2018-04-17 13:21:45   |   2570 dəfə oxunub

Yazarlar “Milli Kitab Mükafatı”nı alqışlayır, amma münsiflərə inanmırlar

Cəlil Cavanşir: “Əgər Nigar xanım yenidən eyni formatda və eyni münsiflərlə müsabiqə keçirəcəksə, heç əziyyət çəkməsin”

Kəramət Böyükçöl: “Heç bir münsifin ədalətli olmasına, onun obyektiv qiymətləndirməsinə inanmamışam”




Sevinc Elsevər: "Bizdə ədəbi qruplaşmalar mövcuddur. Adətən elə olur ki, münsiflər öz qrupundan olan iştirakçıları dəstəkləyirlər”

Aqşin Evrən: "Müsabiqələrdən imtina etmişəm”






Ötən günlərdə "Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli "Şərq”ə açıqlamasında bu il "Milli Kitab Mükafatı” müsabiqəsinin keçiriləcəyini bildirmişdi. Qeyd edək ki, müsabiqəyə bir neçə il bundan öncə ara verilib. Ədəbiyyat aləmində maraqlı layihələrdən olan "Milli Kitab Mükafatı”nın bir çox yazıçıların diqqət mərkəzində olduğu bəllidir. Bəs, builki müsabiqədə tanınmış yazarlardan kimlər iştirak edəcək?

Müsabiqə ilə bağlı fikirlərini "Şərq”lə bölüşən gənc yazarlar ədəbiyyatla bağlı keçirilən bütün müsabiqələrin lazımlı olduğunu bildirdilər. Lakin yazarları narahat edən bir məsələ var. Bu da münsiflər heyətinin bəzi hallarda ədalətsiz qərar verməsidir.

Yazar Cəlil Cavanşir "Milli Kitab Mükafatı” ilə bağlı həmişə tənqidi mövqedə olduğunu bildirib: 

"Buna səbəb sırf münsiflər heyətinin tərkibidir. Çünki hər zaman bu layihənin çox qəribə və qarışıq bir münsiflər heyəti olub. Amma istənilən halda Azərbaycanda ədəbiyyatla bağlı layihələri dəstəkləmişik. Nigar xanımın layihəsini də zamanında alqışlamışıq və müzakirələr təşkil edib, yazılar yazmışıq. Təəssüf ki, ardıcıl 2 və 3 mükafatlandırma mərasimində bəlli oldu ki, münsiflər nəticələrə ciddi şəkildə təsir edirlər. Bu böyük biabrçılıqlara və müzakirələrə səbəb oldu. Əgər Nigar xanım yenidən eyni formatda və eyni münsiflərlə müsabiqə keçirəcəksə, heç əziyyət çəkməsin. Yəni yenidən Azərbaycan romanını və kitabını biabr edəcəksə, hansısa istedadlı bir yazıçını tapşırılan yazıçının ayağına verəcəksə, layihəni gerçəkləşdirməyə ehtiyac yoxdur. Çünki Azərbaycan kitabı onsuz da bərbad vəziyyətdədir. Təkrarən bu vəziyyəti yaratmağa ehtiyac yoxdur. Yox əgər həqiqətən ictimaiyyət nümayəndələrinin fikri nəzərə alınıb yazıçılarla layihənin detalları müzakirə edilərsə, şəxsən mən Cəlil Cavanşir olaraq dəstək verməyə hazıram”.

C.Cavanşir həmçinin bildirib ki, "Milli Kitab Mükafatı” müsabiqəsinin şərtləri Azərbaycan yazıçısı və ədəbi mühiti üçün münasib və normal olmalıdır: 

"Bütün yaradıcı birlikləri, müstəqil yazıçıları əhatə edən, Azərbaycan ziyalılarının təmsil etdiyi bir münsiflər heyəti olmalıdır. Eyni zamanda müsabiqənin bütün işi şəffaf şəkildə keçirilməli, ictimai müzakirəyə açıq olmalıdır. Bunlar təmin olunarsa, "Milli Kitab Mükafatı” və ya ədəbiyyatla bağlı istənilən müsabiqəni faydalı və yararlı hesab edirəm. İradlarımız nəzərə alınacaqsa, əvvəlki illərdəki kimi biabrçılıqlar olmayacaqsa, Nigar xanımı və onun layihəsini dəstəkləməyə hazırıq”.

