2018-04-12 12:03:54   |   1729 dəfə oxunub

Ölkədə sağlam ab-havanı hamı qorumalıdır

Aparıcı KİV-lər fəaliyyətini milli maraqlarla uzlaşdıra bilir

Ancaq bu işdə dövlət qurumları, təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları iştirak etməlidirlər





Günümüzün aktual mövzularından biri də milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasıdır. Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir.

Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev dinimizin milli-mənəvi dəyərlərin ən önəmli ünsürlərindən biri olduğunu önə çəkirdi və bilirdi ki, xalqlara və qəbilələrə ayrılmış cəmiyyət həm də milli-mənəvi dəyərləri ilə seçilməlidir.
Əslində Azərbaycanın dünyaya inteqrasiyası müsbət tendensiya sayılsa da, qloballaşma dövründə dünyadan inteqrasiya etdiyimiz bəzi mənfi dəyərlərin ola biləcəyi istisna deyil. Etiraf etməliyik ki, Azərbaycanın ali qanunverici orqanı müstəqillik dövründə onlarca belə təpkilərlə qarşılaşmasına baxmayaraq, təzyiqlərə dirəniş göstərdi. Bu gün də ölkəmizin üzvü olduğu bəzi beynəlxalq təşkilatların tələblərinə baxmayaraq, bir sıra qanunlar milli-mənəvi dəyərlərimizə zidd olduğundan qəbul edilmir. Lakin bu, yeganə fakt deyil. Onlarca dəlil göstərmək olar ki, qloballaşma prosesinin iştirakçısı olan Azərbaycanda xalqın milli-mənəvi dəyərlərinin qorunması baxımından KİV-in rolu danılmazdır. Məsələn, xarici siyasətlə bağlı Azərbaycan mediasının göstərdiyi həmrəylik təqdirəlayiq sayıla bilər. Xüsusilə də Qarabağ münaqişəsi istiqamətində xarici diplomatik proseslərdə ölkənin yerli media qurumlarının göstərdiyi təpki dövlət qurumlarının siyasəti ilə üst-üstə düşür və nəticə etibarilə də ölkənin xarici siyasətində əhəmiyyətli rol oynayır.

Başlıca olaraq kütləvi informasiya vasitələrində gedən materiallarda əxlaq normaları gözlənilməli, bayağı xarakter daşımamalıdır. Adətən ölkəmizlə bağlı mühüm ictimai-siyasi hadisələr, seçkilər, xüsusilə beynəlxalq qurumların Azərbaycana dair hesabatlarının açıqlanması ərəfəsində xaricdə yaşayan və ələ alınmış bəzi azərbaycanlılar tərəfindən ölkəmiz, dövlətimiz, seçkilər dövründə isə namizədlərə qarşı sistemli şəkildə təhqir və böhtan xarakterli fikirlər səsləndirilir. Belə böhtan və təhqir kampaniyasının aparılması Azərbaycandakı ictimai-siyasi sabitliyin pozulması məqsədinə xidmət edir. Belə insanlar hətta milli mentalitetimizin qırmızı cizgisini keçən ən sərt təhqir və söyüşlərdən istifadə edirlər. Ona görə də cəmiyyətimizin hər bir üzvü, o cümlədən həm QHT, həm də KİV təmsilçiləri belə hallara qarşı ortaq mövqedən çıxış edərək, güclü ictimai qınaq formalaşdırmalıdırlar. Təbii ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Ən əsası suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan tələb olunan bu amalın - azərbaycançılığın təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Milli ideyanın formalaşması, millətin məqsədyönlülüyünün dəstəklənməsi iqtisadi uğurlarımızın əsasını təşkil etməklə soydaşlarımızın birlik və həmrəyliyi üçün də başlıca amildir.

Bəs görəsən, media nümayəndələri milli-mənəvi dəyərlərin qorunub saxlanılması məsələsində medianın rolunu necə dəyərləndirir?

Qeyd edək ki, bir neçə gün əvvəl Mətbuat Şurasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: mənfi meyillərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirilib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Avropaya sığınan bir neçə azərbaycanlının son zamanlar etik prinsipləri pozaraq Azərbaycan, dövlətimizin başçısı, dövlət rəmzləri haqqında təhqiredici ifadələr səsləndirdiklərini söyləyib. O deyib ki, qarşıdan prezident seçkiləri gəlir və biz belə çirkin əməlləri bununla əlaqələndiririk. Mətbuat Şurasının sədri bildirib ki, belə çirkin əməllər əvvəlki seçkilərdə də müşahidə olunub. Lakin bu hal indi daha kəskin və sərt təhqir, qəzəb və söyüşlə müşayiət olunur. Belə qüvvələrin məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır. Lakin onlar azlıq təşkil edirlər. Bu gün Avropada və dünyanın digər ölkələrində xeyli sayda azərbaycanlı yaşayır. Onlar Azərbaycanı xaricdə uğurla təmsil edir, ölkəmizlə bağlı həqiqətləri fəal təbliğ edirlər. Qeyd edib ki, təhqir və söyüş üsulunu siyasi mübarizə yolu kimi seçən müəyyən insanlar yaşadıqları ölkələrdən müxtəlif təhdidlər səsləndirirlər. Bu, qanunla qadağandır və insan hüquqlarına ziddir. Bu tədbirin keçirilməsi cəmiyyətdə barışın və həmrəyliyin qorunması üçün çox vacibdir.
Ölkəmizdə mətbuat və söz azadlığının tam təmin olunduğunu vurğulayan "Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov təəssüflə bildirib ki, bəzi insanlar ölkəmizdə ifadə azadlığından söyüş və təhqir azadlığı kimi istifadə edirlər. Azərbaycandan kənarda yaşayan həmvətənlərimiz xalqımızın milli-mənəvi dəyərlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması vəzifəsini unutmamalıdırlar. Söyüş və təhqirin heç vaxt mübarizə vasitəsi ola bilməyəcəyini deyən B.Sadıqov bildirib ki, həmin insanların mübarizəni bu üsullarla aparmaları onların əlində heç bir faktın olmadığını göstərir.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, qlobal imperializmin silahı qismində yaradılan sosial şəbəkələrdən milli dövlətlərə qarşı yumşaq güc vasitəsi kimi istifadə olunur. 

