2018-04-14 12:45:28   |   193 dəfə oxunub

ATƏT-in qərəzi ikrah doğurdu

Millət vəkilləri hazır mətnlə gələnləri tənqid etdilər




Azərbaycanda keçirilən prezident seçkisinin demokratik olması və beynəlxalq standartlara uyğun reallaşması heç kimdə şübhə doğurmur. Seçkini izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilər də etiraf edirlər ki, 11 aprel prezident seçkisi bir sıra inkişaf etmiş ölkələrdə tətbiq edilə biləcək yeniliklərlə müşayiət olunub. Həmin yeniliklər seçkilərin şəffaf və ədalətli şəkildə keçirilməsinin təmini məqsədilə tətbiq edilib.

Hüquqi prosedur baxımından namizədlər üçün bərabər rəqabət mühitinin yaradılması, mətbuatda təşviqat məqsədilə onlara bərabər imkanların verilməsi təmin edilib. Şəffaflığın bərqərar olması baxımından seçicilərin barmaqlarına mürəkkəb vurulub, seçki məntəqələrində kameralar quraşdırılıb. Halbuki Avropanın inkişaf etmiş ölkələrində şəffaflığın təmin edilməsi məqsədilə bu qədər yeniliklər tətbiq edilmir. Belə bir şəraitdə hər şeyi gözardı edərək əhəmiyyətsiz xırda nöqsanları şişirtmək və qanun pozuntusu kimi təqdim etmək ədalətsizliyin və qərəzli münasibətin təzahürüdür. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT-in Parlament Assambleyası, AŞ PA və Avropa İttifaqının müşahidə missiyalarının ilkin rəylərində əksini tapmış uydurma müddəalar bunu deməyə əsas verir. Seçkiləri müşahidə edən həmin qurumların həqiqəti əks etdirməyən fikirlər səsləndirməsi Azərbaycan ictimaiyyətinin ciddi etirazına səbəb olub. Hesab olunur ki, onların birgə hazırladıqları hesabat qərəzli olmaqla yanaşı, Azərbaycan xalqının iradəsinə ziddir.

Millət vəkili, siyasi elmlər doktoru Elman Məmmədov deyib ki, elə ATƏT kimi riyakar, muzdlu beynəlxalq qurumların saxta fəaliyyəti nəticəsində torpaqlarımızdan didərgin düşmüşük. Deputat bildirib ki, bu şəxslərin Azərbaycanda prezident seçkilərinə kölgə salması xalqın qəzəbinə səbəb olub: "Onların ədalətsiz, ermənilərlə birlikdə fəaliyyət göstərməsi nəticəsində Azərbaycan torpaqları bu günə qədər işğal altındadır. Təşkilat erməni maliyyəsi, erməni yalı ilə qidalanıb erməni havasına oynayır. Əvvəlcə öz fəaliyyətlərini qarşılarına qoysunlar, sonra danışsınlar. ATƏT-in nümayəndələrinin Azərbaycana gəlib burda seçki prosesini izləməyə haqqı yoxdur. ATƏT Dağlıq Qarabağ məsələsində özünü riyakar, saxta, ikiüzlü, ikili standartlarla fəaliyyət göstərən bir qurum kimi tanıdıb”.

Millət vəkili Məlahət İbrahimqızı isə bəyan edib ki, ATƏT-in hesabatı sifarişlidir: 

