2018-04-14 12:50:11   |   310 dəfə oxunub

Azərbaycan ciddi oyunçuya çevrilib

İlham Əliyevin reytinqi onun qələbəsinə şübhə yeri qoymurdu

“O, mürəkkəb xarici siyasi vəziyyətdə ölkənin təhlükəsizliyini təmin etməyə imkan verən təcrübəyə malikdir”





Prezident seçkisində müşahidəçi qismində Bakıda olan Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev İlham Əliyevin inamlı qələbəsinin səbəblərindən və Azərbaycan xalqının bu seçiminin regionun gələcəyi üçün əhəmiyyətindən söz açıb. Savelyev bildirib ki, Azərbaycanın təşkil etdiyi tədbir yüksək səviyyədə olmaqla yanaşı, hər dəfə xarici qonaqları heyrətləndirir.

Seçkilər də istisna deyil: "Avropadan gəlmiş müşahidəçilər seçkilərdə tam şəffaflığın təmin edilməsi, sui-istifadə hallarının qarşısının alınması üçün görülmüş tədbirlərdən müsbət mənada heyrətləniblər. Heç yerdə görmədiyimiz tədbirlərin şahidi olduq. Məsələn, seçicilərin barmağına dəridə piqment buraxan maye vurulur. Bu, təkrar səsvermənin qarşısını alır. Ünsiyyətdə olduğum bütün müşahidəçilər qeyd edirdilər ki, proses tamamilə legitim və qanunidir və burada öyrənməli çox şey var”. Savelyev bildirib ki, Azərbaycanda təbii sərvətlərdən düşünülmüş istifadə olunması siyasəti və iqtisadiyyatın diversifikasiyası kursu mövcuddur. Bu siyasət neftin qiymətinin kəskin düşdüyü zaman özünü yaxşı doğrultdu. İqtisadiyyatın qeyri-neft sektoru - ağır sənaye, kənd təsərrüfatı, turizm sahələri böhran vəziyyətində istehsalın artmasına və durğunluğun qarşısını almağa imkan verdi. Bunun sayəsində Azərbaycan sosial proqramların həyata keçirilməsi tempini azaltmamaq, əhalinin həyat səviyyəsini aşağı salmadan inkişafı davam etdirmək imkanı qazandı. Mükəmməl diplomat və strateq İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya arenasında ciddi oyunçuya çevrilib. İnsanlar görürlər ki, onların vətəni ilə hesablaşır, ona hörmət edirlər. Bu da çox əhəmiyyətlidir. Bütün bu amillər seçkilərdə İlham Əliyevə verilmiş təxminən 90 faiz səslərin məcmusudur.

"İlham Əliyevin göstərdiyi siyasi müdriklik..”

İsrail müdafiə nazirinin sabiq məsləhətçisi, politoloq Aleks Veksler də bildirib ki, prezident seçkilərində cənab İlham Əliyevin qələbəsi Azərbaycan-İsrail münasibətlərinin sonrakı inkişafı üçün əlverişli şəraiti yaradacaq. Onun sözlərinə görə, İlham Əliyevin indiki reytinqi onun qələbəsinə şübhə yeri qoymurdu: "İlham Əliyevin indiyə qədər olan prezidentliyi dövründə iki ölkə arasında əməkdaşlıq ən müxtəlif sferalarda müvəffəqiyyətlə inkişaf edib. Bu, aysberq kimidir, on hissədən yalnız biri görünür. İsrail Azərbaycana yəhudi icmasının inkişafı üçün əlverişli şərait yaradıldığına görə xüsusi hörmət bəsləyir. Bizim üçün postsovet məkanında yəhudilərin həyat səviyyəsindən daha əhəmiyyətli heç nə yoxdur. Mən hələ Qarabağ münaqişəsinin başlanğıcında baş nazir İshak Şamirlə söhbət zamanı demişdim ki, Ermənistanda təqribən min nəfər yəhudi yaşayır. Amma Azərbaycanda on minlərlə və onların ictimai-mədəni, dini inkişafı üçün heç bir maneə yoxdur. Azərbaycan cəmiyyətindəki tolerantlığın bu amilini İsraildə yüksək qiymətləndirirlər”. Analitik Azərbaycanın yerləşdiyi mürəkkəb regionda heç də az olmayan xarici təhlükələrin qarşısını almaq istiqamətində İlham Əliyevin göstərdiyi siyasi müdriklik haqda böyük ehtiramla danışıb: "O, mürəkkəb xarici siyasi vəziyyətdə ölkənin təhlükəsizliyini təmin etməyə imkan verən təcrübəyə malikdir”.

Fransız jurnalist: Prezident seçkiləri ölkənin sabitliyini təsdiqləyir

Prezident seçkilərini müşahidə edən fransız jurnalist Yanik Ürryen Fransanın "hebdobourseplus.com” portalında "Azərbaycan: Prezident seçkiləri ölkənin sabitliyini təsdiqləyir” sərlövhəli məqalə yazıb. Prezident seçkilərinin qanun çərçivəsində, demokratik şəraitdə keçirildiyini vurğulayan jurnalist Ürryen seçkilərin ölkənin həyatında mühüm hadisə olduğunu, onun siyasi vəziyyətini daha yaxşı anlamağa imkan yaratdığını bildirib. O, seçki məntəqələrində səsvermə üçün uzun növbələrin olduğunu müşahidə etdiyini diqqətə çatdırıb. Jurnalist ölkəmiz haqqında ətraflı məlumat verərək, Azərbaycanın bütün sahələrdə qazandığı uğurların diqqəti cəlb etdiyini, əhalinin 93 faizinin müsəlman olmasına baxmayaraq, onun dünyəvi dövlət olduğunu, qadın hüquqlarına riayət edildiyini bəyan edib. Həmçinin, müxtəlif dinlərin nümayəndələrinin tam harmoniya şəraitində yaşadığını vurğulayıb. Ölkəmizdəki multikultural mühitə toxunan Ürryen yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyev xristianları Pasxa bayramı münasibətilə təbrik edərək onların öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmaqla, ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak etdiklərini xüsusi qeyd edib. Məqalədə Cənubi Qafqazda Azərbaycanın Fransanın mühüm tərəfdaşı olması, onun Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynaması da diqqətə çatdırılıb.

İsmayıl







SON XƏBƏRLƏR

2018-07-17