2018-04-16 13:20:24   |   3221 dəfə oxunub

Yazıçıdan Şəhriyarın büstünün dağıdılmasına MÜNASİBƏT: "Ürəyə salmalı problem yoxdur"




"Şəhriyarın büstünü dağıdan o naməlum şəxslərin niyyəti provokasiya yaratmaqdır”.

Bunu "Sherg.az”a Ərdəbil əyalətinin Parsabad şəhərində Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın büstünün dağıdılmasına münasibət bildirərkən yazıçı Seyran Səxavət deyib. 

O qeyd edib ki, XXI əsrdə hərə öz olduğu yeri dağıtmaqla dünyanı məhv etməyə çalışır:

"Halbuki Məhəmmədhüseyn Şəhriyar İran şahının vaxtında ən hörmətli şəxslərdən biri idi, ona təqaüd də kəsilmişdi. Mənim ali məktəbdə diplom işim M.Şəhriyarın qəzəllərinin Azərbaycan dilinə tərcüməsi barədə idi. Məhəmmədhüseyn Şəhriyar dünyanın ən görkəmli şairlərindən biridir. Amma Şəhriyar olmur, kim olur olsun, rəhmətə gedən şəxsiyyətə "əl qaldırmaq" hansı kişilik kateqoriyasına aiddir? Kim bu kateqoriyadan olan dağıdıcı şəxsləri müdafiə edə bilər. Misal var: "Milçək bir şey deyil, ürək bulandırır". Bu hadisəyə milli problem kimi yanaşmıram.

Həmin naməlum şəxslər daha böyük provokasiyaya qadir olsalar, Şəhriyarın çox sayda insanın yığışdığı Təbriz şəhərindəki büstünü dağıdardılar. Buna cəhd edə bilməyiblər. Məhəmmədhüseyn Şəhriyar fars ədəbiyyatının vicdanıdır, mən onu belə görürəm. Amma bu hadisəni şişirtməyə ehtiyac yoxdur. Sadəcə həmin şəxsləri tapıb, inzibati yolla cəzalandırmaq vacibdir”.

S.Səxavət ustad Şəhriyarın misralarından sitat da gətirib:

"Şəhriyar yazırdı: "Bu fələk köhnə hərifdir, onunla bacarmaq çətindir". Fələk dedikdə, o, dünyanı nəzərdə tuturdu.

Baxırsan, adi bir ailədə də avara tapılır, soyadı və adına yaraşmayan hərəkətlər edir. Şəhriyarın xatirəsinə hörmətsizlik edən şəxs də avaranın biri olub. Burada ürəyə salmalı problem yoxdur. Sadəcə hüquq mühafizə orqanları həmin şəxslərin cəzasını kəsməlidir”.

Qeyd edək ki, Şəhriyar meydanında böyük şairin xatirəsinə qoyulmuş büstün kimlər tərəfindən söküldüyü dəqiq bilinmir. Hadisə ilə bağlı yüzlərlə azərbaycanlı Şəhriyar meydanına toplaşaraq, etiraz aksiyası keçirib. Yerli mətbuat orqanları yazıb ki, hadisəyə olan həssaslıq şəhər prokurorunun məsələyə müdaxilə etməsinə səbəb olub.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20