2018-04-17 15:48:22   |   562 dəfə oxunub

"Prezident seçkilərində mətbuat aktiv iştirak etdi” - Əflatun Amaşov




"Ölkəmizdə keçirilən prezident seçkilərini işıqlandırmaq üçün 150-yə yaxın xarici KİV-dən jurnalistlər cəlb olunmuşdu”.

Bunu "Sherg.az”a 11 aprel tarixində keçirilən Prezident seçkilərinin dünya mətbuatında işıqlandırılmasından danışarkən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib.

 O bildirib ki, seçkini işıqlandıran xarici jurnalistlərin tam əksəriyyəti obyektiv yazılarla diqqət çəkiblər:

"Türkiyənin və Rusiyanın televiziyalarına diqqət etsəniz, kifayət qədər obyektiv, geniş, reallığı əks etdirən reportajlar hazırlanmışdı. Məsələn, "Əl-Cəzirə” televiziyası müxtəlif dillərdə yayımladığı reportajlarda əhatəli formada Azərbaycandakı seçkiləri işıqlandırdı. "Euronews” kanalı da seçkilərlə bağlı qərəzsiz mövqeyini ortaya qoydu. Ümumiyyətlə, diqqət yetirsək, Avropanın müxtəlif ölkələrində, eləcə də Amerika, Yaponiya, Çin və s. dövlətlərin KİV-lərində dolğun məlumatların yayımlandığını müşahidə edərik”.

Prezident seçkiləri ilə əlaqədar qərəzli fikirlərin səsləndirilməsinə gəlincə, MŞ sədrinin sözlərinə görə, çox az sayda KİV ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bəyanatlarını yayımladı:

"Üstəlik həmin portallar da öz ekspertlərinin rəylərini o məlumatlara əlavə etdilər. Bu əslində çox maraqlı məqam idi ki, seçkilərin gedişini obyektiv işıqlandırmağa yardımçı oldu. Ümumilikdə, neqativ materialların həcmi olduqca az idi”.

Ə.Amaşov yerli KİV-lərin müxtəlif xarici dillərdə fəaliyyətinə də toxunub:

"Bəzi xarici media orqanları, informasiya agentlikləri yayımladıqları informasiyaları "Trend”, "APA”, "AzərTac” kimi informasiya portallarından əldə etdilər. Xüsusi monitorinq aparsaq, bunu aydınca görə bilərik. Azərbaycanda fəaliyyət göstərən informasiya portallarının müxtəlif dillərdə bölmələri var. Adını çəkdiyim agentliklər beşdən çox dildə materiallar yayımlayır. Xarici dillərdə çalışan saytlar, informasiya agentlikləri az ola bilər, buna baxmayaraq, prezident seçkilərində mətbuat aktiv iştirak etdi”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-12-14