2018-03-30 20:50:36   |   2122 dəfə oxunub

Hələlik, Anar

Vida sözü əvəzinə





Bilmirəm nə yazım, nədən başlayım? Ürəyim doludur. Lakin ilk dəfədir ki, yazmağa belə çətinlik çəkirəm. Donub qalmışam. Elmirin böyütdürdüyü və gözlərimin önündən getməyən əksinə müraciət etmək, oxşamaq istəyirəm. Bilmirəm necə müraciət edim? ... Ağlıma nədənsə "körpə balam” ifadəsi gəlir. Bir az rahatlandım. Uşaq kimi sevinirəm, deyəsən tapmışam. İndi ürəyimdə onunla belə danışıram. Körpə balam, niyə belə oldu? Dünyadan nakam köçmüş bircə bacım Saydanın (Səidənin, sənəddə isə Məhəbbətin) yuxuma girəcəyindən, səni niyə qoruya bilməməyimdən sorğu-sual edəcəyindən qorxuram. Bilmirəm nə cavab verəcəyəm, körpə balam, Anarım. Bəlkə də kimlərsə məni düzgün başa düşməyəcək, bilmirəm. Bir Allah bilir ki, bacımın, qardaşlarımın balalarını necə sevirəm, doğma balalarımdan ayırmıram. Hər səhər yuxudan duranda Allaha dua edirəm ki, ailəm, balalarım, onların ailələri, nəvələrim, bacımın və qardaşlarımın balaları, ailələri, nəvələri rahat yaşasınlar. Xətadan-bəladan uzaq olsunlar.

Ancaq Anara başqa münasibətim vardı. Qəribə də olsa cocuqluğundan ona çox sıx bağlanmışdım. Yadıma körpəliyi düşür, cılız görkəmi, məntiqli ağlı vardı. Şipşirin uşaq idi. Adını da mən qoymuşdum. 1977-ci ildə Bakıda ali məktəbə qəbul olunanda Anarın cəmisi 2 yaşı vardı. Yay tətilinə gələndə Elmara, Elnurəyə, Anara tələbə sayağı hədiyyələr alardım. 

Tətillərin birini yaxşı xatırlayıram, digər uşaqlar kimi Anar da böyümüşdü. Bu dəfə maddi imkanım olmadığından yalnız Elnurəyə hədiyyə aldım. Rəhmətlik bacım dedi ki, Elnurənin hədiyyəsini sakitcə özünə verək, Elmarla Anar bilməsinlər. Elə də etdik. Əvəzində bacım onlara mən gətirmiş kimi evdə saxladığı Moskva şokoladı verdi. Elmar gəldi, mənimlə görüşdü, başı tez də qarışdı, Anar isə içəri girən kimi boynuma tullandı. Sonra pəncərənin ağzındakı dəmir çarpayının üstünə çıxıb atılıb-düşməyə başladı. 

Bir gözü məndə idi. Birdən: – Dayı, bəs mənə heç nə almamısan? Açığı, onun belə bir sual verə biləcəyini gözləmirdim. Çaşıb qaldım. Sözün düzünü dedim: - Bacıoğlu, vallah, bircə manat pulum qalmışdı. – Elə ona alardın da, dedi. Rəhmətlik atam, anam o ki var güldülər. Bacım rəhmətlik yaman yerdə səni yaxaladı, dedi. Anarla belə danışdıq, bundan sonra bir manatım qalsa belə, gələndə ona nə düşsə alınacaq.

Orta məktəbə Qərbi Azərbaycanda, doğma Körpülüdə getmişdi. Yaxşı zehni vardı, riyaziyyata daha çox meyllənirdi. Bu səbəbdən şahmatla məşğul olur, hətta məktəbdə, rayon mərkəzi İncəsuda (Barana, indiki Noyemberyan) yarışlara çıxırdı.

 Lakin qaçqın həyatı hər şeyi alt-üst etdi. 1988-ci ildə indiki Ermənistan adlanan qədim türk yurdunu tərk etməyə məcbur olmuş Körpülü əhlisinin bir qismi də Gəncəyə pənah gətirmişdi. Bacımgil də bir müddət Gəncədə yaşadılar. Sonra Bakıya köç etdilər. Anar 19 nömrəli orta məktəbdə oxumağa başlamışdı. Açığı, bir az da kasıbçılıq idi. Onuncu sinifdə oxuyanda xırda biznesə girişmişdi. Altıncı günü qatarla Tiflisə gedir, bazar günü geri qayıdırdı. 

