2018-04-20 14:57:16   |   3045 dəfə oxunub

Almaniyada elmin inkişafına töhfə verən azərbaycanlı alim

Cavid Səfərov: “Almaniyada müəssisələrdəki elmi-texniki problemlər elmi mərkəzlərin birgə əməkdaşlığı ilə həll edilir”



Bu gün müxtəlif ölkələrdə elə azərbaycanlı alimlər var ki, onların elmi ixtiraları nəticəsində yeni-yeni zavod və müəssisələr açılıb. Hətta onların ixtiraları Avropada, Amerikada qeydiyyatdan keçən patentlərlə qorunur. Hazırda belə alimlərimiz öz elmi fəaliyyətləri ilə Almaniyada da fəallıq göstərirlər. Həmyerlilərimiz Almaniyada elmin, texnikanın, səhiyyənin və s. inkişafında öz töhfələrini verirlər. Elə müsahibimiz Cavid Səfərov da yüksək təzyiqlərdə mayelərin istilik-fiziki xassələrinin araşdırılması sahəsində nəinki Almaniyada, dünyada aparıcı alimlərdən biridir. O, Almaniyanın Rostock Universitetinin Texniki Termodinamika kafedrasının daimi elmi işçisidir.


-Öncə oxucularımıza həyat yolunuz haqqında qısa məlumat vermənizi istərdik.
-Mən 1965-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşam. 1982-ci ildə Azərbaycan Texniki Universitetinin Mexanika fakültəsinin "Soyuducu-kompressor maşın və qurğuları” ixtisasına daxil olmuşam. 1989-cu ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirərək "Mühəndis-mexanik” ixtisasına yiyələnərək elə yuxarıda qeyd etdiyim ixtisas kafedrasında tədqiqatçı-mühəndis kimi əmək fəaliyyətinə başlamışam. 1993-cü ildə Azərbaycan Texniki Universitetində "Alifatik spirtlərin və onların binar qarışıqlarının termal xassələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini, 2005-ci ildə isə "İstilik və soyuqluq texnikası” kafedrasının dosenti diplomunu almışam. 2005-2006-cı illərdə Almaniyanın Erlangen-Nürnberq Universitetində elmi işçi kimi çalışmışam. 2006-cı ildən Almaniyanın Rostock Universitetinin Texniki Termodinamika kafedrasında elmi işçi kimi çalışıram. IAPWS-ın (Beynəlxalq Su və Su Buxarı Cəmiyyəti) Almaniya milli komitəsinin üzvüyəm. Almaniyanın DAAD (2002 və 2006), Aleksandr von Humboldt (2003-2004, 2007) və Yaponiyanın JSPS (2004) kimi nüfuzlu elmi təqaüdlərinə layiq görülmüşəm. 2011-ci ildən kafedranın daimi işçisiyəm.

-Sizin elmi fəaliyyətiniz, əsasən, hansı istiqamətdədir?

- Mənim elmi fəaliyyətim mayelərin yüksək təzyiq və temperaturlarda istilik-fiziki xassələrinin tədqiqi istiqamətindədir. 1987-ci ildən hələ tələbə olarkən bu sahədə elmi araşdırmalara başlamışam. Artıq 300-ə yaxın elmi məqalənin və konfrans çıxışlarının, 1 kitab, 1 dərsliyin və 4 dərs vəsaitinin müəllifiyəm. İndiyə kimi Amerika Kimya cəmiyyətinin, İngiltərənin Kral cəmiyyətinin və dünyanın müxtəlif ölkələrinin ən nüfuzlu impakt faktorlu jurnallarında məqalələrim çap olunub. ABŞ, Almaniya, Avstriya, Çexiya Respublikası, Fransa, İngiltərə, Portuqaliya, Rusiya, Slovakiya Respublikası, Türkiyə, Yaponiya, Yunanıstan, Ukrayna və s. ölkələrdə keçirilən elmi konfranslarda çıxış etmişəm. Almaniyanın Rostock Universitetinin Texniki termodinamika kafedrasında rəhbərlik etdiyim "Mayelərin istilik-fiziki xassələrinin araşdırılması” elmi qrupu dünyanın çoxsaylı elm mərkəzləri ilə müştərək elmi araşdırmalar aparır. Bunlara misal olaraq ABŞ-ın Milli standartlar (NIST) İnstitutunu, Florida, Wedener, Marilend universitetlərini, Türkiyənin "İsı Bilimi ve Tekniki” cəmiyyətini, eləcə də 20-ə yaxın ölkənin müxtəlif elm mərkəzlərini göstərmək olar. Dəniz, okean, çay, termal sularının, ionlu maddələrin, absorpsion soyuducu və günəş istilik sistemlərinin alternativ istilik daşıyıcılarının və s. istilik-fiziki xassələrinin araşdırılması sahəsində müxtəlif elmi layihələrə rəhbərlik edirəm.

-Almaniyada elmlə məşğul olmağın hansı çətinlikləri var?

