2018-04-23 12:18:48   |   2175 dəfə oxunub

"Mətbuatı hörmətdən salan saytların bloklanmasına ehtiyac var" -Müsahibə

İlham Quliyev: "Ümumilikdə son vaxtlar jurnalistlərə, jurnalistikaya münasibətdə mənfi meyllər çoxdur"

"Məmurların, hökumət üzvlərinin, cəmiyyətimizin təmsilçilərinin tənqidə dözümü olmalıdır. Hər adi tənqidin arxasında dərhal hansısa marağın durduğu qənaətinə gəlmək düzgün deyil"





"Çap mətbuatında reklam, demək olar, yoxdur"

"İstəsək də, istəməsək də sosial media ölkədə ictimai rəyin formalaşmasında böyük rol oynayır"

Sosial medianın inkişafı müstəvisində proseslər müsbət istiqamətdə getmir. Artıq tək ənənəvi KİV deyil, sosial şəbəkələr də xəbər daşıyıcısı kimi çıxış edə bilir. İstənilən şəxsin sayt təsis etmək, xəbər yaymaq imkanları var. Nəticədə media bazarında qarışıqlıq yaranır.

"Azərbaycanda oxu mədəniyyəti heç vaxt yüksək səviyyədə olmayıb. Hətta Sovet dövründə də başqa ölkələrlə müqayisədə bizdə oxunun səviyyəsi aşağı idi"


"Kitab satışından gəlir götürən yazarlar yox səviyyəsindədir"





"Kaspi”qəzetinin baş redaktoru İlham Quliyevin "Sherg.az”a müsahibəsini təqdim edirik:


- Ölkəmizdə bu ilin 11 aprel tarixində baş tutan Prezident seçkisi ərəfəsində Azərbaycan mediasının göstərdiyi fəaliyyəti qənaətbəxş saymaq olarmı?

- Media təmsilçiləri ilin 365 günü gücləndirilmiş iş rejimində çalışırlar. Bəzi yerlərdə iş saatı səhər saat 9-da başlayıb, axşam 6-da bitirsə, internet medianın inkişafı sayəsində Azərbaycan mediası, demək olar ki, 24 saat fəaliyyətdədir. Xəbər saytlarının işçiləri gecə saatlarında da növbəlilik prinsipini saxlayaraq aktiv çalışırlar. Seçki ərəfəsində müşahidə olunan siyasi aktivlik media müstəvisində də öz əksini tapdı. Qanunvericilikdə seçki prosesində medianın üzərinə düşən vəzifələr öz əksini tapır. Hansı məsələlərə həssaslıqla yanaşmağı, müəyyən olunan sərhədləri qanun bizə çatdırır. Media təmsilçiləri rəhbərlik etdikləri KİV-lərdə bu qaydalara əməl etmək üçün müvafiq iş fəaliyyətini qurur. Təşviqat dövründə, seçkiyə bir gün qalmış - susqunluq zamanında, ödənişli təbliğat, namizədlərin hər birinə bərabər şəraitin yaradılması məsələlərinə ciddi diqqət yetirilir.
Azərbaycan mediası əvvəlki seçkilərdən də əhəmiyyətli təcrübə qazanıb. Seçkilər başlamazdan əvvəl Prezident Administrasiyası, MSK və Mətbuat Şurası tərəfindən dəyirmi masa təşkil olunur. Media rəhbərlərinin, seçki komissiyası üzvlərinin iştirakı ilə aparılan müzakirələrdə müvafiq perspektivlər razılaşdırılır. Nəticədə seçki kampaniyası müddətində müvafiq informasiya mexanizmi qurulur.
11 aprel Prezident seçkilərində də media üzərinə düşən məsuliyyətin öhdəsindən artıqlaması ilə gəldi. Cəmiyyətin daxilində baş verən proseslərdən tutmuş, mövcud vəziyyətin analizinə qədər bütün sahələri diqqətdə saxlamağa çalışdıq.

- Amma son zamanlar müğənnidən tutmuş, akademikə qədər media nümayəndələrini tənqid, hətta təhqir edirlər. Bunun səbəbləri nədir?

-Tənqidlər bəzən haqlı olur. Medianın içərisində olduğumuza görə, bu tənqidlərin hamısına dırnaqarası yanaşa bilmərik. Səsləndirilən iradları araşdırıb, nəticə çıxarmaq lazımdır. Sosial medianın inkişafı müstəvisində proseslər müsbət istiqamətdə getmir. Artıq tək ənənəvi KİV deyil, sosial şəbəkələr də xəbər daşıyıcısı kimi çıxış edə bilir. İstənilən şəxsin sayt təsis etmək, xəbər yaymaq imkanları var. Nəticədə media bazarında qarışıqlıq yaranır.

Səsləndirilən iradların böyük hissəsini ciddi media orqanlarına aid etmirəm. Bu qurumlar sosial proseslərdən, siyasətdən, iqtisadiyyatdan və s. sahələrdən araşdırma, təhlil, xəbər hazırlayır, təqdim edir. Qeyri-ciddi xəbərlər ciddi media orqanlarında yayımlanmır. Halbuki, "sarı mətbuat” adlandırdığımız təsisatlarda sözügedən sahədə ciddi çatışmazlıq mövcuddur. Bəzi hallarda həmin çatışmazlıqlar bütün mətbuatın üzərinə qoyulur.

