2018-04-20 20:40:47   |   1262 dəfə oxunub

“Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”




Müasir və demokratik Azərbaycanın memarı, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizdə siyasi sabitliklə yanaşı, iqtisadi tərəqqinin də əsasını qoydu. Ümummilli liderin ölkəmizin çiçəklənməsinə dair apardığı siyasət müstəqil və qüdrətli Azərbaycanın yaranmasına impuls verdi. Mərhum H.Əliyevin mütərəqqi, uzaqgörən siyasətini hazırkı dövlət başçısı İlham Əliyev uğur və ləyaqətlə davam etdirir. Heç kimə sirr deyil ki, ölkə başçısı respublikamızın beynəlxalq aləmdə reputasiya qazanması, eləcə də vətəndaşlarımızın sosial rifah halının yüksəldilməsi yönündə proqressiv işlər görür. Məhz uğurla aparılan abadlıq-quruculuq işlərinin nəticəsidir ki, bu gün Odlar Yurdunun hər bir guşəsi şəfəq saçır. Həm də bu işlər paytaxt Bakı ilə məhdudlaşmır, regionlarımızı da əhatə edir.

Reallaşdırılan proqramlar Qaradağda göz oxşayan mənzərə yaradıb

Qeyd etməyi özümə borc bilirəm ki, İ.Əliyevin rəhbərliyi ilə reallaşdırılan proqramların müvəffəqqiyyətlə icrası paytaxtımızda və onun rayonlarında göz oxşayan mənzərə yaradıb. Hər zaman sənaye potensialı ilə ön sıralarda yer alan Bakının Qaradağ rayonu da bu inkişafa öz töhfəsini verib, verir və verəcək də.

Perspektivli mədən-sənaye rayonu...

Vurğulamaq yerinə düşər ki, Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılıb. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilib və rayonun əsası qoyulub.
Rayon 1937-ci ilədək Mikoyan, 1956-cı ilədək Molotov, 1956-63-cü illərdə Qaradağ , 1963-66-cı illərdə Əzizbəyov , 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılıb. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir.
Qaradağ rayonu paytaxtın cənub-şərqində, Xəzər dənizi sahili boyunca yüz kilometrədək sahədə uzanır. Neft-qaz, əhəng daşı və gil yataqlarının mövcudluğu ötən əsrin 20-30-cu illərindən Qaradağı perspektivli mədən-sənaye rayonuna çevirib.
Azərbaycanın uğurlu sosial-iqtisadi inkişaf modelinin təzahürləri Qaradağ rayonunun timsalında da aydın müşahidə olunur.
Ulu öndərin uğurlu neft strategiyasının reallaşmasında bu rayon müstəsna xidmət göstərib.

Mühüm tarixi və iqtisadi özəllikləri...

Fikirlərimizin təsdiqi kimi ümummilli liderin 1999-cu il iyunun 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində bu rayon haqqında səsləndirdiyi fikirləri sitat gətirə bilərik:
"Qaradağ mövcud sənaye potensialı, ölkənin neft-qaz sektorunda və yeni nəqliyyat infrastrukturunda aparıcı rolu ilə təkcə paytaxtın deyil, bütövlükdə Azərbaycanın iqtisadi həyatında xüsusi rola malikdir”.
Şübhəsiz ki, Qaradağı digər rayonlardan fərqləndirən onun nəhəng iqtisadi potensialının olmasıdır. Bu rayonda 30-dək sənaye müəssisəsi, o cümlədən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu, Qaz Emalı Zavodu, Ə.Əmirov və N.Nərimanov adına neft-qaz çıxarma idarələri, "Holcim” və "Norm” sement zavodları, Metal Konstruksiyalar Zavodu, Bakı Gəmiqayırma Zavodu və s. burada yerləşir. Yaşı bir əsrdən də az olan Qaradağ eyni zamanda mühüm tarixi özəlliklərə malikdir.

Rayonun yüksəliş yolu

Qaradağ rayonu sürətli və geniş quruculuq yolundadır. Bunu son illərin sosial-iqtisadi inkişaf göstəriciləri, statistik rəqəmlər də təsdiqləyir.
"2013-2018-ci illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” rayonda uğurla həyata keçirilməkdədir. Qaradağın bugünkü yüksəliş yoluna çıxmasının təməlində hər şeydən əvvəl iqtisadi sahədə qazanılan nailiyyətlər, artan maddi imkanlar dayanır. Dövlət köməyindən, məqsədli investisiyalardan, özəl təşəbbüslərdən də bacarıqla istifadə olunur.
Qaradağ rayonunun sosial-iqtisadi həyatında 2017-ci ilin son ayları ərzində görülən işlərin yekunu olaraq böyük nəticələr əldə olunub.
Sənaye sahəsində 2017-ci ilin yanvar-sentyabr aylarında 685 mln. 503 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,3 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 42,2 faiz təşkil edib.