Yazıçı-publisist Kəramət Böyükçöl müsabiqəyə qatılmaq fikrində olduğunu dedi: 

"Belə bir müsabiqənin uzun müddət fasilə verməsi və yenidən başlanması mütərəqqi hadisədir. Dəfərlərlə demişəm ki, Azərbaycanda heç bir münsifin ədalətli olmasına, onun obyektiv qiymətləndirməsinə inanmamışam. Buna baxmayaraq hesab edirəm ki, müsabiqədə iştirak etmək lazımdır. Mənim çap olunmamış bir romanım var. Əgər müsabiqə başlayacaqsa, şübhəsiz ki, orda iştirak edərəm. Müsabiqəyə qalib olmaq üçün yox, sadəcə prosesi daha aktiv etmək üçün qatılaram. Yazarlar nə qədər çox olarsa, aktivlik də bir o qədər çox olacaq”.

Yazar xanım Sevinc Elsevər isə builki "Milli Kitab Mükafatı” layihəsinə qatılmaq fikrində deyil: 

"Amma ədəbiyyatla bağlı olan müsabiqələr çox yaxşıdır. Necə keçirilməyindən, nəticələrindən asılı olmayaraq belə müsabiqələr lazımlıdır. Bizdə, adətən belə bir fikir var ki, müsabiqələr ədalətli keçirilmir. Təbii ki, bu bütün müsabiqələrə aid deyil. Amma əksəriyyəti belədir, bunu hamı bilir. Hətta bizdə belə bir fikir var ki, "əvvəl qaliblər təyin olunur, sonra müsabiqə keçirilir”. Bütün hallarda müsabiqələr ədəbi prosesi sürətləndirir, ona təkan verir. Məsələn, mən bir neçə müsabiqədə iştirak etmişəm. Elə müsabiqə olub ki, əlimdə olmayan bir materialı həmin müsabiqə üçün yazmışam. Yəni müsabiqə məni yazmağa təşviq edib. "Anamın kitabı” pyes müsabiqəsi keçirilmişdi. Mənim pyes yazmaq təcrübəm yox idi və belə bir təşəbbüs müsabiqədən gəldi, müsabiqəyə görə pyesi yazdım. Yaxşı olardı ki, münsiflər müsabiqədə ədalətli olsunlar, yəni işini bilən münsiflər seçilsin. Bizdə ədəbi qruplaşmalar mövcuddur. Adətən elə olur ki, münsiflər öz qrupundan olan iştirakçıları dəstəkləyirlər. Ədəbi mühitimizdə obyektiv olan münsiflər azdır. Lakin istənilən halda müsabiqələr ədəbiyyatın xeyrinədir. Ən azından ədəbiyyatı hərəkətə gətirir, müəyyən gündəm yaranır. Kimlər qatılacaqsa onların hər birinə uğurlar arzulayıram”.

"Milli Kitab Mükafatı”nın ədəbi prosesdə mühüm yeri olduğunu deyən gənc şair Aqşin Evrən layihəyə qatılmaq fikrindədir: 

"Milli Kitab Mükafatı” müəyyən qədər həm mətnin, həm də fərdin - yaradıcı adamların oyanışına səbəb olurdu. Ən əsası isə ciddi, maraqlı ədəbi proses yaranırdı. Düşünürəm ki, bu müsabiqə daha böyük miqyasda keçirilməlidir. Yəni təşkilatçılara dövlət dəstəyi də olmalıdır. Açığı, müsabiqələrdən imtina etmişəm, heç bir müsabiqədə iştirak etmirəm. Amma "Milli Kitab Mükafatı” yenidən keçirilsə, əlbəttə, bu haqda düşünməyə dəyər”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-11-21