2018-04-03 11:36:11   |   360 dəfə oxunub

Məntiq olmayan yerdə söyüş ön plana çıxır

“Bu işlərin sonu yaxşı olmayacaq”

“Başqa ölkələrin sosial şəbəkələr üzərində münasibətlər sisteminin öyrənilməsinə ehtiyac var”



Son zamanlar, xüsusən prezident seçkiləri ərəfəsində bəzi "həmvətənlərimiz”in sosial məkanda əxlaqdan kənar aktivliyi diqqət çəkməkdədir. Avropanın müxtəlif ölkələrində çənəsinə güc verərək dövləti və milləti söyənlər ümumən Azərbaycan adına ləkə gətirirlər.

Acı reallıq isə odur ki, milli-mənəvi dəyərlərimizi ayaqlar altına atan gənclər sadəcə dövlətimizi və millətimizi aşağılamaqla qalmır, eyni zamanda ermənilərin əlinə Azərbaycana qarşı bəhanələr verirlər. Əslinə qalanda xarici ölkələrdə məskunlaşmış soydaşlarımız milli-mənəvi dəyərlərimizə hamıdan daha çox hörmət etməli, dövlət simvollarımıza rəğbətlə yanaşmalı, millətlər arasında bizim xalqın imzasının olması ilə qürur duymalıdırlar. Bunun tamamilə əksinə olaraq onların öz ölkələrinə və dövlətlərinə iftiralar yağdırması normal məntiqə, ağla və kamala sığmayan bir işdir. Şəxsi və ya siyasi uğursuzluqlar üzündən yaranmış hər hansı kin-küdurət hissi azərbaycanlıların öz dövlətinə düşmən kəsilməsi üçün səbəb sayıla bilməz. Siyasi mübarizəni cəmiyyətimizə, vətəndaşlarımıza utanc gətirməyəcək formada, milli-mənəvi və əxlaqi dəyərlərimizə uyğun şəkildə aparmaq lazımdır. Bu gün öz "siyasi mübarizəsini” söyüş və təhqir üzərində quranlar tutduqları yolun nə onların özlərinə, nə də ki, Azərbaycan cəmiyyətinə heç bir faydası olmadığını anlamalıdırlar. Ən əsası isə odur ki, bütün dünya tərəfindən izlənilən sosial şəbəkələrdə söyüş kampaniyasına son verilməlidir. Hazırda feysbuk və tvitter kimi məkanlar elmi, mədəni və məişət sferasında aparılan müzakirələr meydanından daha çox birbaşa söyüş poliqonuna çevrilib.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış media nümayəndəsi Seymur Verdizadə deyib ki, "söyüş makinası” əvvəllər də fəaliyyət göstərib, ancaq son zamanlar "istehsal prosesi” daha da sürətlənib

"Ağzını açan söyüşlə danışır. Milli-mənəvi dəyərlərimiz gözümüzün qabağında deqradasiyaya uğrayır. Özünü ziyalı hesab edən insanların susmağa haqqı yoxdur. Özümüzü karlığa, korluğa vura bilmərik! Mən siyasi ambisiyası olmayan azad yazaram. Daşkəsənin icra başçısı Əhəd Abıyev istisna olmaqla indiyə kimi heç bir məmur mənə göz ağartmayıb. Onu da jurnalist dostlarımın köməyilə ədəb çərçivəsində yerində oturtmuşam. Hətta bir vaxtlar məni təhqir edən tərbiyəsiz müğənniyə belə söyüşlə cavab verməmişəm. Çünki söyüş söyməyi bacarmıram. Dost-tanış da təsdiq edər, 43 yaşa gəlib çatmışam, amma indiyə kimi bir dəfə də dilimdən söyüş çıxmayıb. Söyüş pis vərdişdir. İnsan bu vərdişə, adətən, uşaqlıq illərində yiyələnir. Biz uşaq olanda üzərimizdə ciddi nəzarət var idi. Əgər bir dəfə dilimizdən pis söz çıxsaydı, dilimizi çəkib boğazımızdan çıxarardılar. Bizim də ailəmiz, övladımız var. Həm ölkə daxilində, həm də xaricdə nifrin yağdıran məsuliyyətsiz adamların ifraz etdikləri söyüşləri görməməsi, eşitməməsi üçün övladlarımızın informasiya texnologiyaları ilə təmasına qadağamı qoymalıyıq? Yoxsa, evlərimizdəki mobil telefonları, planşetləri, kompüterləri Xəzər dənizinə atmalıyıq? Hamı abrına qısılıb. Çünki ən mədəni formada etiraz edənlər belə şərlənir, təhqir olunur, küçə söyüşlərinə "qonaq edilir”. Sabah təhqir olunacağım təqdirdə necə cavab verəcəyim mənim özümə də məlum deyil. Qadın şəklinin arxasında gizlənən "kişi” ilə necə mübarizə aparmaq olar? İnformasiya texnologiyalarının verdiyi üstünlükdən yararlanıb, insanları təhqir edən, onların şərəf və ləyaqətini alçaldan adamlara bir məsləhətim var: söyüş söyməyin, ayıbdır! Çünki ağzınızdan çıxan o nalayiq ifadələri hamıdan əvvəl ətrafınızdakılar eşidir, yazdığınız o söyüşləri birinci özünüzünkülər oxuyur”.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, tanınmış siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, "facebook” sosial şəbəkəsinin müsbət tərəfləri az deyil, ancaq ali məqsəd üçün düşünülmüş bu format eybəcərlikləri də üzə çıxardıb: 

"Hamı qəzetdə məqalə yaza bilməz, bunun üçün birincisi, qabiliyyətin olmalıdır, ikincisi, etik qaydalara riayət etməlisən. Yəni heç kimi təhqir etməməlisən. Çünki tənqid həddini aşdığın anda məhkəməlik olursan. Neçə illər müxtəlif qəzetlərdə çalışmışam, nə söyüş eşitmişəm, nə də qəzet səhifələrində tənqidi aşan ifadələr oxumuşam. Kiminsə dilindən bir başqasının ünvanına söyüş eşidirdim, ancaq publik məkanda deyilmirdi. Tam əksinə, söyüş söyənlə söyüşə məruz qalan biri-birlərinin əllərini sıxırdılar. Çünki birinin digərinin arxasında nə danışdığı bəlli deyildi. İkiüzlülük olsa da, tərəflər publik məkanda etik çərçivələri gözləyirdilər. Lakin "facebook” bütün sərhədləri dağıtdı. Hamı daxil oldu eyni məkana və bütün qaydalar pozuldu. Məntiq olmayan yerdə söyüş ön plana çıxdı. Çoxu da saxta profillərdə gizlənərək söyüş söydü. Əndazəni aşdılar. Bunun sonu yaxşı olmayacaq. Keçirilən müxtəlif iclaslar, konfranslar, "ağıllı olun” kimi tərbiyəvi məsləhətlər də kara gəlmir. Düşünürəm ki, başqa ölkələrin sosial şəbəkələr üzərində münasibətlər sisteminin öyrənilməsinə ehtiyac var. Görək tək biz beləyik, yoxsa başqalarında da eyni problem var?”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17