2018-04-17 13:29:01   |   1686 dəfə oxunub

“Şəhriyarın büstü təxribat məqsədilə sökülüb”

Aqil Abbas: “Soydaşlarımız təxribata getməməli, qarşıdurma yaratmamalıdır”

Seyran Səxavət: “Ürəyə salmalı problem yoxdur”



Ərdəbil əyalətinin Parsabad şəhərində Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın büstü naməlum şəxslər tərəfindən sökülüb. Hadisə ilə bağlı yüzlərlə azərbaycanlı Şəhriyar meydanına toplaşaraq, etiraz aksiyası keçiriblər. Yerli mətbuat orqanları yazıb ki, hadisəyə olan həssaslıq şəhər prokurorunun məsələyə müdaxilə etməsinə səbəb olub.

Parsabad prokuroru bildirib ki, ustad Şəhriyarın büstü sökülərkən Şəhər Şurasının üzvlərindən biri hadisə yerində olub. Baş verənlərlə bağlı həmin şəxs məhkəməyə çağırılıb. Şairin xatirəsinə qoyulmuş büstün kimlər tərəfindən söküldüyü dəqiq bilinməsə də, göstərişin İran hakimiyyəti tərəfindən verildiyi iddia edilib.

Büstün sökülməsi ilə bağlı "Şərq”ə danışan millət vəkili, yazıçı-publisist Aqil Abbas hadisənin təxribat xarakterli törədildiyini düşünür. Deputatın sözlərinə görə, baş verən olay birbaşa İran rejiminə və azərbaycanlılara qarşı təxribatdır: 

"Hökumət durduğu yerdə niyə Şəhriyarın büstünü dağıtsın ki? Məmmədhüseyn Şəhriyar böyük şairdir, onun büstünü dağıtmaqla nəyəsə nail olmaq mümkün deyil. Bütün İran, hətta dünya ayağa qalxsa belə Şəhriyarın xatirəsini silmək mümkünsüzdür. Şəhriyarın sevgisi milyonların ürəyindədir. Şəhriyar mənim qəlbimdədir. Onu silmək üçün bütün azərbaycanlıları, hətta farsları da öldürməlidirlər. Çünki o, təkcə bizim deyil, həm də farsların, ərəblərin sevimli şairidir. Ona görə də hesab edirəm ki, Şəhriyarın büstünü təxribat məqsədi ilə söküblər”.

A.Abbas bildirib ki, soydaşlarımız təxribata getməməli, qarşıdurma yaratmamalıdır:

"Bu işdə kimlərinsə əli var. İstəyirlər ki, ölkə qarışsın, azərbaycanlılar İran hökumətinə üsyan etsinlər. Son zamanlar İranla Azərbaycan arasında ciddi yaxınlaşma var. Bir çox mühüm iqtisadi layihələrə imza atılıb. Prezident Həsən Ruhani açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, ölkəmizi dəstəklədiyini bəyan edib. Bütün bunlar müəyyən dairələrdə qısqanclıq yaradır və çalışırlar ki, bu cür təxribatlarla iki xalq arasında ziddiyyət yaratsınlar”.

"Şəhriyarın büstünü dağıdan o naməlum şəxslərin niyyəti provokasiya yaratmaqdır”. 

Bunu isə "Sherg.az”a Şəhriyarın büstünün dağıdılmasına münasibət bildirərkən yazıçı Seyran Səxavət deyib. O qeyd edib ki, XXI əsrdə hərə öz olduğu yeri dağıtmaqla dünyanı məhv etməyə çalışır: 

"Halbuki Məhəmmədhüseyn Şəhriyar İran şahının vaxtında ən hörmətli şəxslərdən biri idi, ona təqaüd də kəsilmişdi. Mənim ali məktəbdə diplom işim M.Şəhriyarın qəzəllərinin Azərbaycan dilinə tərcüməsi barədə idi. Məhəmmədhüseyn Şəhriyar dünyanın ən görkəmli şairlərindən biridir. Amma Şəhriyar olmur, kim olur olsun, rəhmətə gedən şəxsiyyətə "əl qaldırmaq” hansı kişilik kateqoriyasına aiddir? Kim bu kateqoriyadan olan dağıdıcı şəxsləri müdafiə edə bilər. Misal var: "Milçək bir şey deyil, ürək bulandırır”. Bu hadisəyə milli problem kimi yanaşmıram. Həmin naməlum şəxslər daha böyük provokasiyaya qadir olsalar, Şəhriyarın çox sayda insanın yığışdığı Təbriz şəhərindəki büstünü dağıdardılar. 

Buna cəhd edə bilməyiblər. Məhəmmədhüseyn Şəhriyar fars ədəbiyyatının vicdanıdır, mən onu belə görürəm. Amma bu hadisəni şişirtməyə ehtiyac yoxdur. Sadəcə həmin şəxsləri tapıb, inzibati yolla cəzalandırmaq vacibdir”. S.Səxavət ustad Şəhriyarın misralarından sitat da gətirib: "Şəhriyar yazırdı: "Bu fələk köhnə hərifdir, onunla bacarmaq çətindir”. Fələk dedikdə, o, dünyanı nəzərdə tuturdu. Baxırsan, adi bir ailədə də avara tapılır, soyadı və adına yaraşmayan hərəkətlər edir. Şəhriyarın xatirəsinə hörmətsizlik edən şəxs də avaranın biri olub. Burada ürəyə salmalı problem yoxdur. Sadəcə hüquq mühafizə orqanları həmin şəxslərin cəzasını kəsməlidir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-09-26