Hətta özünə "Jiquli” markalı maşın da almışdı. Yadıma nələr düşür. Axşamlar bizə gələndə sifətinə baxan kimi bilirdim ki, nəsə baş verib və ya təzə xəbər var. Yalan danışan uşaq deyildi. Deyirdi ki, xırda obyektlərimiz olsa dolanarıq. Binamızın qabağında "moyka” üçün yer var, danış oranı alıb tikək. Binanın sağında balaca ərzaq mağazası və ya yeməkxana açmaq olar. Mənim belə işlərdə səriştəm olmadığımdan zarafata salıb məsələnin mahiyyətindən uzaqlaşırdım. Oxu, ali məktəbə gir, ixtisas qazan, deyirdim. Elə də etdi, hazırlaşdı. Texniki Universitetə daxil oldu. 

Ancaq öz işində idi. Çox keçmədi ki, onun dediyi yerlərdə bizim söhbətdən bir qədər sonra obyektlər tikildi, indi də fəaliyyət göstərir. Hər dəfə bacımgilə gedəndə həmin obyektlərə baxıb içimdə xəcalətlənirdim. Bir sözlə, uzaqgörən idi. Sonra şəxsi maşınını satıb Rusiyaya, Moskvaya üz tutdu, alınmadı. Qayıtdı, yenə Bakıda xırda bizneslə məşğul oldu. Bir müddətdən sonra yenidən Moskvaya getdi. Elə o gedən getdi. Yaxınları, dostları danışır ki, qarda, boranda, istidə, yağışda dayanmadan işləyirdi. Həm də dil öyrənirdi. Axı, rus dilini zəif bilirdi. Mənim körpə balam əmək fəaliyyətinə belə başlamışdı. Dəfələrlə oddan-alovdan keçmişdi, bunları mənə danışanda üstünə sərtlənmişdim, qayıt gəl, daha bəsdir demişdim, yad ellərdə dolandın. 

Gəlim burada neyləyim, heç olmasa orda çörək pulu qazana bilirəm, artıq işin çəmini tapmışam, deyirdi (kaş tapmayaydı, qayıdıb Bakıya gələydi). Beləliklə moskvalı oldu, işi böyüdü, ev-eşik, bağ-bağat düzəltdi. Evlənmişdi, özünə, balaları Səidəyə, Murada, Alsuya, Geraya Moskvada, Bakıda istədiyi şəraiti yaratmışdı. Nüfuzu artmışdı, onlarla tanış-biliş, qohum-əqrəba onun yanında işlədi, ailəsinə çörək qazanmışdı. Moskvaya həkimə gedənləri aeroportda özü qarşılayır, evində saxlayır, xəstəxanaya aparıb gətirirdi. Ətrafında olanlara, imkansız qohum-əqrəbasına, təhsil haqqı verə bilməyənlərə, müalicə alanlara maddi dəstək olurdu. Yaşadığı və işlədiyi rayonun xeyriyyə işlərinə cəlb olunmuşdu.

Axır vaxtlar bəzi yelbeyinlər, bilənlər, bilməyənlər onun haqqında çox danışırdılar. Çeynəyə düşdü, deyirlər. Buna da inanıram. Uşaqlarından həmişə ehtiyatlanırdım, ciddi nəzarət elə, indi Moskvaya keçmiş SSRİ-nin hər yerindən nə qədər istəyirsən işsiz yığılıb. Aralarında hər cürəsi var, deyirdim. Özü ağlıma belə gəlmirdi. İstənilən səviyyədə dostu-tanışı çox idi. Hamı ilə dil tapırdı. Bir saniyə kifayət idi ki, o, real və obyektiv qərar qəbul edə bilsin. Onu yaxşı tanıdığımdan bu işin belə qurtara biləcəyini, xain gülləsinə tuş gələcəyini təsəvvür etmirdim. Açıqcası mən onun ağlına, bacarığına həmişə inanmışam, güvənmişəm. Bir iblisin onu qarabara izlədiyini nədən hiss etməmişdi? 

Bu sual məni çox düşündürür. Doğrudanmı, bu vəziyyətdən qurtulmaq mümkün deyildi. Təbii ki, mən də taleyə, qismətə inanıram. Çox acıdır, böyük dərddir. Görünür, Anarımın da qisməti bura qədərmiş. Ancaq Allahıma, haqqa-ədalətə güvənirəm. Əminəm ki, haqq-ədalət gec-tez qalib gələcək. Buna varlığım qədər inanıram. Hər şey öz axarına düşəcək, təkcə Anar olmayacaq, yalnız ruhu bizim ətrafımızda dolaşacaq. Ruhun şad olsun, körpə balam, Anarım!

Səni heç vaxt unutmayacaq
dayın Elşad Qoca

Bakı, 30 mart 2018-ci il.


.







SON XƏBƏRLƏR

2018-09-25