2018-04-15 13:51:07   |   481 dəfə oxunub

50 yaşlarında gəlir

Gənc yaşlarında baş vermiş beyin silkələnməsi əqli zəifliyə gətirib çıxarır





20 yaşında baş vermiş kəllə-beyin zədəsi özünü 50-60 yaşlarında demensiyanın inkişafı riskinin artması ilə göstərir. Üç milyona yaxın insan üzərində aparılan tədqiqatların nəticəsi bunu sübut edir. Müəyyən olunub ki, baş beyin zədəsi alan kişilər qadınlara nisbətdə (30 faiz 19 faizə qarşı) demensiya ilə daha tez qarşılaşır.
AzərTac "Meddaily” saytına istinadla xəbər verir ki, kəllə-beyin zədələri gənclər arasında daha geniş yayılıb və zədə alan insanlarda demensiyaya tutulma riski digərlərinə nisbətdə 24 faiz daha çoxdur. Bir dəfə ağır zədə almaqla demensiya riski 35 faiz, orta zədə və ya adi silkələnmə nəticəsində isə 17 faiz artır. 2 və 3 dəfə baş beyin zədəsi almış insanlarda demensiya riski 33 faiz, 4 zədə alanlarda isə 61 faiz yüksəkdir. Əgər baş beynin 5 və daha çox sayda zədəsi qeydə alınıbsa, o zaman risk 183 faiz artır.
Bununla yanaşı, zədədən sonra demensiyanın qaçılmaz olduğunu düşünmək lazım deyil. Əgər spirtli içki və tütünün istifadəsini azaltsanız, mütəmadi olaraq məşq və çəkinizə nəzarət etsəniz, hipertoniya, diabet, depressiya ilə mübarizə aparsanız, demensiyanın əmələ gəlmə riskini aşağı sala bilərsiniz. Yeri gəlmişkən, hazırda dünyada 47 milyon insanda demensiya müşahidə olunub və yaxın 20 il ərzində bu rəqəmin iki dəfə artacağı gözlənilir.

Qocalıq...

Demensiya (latın dilində - ağılsızlıq) - ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom. Demensiya psixi funksiyaların beynin xüsusən yaşlı insanlarda zədələnməsi nəticəsində çökməsidir. Xalq arasında buna qocalıq ağlını itirmə də deyilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən bu sindromdan əziyyət çəkənlərin sayı 35,6 milyondur. 2030-cu ildə bunun 65,7 milyona, 2050-ci ildə isə 115,4 milyona çatması gözlənilir.

Demensiya - ölümcül xəstəlikdir?

Böyük Britaniyada nəşr olunan "Lancet” tibb jurnalı beynəlxalq araşdırmanın nəticələrini dərc edib. Araşdırmanın verdiyi vacib mesajlardan biri ürək üçün müsbət sayılan amillərin beyin üçün də yaxşı olmasıdır. Araşdırmalarda demensiya riskini azaldacaq 9 mühüm amil göstərilir. Bunlar siqaret çəkməmək, fiziki fəallıq - hərəkətsizlikdən uzaq olmaq, sağlam çəkiyə sahib olmaq, yüksək təzyiq və 2-ci növ diabet xəstəliyini müalicə etmək, sosial həyatdan kənarlaşmamaqdır. Bu şərtlər təkcə demensiyanı deyil, ürək çatışmazlığı və xərçəng riskini də azaldır.
Araşdırma kifayət qədər məlumat olmadığına görə, qidalanma vərdişləri və spirtli içkinin mümkün təsirlərini müəyyənləşdirməyib. Lakin hər iki amilin təsirinin böyük olduğu ehtimal olunur.
Altsheymer xəstəliyi mütəxəssisi professor Doug Brown demensiyanın yaxında 21-ci əsrin ən ölümcül xəstəliyi elan edilə biləcəyini söyləyib.

Uşaqları yıxılmaqdan qoruyun!..

