2018-04-25 18:40:07   |   2170 dəfə oxunub

"Türkiyəyə ən çox yatırım qoyan ölkə Azərbaycandır"



"Türkiyədə prezident seçilən şəxsin ilk səfərini Azərbaycana, Azərbaycanın Prezidentinin isə ilk səfərini Türkiyəyə etməsi yaxşı ənənədir".

Bu barədə "Sherg.az”a Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfərinin əhəmiyyətini şərh edərkən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. 

Onun sözlərinə görə, qarşılıqlı əhəmiyyətli səfərlərin sıx planlaşdırılması strateji müttəfiqliyin xarakterindən irəli gəlir:

"Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, enerji layihələri uğurla həyata keçirilir. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantıları da mütəmadi xarakter alıb. Əslində iki ölkə arasında xüsusi sənədin imzalanmasına ehtiyac yoxdur. Əsas odur ki, indiki vəziyyətə bir daha diqqət yetirildi, gələcək planlar üçün yeni fikirlər ortaya atıldı. 

RəcəbTayyib Ərdoğanın da dediyi kimi Türkiyəyə ən çox yatırım qoyan ölkə Azərbaycandır. 10-15 il əvvəl biz bu statistikanı təsəvvür edə bilməzdik. İndi isə elə maliyyə imkanlarımız var ki, Türkiyədə əsas maliyyə sahibinə çevrilmiş ölkələrdənik. Zavod və fabriklər, boru xətləri, iri həcmli regional layihələr, ortaq strateji planlar iki ölkə arasında əməkdaşlığı artırır”.

Qeyd edək ki, aprelin 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu”nu imzalayıblar.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-08-17