2018-04-12 12:08:12   |   2582 dəfə oxunub

Ağrıyan boğazı silmək tibbi cəhətdən düzgün sayılmır

Bu qədər dərmanlar, spreylər olan yerdə nə məcburdur ki, uşaqlara bu qədər əziyyət verilsin



Boğaz ağrısı bir çox insanı narahat edir, xüsusilə də uşaqları. Bu xəstəliyə həm yayda, həm də qışda sıx rast gəlmək olur. Udqunmaq çətinləşir, boğaz şişir, çirk edir. Bu zaman isə valideynlərin ən çox əl atdıqları üsul boğazda yaranan çirki silməkdir.

Bəs bu üsul doğrudurmu və uşaqların boğazını silən zaman nələrə diqqət etmək lazımdır? Bununla bağlı danışan pediatr Aytən İsmayılzadə hesab edir ki, irinli angina varsa, irinin buradan mexaniki üsulla kənar edilməsi lazımdır: "Bir abses düşünək: abses yarılmadan ora hər hansı antibiotiklər təsir edərmi? Yaxud da bir panarisi (dolama) zamanı irinin axmasına yol açılmazsa, nəticəsi daha pis ola bilər. Konkret misal üzərindən deyəcəm: Balacanın iki yaşı var idi. Badamcıqlar şişmiş, qızarmış, üzəri irinli follikullarla dolmuşdu.

 Hərarəti 38-39 idi və iştahı yox idi. Yenə antibiotik edəkmi? Mənim yanıma gələrkən artıq antibiotik almışdı. İmmunomodulyasiya və yerli olaraq irinin təmizlənməsinə başladıq. İkinci gündən hərarət düşdü, iştah açıldı. Hər şey yaxşı oldu bir sözlə. Əlbəttə burada antibiotik terapiya göstəriş idi. Amma sildik və təmizlədik”.

A.İsmayılzadə deyib ki, silən zaman zədələmədik, əsas nüans da budur: "Kim və necə təmizləyəcək. Nəyə diqqət edəcəyik. Törədicinin nə olduğunu bilmədiyimiz üçün daha ehtiyatlı olmalıyıq. Birdən streptokok olar və qana keçib rahatlıqla ürək qapaqlarını zədələyər. Sadəcə, əsnəkdən yaxma götürmək üçün istifadə edilən ucu pambıqlı uzun çöplərlə zədələmədən yumşaq bir şəkildə badamcıqların üzəri silinə bilər”.

Pediatrın sözlərinə görə, boğaz silən zaman 3 faizli perekis məhlulu ilə, sonra da 1 faiz yoseptlə bunu etmək olar: "Əlbəttə, bir dəfəyə tər-təmiz etmək fikrində olsaq, zədələyərik və qanadarıq. Əgər uşaq boğazını yaxalaya biləcək yaşdadırsa, bu, çox yaxşı. Ehtiyatla, amma hər gün etməklə antibiotiksiz də nəticə ala bilərik, immunomodulyasiyanı davam etməklə”.

O həmçinin uşağın boğazını silən zaman nələrin edilməməsinə də aydınlıq gətirib:
- badamcığı basmaq
- bərk silib zədələmək
- kobud lifli bint materialından istifadə
Pediatr Vaqif Qarayev isə boğaz ağrısı zamanı mexaniki müdaxiləni yolverilməz hesab edir. "30-40 il bundan əvvəl uşaqların boğazını neftlə, kerosinlə yuyub silmək olurdu. Bu gün isə bu cür hallar yolverilməz hesab edilir. Ümumiyyətlə götürdükdə isə tibbi cəhətdən boğaz silmək düzgün deyil. İltihabi proses zamanı boğazdakı udlaq badamcıqları qızarıb, şişir. Təsəvvür edin ki, o vəziyyətdə düşən badamcıqlar yetişmiş zoğalı xatırladır. Silən zaman da cüzi toxunuşla toxumalar zədələnir. Həmin toxunmaları zədələmədən boğaz silmək üçün mütləq əl vərdiş etməlidir. Elə həkimlərimiz var ki, artıq onlar buna vərdiş edib və fəsadsız uşaqların boğazını silir. Ancaq bu qədər dərmanlar, spreylər olan yerdə nə məcburdur ki, uşaqlara bu qədər əziyyət verilsin. Axı körpə uşaqların boğazını silərkən badamcıqları zədələməmək çox çətindir. Toxumalar zədələndiyi zaman da qida qalıqları orda ilişib qalır və orada çürüyərək mikrobların yaranmasına səbəb olur”.

Şəymən







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18