2018-04-10 11:44:31   |   1899 dəfə oxunub

“Afrin zəfəri dostu, düşməni ortaya çıxardı”

Oğuz Məmmədli: “Türkiyənin tarixi qələbəsi millətin silkələnərək özünə gəlməsinə vəsilə oldu”




Türkiyə ordusunun Suriyanın Afrin bölgəsini PKK terrorçularından azad etməsindən bir aya yaxın zaman keçib. "Zeytun budağı” əməliyyatının ilk mərhələsi martın 18-də Afrin şəhərinin terrorçulardan təmizlənməsi ilə başa çatıb. Türkiyə rəhbərliyinin bəyanatına görə, Suriyadakı hərbi əməliyyatların ikinci mərhələsinin başlanmasına çox az qalıb. Ölkə ictimaiyyətinin və əksər siyasi qrupların terrorçulara qarşı mübarizəni tam dəstəkləməsi, şəhidlərə rəğmən əhalinin həmrəy olması əməliyyatların davam edəcəyinə dəlalət edir.

Rəsmilər xilaskar türk ordusunun növbəti mərhələdə Menbiç əyalətinə doğru yönələcəyini bildirirlər. Məqsəd Hataydan Menbiçə qədər 200 kilometrlik ərazini nəzarətə almaqdır. Ekspertlər hesab edirlər ki, Türkiyə beynəlxalq hüququn verdiyi legitimliyi əsas gətirərək Suriya torpaqlarında terrora qarşı mübarizəni sona qədər davam etdirəcək. Onların fikrincə, Ankaranın Moskva və Tehranla görüşməsi əməliyyatların ikinci mərhələsinə hazırlıq kimi dəyərləndirilməlidir. Hazırda Türkiyədə təhsil alan şərqşünas-alim, Avrasiya Araşdırmaları üzrə doktorluğa namizəd Oğuz Məmmədli Afrin əməliyyatından sonra qardaş ölkədə yaşanan proseslərlə bağlı "Şərq”in suallarını cavablandırıb. Gənc alim ictimai-siyasi mühitdə birliyin qorunduğunu vurğulayıb...

- Oğuz bəy, Afrin əməliyyatından sonra Türkiyə ictimaiyyətində nələr yaşanır?

- Uğurlu Afrin əməliyyatından sonra Türkiyənin ictimai-siyasi aləmində çox yüksək ab-hava yaranıb. Uzun müddətdir terrorla mübarizə aparan qardaş Türkiyədə əhalinin böyük əksəriyyəti bu mücadiləni haqlı olaraq dəstəklədi. Nəticə etibarı ilə Türkiyə nəinki öz tarixində, hətta dünya savaş tarixində çox az qüvvə və itkilərlə Suriya Ərəb Respublikası ərazisində dövlət qurmaq xəyalına düşmüş terrorçuları Afrin bölgəsindən təmizlədi.

- Ölkə ictimaiyyəti hərbi əməliyyatları necə qarşılayır? Terrorçulara qarşı aparılan savaş əksəriyyət tərəfindən dəstəklənirmi?

- Şübhəsiz ki, qəlbində millət və vətən sevgisi olan hər bir türkiyəli bu əməliyyatı dəstəkləyir. Bu cəhətdən mən Afrin əməliyyatı ilə Azərbaycanın uğurla başa vurduğu "Aprel döyüşləri” arasında paralellik aparmaq istərdim. Bu əməliyyatlarda iki qardaş ölkədə siyasi düşüncəsindən asılı olmayaraq, hər kəs bir yumruq kimi birləşdi və düşmənlə mübarizə apardı. Nəticəsi isə qalibiyyət oldu. Bir məqamı da xatırlatmaq lazımdır ki, Türkiyə Afrində sadəcə bəlli bir terrorçu qruplaşma ilə deyil, eyni zamanda özünün də təmsil olunduğu hərbi alyans (NATO - red) tərəfindən dəstəklənən qrupla vuruşurdu. Bu baxımdan Türkiyənin tarixi qələbəsi millətin silkələnərək özünə gəlməsinə vəsilə oldu. Həmçinin, dost və düşmənin kim olduğu açıqca ortaya çıxdı.

