2018-04-15 14:02:09   |   689 dəfə oxunub

Dollar hegemonluğunu qoruyur

Rusiya, Türkiyə və İranın milli valyutasının dəyər itirməsi siyasi məsələdir

Ekspertlər Azərbaycanla bağlı ciddi təhlükəni proqnozlaşdırmırlar



Son günlər dünya bazarlarında dolların məzənnəsinin möhkəmlənməsi səbəbindən cəmiyyət növbəti devalvasiya dalğasının yaşanacağından ehtiyat edir. Digər tərəfdən Rusiyaya qarşı sanksiyaların da Azərbaycan manatına təsirsiz ötüşməyəcəyi güman edilir. Qeyd edək ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar rublun ucuzlaşmasına səbəb olub. Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsini 62,3699 rubl səviyyəsində müəyyən edib. Qardaş Türkiyədə də mənzərə ürəkaçan deyil. ABŞ dollarının məzənnəsi 4,1 lirəyə çataraq tarixi rekordunu yeniləyib.

Azərbaycanın əsas ticarət tərəfdaşları hesab olunan Türkiyə və Rusiyada milli valyutaların dollara nisbətdə kəskin dəyər itirməsi təbii olaraq Azərbaycan cəmiyyətində də müəyyən narahatlıq yaradıb. Mərkəzi Bank sədri Elman Rüstəmov isə cavab olaraq milli valyutanın dəyərdən düşməsi üçün heç bir fundamental amilin olmadığını deyib. Bildirib ki, valyuta hərraclarının əksəriyyətində tələb təklifi üstələyib.

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov da rus rublu və türk lirəsinin son günlər ABŞ dolları qarşısında dəyər itirərək, bir qədər öncə nümayiş etdirdikləri sabitliyi pozduqlarını deyib. Onun sözlərinə görə, türk lirəsi daha çox dəyər itirərək rekord həddə qədər ucuzlaşıb: "Bu proseslər son vaxtlar hər iki ölkənin dünya nəhəngi - ABŞ ilə münasibətlərinin kifayət qədər gərginləşdiyi bir vaxtda baş verir. Son aylarda Rusiya və Türkiyənin iqtisadi durumunda elə bir ciddi dönüş baş verməyib ki, milli valyutaların bir neçə gün ərzində belə kəskin ucuzlaşmasını bununla əlaqələndirmək mümkün olsun.

Son aylar ərzində neftin qiymətində elə bir azalma yoxdur ki, neft ölkəsi olan Rusiyanın milli valyutasının ucuzlaşması bununla ələqaləndirilsin. Hər iki qonşu ölkənin milli valyutaların birdən-birə kəskin ucuzlaşmasının motivləri yalnız siyasidir. Türk lirəsinin ucuzlaşması səbəbləri Türkiyənin Afrin əməliyyatı və bundan sonra bölgənin başqa yerlərində də belə əməliyyatların davam etdiriləcəyinə dair Türkiyə Prezidentinin verdiyi bəyanatlardır. Rusiyaya gəldikdə isə burda vəziyyəti gərginləşdirən əsas səbəblərdən biri yaxın şərqdə baş verən münaqişələrdə Rusiyanın dominantlıq etmək cəhdləri və Rusiya Ukrayna münasibətlərindəki gərginlikdir. Bu fonda Amerika Birləşmiş Ştatları tərəfindən tətbiq edilən iqtisadi, maliyyə sanksiyalarının getdikcə daha da artması, rus rublu ətrafında gərginliyi də artırır”.

Bu günlərdə Rusiya, İran və Türkiyənin ABŞ dollarından imtina edərək öz aralarındakı hesablaşmaları milli valyutaları ilə aparmaq təklifi ilə çıxış etdiklərini xatırladan professor bunun yeni təşəbbüs olmadığını deyib. O qeyd edib ki, bundan öncə BRİKS-ə daxil olan ölkələr də birlikdə bu təklifi reallaşdırmağa cəhd etmişdilər. Lakin ABŞ dollarının bir saylı valyuta kimi on illər boyu dünyanın maliyyə bazarlarındakı bütün hesablaşmalarda, dövlətlərin valyuta ehtiyatlarının formalaşmasında və başqa sahələrdə qazandığı hegemonluq buna imkan vermədi: 

"Təbii ki, nə vaxtsa ABŞ dollarından imtina etmək mümkün olacaq, bunun mümkün olmadığını demək düzgün deyil. Lakin bu gün heç bir dövlət və ya müxtəlif formatlarda bir araya gəlmiş ölkələr tərəfindən bunun edilməsi mümkün deyil”.

F.Yusifovun qənaətincə, manatın məzənnəsi ilə bağlı hər hansı bir ciddi dəyişikliyə əsas verəcək heç nə yoxdur. Manatın məzənnəsinə təsir edə bilən əsas amillərdən biri neftin dünya bazarındakı qiymətidir. Neftin qiymətlərində isə yaxın zamanlarda hər hansı bir ciddi dəyişikliklərin baş verməsi gözlənilmir: "Eyni zamanda son üç ay içərisində bizim qeyri-neft sektoru üzrə ixracımızın həcmi ötən ilin birinci rübü ilə müqayisədə 37 faiz artıb. Yəni real sektordan da ixracımız artıq valyuta gətirir. Doğrudur, bu, hələlik böyük həcmlərdə deyil. Ancaq hər halda 37 faiz artım bizə deməyə əsas verir ki, qeyri-neft sektorundan da irəliləyişlər edə bilərik. Hesab edirəm ki, bu, ilk növbədə qeyri-neft sektorunun əsas aparıcı sahələrindən olan aqrar sektorun, qeyri-neft sənayesinin inkişafı hesabınadır. Həmçinin Azərbaycan üzərindən keçən, beynəlxalq nəqliyyat xətləri də artıq fəaliyyətə başlayıb. Buradan əldə edilən valyuta gəlirləri də manatın məzənnəsinə dəstəkdir. Ona görə də hesab edirəm ki, bu gün manatın məzənnəsi ilə bağlı bizi narahat edəcək heç nə yoxdur. Son vaxtlarda insanlarımızın manata güvəni xeyli artıb. Bu güvənin artdığını nümayiş etdirən əsas göstərici banklarda əhalinin manatla olan əmanətlərinin dinamikasıdır. Bu dinamika isə son aylar ərzində müsbətdir. Yəni Azərbaycan vətəndaşlarının banklarda manatla əmanət yatırımları artır. Bu, artıq manatın sabitliyinin və vətəndaşlarımızın bu sabitliyə inamının göstəricisidir. Bununla yanaşı, manat sabitdirsə, deməli, istənilən investor buna güvənib, öz yatırımlarını edə bilir. Bu isə iqtisadiyyatın inkişafı deməkdir. Milli valyuta sabit olmayan zaman daxili və ya xarici investor yatırım etməyə qorxur. Manatın sabit olması bu baxımdan da iqtisadiyyata, real sektorun inkişafına təkan verəcək amillərdən birinə çevrilir”.

Şəymən







SON XƏBƏRLƏR

2018-09-21
2018-09-20