2018-04-19 12:38:04   |   634 dəfə oxunub

Vəziyyətdən Mədəniyyət Nazirliyi də xəbərdardır

Basqaldakı tarixi abidələr məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb

Baba Vəziroğlu: “Mən həmyerlilərimin bu çağırışını alqışlayıram və onlara qoşuluram”





İsmayıllı rayonu Basqal kəndinin sakinləri sosial şəbəkədə müraciət yayıb. Türküstan.info xəbər verir ki, özlərini "Basqal” fan-klubun üzvləri kimi təqdim edən paylaşımçılar Basqaldakı tarixi abidələrin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını yazır. Müraciətdə bildirilir ki, yaxın vaxtlarda əlaqədar dövlət qurumlarından tarixi abidələrin qorunması ilə bağlı konkret addımlar atılmasa, onların məsuliyyətə cəlb olunması üçün ölkə rəhbərliyinə üz tutacaqlar.
Fan-klub üzvləri sosial şəbəkədə Basqaldakı Şeyx Məhəmməd məscidi (17 əsr) və 17-ci əsrə aid tarixi hamamın fotolarını paylaşıblar. Fotolardan görünür ki, məscid də, hamam da dağınıq, uçuq-sökük, baxımsız vəziyyətdədir.
Məsələyə reaksiya verən "Güzgü” Dəyişim və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Fərqanə Mehmanqızı ictimaiyyətə çağırış edib.
F.Mehmanqızı tarixi abidə statuslu obyektlərin qorunmasının müvafiq dövlət qurumlarının vəzifə borcu olduğunu bildirib: "Biz işğal altında olan torpaqlarımızda tarixi abidələrimizin erməni vandalizminin vəhşiliyinə məruz qaldığını bütün dünyaya bəyan edirik. Amma göz görə-görə Basqal abidələri yer üzündən silinir. Bu sahəyə məsul şəxslərin məsuliyyətsizliyi ucbatından yüzillərdən bu günə gəlib çatmış tarixi tikililər məhv olur. Tək, İsmayıllı rayonunun, Basqalın sakinləri deyil, mədəniyyətimizə, tariximizə sayğı göstərən bütün vətəndaşlar bu məsələyə reaksiya verməlidir. Əks halda, tarixi Basqal abidələri məsuliyyətsiz məmurların qurbanı olacaq”.
Məsələ ilə bağlı Basqal qoruq idarəsinin direktoru Polad Nəzirovla əlaqə saxladıq. P.Nəzirov aidiyyəti qurumların məsələdən xəbərdar olduğunu dedi:
- Məscid 20-30 ildi o vəziyyətdədir. Sovet vaxtı ora klub kimi istifadə edilib. 1975-ci ildə məscid yanmışdı. 1985-ci ildə bərpa olundu, amma ala-yarımçıq. Hamamın da girəcəyi uçulub, qəzalı vəziyyətdədir. İçəri kimsə keçməsin deyə, girişdə yazılıb ki, "qəzalıdır”. Bu abidələrin vəziyyətini Mədəniyyət Nazirliyində də bilirlər. Dövlət tərəfindən gərək vəsait ayrılsın, ya da gərək iş adamları, imkanlı şəxslər kömək etsinlər. Qəbələdə tarixi abidələri iş adamları öz vəsaitləri hesabına bərpa edir. İmkanlı basqallılar da tarixi abidələrin bərpasını üzərlərinə götürə bilər.

Əslən İsmayıllıdan olan şair, nasir, əməkdar incəsənət xadimi Baba Vəziroğlu "Şərq”ə açıqlamasında basqallıların müraciətini alqışladığını söylədi:

- Mən həmyerlilərimin bu çağırışını alqışlayıram və onlara qoşuluram. Sağ olsunlar ki, bu məsələni ictimailəşdiriblər. Siz - "Şərq” qəzeti də sağ olun ki, basqallıların bu SOS siqnalına hay verirsiniz, onların həyəcanlı çağırışını mətbuat vasitəsilə dəstəkləyirsiniz. Həqiqətən də Basqalda tarixi abidələr xoşagələn vəziyyətdə deyil. Amma bu çağırışların konkret ünvanı bilinməlidir. Bu ünvan da Mədəniyyət və Turizm Nazirliyidir. Bu nazirlik iki mühüm sahəyə cavabdehdir. Biri mədəniyyətdir, biri də turizm. Basqal da daxil, Azərbaycan ərazisindəki bütün tarixi abidələr həm tariximizin, mədəniyyətimizin yadigarıdır, həm də turizm üçün zəngin mənbədir. Əlbəttə ki, abidələrin qorunması, bərpası, təbliği işi də Mədəniyyət və Turizm Nazirliyinin vəzifəsidir, nazirliyin öhdəsinə düşən işdir. Bilirsiz, "dövlət” deyəndə, mücərrədlik yaranır. Dövlət orqanları çoxdur. Hərəsinin də öz vəzifəsi, işi, daşıdığı məsuliyyət var. Tarixi abidələrə birbaşa Mədəniyyət və Turizm Nazirliyi cavabdehdir. Əgər abidələrin bərpasına sahibkarları, iş adamlarını cəlb etmək istəyirlərsə, bunu da nazirlik etməlidir. Sahibkarlara müraciət etməlidir ki, gəlin, kömək edin, dağılmaqda olan bu abidələri bərpa edək. Elə gərək tarixi abidələr yerin altına getsin, sonra qazıb çıxardalar?! Nə qədər ki, yerin üstündədir, qədrini bilək də. O tarixi abidələr tezliklə bərpa olunmasa, bir azdan onlardan əsər-əlamət də qalmayacaq. Mən Qəbələdə aparılan bərpa işlərini çox yüksək qiymətləndirirəm. Tarixi abidələrə xüsusi münasibət var, axtarış aparırlar, tapırlar, bərpa edirlər. Basqalda da belə olmalıdır.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2018-08-16
2018-08-15