Demensiyaya səbəb uşağın körpə yaşda aldığı kəllə-beyin travması ola bilərmi? Hamımız bilirik ki, kiçik yaşlı uşaqlarda ən çox təsadüf edilən travma məhz kəllə-beyin travmasıdır. Bunun da əsas səbəbi uşağın yıxılmasıdır. Balaca uşaqlar bələndikləri stoldan, divandan, çarpayıdan, hər hansı hündürlükdən əksər hallarda məhz başıaşağı yıxılırlar. Ona görə ki, əgər böyüklərdə baş, ümumi bədən uzunluğunun 1/8 hissəsini təşkil edirsə, uşaqlarda bu rəqəm 1/4 hissəyə bərabər olur, yəni onların başı bədənlərinə nisbətən daha ağırdır. Bundan başqa, böyüklər yıxıldıqda reflektor olaraq başlarını qoruyurlar - əllərini qabağa verir, arxası üstə yıxılırlar. Uşaqlarda bu qoruyucu refleks formalaşmamış olduğundan özlərini - başlarını müdafiə edə bilmir və adətən başı üstə yıxılırlar. Əlbəttə ki, uşaqların yıxılmasının qarşısını hər vasitə ilə almaq lazımdır. Heç bir halda, hətta ən kiçik uşaqları da nəzarətsiz qoymaq olmaz. Əgər bütün bunlara baxmayaraq uşaq yıxılarsa, ilk növbədə onun vəziyyətinə diqqətlə nəzarət edilməlidir.
Uşaq yıxıldıqdan sonra dərhal qışqırıbsa, huşunu itirməyib, özünü adi halda olduğu kimi aparırsa və onun sağlamlığında heç bir dəyişiklik qeyd edilməzsə, uşağı sakitləşdirin, zədə olan nahiyəyə soyuq suda isladılmış əsgi və ya parçaya bükülmüş buz qoyun. Bu, ağrının azalmasına, toxumalarda şişkinliyin və qanaxmanın dayanmasına səbəb olur. Əgər qanaxma dayanmazsa, "təcili yardım” çağırmaq lazımdır!
Əgər yıxıldıqdan sonra uşaq huşunu itiribsə, uşaqda bəbəklərin genişlənməsi və ya daralması, bəbəklərin ölçülərinin müxtəlifliyi, baş ağrısı, əzginlik, başgicəllənmə, ona edilən müraciətə cavab verməməsi, yuxululuq, bənizinin avazıması, danışığında və ya hərəkətlərində pozğunluq, ürəkbulanması və ya qusma, burnundan və ya qulaqlarından qanaxma, rəngsiz və ya qan qarışıqlı mayenin xaric olması, gözlərin altında və ya qulaqların arxasında tünd (tünd göy) ləkələrin olması kimi əlamətlər müşahidə edilirsə, onu tez bir zamanda həkimə göstərmək lazımdır. Sadalanan bu əlamətlər beyin silkələnməsi və ya əzilməsinin əlamətləri ola bilər.

Epilepsiya xəstəliyi yarana bilər

Demensiya yaşlıların xəstəliyidir. Körpələrsə yıxılma nəticəsində aldıqları travmadan bir çox başqa xəstəliklərə düçar ola bilər.
Əgər uşaqlarda başın travması yatmamışdan qabaq baş veribsə, azı 1 saat ərzində uşağı yatmağa qoymayın və ona diqqətlə nəzarət edin. Heç bir halda uşağa hər hansı sakitləşdirici və ya ağrıkəsici dərmanlar verməyin! Təəssüflər olsun ki, bir sıra hallarda, valideynlər zədələnmənin ciddiliyini və uşağın vəziyyətini (məsələn, beyin silkələnməsi halda) düzgün qiymətləndirməyərək, həkimlərin məsləhətinə əməl etmirlər. Kəllə-beyin travmasını diqqətsiz qoymaq, sonadək müalicə etməmək çox təhlükəlidir. Həkimlərin müşahidələrinə görə, kəllə-beyin travması keçirmiş və müvafiq müalicə almamış uşaqların əksəriyyətində, 3-5 il keçdikdən sonra baş ağrıları, başgicəllənmə, eşitmənin zəifləməsi, görmənin pozulması, yuxunun pisləşməsi kimi əlamətlər meydana çıxa bilər. Nadir hallarda belə uşaqlarda daha ağır fəsadlar, məsələn, epilepsiya (qıcolma tutmaları) da inkişaf edə bilər.
Məlahət Rzayeva

Sarkisyan baş nazir postunu ələ keçirəcək

Həmin gün xalq etirazları ən yüksək səviyyəyə çatacaqSarkisyan isə son variantda xalqa atəş
açmaqdan çəkinməyəcək

İşğalçı Ermənistanın paytaxtında eks-prezident Serj Sarkisyanın yenidən baş nazir olmasına etiraz edənlər mərkəzi prospekti 40 dəqiqə ərzində bağlı saxlayıblar.