Gələcək illərdə sosial medianın sərhədləri müəyyənləşdirilib, internet mediadakı xaosun aradan qaldırılması ilə bağlı addımlar atılarsa, iradların böyük hissəsi aradan qalxacaq. İndiki halda tədbir görmək, peşəkar müstəvidə müzakirə aparıb, hansısa addım atmaq effekt vermir.


- Media ciddi və qeyri-ciddi olmaqla iki qola ayrılıb. Qeyri-ciddi xəbər saytlarının "fəaliyyəti" mətbuata milli və ya təhlükəsizilik məsələləri ilə bağlı senzuranın tətbiq edilməsini gündəmə gətirib. Bu təklifə münasibətiniz necədir?


-Saytların təsis olunması, qeydiyyatı ilə bağlı qadağa qoyulmasını dəstəkləmirəm. Çünki bunun tətəbiqi mexanizmi aydın deyil. Azərbaycanda saytların açılması barədə inzibati qaydalar müəyyənləşdirsək, burada sayt aça bilməyənlər gedib xarici ölkədə fəaliyyət göstərə bilərlər.

Hər yoldan keçənin sayt açıb, özünü baş redaktor adlandırması keçici vəziyyətdir. Zamanla ictimaiyyətin, dövlət qurumlarının, ayrı-ayrı iş adamlarının ciddi media ilə qeyri-ciddi saytlara fərq qoyduğunu görəcəyik. Azacıq məlumatı olan şəxs komandası, peşəkar fəaliyyəti ilə seçilən mətbuat orqanları ilə 1-2 nəfərlə işləyən saytları ayırd edə bilər. Səlahiyyəti olan şəxslər bu fərqi müəyyən etməyi bacarmasa, gələcəkdə də ciddi problemlərlə üzləşəcəklər. Ona görə, cəmiyyətin məlumatlılığının artırılmasına, pozucu, mətbuatı hörmətdən salan fəaliyyətlə məşğul olan saytların bloklanmasına ehtiyac var.
 
Hesab edirəm ki, sözügedən tədbirlər nəticəsində bir müddət sonra medianın dəqiq sərhədləri müəyyənləşəcək, kim özünü ciddi hesab edirsə, ciddi mətbuat nümayəndələri ilə əlaqə saxlayacaq.
"Sarı mətbuat”a gəlincə,deyim ki, onlar dünyanın bütün ölkələrində var, onların fəaliyyətinə qadağa qoyulmur. Sadəcə, müəyyən sərhədlər müəyyənləşdirilir ki, onu aşmasınlar. Yaxın gələcəkdə Azərbaycanda da bu sərhədlərin müəyyənləşdiriləcəyini düşünürəm.

- Son vaxtlar jurnalistlərin təhqir olunması, döyülməsi hallarına da rast gəlinir. Media təmsilçilərinə münasibət məsələsində hansı problemlər mövcuddur?

-Ölkə başçısı keçən iyul ayının 20-də, jurnalistlərlə keçirilən görüşdə "Jurnalistlər mənim köməkçilərimdir” fikirini səsləndirdi. Düşünürəm ki, bu, jurnalistlərə verilmiş ən böyük qiymətdir. Digər məmurlar, millət vəkilləri, nazirlər də bu sözlərdən nəticə çıxarmalı, mediaya məhz bu prizmadan yanaşmalıdırlar. İstənilən mətbuat nümayəndəsinə qarşı təzyiq yolverilməzdir. Belə hallar olanda hüquq-mühafizə orqanları məsələyə ciddi yanaşmalı, dərhal reaksiya verməli, günahkarları cəzalandırmalıdırlar.

Ümumilikdə son vaxtlar jurnalistlərə, jurnalistikaya münasibətdə mənfi meyllər çoxdur. Mətbuatda mövcud olan xaos, təsadüfi mediaya gələn şəxslər, özünü jurnalist kimi təqdim etməyə çalışanlar jurnalistikanın gözdən düşməsinə səbəb oldular. Nə etmək olar? Ümid edirəm ki, zamanla vəziyyət düzələcək. Biz cəmiyyətin inkişafını istəyiriksə, güclü mətbuat yaratmalıyıq, jurnalistlərə hörmət qoyulmalıdır. Məmurların, hökumət üzvlərinin, ümumiyyətlə, cəmiyyətimizin təmsilçilərinin tənqidə dözümü olmalıdır. Hər adi tənqidin arxasında dərhal hansısa marağın durduğu qənaətinə gəlmək düzgün deyil.

- Mətbuatın reklam bazarının zəif olması və ya heç olmaması ilə bağlı da narazılıqlar var. Hətta bu giley-güzarı baş redaktorlar səviyyəsində də eşidirik...