"Müşahidə missiyasının bu cür hesabat açıqlamaqda məqsədi ölkəmizə qarşı təzyiq göstərməkdir. Onlar hesabatı Azərbaycana gəlməmişdən əvvəl hazırlayıblar. Bura gələndən sonra hesabatın üzərində bir az imitasiya edib oxuyurlar. ATƏT-in Azərbaycana qarşı hesabatları, adətən, sifarişli olur. Onlar Azərbaycana qarşı heç vaxt ədalətli münasibət göstərməyiblər. Azad, demokratik seçki nəyə deyirlər? İnsanlar azad şəkildə seçkidə iştirak edib, bəzi məntəqələrdə gəlinlə-bəy seçkiyə gəlib. Ancaq onlar bunu görmürlər. Bəzi təşkilatlarda Azərbaycana qarşı hazır qərəzli mətnlər olur. Belə məqamlarda həmin mətnləri təqdim edirlər. Bu açıqlamaların kökündə Azərbaycana qarşı təzyiq etmək marağı durur. Lakin bu üsulla bizə təzyiq göstərə bilməzlər. Konstitusiyaya görə xalq prezidentini seçir. Azərbaycan xalqı da bayram əhval-ruhiyyəsi ilə öz Prezidentini seçdi. İnsanlar məmnuniyyətlə məntəqələrə gəlib səs verirdilər”.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev də deyib ki, qərəzli seçki hesabatı birmənalı olaraq əvvəlcədən hazırlanıb və Azərbaycanın bugünkü reallığını əks etdirmir: "Bunun səbəbi Azərbaycana qarşı həyata keçirilən ikili standartlardır. Azərbaycan xalqı heç zaman bu cür ədalətsiz yanaşma ilə razılaşmayacaq. Bir neçə il əvvəl AŞ PA-nın müşahidə missiyasının tərkibində Ukraynada keçirilən seçkiləri izləyirdim. 20 qrupa bölünmüşdük və hər qrupda 2 deputat var idi. Mən finlandiyalı nümayəndə ilə gün ərzində məntəqələri gəzdim. Sonra AŞ PA nümayəndəliyinin ovaxtkı rəhbərinə hesabat verdik. İyirmi qrupun hamısı seçkilərin müsbət keçdiyini bildirdi və yazılı şəkildə nümayəndəliyin rəhbərinə hesabat verdi. AŞ PA nümayəndəliyinin rəhbəri razılığını bildirərək dedi ki, seçkilər baş tutub, hər şey qaydasındadır, problem yoxdur. Lakin ertəsi gün axşam mətbuat konfransında dedilər ki, guya Ukraynada keçirilən seçkilər ədalətdən uzaqdır. Bunu deməkdə məqsədim odur ki, bunların hazırladıqları hesabat tam ədalətsiz, ikili standartlara əsaslanan hesabatdır. Azərbaycan xalqı öz seçimini etdi. Bu seçimə hörmətlə yanaşmaq lazımdır. Xalq öz liderinə inanır, onun ətrafında sıx birləşir”.

Millət vəkili Sahib Alıyev də bildirib ki, ATƏT müşahidəçiləri Azərbaycana xüsusi sifarişlə gəliblər: "İlk dəfə deyil ki, biz həmin qurumun bu cür adekvatlıqdan uzaq və ziddiyyətli yanaşması ilə üzləşirik. Əvvəllər görürdük ki, ATƏT-i təmsil edənlər burada bir açıqlama verir, sonradan isə müəyyən dairələrin təsiri ilə başqa bəyanatlar yayırlar. Son iki seçkidə isə artıq bura hazır mətnlə gəlirlər. Təklikdə rəy öyrəndikdə məntəqələrdə hər şeyin normal olduğunu deyirlər, bir gün sonra isə bəlli çevrələrin tərtib etdiyi qərəzli, obyektivlikdən uzaq mətni oxuyub özlərini pis vəziyyətdə qoyurlar. Bizim üçün onların öncədən tərtib edilən qərəzli rəyləri yox, hər bir insanın gördüyü mənzərə önəmlidir. Mənzərə isə bundan ibarətdir ki, biz hər dəfə xalq olaraq daha üstün seçki mədəniyyəti və mütəşəkkillik sərgiləyirik. Bu da yüksək seçici fəallığı və əhəmiyyətli sayılacaq hər hansı nöqsanın olmamasında özünü göstərir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-04-21
2018-04-20