2018-04-04 12:16:12   |   621 dəfə oxunub

“Son günlər xəstəlik mənə güc gəlir deyəsən”

Fuad Poladov: “Amma bir az onu aldada bilsəm, bir az zaman udsam...”




Müasir dövrün ən böyük qorxularından biri də xərçəng xəstəliyidir. Dünyada hər il minlərlə insan bu xəstəliyə yoluxur. Sanki xərçəng adı səslənən kimi ölümün qapısını açmış olurlar. Amma dünyada eyni zamanda minlərlə insan məhz bu xəstəliklə mübarizə aparmağa çalışır. Kimisi bu qorxunc və acımasız xəstəliyə qalib gəlməyi də bacarır.

Burada insan xarakterinin, iradəsinin də rolu danılmazdı. Təbii ki, ölümlə, olum qərarına da tək Allah sahibdi. Amma Tanrı belə iddialı, mübarizə aparmağı bacaran insanları sevir. Yetər ki, ölümə uduzmamaq üçün həyata bağlanmaq, mübariz olmaq da vacibdi.

Son illər bir çox tanınmışlar da məhz xərçəngin qurbanı olublar. Bəziləri də onunla mübarizə aparmağa çalışır. Azərbaycanın xalq artisti Fuad Poladov da son vaxtlar bu dəhşətli xəstəliklə mübarizə aparır. Xəstəliyi dövründə bir neçə dəfə bizim müsahibimiz olan Fuad Poladovun hər dəfə xərçəng xəstəliyi ilə mübarizə apararkən söylədikləri insanı düşündürməyə vadar edib. "Mən xərçəngi sevməyə başlamışam” deyən xalq artistinin əslində bu açıqlamasında bir anda həyatın görünməyən tərəfini görmək olur. Aktyor bununla həyata tutunmaq istədi bəlkə...

Hər halda bu gün bu dəhşətli xəstəliyin pəncəsində vuruşan xalq artistinin öz dünyası yaranıb. Demək, çatdırmaq istədikləri, deyə bilmədikləri var. Xərçəngin ağuşuna girən, onu sevməyi öyrənən xalq artistinin vəziyyəti hər birimizi narahat etdiyindən yenidən onunla həmsöhbət olmaq istədik. Xalq artistinin oğlu Ağarəhim Poladovun sözlərinə görə, atasının müalicələri davam etsə də, hələ ki heç bir irəliləyiş yoxdur. Xalq artistinin oğlu bu müddətdə mətbuatdan da atasına qarşı həssaslıq göstərmələrini xahiş etdi. Elə biz də həssaslıqla Fuad Poladovla həmsöhbət olmaq istədik. 

Deyirlər kimsəylə danışmaq istəmir. Amma istəmədik bu qədər də susqun dayansın xalq artisti. İstəmədik Fuad Poladov özünə qarşı olan sevginin, diqqətin azaldığını hiss etsin. Axı məhz belə məqamlarda yada düşmək, bir də axtarılmaq, xoş sözlər eşitmək, maraqlı görünmək, dəyərini hiss etmək gözəl hissdi. O, Azərbaycan teatr və kino tarixində izini qoymağı bacaran sənətkardı. O, dəyərini qazanıb. Bu gün belə çətin günlərində o dəyəri Fuad Poladova hiss etdirmək lazımdı. O danışmaq istəməsə belə...

Lakin "Şərq” qəzeti Fuad Poladovu danışdıra bildi. Amma çox qısa... "Mən xəstəlik deyib sızlamağı sevən insan deyiləm. Həyatdı. Demək ki, bunları yaşamaq alın yazımızdı. Nə deyim ki? Hələ ki yaşayıram. Şükür deyirəm. Kişiyə ağlamaq yaraşmaz. 

Sadəcə bir az övladlarımın narahatlığı məni ağrıdır. Onların çarəsizliyi məni narahat edir. Heç kimə əziyyət vermək istəmirəm. Hər atanın arzuları kimi mənim də xəyallarım var. Onları yaşamaq qismətim olsa, görərəm deyirdim. İndi bilmirəm. Oğul toyu görmək haqqımı Allahdan istərdim. Son günlər bir az xəstəlik mənə güc gəlir deyəsən. Allah hər kəsə kömək olsun. 

Mətbuatın mənə olan hörmətinə görə də təşəkkür edirəm. Amma bundan artıq danışmaq istəmirəm. Müalicələrim davam edir. Bilirəm ki, bu xəstəlik müalicə ilə sağalan deyil. Amma bir az xəstəliyi aldada bilsəm, bir az zaman udsam, bəlkə ata olaraq arzularımdan bir neçəsinin həyata keçməsini görə bilərdim. Sadəcə övlad toyu görməyi çox istəyirəm. Hər kəsə can sağlığı arzulayıram”.

Tahirə








SON XƏBƏRLƏR

2018-06-22