2018-04-15 13:59:40   |   642 dəfə oxunub

Evlənməyə tələsənlər ailəni qorumağı da bacarmalıdırlar

“Qızlarımız gələcəyin anası, həyat yoldaşı kimi tərbiyə edilmir”



Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ilin ilk iki ayında 8065 nikah və 2383 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,1, boşanmaların sayı isə 1,5 olub. Rəqəmlərdən də göründüyü kimi boşanmaların sayı hər ötən gün bir az daha artaraq cəmiyyətdə ciddi narahatlıq doğurur.

Çünki Azərbaycan reallığında boşanma cəmiyyətin onurğa sütunu olan ailə institutunu laxladan ən ciddi amillərdən biri kimi dəyərləndirilir. Sözsüz ki, cütlüklərin ailə münasibətlərini davam etdirə bilməməsi zamanı ayrılıq əlverişli çıxış yolu kimi qəbul olunur. Lakin cütlüklərin daha çox boş və mənasız səbəblər üzündən boşandığını nəzərə alsaq, acınacaqlı statistika

normal hal hesab edilə bilməz. Maraqlıdır, ailələr hansı səbəblərdən dağılır? Boşanmalara səbəb tərəflərin dözümsüzlüyüdür, yoxsa onları ayrılığa sürükləyən faktorlar arasında maddi çatışmazlıq, sosial problemlər xüsusi rol oynayır?

"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq - jurnalist Lalə Mehralı isə sualımıza elə sualla cavab verib:

- Bu statistika nə deməkdir bilirsinizmi? İki ayda ailə quran hər 3 cütlükdən 1-i boşanır. Bu, sadəcə dəhşətdir! Mən narahatlığımı, həyəcanımı ifadə etməyə söz tapmıram. Ailə qurmaq bu qədər asandır və boşanmaq bu qədər rahatdır deməli. O ailə qurulanda qoyulan xərclər, toy-nişan üçün çəkilən zəhmət bir yana, bu gənclər niyə boşanmağa meyillidir, anlamıram. Sanki boşanmaq üçün evlənirlər - ailə qursunlar, 2 ay bir yerdə yaşasınlar və boşansınlar. Bu onlar üçün bu qədər rahatdır.

Məhkəmədə işləyən bir tanışım var, hər dəfə söhbətimiz sırasında o qədər maraqlı və gülməli boşanma səbəblərinin olduğunu deyir ki, mat qalıram. Həyat yoldaşından hər gün gül tələb edən və buna nail ola bilməyən qadın da boşanır, xanımının ondan icazəsiz saçını kəsdirdiyinə əsəbləşən kişi də. Siz təsəvvür edin, stomatoloqa getdiyinə görə arvadını məhkəməyə verib boşanmaq istəyən kişi var! Nə var, nə var stomatoloq kişi olub. 

Qayınanasının paltarını yumaqdan imtina edən gəlinlər var, ər tələb edəndə boşanmağa qədər uzanır məsələ. Evləniblər və gəlin ilk ay hamilə qalmayıb, ərin ailəsi gəlini sonsuzluqla ittiham edir və boşanırlar. Bu səbəblərdən çox saya bilərəm sizə, amma nə faydası?
Ürək ağrısı və böyük təəssüf hissi ilə deyirəm bunu, qızlarımız ailə qurmağa tələsdikləri kimi ailəni qorumağı da bacarmırlar.

 Qadın ailənin gözə görünməyən sütunlarıdır, onu ailənin ikinci fərdi kimi qəbul edirlər, amma bu düşüncədə olanlar anlamırlar ki, qadın ailənin təməlidir. O təməl yerindən azacıq oynasa, o ailədən ailə olmaz. Necə ki, biz bunun şahidi oluruq. Dözümsüz qızlarımız çoxdur, ilk söz-söhbətdə ata evinə qaçan, məhkəmə yolunu tutan qızlarımız az deyil. Mən demirəm kişilər mələkdir, xeyr, onların da boşanmalardakı payı böyükdür, amma kişini ailəyə bağlamaq, yaxşı ailə başçısı olmasına nail olmaq da qadının əlindədir.

 Qadın kişidən tez böyüyür, həm fiziki həm də əqli-psixoloji baxımdan. Qadınların ən ağır ailə yükünü rahatlıqla çiyinlərində saxlamaq kimi fövqəladə bacarığı var, amma bu tip qadınlarımız getdikcə azalır. Qızlarımız ailədə ərköyün, xudbin böyüdülür, gələcəyin anası, həyat yoldaşı kimi tərbiyə edilmir. Bu da ailələrin bax beləcə dağılmasına səbəb olur.
Mən maddi-iqtisadi faktorların olmadığını demirəm, əlbəttə var. Amma eyni zamanda iqtisadi gücü zəif olan kişiyə qarşı pis münasibəti göstərən qadınlarımız da var, təəssüf. Maddiyyat ailəni niyə dağıtmalıdır? Amma dağıdır. Çünki qadınlarımız yoxluğa, qənaətə dözmək istəmirlər. Kişi çox pul qazananda göstərdiyi münasibəti az pul qazananda da göstərməyən qadınlarımız var. Eləcə də yaxşı pul qazanan kimi ailəsini ikinci plana atan kişilər də var. Bu kimi faktorlar hərəsi özlüyündə boşanma səbəbi ola bilir.

Şəymən







SON XƏBƏRLƏR

2018-09-21
2018-09-20