-Bu tam bir həqiqətdir ki, Almaniya, demək olar ki, dünya elminin bütün sahələrində aparıcı ölkələr sırasındadır. Xüsusilə də maşınqayırma, tibb və kimya sahəsində Almaniyanın elmi nailiyyətlərini ayrıca qeyd etmək lazımdır. Bu ölkədə universitetlər və elmi institutlar ölkənin sənaye müəssisələri ilə olduqca sıx əməkdaşlıq edir. Müəssisələrdəki elmi-texniki problemlər elmi mərkəzlərin birgə əməkdaşlığı ilə həll edilir. Demək olar ki, bu birgə çalışmalar artıq uzun illərin bir mexanizminə çevrilib. Ona görə də Almaniyada elmlə məşğul olmaq, sadəcə, təcrübələr aparıb elmi jurnallarda çap etdirməklə bitmir. Mütləq sənaye müəssisələri ilə təmasda olmaq lazım gəlir. Bu da, əlbəttə, cavabdehliyi çox artırır. Yəni əldə olunan elmi yenilik birbaşa sənayedə tətbiq olunur. İndi təsəvvür edin ki, elmi araşdırma zamanı müəyyən səhvə yol verilib. Bu, çox böyük texniki və maliyyə probleminə gətirib çixara bilər. Ona görə deməzdim ki, Almaniyada elmlə məşğul olmaq elə də asandır. Burada, eyni zamanda həm elmi müəssisələr, həm də sənaye müəssisələri arasında rəqabət olduqca yüksəkdir. Elmi-texniki problem sənaye müəssisəsi tərəfindən elan edilir. İstənilən elmi araşdırma mərkəzləri bu problemin həlli üçün öz ideyalarını təqdim edirlər. Daha düzgün, qənaətli və tez başa gələn ideyaya çox vaxt üstünlük verilir. Daha sonra qalib elmi araşdırma mərkəzi ilə birlikdə layihə hazırlanır və əməkdaşlıq başlayır. Sənaye müəssisələri mütəmadi olaraq layihənin gedişinə nəzarət edirlər. Bundan başqa, dövlətin elm fondları da var ki, bunlarda da elmi layihələrin aparılması təxminən dünyada olan standart proseslərə uyğundur. Bu zaman sənaye ilə birbaşa təmas nisbətən az olur. Amma elm fondları özləri layihənin gedişinə nəzarət edirlər.

-Alman elminə, eləcə də alman cəmiyyətinə öz fəaliyyətinizlə nə kimi töhfələr verirsiniz?

-Mən artıq 1999-cu ildən Almaniya elmi ilə əməkdaşlıq edirəm. Uzun illərdir ki, Rostok Universitetində çalışıram. 2007-ci ildən bu günə qədər Rostock Universitetində "Mayelərin istilik-fiziki xassələrinin tədqiqi” laboratoriyası qurmuşam. Bu laboratoriyada 5 müasir, tam avtomatik qurğular çalışır. Hal-hazırda "Sabit həcmli pyezometr” qurğusunu hazırlayıram. Bu, dünyada analoqu olmayan tam avtomatik qurğu 4000 bar təzyiqə qədər sıxlıq ölçmək imkanını verəcək. Beləliklə də, ilk dəfə mayelərin sıxlığını belə yüksək təzyiqlərdə təcrübi olaraq ölçmək mümkün olacaq. Tələbələrə "Texniki termodinamika”, "İsitlik-kütlə mübadiləsi”, "Yanmanın termodinamikası”, "Çoxkomponentli termodinamika” və s. dərsləri tədris edirəm. IAPWS-ın (Beynəlxalq Su və Su Buxarı Cəmiyyəti) Almaniya milli komitəsinin üzvüyəm. 2012-ci ildən başlayaraq hər il "Maddələrin istilik-fiziki xassələri” beynəlxalq konfransını təşkil edirəm. İlk iki konfransı Almaniyada işlədiyim Rostock Universitetində, 2014-cü ildə Türkiyənin Dokuz Eylül Universiteti ilə birgə "THERMAM-2014” adı ilə İzmirdə və 2015-cı ildə isə "THERMAM-2015” adı ilə Bakıda Azərbaycan Texniki Universitetində təşkil etmişəm. Bakıdakı konfransda dünyanın 13 ölkəsindən 100-dən artıq qonaq iştirak edirdi. Bunlar Almaniya elminə verilən bir töhfə olması ilə bərabər, eyni zamanda alman elminin bu tədbirlərdə birbaşa iştirakı deməkdir.

-Alman cəmiyyəti azərbaycanlı alimlərin əməyini lazımi olaraq qiymətləndirirmi?

-Almaniyada rəqabət qarşısında çalışıb, elmi iş aparmaq qabiliyyətində olan istənilən elmi işçi üçün şərait var. Sadəcə, öncə elmi istiqamətə uyğun elmi qrup ilə əməkdaşlıq etməyi axtarıb tapmaq, sonra əlaqələr qurmaq lazımdır. Əlbəttə, dünyanın hər yerində olduğu kimi, almanlar da görsə ki, sənin elmi potensialın onlara lazımdır, onda səni dəvət edəcəklər. Bu proseslər, əlbəttə, asan başa gəlmir. Çünki Almaniya texnika sahəsində dünyanın ən qabaqcıl ölkələri sırasında olduğu üçün xarici ölkələrdən buraya gəlib işləmək istəyənlər çoxdur. Sizə bir sadə misal gətirim. Bu yaxınlarda internetdə oxudum ki, bir azərbaycanlı maşın təmiri ustası 2 il əvvəl Almaniyaya maşın almaq üçün gəlibmiş. "Mersedes-Benz” markalı maşını alır və Azərbaycana yola düşür. Təsadüfən elə Almaniya ərazisində maşını xarab olur. Servis mərkəzinə gəlir. Təmir zamanı görür ki, almanlar problemi dərindən tapa bilmirlər və məsələni tez həll etmək üçün böyük bir hissənin yenisini almağı təklif edirlər. Azərbaycanlı gənc icazə alır, problemi onlara göstərir və təmir etməkdə də köməklik edir. Sonra Azərbaycana qayıdır. Bundan 2 il keçməsinə baxmayaraq, bu yaxınlarda "Mersedes-Benz”in Almaniya bürosundan ona Almaniyada işə dəvət məktubu gəlir. Almanlar keyfiyyətli mütəxəssisə qiymət verməyi yaxşı bacarırlar.








SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18