2018-04-14 13:01:00   |   305 dəfə oxunub

Başqa yolu yoxdur

Paytaxtdakı işıqforlar və nəqliyyat sistemi böyük bir komanda ilə idarə olunmalıdır

“Sərnişindaşıma ilə metropoliten də əlaqəli işləməlidir”



"Metro çıxışlarındakı dayanacaqlarda vəziyyət yaxşı deyil. Camaat axşam saat 11:00-dan sonra
metrodan çıxır, avtobus tapmır. Metro gecə saat 12-dək işləyirsə, avtobuslar da işləməlidir”




Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli "APA Economics”ə müsahibəsində bir çox məsələlərə toxunub, o cümlədən paytaxtdakı işıqforların vahid sistem çərçivəsində idarə olunmasına da. Baş direktor deyib ki, işıqforlara nəzarətin digər qurumlarda olması məsələni çətinləşdirmirdi, sadəcə onların texniki cəhətdən idarə edilməsi bir az problem yaradırdı:

- Bu gün Bakı şəhərinin küçələrini Bakı Nəqliyyat Agentliyi (BNA) və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) olmadan təsəvvür etmək mümkün deyil. Xüsusilə nəqliyyat sahəsində BNA, DYP, İcra Hakimiyyəti koordinasiyalı şəkildə çalışmalıdır. Bunun başqa yolu yoxdur. Bizim nəqliyyatın intellektual idarə edilməsinə dair inkişaf proqramımız var. Orada xüsusi bir komandanın yaradılması öz əksini tapır. Həmin komandanın tərkibində Fövqəladə Hallar Nazirliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Nəqliyyat Agentliyinin nümayəndələri olacaq. Bu komanda konsorsium kimi fəaliyyət göstərəcək və idarəetmə oradan olacaq.

Mütəxəssislər nə düşünür? Konsorsium yaradılması nəqliyyat sektorundakı problemlərin həllinə kömək edəcəkmi?

Yol-nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov "Şərq”ə açıqlamasında bildirdi ki, yaradılacaq konsorsium müstəqil fəaliyyət göstərəcəyi halda effektli iş ortaya qoya biləcək:

- Mən uzun illərdir çıxışlarımda bu məsələni həmişə qaldırıram ki, yol-nəqliyyat problemləri elmi cəhətdən araşdırılmalıdır. Bunun üçün də bir mərkəz yaradılmalıdır. Bir neçə qurum bir yerə yığışıb öz birbaşa funksiyaları ilə yanaşı, digər fəaliyyət növləri ilə də məşğul olanda, işlər yarımçıq qalır. Bir qurum paralel olaraq bir neçə fəaliyyətlə məşğul olmamalıdır. Belədə lazımi fəaliyyət göstərə bilmirlər. Nəqliyyat problemləri ilə bağlı işlək bir qurum yaradılmalıdır və qurum elmi-tədqiqat işləri aparmaqla problemlərin həllinə çalışmalıdır. Nəqliyyatda iki mühüm sahə var; yol hərəkətinin təşkili, təhlükəsizliyi, sərnişin və yükdaşımanın təşkili. Bu işləri yalnız Bakı Nəqliyyat Agentliyinin üzərinə qoymaq olmaz. Hazırda BNA daha çox ictimai nəqliyyat, sərnişindaşıma problemləri ilə məşğuldur. Bu sahədə də müəyyən problemlər var. Mövcud problemlər nədən qaynaqlanır - sahibkarların yüksək mənfəət əldə etmək istəyindən. Baxın, inkişaf etmiş ölkələrdə sərnişindaşıma rentabelli sahə hesab edilmir. Sərnişindaşımada rentabellik 5-6 faizdən yüksək nəzərdə tutulmur. Bu sektor sosial yönümlü olduğu üçün əsas göstərici keyfiyyətdir. Sərnişindaşımada əsas keyfiyyət göstəricisinin yüksək olmasıdır. Sahibkarlar, şirkətlər də yüksək mənfəət əldə etməyə səy göstərmirlər. Amma bizdə keyfiyyət ikinci plana keçir, birinci planda mənfəət, gəlirin yüksək olmasıdır. Ona görə də sərnişindaşımadan narazılıq yaranır.

F.Eyyubov sərnişindaşıma ilə metropolitenin də əlaqəli işləməli olduğunu dedi:

- Paytaxtda hazırda ən keyfiyyətli və sərfəli nəqliyyat növü metrodur. Amma metro çıxışlarındakı dayanacaqlarda vəziyyət yaxşı deyil. Camaat axşam saat 11:00-dan sonra metrodan çıxır, avtobus tapmır. Metro gecə saat 12-dək işləyirsə, avtobuslar da işləməlidir. Amma elə vəziyyətdir ki, insanlar çalışır ki, axşam saat 10-a qədər evlərinə çatsınlar, çünki bir az gec olsa, evə getməyə avtobus tapmayacaqlar. Məcbur qalacaqlar, metronun çıxışında dayanan taksilərə minsinlər. Şəhərlərarası avtobusların işi də koordinasiya olunmalıdır. Svetaforların ("Yol hərəkəti haqqında” qanunda işıqfor yox, svetaforların yazılıb - F.Eyyubov) quraşdırılması, piyada keçidləri, dayanacaqların qoyulması, bunların hamısı koordinasiyalı şəkildə olmalıdır. Ona görə də deyirəm ki, nəqliyyat problemlərinə elmi yanaşma olmalı və sırf bu işlə məşğul olacaq mərkəz yaradılmalıdır.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2018-09-21
2018-09-20