2018-04-03 11:22:13   |   340 dəfə oxunub

“Aprel döyüşləri” böyük dərs oldu

Ermənilər hələ də özlərinə gələ bilmirlər, çünki yaratdıqları mif dağılıb




2016-cı ilin "aprel döyüşləri”ndən iki il ötdü. 2 il öncə işğalçı Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qısamüddətli, lakin çox səmərəli hərbi əməliyyat keçirdi. Düşmən ordusu pərən-pərən salındı, işğalçı ölkənin yüzlərlə hərbçisi məhv edildi, bir neçə mühüm mövqe və ərazilər işğaldan azad olundu. Qəhrəman hərbçilərimizin, şəhidlərimizin fədakarlığı nəticəsində Azərbaycan əhəmiyyətli bir əraziyə hərbi nəzarəti bərpa etdi.

Ermənistan ordusuna isə ciddi hərbi və mənəvi zərbə vuruldu. 4 gün davam edən hərbi əməliyyatlar Ermənistan dövlətini silkələdi, dünyada böyük əks-səda yaratdı. Rusiyanın da narahatlığına səbəb oldu. Məhz Rusiyanın danışıqlara başlaması və ard-arda müraciət etməsindən sonra Azərbaycan tərəfi hərbi əməliyyatları dayandırmalı oldu. Qısamüddətli aprel savaşı artıq tarixə düşüb. Çünki bu hadisənin geosiyasi, hərbi və ideoloji nəticələri çox böyük əhəmiyyət kəsb edir. Döyüşlər zamanı Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələtəpə” yüksəkliyi bölmələrimizin nəzarətinə keçib. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın endirdiyi dəqiq cavab atəşi ilə darmadağın edilib, nəticədə düşmənin yüksək rütbəli zabitləri, polkovnik və generalları məhv edilib. Qarşıdurma zamanı erməni hərbi qulluqçularına aid müxtəlif sənədlər, rabitə vasitələri, ləvazimatlar, düşmən ordusunun döyüş meydanında atıb qaçdıqları silah-sursat və müxtəlif avadanlıq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən ələ keçirilib. Aprel savaşı hər bir Azərbaycan vətəndaşı üçün tarixin şərəfli səhifəsi hesab olunur. Şanlı döyüş bütün ictimaiyyət nümayəndələri tərəfindən qürurla yad edilir.

Millət vəkili Elman Nəsirov deyib ki, 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu beynəlxalq aləmə sübut etdi. Deputatın sözlərinə görə, bu döyüşlər Azərbaycan əsgərinin döyüş və vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu göstərdi: "Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, Azərbaycan əsgəri Ali Baş Komandanın əmri ilə işğal altındakı torpaqlarımızı hər zaman azad etməyə qadirdir. Aprel döyüşləri xalqla ordu və xalqla hakimiyyətin ən yüksək səviyyədə vəhdətini nümayiş etdirdi. Aprel hadisələrinə qədər Ermənistan ordusunun guya "məğlubedilməz” bir mifi var idi. Amma bu döyüş həmin mifi tamamilə alt-üst etdi və məlum oldu ki, Ermənistan ordusunda ilk növbədə hərbi vətənpərvərlik ruhu yoxdur, Ermənistan ordusu bu sahədə ciddi problemlər yaşayır. Bu döyüş sübut etdi ki, Ermənistan ordusunun zabitləri, hətta generallarının döyüş hazırlığı olduqca aşağı səviyyədədir və ordunun müasir silahlarla təchizatında ciddi problemlər var. Ermənistan əsgəri nəyin uğrunda döyüşdüyünü bilmir. Çünki erməni əsgərləri Ermənistana aid olmayan torpaqlara görə ölümə göndərilir”. E.Nəsirov əlavə edib ki, aprel döyüşlərindən sonra Ermənistan ordusu hələ də özünə gələ bilməyib: "Ermənistanda onsuz da genişlənmiş əhali köçü aprel döyüşlərinin təsiri nəticəsində yeni bir mərhələyə yüksəldi. Siyasi hakimiyyət əhaliyə yalan vədlər verirdi ki, guya Ermənistan ordusu güclüdür. Amma bu prosesdə hakimiyyətin yalanları da üzə çıxdı ki, əslində Ermənistan ordusundakı vəziyyət ən acınacaqlı səviyyədədir. Belə olan halda erməni gənclərin ölkəni kütləvi halda tərk etməsi prosesi daha da gücləndi. Azərbaycanda isə bu proses tərsinə oldu. Aprel döyüşləri Azərbaycan gənclərinin vətənpərvərlik hisslərini ortaya qoydu. Həmin günlərdə tələbələr, məktəblilər də əhali ilə birlikdə cəbhə bölgəsinə, döyüşə can atırdılar. Ona görə də hesab edirəm ki, aprel döyüşləri Azərbaycanın ən şanlı səhifələrindən biridir və bu döyüşlər Azərbaycana Dağlıq Qarabağ münaqişəsində ilk dəfə olaraq əsl qələbəni daddırdı”.

Millət vəkili Tahir Kərimli də bildirib ki, 2016-cı ilin aprel döyüşləri erməniləri o qədər sarsıdıb ki, düşmən hələ də matəmdən çıxa bilməyib: "Döyüşlərə qədər ermənilər özləri haqqında mif yaratmışdılar. Guya sovet vaxtında ermənilərdən generallar, marşallar olub və onların döyüş təcrübəsi güclüdür, guya onların sayı az olsa da, Azərbaycan üzərində qələbələr qazana bilər. Amma Azərbaycanda sərkərdə və əsgərin birliyi, o cümlədən yüksək texnoloji üstünlük göstərdi ki, ermənilərin söylədikləri uydurmadan başqa bir şey deyil. Qısamüddətli aprel döyüşlərində Azərbaycan əsgəri erməni ordusunu darmadağın etdi. Hələ də ermənilər o sarsıntıdan özlərinə gələ bilmirlər. Azərbaycan qısa müddətdə işğal altındakı ərazilərinin xeyli hissəsini işğaldan azad etdi. Xalqımızın öz torpaqlarını azad etmək iradəsi var və biz ora qayıdacağıq. Aprel döyüşlərindən sonra Cocuq Mərcanlıda və digər işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin görülməsi buna əyani sübutdur. Əgər böyük dövlətlər bu döyüşü dayandırmasaydı, Azərbaycanın qələbəsi davam edəcəkdi. Aprel döyüşlərinin hətta beynəlxalq təsiri də böyük oldu. Çünki aprel döyüşlərindən sonra böyük dövlətlər əl-ayağa düşdü ki, Azərbaycan həqiqətən də güclü orduya malikdir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19