-Bu sahədə vəziyyət ürəkaçan deyil. Xüsusilə, yazılı mətbuatın reklamla bağlı ciddi problemləri yaşanır. Çap mətbuatında reklam, demək olar, yoxdur. Elektron media portalları, xüsusilə iqtisadi, sosial və s. sahələr üzrə ixtisaslaşmış saytlar var ki, reklam bazarından istədikləri qazancı götürməyə başlayıblar. Reklam hesabına öz xərclərini ödəyə bilən saytlar fəaliyyət göstərir. Bu media orqanlarını alqışlayıram. Ümid edirəm ki, çap mətbuatının reklam bazarının formalaşdırılması istiqamətində də addımlar atılacaq.

Özəl şirkətləri, reklam yerləşdirən qurumları qınamaq olmaz. Yazılı medianın tiraj, tərtibat problemi var. Reklamçılar isə bu kimi keyfiyyətləri sevirlər. Əgər reklam bazarına belə keyfiyyəti təqdim edə bilsək, reklam axtarmağımıza ehtiyac olmayacaq. Hələ ki, bu sahədə problemlər qalmaqdadır. Yaxın gələcəkdə ciddi mediaya böyük reklam axının olmasını arzulayıram.


- Cəmiyyətdə informasiya mənbəyi olan resurslardan biri də sosial mediadır. Amma son vaxtlar sosial şəbəkələr, sanki bezdirici hal alıb. Sosial şəbəkələrin həyatımızdakı rolu barədə nə deyə bilərsiniz?


-İstəsək də, istəməsək də sosial media ölkədə ictimai rəyin formalaşmasında böyük rol oynayır. Ümumi analiz edib, xəbər axınına, gündəmə baxsaq, bütün bunların formalaşmasında əsas rolu sosial şəbəkələrdədir. İnsanların böyük qismi xəbəri buradan alır. Hətta saytlarda, qəzetlərdə yayımlanan xəbərlərin böyük bir hissəsi sosial media vasitəsilə ictimaiyyətə çatdırılır. Xəbəri oxutmaq istəyiriksə, sosial şəbəkənin imkanlarından istifadə etmək məcburiyyətindəyik.

Bəli, əvvəlki dövrə nisbətən insanların sosial şəbəkələrə marağı azalıb. Ola bilər, bu sosial şəbəkələrin özlərinin tətbiq etdiyi yeniliklərlə bağlıdır. Ağılagəlməz informasiyanın, təhqirin, aqressiyanın yayılması kimi hallar da insanları sosial şəbəkələrdən iyrəndirir. Amma bu o demək deyil ki, sosial şəbəkələr həyatımızdan çıxır. "Facebook” və digər şəbəkələr ictimai rəyin formalaşmasında, insanların bir-biri ilə ünsiyyət qurmasında, informasiya alış-verişində xeyli müddət xüsusi rol oynamağa davam edəcəklər.

- Bir az da cəmiyyəti narahat edən digər məsələdən, kitaba, maarifçiliyə meylin azalmasından danışaq. Azərbaycan cəmiyyətində oxu vərdişinin az olması nə ilə əlaqədardır?

-Azərbaycanda oxu mədəniyyəti heç vaxt yüksək səviyyədə olmayıb. Hətta Sovet dövründə də başqa ölkələrlə müqayisədə bizdə oxunun səviyyəsi aşağı idi. Müstəqillik illərində bu sahədə irəliləyişə ümid yarandı. Son dövrdə kitaba marağın yenidən canlanması istiqamətində müsbət meyllər müşahidə olunsa da, özümüzü aldatmamalıyıq. Oxucu sayı yenə də çox deyil. Gənc yazarların kitab təqdimatlarına baxsaq, eyni şəxsləri, eyni auditoriyanı görərik. Oxunan kitabların sayını analiz etdikdə, qəzetlərin tiraj sayını keçmədiyini müşahidə edirik. Kitab satışından gəlir götürən yazarlar yox səviyyəsindədir.
İnternetin populyarlaşması əlavə nüanslar yaradıb. İnsanlar əldə etmək istədikləri məlumatı internet üzərindən rahatlıqla oxuya bilirlər. Ona görə, pul xərcləyib, xüsusi seçim edib, kitab almağa ehtiyac duymurlar. Hər hansı kitabı oxucu internetdə tapa bilirsə, ona pul vermək həvəsi təbii ki, aşağı düşür.

Cəmiyyətin gələcəyi, təhsilin, dünya görüşünün yüksəlməsi üçün kitaba marağın artırılması vacibdir. Ona görə müxtəlif vasitələrlə, dövlət səviyyəsində, QHT-lərin xətti ilə, mətbuatın təbliğatı ilə insanların oxu mədəniyyətini artırmaq olar. Gənclər, orta məktəb şagirdləri vaxtını kompüter oyunları, texnoloji məşğuliyyətlərlə deyil, kitab oxumaqla xərcləməlidir. Bunu sadəcə məsləhət etməklə reallaşdıra bilmərik. Müxtəlif layihələrə, kompleks addımlara ehtiyac var.

Söhbətləşdi: Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-24
2018-09-23