- Prezident Ərdoğan yeni əməliyyatların anonsunu verib. Sizcə, bundan sonrakı hədəf haradır?

- Cənab Ərdoğan hakimiyyətə gəldiyi ilk dönəmlərdən etibarən qətiyyətlə terroru bitirmək qərarında olub. Xatırlayırsızsa, ölkə rəhbəri "Kürd açılımı” layihəsini gündəmə gətirərək məsələnin sülh yolu ilə, yəni qan tökülmədən həll olunmasını istəyirdi. Lakin bu yolun müsbət nəticə vermədiyini gördükdən sonra, cənab Ərdoğan da terrorçuların anlayacaqları dildən onlarla danışmağa məcbur qaldı. Afrin əməliyyatı da bu prosesin tərkib hissəsi idi. Bundan sonrakı hədəf İraq və Suriya torpaqlarında mövcud olan və Türkiyəni hər zaman təhdid altında saxlayan bütün terrorçuları məhv etməkdir
.
- Türkiyədəki suriyalı qaçqınların azad edilən ərazilərə köçdüyü deyilir. Bu xəbərlər doğrudurmu?

- Türkiyə dövləti savaş səbəbi ilə mühacir vəziyyətinə düşən suriyalıları planlı şəkildə Suriyanın işğaldan azad edilən bölgələrində yerləşdirməyə başlayıb. Qarşıdakı aylarda suriyalı qaçqınlar doğma torpaqlarında yaşayacaqlar.

- Ankarada baş tutan Ərdoğan, Putin və Ruhani görüşünü, Suriya ilə bağlı müəyyən anlaşmaları necə dəyərləndirirsiniz? Sizcə, artıq Suriya böhranı başa çatdımı?

- Rusiya-İran-Türkiyə üçbucağının bir araya gələrək bu məsələni həll etməsi ictimai-siyasi xadimlər tərəfindən çox yüksək qiymətləndirilir. Suriya məsələsi bir daha göstərdi ki, bu coğrafiyada yaşanan ağrı və acılara yenə də bölgənin xalqları və dövlətləri məlhəm ola bilərlər. Bizlər min ildən çoxdur sözügedən bölgədəyik. Yaxın Şərqdəki hansısa problemi uzaq xarici dövlətlərin müdaxiləsi ilə həll etmək mümkünsüzdür. Rusiyanın Suriyaya müdaxiləsi Moskvanın strateji addımı idi. Əgər bölgədə radikal islamçıların dövləti yaransaydı, çox da uzaq olmayan gələcəkdə Şimali Qafqaz terror qruplaşmaları ilə üz-üzə qalacaqdı. Məlumdur ki, İŞİD terrorçularının bir qismi Əfqanıstan ərazisinə keçiblər. Yaxın gələcəkdə Tacikistan-Əfqanıstan sərhəd bölgələrində qarşıdurmalar yaşana bilər. Xatırladım ki, rəsmi olaraq Tacikistan-Əfqanıstan sərhəddinə Rusiya Dövlət Sərhəd Xidməti nəzarət edir.

- Üçlüyün digər tərəfi olan İranın mövqeyini necə şərh edərdiz?

- Suriya İranın bölgədəki ən qədim müttəfiqlərindən biridir. Təkcə bir faktı xatırlatmaq kifayətdir. İran-İraq müharibəsi zamanı demək olar ki, bütün ərəb ölkələri İraqı dəstəklədiyi halda, sadəcə Suriya hökuməti İranı dəstəklədi. Qərb dövlətlərinin "Böyük Ortadoğu Layihəsi” çərçivəsində növbəti hədəf İran idi. Eyni zamanda Suriyada yaradılması planlaşdırılan terrorçu dövlətlər İran üçün də ciddi təhlükə deməkdir. PKK-nın İran qolu olan PEJAK hələ də fəaliyyətini sürdürməkdədir. Məhabad bölgəsində xeyli sayda kripto terrorçular mövcuddur.

İsmayıl







SON XƏBƏRLƏR

2018-09-24
2018-09-23