2018-04-03 11:28:58   |   1771 dəfə oxunub

“Çox hadisələr hələ qabaqdadır”

Eldar Namazov: “Bu qarşıdurmada Rusiyanın qalib gəlmək şansı yoxdur”

“Ona görə ki, Moskvanın Qərb dünyası, ABŞ və Avropa ölkələri qarşısında iqtisadi gücü yoxdur”




"Azərbaycan balanslaşdırılmış siyasət yeritməklə çox düzgün yol seçib. Bu siyasəti davam etdirmək lazımdır”


Rusiya baş kəşfiyyat idarəsinin keçmiş zabiti Sergey Skripalın və qızının İngiltərədə zəhərlənməsi ətrafında yaranmış gərginlik böyüyür. 22 ölkə "Skripal işi”nə görə rusiyalı diplomatları ölkələrindən çıxaracaqlarını bəyan ediblər. Artıq Böyük Britaniya prosesə start verərək rus diplomatları ölkədən uzaqlaşdırıb. Daha 15 ölkə, həmçinin ABŞ, Kanada, Norveç, Albaniya, Makedoniya və Ukrayna Londonla həmrəylik nümayiş etdirərək analoji qərar qəbul edib. Son məlumatlara görə, ümumilikdə 140 rusiyalı diplomat tezliklə ölkəsinə qayıtmalı olacaq. Onların böyük hissəsi, təxminən 60 nəfəri ABŞ-ın payına düşür. Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqı və NATO-dakı müttəfiqlərinə səslənərək, dünyanı təhdid altında saxlayan Rusiyaya qarşı birləşməyə çağırıb. Çağırışdan sonra Rusiyaya qarşı sanksiyaları sərtləşdirən Avropa İttifaqı və ABŞ alternativ variantları da nəzərdən keçirir.

ABŞ Silahlı Qüvvələrinə məxsus iki kəşfiyyat təyyarəsinin Rusiyanın nəzarətində olan Ukraynanın Krım bölgəsi üzərində həyata keçirdiyi kəşfiyyat uçuşları isə prosesləri daha da qəlizləşdirir. Rusiya da öz növbəsində təzyiqlərə adekvat addım atmağa çalışır. Kreml Londona diplomatik və texniki heyətdən daha 50 nəfərin ixtisara salınması və Rusiyanı tərk etməsi barədə göstəriş verib. Prosesləri şərh edən əksər siyasilər vəziyyətin daha da gərginləşəcəyini iddia edirlər. Tərəflər arasındakı qarşıdurmanı "Şərq”ə dəyərləndirən "Azərbaycan Naminə” İctimai Forumun prezidenti, tanınmış politoloq Eldar Namazov iki qütb arasında ciddi ziddiyyətlərin olduğunu və Qərb-Rusiya arasındakı münasibətlərin daha da kəskinləşəcəyini bəyan edib...

- Eldar müəllim, dünyanın idarəetməsində mühüm rol oynayan Qərb dövlətləri ilə Rusiya arasındakı artan gərginliyi necə dəyərləndirirsiniz?

- Tərəflər arasında soyuqluq uzun zaman öncədən başlasa da, vəziyyət indiki kimi gərgin hal almamışdı. Rusiyaya qarşı kəskin münasibət və təzyiqlərin artması Vladimir Putinin hakimiyyətə gəlişi ilə başladı. Daha dəqiqi, Putinin gəlişindən bir-iki il sonra Qərbin sərt mövqeyi özünü göstərdi. İlk ziddiyyət 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsinin başlanması idi. Moskvaya qarşı sanksiyalar həmin müharibədən sonra gündəmə gətirildi. Bir çox Qərb ölkəsi Kremlə qarşı ciddi sanksiyaların tətbiq olunmasında israr etdi. Ancaq Rusiya başlatdığı informasiya kampaniyası ilə dünya ictimaiyyətini inandırmağa çalışdı ki, guya, istəmədən savaşa girmək məcburiyyətində qalıb, bundan sonra heç bir münaqişəyə girməyəcək. Putin Almaniya televiziyalarına ard-arda müsahibələr verdi. Hətta o zaman jurnalistlər prezidentdən soruşdular ki, "Moskvanın növbəti hədəfi Ukraynadır, Krımdır, yoxsa başqa yer?”. Putin isə suala cavab olaraq and-aman elədi ki, Rusiyanın qətiyyən belə planı yoxdur. Dedi ki, əgər Saakaşvilinin barışmaz davranışı, savaş ritorikası olmasaydı, Gürcüstanla heç vaxt savaşa başlamazdı. Məhz bu cür vədlərdən sonra Rusiyaya qarşı sanksiyalar tətbiq olunmadı. O zaman Qərb Putinə inandı, çünki Moskva Ukrayna və Krımla bağlı üzərinə öhdəlik götürdü. Ancaq bir müddət sonra Krım Rusiya tərəfindən ilhaq edildi və Donbasda təxribatçı olaylar başladı. Həmin hadisələr Qərbin daha aqressiv mövqe ortaya qoymasına səbəb oldu. ABŞ və Avropa ikinci dəfə aldanmağı gözə almadı.