İstehlak bazarı inkişaf edir

2017-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 56 mln. 227 min manat, rabitə müəssisələri tərəfindən isə 2 mln. 802 min manat həcmində xidmət göstərilib.

Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam edib və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 202 mln 125 min manatlıq istehlak malları satılıb. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 61,4 faiz artım deməkdir.
İlham Əliyevin Qaradağ rayonuna səfərləri...

Ötən ay Qaradağ Rayon İcra Hakimiyyətinin 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağında İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov bildirib ki, qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində müyəssər olunub: "Məhz ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Qaradağ rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırılıb.
Bunun bariz nümunəsi kimi ötən il ərzində ölkə başçısı cənab İlham Əliyevin Qaradağ rayonuna 3 dəfə səfər etdiyini göstərmək olar.

Bu səfərlər çərçivəsində Prezident cənab İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində, Gəmiqayırma zavodunda "Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən "Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edib. Prezident cənab İlham Əliyevin Qaradağ rayonuna səfərləri hesabat dövrünün ən mühüm və yaddaqalan hadisələrindən olub”.

Qaçqın və məcburi köçkünlərin həyat şəraiti yaxşılaşdırılıb

Bundan başqa S.Mikayılov diqqətə çatdırıb ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bir sıra işlər görülüb: "Bu kateqoriyadan olan soydaşlarımız hər zaman diqqət və qayğı ilə əhatə olunurlar. Bütün əlamətdar günlərdə icra hakimiyyəti qaçqın və məcburi köçkün ailələrinə yardımlar göstərir.
Bu istiqamətdə atılan mühüm addımlardan biri də martın 9-da birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin ötən il təməli qoyulmuş 1026 mənzilli yeni yaşayış kompleksinə köçürülməsinə həsr edilən müşavirənin keçirilməsidir”.

Rayonda tikinti-quruculuq işləri və sosial layihələrin icrası...

Eyni zamanda vurğulanmalıdır ki, S.Mikayılovun başçılığı ilə rayonda tikinti-quruculuq işləri, sosial layihələrin icrası çərçivəsində genişmiqyaslı işlər görülüb. Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına yeni parklar salınıb, rayonun bütün qəsəbə və digər yaşayış məntəqələrini də əhatə edən abadlıq və yaşıllaşdırma işləri, Bakı-Astara avtomobil yolunun Lökbatan dairəsindən başlayaraq, Ələt qəsəbəsi də daxil olmaqla 60 km məsafəni də əhatə edib. Burda 1000 ədəd zeytun, 10000 yaxın şam və sərv ağacları, eyni zamanda ərazidə əlavə dekorativ kollar əkilib. Lökbatan qəsəbəsi ərazisində hərbi şəhərciyin qarşısında yolüstü piyada keçidi istifadəyə verilib. Sahil, Sanqaçal, Qobustan, Ələt qəsəbələrində binaların fasadları rənglənib, 8000 kv.metrdən çox dam örtüyü vurulub, qəsəbələrdə hasarlar çəkilib, 10 000 kv.metrdən çox hörgü işləri aparılıb. Bakı-Salyan avtomobil yolunun kənarlarına səki daşları düzülüb.

Yeni abad məhəllələr salınır

Ələt qəsəbəsində yeni sosial obyektlər tikilir, köhnə binalar əsaslı şəkildə bərpa olunur, yenidənqurma zamanı ümumi görünüşə xələl gətirən tikililər və qəza vəziyyətində olan binalar sökülərək, planlı şəkildə müasir tələblər səviyyəsində inşa edilir. Qəsəbədə yaşayış evlərinin dam örtüyü və fasad hissəsində yenidənqurma və əsaslı təmir işləri aparılır. Yeni abad məhəllələr salınır, Ələt qəsəbəsində aparılan tikinti işləri, Dəmir yolu stansiyasını da əhatə edir.

Sənaye rayonu olan Qaradağda ümumilikdə 500 km olan uzunluğunda neft kəmərləri, qaz-su xətləri yenidən rənglənib, xətlər ətrafında abadlıq-yaşıllaşdırma tədbirləri görülüb. Avtomobil yollarının hərəkət hissələrində hərəkətverici xətlər də yenilənib. Rayon üzrə aparılan tikinti, quruculuq, abadlıq işlərinə 50-dən çox texnika, maşın və mexanizm cəlb edilib. Görülən işlər zamanı yerli sakinlərin məşğulluğunu təmin etmək üçün briqadalar da yaradılıb.