"Azadlıq” radiosunun İrəvan redaksiyasına istinadən aldığımız xəbərə görə, aprelin 12-də "Serjə yox” təşəbbüs qrupunun 6 üzvü Maştots prospektinin Fransa meydanından keçən hissəsində çadır quraraq avtomobillərin hərəkətini dayandırıblar. Oturaq tətil etdiklərini bəyanlayan fəallar təxminən 40 dəqiqə etiraz etdikdən sonra polis hərəkətlərinin qanunsuz olduğunu bildirərək etirazçıları olay yerindən uzaqlaşdırıb. Dünən "Serjə yox” və "Mənim addımım” qruplarının üzvləri Braziliya meydanından Fransa meydanınadək avto-yürüş də keçiriblər. Qeyd edək ki, etirazçıların hədəfi parlamentin bütün çıxışlarını bağlamaq üçün yetərincə adam toplamaq və deputatların Serj Sarkisyanın baş nazir olması üçün səs verməsinin qarşısını almaqdır. Əgər Serj Sarkisyanın seçilməsi üçün parlamentin iclası iki dəfə pozularsa, o zaman parlament buraxılacaq və məclisə yeni seçkilər təyin olunacaq.
Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirli "Şərq”ə açıqlamasında Ermənistanda siyasi temperaturun getdikcə artdığını deyib. Onun sözlərinə görə, Serj Sarkisyan müəyyən etdiyi ssenari üzrə həyata keçirdiyi islahatların nəticəsi olaraq hakimiyyəti növbəti dəfə zəbt etmək niyyətindədir: "Sarkisyan 2008-ci ildə ilk dəfə hakimiyyəti zəbt edəndə xalq etiraz aksiyalarına başladı. O isə öz xalqını gülləbaran etməkdən çəkinmədi. Bu gün də həmin ssenari təkrarlanır. Sarkisyan aprelin 17-də Ermənistan parlamentində keçiriləcək səsvermə zamanı hakim Respublika Partiyasının üstünlüyündən istifadə edərək baş nazir seçilmək iddiasını ortaya qoyub. Hətta aprelin 7-də Serj Sarkisyan hazırkı baş nazir Karapetyanla görüşüb. Həmin görüşdən sonra Karapetyan Sarkisyanın baş nazir seçilməsinin məqbul variant olduğunu etiraf elədi. Ermənistan mətbuatı da yazır ki, bu iki şəxs arasındakı razılaşmaya görə, aprelin 17-dən sonra baş nazir kürsüsünə Serj Sarkisyan oturacaq. Karapetyan da baş nazirin birinci müavini olacaq. Erməni xalqı isə Sarkisyanın bu siyasi oyunbazlığından xəbərdardır. Onlar bilir ki, Sarkisyanın yeritdiyi səhv siyasət nəticəsində ölkə iqtisadi, siyasi, enerji və nəqliyyat blokadası vəziyyətindədir və hər keçən gün böhran daha da dərinləşməkdədir. Nə qədər ki, Azərbaycanın torpaqları işğaldadır Azərbaycan dövləti məqsədyönlü şəkildə bu siyasəti davam etdirəcək. Sarkisyan rejimi ölkədən miqrasiya axınını da gücləndirib, kütləvi köç davam edir. Əhalinin yoxsulluq səviyyəsi isə dözülməz həddə çatıb. Bütün bunların birbaşa baiskarı Sarkisyandır. Həmin Sarkisyan ki, indi də baş nazirlik iddiasına düşüb, ölkəni tamamilə viran qoymaq niyyətindədir. Ancaq artıq xalq oyanıb və onun hakimiyyətdə olmasının hansı fəlakətlərlə nəticələnəcəyini dərk edir.
Ona görə də vətəndaşlar kütləvi etirazlar vasitəsilə Sarkisyanın baş nazir statusuna yiyələnməsinin qarşısını almağa çalışırlar”.

E.Nəsirlinin qənaətincə, bütün bu etirazlar fonunda Sarkisyan baş nazir kürsüsünü zəbt etmək iddiasından dönməyəcək. O, hakimiyyəti yenidən ələ keçirəcək və həmin gün xalq etirazları ən yüksək səviyyəyə çatacaq. Sarkisyan isə son variantda xalqa atəş açmaqdan çəkinməyəcək. Paralel olaraq, cəbhə xəttində Ermənistan ordusunun təxribatlar törətməsi ehtimalı yüksəkdir. Rejim əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışacaq. Sözsüz ki, Azərbaycan silahlı qüvvələri ermənilərin istənilən təxribatına cavab vermək iqtidarındadır.

Şəymən







SON XƏBƏRLƏR

2018-12-14