- Belə çıxır ki, Qərb aldanmasaydı, yəni Rusiyaya qarşı öncədən daha sərt addımlar atılsaydı, növbəti hadisələr yaşanmazdı?

- Bilirsiz, 1930-cu illərdə Almaniyada Adolf Hitler öz işğalçı siyasətinə start verəndə Qərb aləmində müəyyən mübahisələr, ziddiyyətli fikirlər var idi. Avropa ölkələri Hitlerə qarşı sərt tədbirlər görmək və ya görməmək üzərində baş sındırırdılar. O zaman Böyük Britaniya və Fransanın rəhbərləri Hitlerlə görüşdülər və ondan müəyyən vədlər qopartdılar. Çexoslavakiya hadisəsindən sonra Hitler gələcəkdə Polşa və digər ölkələrə qarşı hücum etməyəcəyinə dair söz verdi. Bu vəddən sonra Fransa və Böyük Britaniya rəhbərləri dünya ölkələrinə çağırış edərək Almaniyaya qarşı sanksiyaların tətbiq edilməsinin lüzumsuz olduğunu dedilər. Ancaq bir neçə ildən sonra Hitler Polşanı işğal etdi və II Dünya Müharibəsini başlatdı. Yəni dünya bir neçə dəfə bu cür aldanıb. 2008-ci il Gürcüstan hadisəsindən sonra Avropa ölkələri 1930-cu ildə sələflərinin etdiyi xətanı təkrarladılar. Ukraynadakı proseslərdən, Krımın zorla Rusiyaya birləşdirilməsindən sonra Qərb bütün güzəştlərə son vermək qərarına gəldi. Elə həmin dövrdən etibarən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq olundu. Qərbin tələbi odur ki, Krım Ukraynaya qaytarılsın və Rusiya bu siyasətindən əl çəksin. Əks halda sanksiyalar davam edəcək. Rusiya geri addım atmadığı üçün Moskvaya qarşı təzyiqlər artırıldı. Londonda Sergey Skripalın zəhərlənməsi olayı isə Qərbin səbr kasasını daşdıran son damla oldu.

- Rusiya ilə normal danışıqlar aparmaq mümkün deyilmi?

- Bütün Avropa liderləri Putinlə birbaşa danışıq aparmaq fikrində olmadıqlarını bəyan ediblər. Rusiyanın ABŞ-dakı yeni səfiri Anatoli Antonov müsahibəsində açıq şəkildə bildirib ki, heç kim Rusiya rəsmiləri ilə danışmaq, onlarla ünsiyyət qurmaq istəmir. Vurğuladı ki, dəfələrlə Ağ Evə və Konqresə müraciət etsə də, bütün təklifləri geri çevrilib. Çünki Qərb artıq masa arxasındakı müzakirələri mənasız hesab edir. Antonovu sadəcə bir senator qəbul etmişdi, lakin o görüşün də heç bir mahiyyəti yox idi.

- Münasibətlərin daha da gərginləşəcəyini düşünürsüzmü? Sizcə, hansı tərəf geri addım atacaq?

