdı söyüş söyməyə. Bilirdi ki, uşaq arxasınca qaçsa da, çata bilməyəcək, tuta bilməyəcək onu. Söyüş, təhqir həmişə zəiflik əlaməti sayılıb. Qurban olduğum dilim, o qədər zəngindi, o qədər möhtəşəmdi ki, fikrini sözlə çox gözəl ifadə edə bilərsən. Söyüşə, təhqirə keçirsənsə, deməli, deməyə söz tapmamısan. Məni incidən bir də bilirsiz nədi? Deyirlər, 21-ci əsr informasiya əsridir, internet dövrüdür, filan… Deməli, internetdə yazılanları bizim kimi, başqaları da oxuyur. Biz bu söyüşlə, təhqirlə dünya ictimaiyyətinin, əgər bu həqiqətən varsa, fikrini özümüz haqqında mənfi tərəfə istiqamətə yönləndirəcəyik. Dostlarımız azdı, düşmənimiz çoxdu. Xanəndələrimiz oxuyardı, dost mehriban ya bir ola, ya iki. İndi, biz o gündəyik. Bir-iki dostumuz ola, ya olmayadı. Nə olar, sözümüz varsa, bunu biri-birimizə deyək də. Niyə o xaricdəkilər görməlidir ki, biz biri-birimizlə necə dalaşırıq. Bu, bizə yaraşmır axı. Bu, bilirsiz həm də nəyə oxşayır? Bir adamın pulu var, gedib özünə bahalı libas alır, geyinir. Amma kənardan baxan görür ki, ona yaraşmır. Söyüş, təhqir də bizim xalqa yaraşmır. 

Heç kimi təhqir etmək olmaz. Hamımız ailə başçısıyıq. Bir dəfə icra başçısının yanına getmişdim. Dedim ki, aramızda nə fərq var, sən başçısansa, mən də başçıyam. Duruxdu, soruşdu ki, hansı rayonun? Dedim, «öz rayonumun – ailəmin başçısıyam». Gülüşdük. Yəni, hər kəs ailəsinin başçısıdır. Dövlət başçısı isə, ailəsi öz yerində, həm də ümumi Azərbaycan ailəsinin başçısıdır. Bu, mentalitet ki deyirlər, mən ona dədə-baba qaydası deyirəm. Bizim dədə-baba qaydasında söyüş, təhqir olmayıb. Bizim kənddə kişilər heç vaxt qabaq-qənşər dayanıb sözləşməzdilər. Biri-birinə ismarıc göndərərdilər. Söyüş, təhqir qəbulolunmaz şeydi. Söyüşə arxalanan həqiqət də qəbul olunmaz. Çünki söyüş acizlik əlaməti sayılır.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25