Siyasi intellektual mübarizənin əsas komponentlərindən birinin siyasi əxlaq və mədəniyyət olduğunu vurğulayan H.Babaoğlu deyib ki, biz "yumşaq güc” vasitəsilə münasibətləri hüquqi mexanizmlərlə tənzimləməliyik. Belə ki, siyasi mübarizədə təhqir və söyüşlərdən istifadənin qarşısı hüquqi yollarla alınmalıdır.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadənin sözlərinə görə, milli-mənəvi dəyərləri qorumaq, yeniyetmə və gənclərimiz arasında vətənpərvərlik təbliğatı aparmaq, ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə vermək hər bir vətəndaşın borcudur: "Əgər biz Azərbaycanda yaşayırıqsa, bu ölkədəki sağlam ab-havanın qeydinə qalmalıyıq, amma bu, birbaşa medianın vəzifəsi deyil. Media bu prosesdə sadəcə iştirak edir”.

S.Verdizadə deyib ki, milli-mənəvi dəyərlərin qorunmasında bilavasitə dövlət qurumları, təhsil müəssisələri, vətəndaş cəmiyyəti institutları iştirak etməlidirlər: "Medianın başlıca vəzifəsi bu prosesi təşviq etməkdir. Bilirsiniz, KİV bir kommersiya strukturudur. Onun öz maraqları var. Bu maraqların başında maddi-texniki bazanın gücləndirilməsi dayanır.

Bu isə ilk növbədə müraciət edilən mövzuların rəngarəngliyindən asılıdır.

Sözsüz ki, hansısa KİV bütün fəaliyyətini milli-mənəvi dəyərlərin qorunmasına yönəldə bilməz. Bu, onun yaradıcılıq konsepsiyasına zidd olardı. Amma KİV öz xəbər siyasəti ilə ölkədəki sağlam-ab havanı korlaya da bilər. Hələlik onu deyə bilərik ki, Azərbaycanın aparıcı KİV-ləri öz fəaliyyətlərini milli maraqlarla uzlaşdıra bilirlər. Lakin son vaxtlar ucuz sensasiya arxasınca düşən xəbər portallarımızın sayının artdığını da inkar edə bilmərik. Oxucu "ov”una çıxan bu cür saytların öz xəbər siyasətlərində milli-mənəvi dəyərləri arxa plana keçirməsi təəssüf hissi doğurur. Zorlama ilə bağlı xəbərlər, başqasının şəxsi həyatına müdaxilə, intim dünyaya işıq tutmaq cəhdi açıq-aşkar narahatlıq doğurur. Mətbuat kütlənin onu öz arxasınca sürüməsinə imkan verməməlidir”.

Milli-mənəvi dəyərlərimizə zidd yazıların, məlumatların daha çox sosial şəbəkələr üzərindən yayıldığını qeyd edən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, bu problemlərin aradan qaldırılması üçün bir neçə yol var. Bu variantlardan biri hüquqi tənzimləmələrlə bağlıdır. Bu istiqamətdə bir sıra ölkələrdə müvafiq addımlar atılıb. 

Digər variant isə ciddi alternativlərin ortaya qoyulmasıdır. Azərbaycanda peşəkar blogerlərin yetişdirilməsi, təlimlərin keçirilməsi və blogerlikdən pul qazanılması istiqamətində də müəyyən addımlar atılmalıdır. Dünya təcrübəsində oxşar addımlar atılıb.

E.Mirzəbəylinin sözlərinə görə, sosial şəbəkələrdə dövlətin, millətin mövqeyini, milli-mənəvi dəyərlərimizi qoruyan istifadəçilərin fəaliyyətini stimullaşdırmaq lazımdır. 

"İctimai qınaq mexanizmləri tətbiq edilməlidir. Elektron mediada hüquqi tənzimləmələr məsələsinə də yenidən baxmaq lazımdır. Son illərdə bu sahədə müvafiq qanunvericilik bazası yaradılsa da, bütün bunların yetərli olmadığı qənaətindəyəm. Hazırda istənilən şəxs 20 manat verib domen almaqla istədiyi formatda media resursunu qeydiyyatdan keçirə bilər. Bu problemlərin həlli üçün Mətbuat Şurasının statusunun dəyişdirilməsi, səlahiyyətlərinin artırılması da vacib şərtlərdən hesab olunur. Mediada milli-mənəvi dəyərlərimizə zidd məlumatların yer almasının qarşısının alınması istiqamətində dövlət öz üzərinə düşən missiyanı yerinə yetirir. Sözsüz ki, bundan sonra həyata keçirilən təşəbbüslərə də öz dəstəyini verəcək. Peşəkar Kütləvi İnformasiya Vasitələri isə öz nüfuzlarını, jurnalistikanın adını qorumaq üçün milli-mənəvi dəyərlərimizə zidd addımlar atan şəxslərə qarşı mübarizədə fəal olmalıdırlar”.

Davamı olacaq...

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb


Şəymən







SON XƏBƏRLƏR

2018-09-24