- Artıq tərəflər arasındakı qarşıdurma pik nöqtəyə çatıb. Hesab edirəm ki, bu qarşıdurmada Rusiyanın qalib gəlmək şansı yoxdur. Ona görə ki, Moskvanın Qərb dünyası, ABŞ və Avropa ölkələri qarşısında iqtisadi gücü yoxdur. İqtisadi gücü olmayan bir dövlətin dünyaya meydan oxuması mümkün deyil. Fikir verin, Çin kimi böyük bir dövlət 30 ildir islahatlar aparır, çox güclü iqtisadi bir baza yaradıb. Bəzi məqamlara görə, hətta ABŞ iqtisadiyyatını belə üstələyib. Ancaq buna rəğmən Çin yenə də fikirləşir ki, yüksəlmə prosesi hələ 15-20 il davam etməlidir. Pekin tam iqtisadi yüksəliş əldə etdikdən sonra hansısa geopolitik ambisiyalarını ortaya qoymağa başlayacaq. Moskva hakimiyyəti isə neftin qiymətinin yüksək olduğu dövrlərdə, yəni 2005-ci ildən sonrakı 5-6 il ərzində artıq bütün dünyaya meydan oxumağa başladı. Kreml neft gəlirlərinin beləcə davam edəcəyini düşündü. Halbuki neftdən gələn gəlirlər heç də iqtisadi güc demək deyil. Görürsüz, neftin qiyməti sürətli şəkildə aşağı düşdüyü dövrdə Rusiya öz iqtisadiyyatını qorumaq üçün nə xaricdən borc ala bildi, nə də daxili resursları kifayət etdi. Fikrimcə, bu qarşıdurma hələ davam edəcək, qarşıdurmalar şiddətlənəcək, çox hadisələr hələ qabaqdadır. Yaxın günlərdə Ukraynada rus silahı ilə vurulmuş təyyarə ilə bağlı böyük aksiyalar gözlənilir. "Skripal işi” ilə bağlı da sanksiyalar olacaq. Ciddi maliyyə sanksiyaları da gündəmdədir. Diplomatları geri çağırmaq sadəcə siyasi sanksiyadır, maliyyə sanksiyaları isə daha ağır olacaq. Xüsusən, Rusiyanın indiki çətin durumunda ciddi iqtisadi sanksiyaları ruslar üçün sarsıdıcı zərbə sayılacaq.

- Təklənən Rusiya müttəfiqləri hesabına yeni cəbhə yaratmaqla iqtisadi tənəzzülünü ləngidə bilərmi?

- Dünya təcrübəsi və gedən proseslər göstərir ki, Rusiyanın özünə müttəfiq saydığı ölkələr artıq Moskvanı müdafiə etmirlər. ABŞ-ın və Avropa ölkələrinin müttəfiqləri həddindən artıq çoxdur və biri-birinə daim dəstək verirlər. Ümumi sanksiyaların qəbul olunması da Qərbin Kremlə qarşı həmrəyliyini göstərir. Rusiya isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını yaradan bir ölkədir. Bu təşkilata zəif Ermənistan və Orta Asiya ölkələri daxildir. Onların hansısa biri Rusiyanın müttəfiqi kimi Qərb dövlətlərinə qarşı sanksiya tətbiq edibmi?! Moskvanın müttəfiqləri ən yaxşı halda neytral qalırlar. Rusiyaya qarşı tədbirlərə əl atmamaq, sanksiyalara qoşulmamaq isə Kremli müdafiə etmək anlamına gəlmir. Hazırda Rusiyanın dünya xəritəsində etibarlı müttəfiqi yoxdur. Ən yaxın sayılan ölkələr, məsələn, Belarus və Ermənistan belə Qərblə əməkdaşlıq etməkdə maraqlı olduqlarını gizlətmirlər. Rusiyanın mövqeyinin yanlışlığına və qarşıda Qərbin çox böyük hərbi-iqtisadi üstünlüyü olduğuna görə, Moskvanın müttəfiqləri geri çəkilməyə, neytral qalmağa məcbur olublar.

- Əksər ölkələr Qərb-Rusiya savaşında tərəflərini seçməyə məcbur edilir, sizcə, bu vəziyyətdə Azərbaycan necə hərəkət etməlidir?

- Şübhəsiz, dünyada gedən istənilən qarşıdurmalar Azərbaycan üçün də müəyyən problemlər yarada bilər. Ancaq hesab edirəm ki, Azərbaycan balanslaşdırılmış siyasət yeritməklə çox düzgün yol seçib. Hətta biri-birinə düşmən nəzəri ilə baxan ABŞ və Rusiya neytral görüş məkanı olaraq Azərbaycanı, paytaxt Bakını seçirlər. Deməli, hər iki tərəf Bakıya etibar edir. Bu siyasəti davam etdirmək lazımdır ki, Azərbaycan hansısa seçim qarşısında qalmasın.

İsmayıl Qocayev







SON XƏBƏRLƏR

2018-09-24
2018-09-23