Qaz, su, işıq, kanalizasiya problemləri aradan qaldırılır

Dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonda mövcud qaz, su, işıq, kanalizasiya problemlərinin aradan qaldırılması istiqamətində də çox böyük işlər görülüb. Rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün yeni kompleks transformator məntəqəsi quraşdırılıb, transformatorlar daha güclüsü ilə əvəz olunub, yeni yüksək gərginlikli kabel xətləri çəkilib, aşağı gərginlikli hava xətləri, aşağı gərginlikli kabel xətləri çəkilib və təmir olunub. Qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədilə müxtəlif diametrli 168 min poqonmetr mövcud qaz xətti yenisi ilə əvəz olunub. Belə ki, çəkilmiş qaz kəmərləri 439844 metr, quraşdırılmış qaz ilə təmin olunmuş abonentlərin sayı 13218 nəfər, quraşdırılmış qaztənzimləyici 210 ədəd, quraşdırılmış siyirmələr 231 ədəd olub.

Aztəminatlı ailələrə vaxtaşırı yardımlar edilir

Qaradağ rayonunda aztəminatlı ailələrdən olan məktəbli uşaqlara vaxtaşırı yardımlar edilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayondakı imkansız, maddi durumu ağır olan ailələrin orta məktəblərdə təhsil alan şagirdləri yeni məktəbli formaları və məktəb ləvazimatları ilə təmin olunublar.
Eləcə də icra hakimiyyətinin rəhbərliyi rayonun əlil və ahıl sakinlərinə daima diqqət və qayğı göstərir. Ənənəvi olaraq hər il icra hakimiyyətində əlil və ahıl sakinlərlə görüşlər keçirir və rayonda yaşayan əlil vətəndaşlara ərzaq yardımı paylanılır.

Bütün tarixi günlər yad olunur

Həmçinin rayon icra hakimiyyətində və bu rayonda fəaliyyət göstərən orta məktəblərdə, eləcə də digər müəssisələrdə bütün tarixi günlər - 20 yanvar, Xocalı faciəsi, 31 Mart soyqırımı, Aprel hadisələri ilə bağlı maarifləndirici və vətənpərvər ruhda tədbirlər təşkil olunur. Şagirdlər və sıravi vətəndaşlar maarifləndirilir. Bundan başqa, rayonda bütün bayramlar məxsusi qeyd olunur və bayramöncəsi aztəminatlı ailələrə ərzaq yardımları verilir.
Təsadüfi deyil ki, "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının uğurla reallaşmasında Qaradağ rayonu da mühüm xidmətə malikdir. Qaradağ rayonunda Neft-Qaz və Neft-Kimya Kompleksinin yaradılması qlobal layihədir. Bu layihə 2020-ci ildə neft emalı zavodunun tikintisi ilə sona çatacaq.

Gənclərə böyük diqqət

Qaradağ rayonunda gənclərin sağlam və vətənpərvər ruhda tərbiyəsi üçün böyük işlər görülür.
Bütün bu işlərin mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin respublikanın mərkəzi qurumları və yerli kollektivlərlə əlbir, səmərəli, təşəbbüskar fəaliyyəti dayanır. Yaşayış yerlərində, ayrı-ayrı kollektivlərdə RİH-in keçirdiyi görüş və qəbullarda adamların qaldırdığı məsələlər diqqətlə öyrənilir. Bir sıra problemlər yerindəcə həll edilir, vaxt tələb edən məsələlər nəzarətə götürülür. Bütün bunlar rayon sakinlərinin dövlət qurumlarına inam və etimadını yüksəldir, mənəvi-siyasi mühiti sağlamlaşdırır.

Yollar yenidən qurulur və yol qovşaqları yaradılır

Bir vaxtlar Bakının mərkəzinə gəlib-gedən yolların bərbadlığı, ictimai nəqliyyatın pis işləməsi Qaradağ rayonunu paytaxtın ucqar, uzaq bir ərazisi kimi tanıdırdı. Mərkəzə gələn magistral yolların yenidən qurulması, yeni yol qovşaqları yaradılması, daxili yolların abadlaşdırılması Qaradağla bağlı zaman və məkan anlayışlarını ciddi surətdə dəyişdirib. İndi Qaradağ rayonu abadlıq və ümumi görünüş baxımından paytaxt standartlarına yaxınlaşdığı kimi, yollardakı sürət və rahatlıq da nisbi uzaqlığı aradan qaldırıb”.

Ayyət Əhməd

Yazı Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.







SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19