2018-03-28 18:41:45   |   2533 dəfə oxunub

"Xaricdəki diasporları gücləndirmək lazımdır"

Elçin Mirzəbəyli:"Bu təşkilatlar xarici ölkələrdə tədbirlər keçirməklə kifayətlənməməli, nüfuzlu media qurumlarında, siyasi partiyalarda təmsil olunmalıdırlar"

"Qeyri-hökumət təşkilatları yaratmalı, aktiv şəkildə yaşadıqları ölkənin daxilində təbliğat prosesinin aparılmasında iştirak etməlidirlər. Qlobal iş görmək lazımdır, zamanla bu problemin də öhdəsindən gələcəyik”



"Azərbaycanda Vahid Soyqırımı Komissiyasının yaradılması ilə bağlı təşəbbüslər olunsa da, reallaşdırılmayıb”.

Bunu "Sherg.az”a 31 Mart soyqırımının 100-cü ildönümü ilə əlaqədar görülməli olan tədbirlərdən danışarkən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. 

O vurğulayıb ki, son illər 31 Mart və Xocalı soyqırımlarının anılması ilə bağlı ciddi addımlar atılıb:

"Bütün bu addımları dəyərləndirmək vacibdir. Nəzərə almalıyıq ki, uzun illər ermənilərin informasiya blokadasından çıxmaq üçün fəaliyyət göstərilib. Qarşımızda tək erməni diasporu deyil, həmçinin bu diaspordan öz məqsədləri üçün istifadə edən güclər, biznes dairələri, siyasi təşkilatlar dayanıb. Ona görə, bu istiqamətdə görülən işlər təqdirəlayiqdir.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün Azərbaycandan aparılan, yaxud azərbaycanlıların xarici ölkələrə gedərək, həyata keçirdiyi təbliğat yetərli deyil. Avropa, qərb insanının, siyasi proseslərə təsir göstərən şəxslərin şüurunu ələ almaq üçün ayrı-ayrı ölkələrdəki diasporları gücləndirmək lazımdır. Bu təşkilatlar xarici ölkələrdə tədbirlər keçirməklə kifayətlənməməli, nüfuzlu media qurumlarında, siyasi partiyalarda təmsil olunmalıdırlar. Qeyri-hökumət təşkilatları yaratmalı, aktiv şəkildə yaşadıqları ölkənin daxilində təbliğat prosesinin aparılmasında iştirak etməlidirlər. Qlobal iş görmək lazımdır, zamanla bu problemin də öhdəsindən gələcəyik”.

Qeyd edək ki, 31 Mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, və digər ərazilərdə Bakı Soveti və Daşnaksütun partiyasından olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır.  1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25